Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib Gürcüstan, Borçalı, Bolus, Darvaz, Nekroloqlar, Unutsaq, unudularıq!.., Mədəd Çobanov 2 Haziran 1724 100 1 2 3 4 5 ALLAH RƏHMƏT ELƏSİN...Görkəmli türkoloq və tanınmış dilçi-alim Mədəd Çobanov vəfat edibAzərbaycan elminə, təhsilinə və ictimaiyyətinə ağır itki üz vermişdir.Azərbaycan elminin tanınmış simalarından olan görkəmli türkoloq, tanınmış dilçi, istedadlı ədəbiyyatşünas, məşhur qorqudşünas, onomastikaşünas və toponomist alim, bacarıqlı təşkilatçı, zəhmətkeş tədqiqatçı, əməkdar elm xadimi, dəyərli ziyalı, təcrübəli pedaqoq, əsl müəllim, vətən-pərvər, yurdsevər, zəhmətkeş və xeyirxah insan, gözəl ailə başçısı, sevimli el ağsaqqalı, fəal ic-timai xadim, Türk dili Kurumunun üzvü, Nyu-York Elmlər Akademiyasının akademiki, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov 2023-cü il iyunun 2-də 86 yaşında Bakı şəhərində dünyasını dəyişmişdir.1937-ci il aprelin 11-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində dünyaya gəlmiş Mədəd Namaz oğlu, ilk təhsilini də, 1944-1955-ci illərdə elə doğma kəndindəki orta məktəbdə almışdır. 1955-cı ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitunun filologiya fakültəsinə qəbul olmuş, 1960-cı ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmiş və doğma kəndindəki məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. Bir il müəllim işlədikdən sonra əsgəri xidmətə yollanmışdır. Əsgəri xidmət borcunu şərəflə yerinə yetirən Mədəd Çobanov 6 ay sonra təhsilini davam etdirmək üçün Zabitlər məktəbinə göndərilmişdir. O, burada da təhsilini uğurla başa vurmuş, leytenant rütbəsinə layiq görülmüşdür. Hərbi xidmətini ləyaqətlə başa vuraraq, zabit kimi ehtiyata buraxıldıqdan və bir il Bolnisi rayon komsomol komitəsində çalışdıqdan sonra, Mədəd Çobanov irəli vəzifəyə çəkilmiş, Bolnisi rayon partiya komitəsinə təlimatçı təyin olunmuşdur. O, burada əmək fəaliyyətini davam etdirməklə bərabər, həm də Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil almışdır. Gənc yaşlarından Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə, doğma ata yurduna, elinə, obasına olan sonsuz sevgi və məhəbbəti Mədəd müəllimin elmi mövzusunda da öz əksini tapmışdır. Namizədlik dissertasiyası mövzusunun adı - “Borçalı - Bolnisi rayon şivələrinin leksikası” olması bunun bariz nümunəsidir. Mədəd müəllim yaxşı bilirdi ki, onun yaşadığı, boya-başa çatdığı torpaq müqəddəs Azərbaycanımızın ayrı düşmüş bir parçasıdır. Elə buna görə də, Borçalı şivələrini, Borçalı ono-mastikasını, Borçalı toponimlərini – yer-yurd adlarını, antroponimlərini – şəxs adlarını və s. elmi tədqiqatının daima ana xətti hesab etmişdir.1973-cü ildə Daşkənddə Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda 36 yaşlı bir gəncin namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etməsi sevindirici hadisə idi. Elə həmin ildən Mədəd Çobanov pedaqoji fəaliyyətini vaxtilə ali təhsil aldığı A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində davam etdirmiş, 1994-cü ilə kimi orada müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. Əsl ziyalı və türkçü hörməti qazanan Mədəd müəllim insanların ürəyinə təkcə elmi fəaliyyəti ilə deyil, insani keyfiyyətləri ilə də nüfuz etməyi bacarmışdır. O mehriban, humanist, sadə, təvazökar xasiyyəti ilə hörmət qazanaraq, həmişə hamıya bacardığı qədər yaxşılıq etməyə, kömək göstərməyə çalışmışdır. Çalışdığı institutda müəllim, dosent kimi fəaliyyət gostərən ziyalımız, pedaqoji fəaliyyəti ilə yanaşı daim elmi fəaliyyətini də davam etdirmiş, 1992-ci ilin fevralında Bakı Dövlət Universite-tində “Azərbaycan antroponimiyasının əsasları” mövzusunda doktorluq dissertasiyasını müvəfə-qiyyətlə müdafiə etmiş və elə həmin ilin oktyabr ayında professor seçilmişdir. 1990-cı illərdə Gürcüstanda mövcud olmuş ictimai-siyasi hadisələrdən, soydaşlarımıza qarşı məlum təqib və təzyiqlərdən sonra, professor Mədəd Çobanov 1994-cü ildə Bakıya köçməyə məcbur olmuş, qalan ömrünü doğma Azərbaycanımızda elmi-pedaqoji fəaliyyəti ilə davam etdirmişdir. Əvvəlcə Azərbaycan Futurologiya Universitetində prorektor, sonra Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrlarının İxtisasının Artırılması və Yenidən-hazırlanması İnstitutunda ali məktəb müəllimləri fakültəsinin dekanı, daha sonralar isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri vəzifələrində çalışmışdır. Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində də dərs demiş, mühazirələr oxumuşdur.Professor Mədəd Çobanov 1992-ci ildə Onomastika üzrə Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü və sədrin müavini, 1993-cü ildə Azərbaycan Alimlər İttifaqının, 2000-ci ildə Türk Dil Kurumunun üzvü, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçilmişdir. O, həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert şurasının üzvü, Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru, bir çox qəzet və jurnalların redaksiya heyətlərinin, eləcə də, müxtəlif mükafat komissiyalarının rəyasət he-yətlərinin üzvü olmuşdur.Yüzlərlə müəllimin, minlərlə müxtəlif gənc kadrların, xüsusilə də vətənpərvər və yurdsevər zabitlərin yetişməsində böyük və danılmaz əməyi olan professor Mədəd Çobanov, həm də onlarla gənc filoloq-alimin uğurlar qazanmasına yardım etmiş, onlardan bir çoxunun elmi rəhbəri, bəzilərinin opponenti, bəzilərinin isə rəyçi və məsləhətçisi də olmuşdur. Səksəndən çox kitabın, o cümlədən, on beş monoqrafiyanın, ondan çox dərslik və dərs vəsaitinin, altmışdan çox elmi əsərin müəllifi olan professor Mədəd Çobanov “Azər-baycanşünaslığın əsasları”, “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan onomastikası”, “Borçalı toponimləri”, Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”. “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Ədəbi düşüncələr”,” Dilçilik məsələləri” və s. kimi bir-birindən dəyərli əsərlərini gələcək nəsillərimiz üçün yadigar qoymuşdur. Professor Mədəd Çobanovun məhz ilk dəfə akademik elmi tədqiqata cəlb edərək doktorluq dissertasiyası kimi müdafiı etdiyi “Azərbaycan şəxs adları - Azərbaycan antroponimiyasının əsasları” mövzusundakı tədqiqat əsəri müxtəlif illərdə və müxtəlif şəhərlərdə 8 dəfə (1981-ci ildə Bakıda, “Maarif” nəşriyyatında, 1983-cü ildə Tbilisinin "Qanatleba" nəşriyyatında, 1998-ci ildə Bakının "Maarif nəşriyyatı"nda, 1993-cü ildə “Azərbaycan kişi adları” adı ilə Türkiyənin Ərzurum şəhərində, 1997-cü ildə İzmirdə və Ankarada, 1998-ci ildə Bakıda “Maarif” nəşriyyatında (332 səh. - rus dilində), 2017-ci ildə Bakıda "Borçalı" nəşriyyatında (524 səh.)) çap olunmuşdur. (Kitabın elmi redaktoru: Azərb.EA-nın müxbir üzvü, professor A.M.Qurbanov, Rayçi: filologiya elmləri doktoru, professor Q.Ş.Kazımovdur).Əvvəlcə ali məktəblərin filologiya fakültələrinin tədris planında nəzərdə tutulmuş "Dilçilikdən xüsusi kurs" proqramı əsasında hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq olunmuş bu əsər, sonra böyük bir monoqrafiyaya çevrilmişdir. Kitabda onomastika haqqında ümumi məlumat, antroponimika və onun tədqiqat obyekti, Azərbaycan dilçiliyində antroponimiyanın tədqiqi tarixi, antroponimlərin inkişafı məsələləri, ad və ad sistemi, familiya, təxəllüs, ləqəb, adların əsası vǝ semantikası, antroponomik hadisələr - müştərək adlar, adqoyma ənənələri, adların quruluşu və mənşəyi, poetik antroponimiya və s. hərtərəfli təhlil olunmuşdur. Kitabdan ali məktəblərin filologiya fakültələrinin tələbələri ilə yanaşı orta ixtisas və ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri istifadə edirlər.Professor Mədəd Çobanovun geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitablarından biri də Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinə həsr olunmuş “Qəhrəmanlıq dastanı”-dır. (Kitabın elmi redaktorları - Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sabiq sədri, Millət vəkili, filologiya elmləri doktoru, professor Nizami Xudiyev və Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Millət vəkili, akademik Nizami Cəfərov, rǝyçiləri isə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin sabiq rəhbəri, filologiya elmləri doktoru, professor Aqşin Babayev və ADPU-nun folklor laboratoriyasının sabiq müdiri, filologiya elmləri doktoru, professor Mürsəl Həkimov olmuşdur).Monoqrafiyanın birinci hissəsində "Kitabi-Dədə Qorqud" dastanının yaranması tarixinə dair mülahizələrlə yanaşı, Qalın Oğuz elinin dövlətçilik ənənələri, onun divanı və müşavirliyi, dövlət atributları, hərbi marşları, hərb sənəti və döyüş taktikası, xəfiyyəçilik və ya casusluq təcrübəsi və s. "Kitabi Dədəm Qorqud ala lisani taifeyi Oğuzan" dastanının mətnləri əsasında təhlil olunmuşdur. Monoqrafiyanın "Borçalıda Dədə Qorqud izləri" adlanan ikinci hissəsində isə Borçalıda ulu babalarımızın məskunlaşması tarixi, Dədə Qorqud izləri, Dədə Qorqud dünyası ilə səsləşən hadisələr gürcü mənbələri və Borçalının qədim toponimləri əsasında geniş şəkildə işıqlandırılmışdır. Üçüncü hissədə "Kitabi-Dədə Qorqud" şəcərələri" və dördüncü hissədə "Dədə-Qorqud"da şəxs adları"nın lüğəti verilmişdir. Monoqrafiyadan "Kitabi Dədəm Qorqud ala lisani taifeyi Oğuzan" dastanı ilə maraqlanan tarixçilər, filoloqlar, hüquqşünaslar, hərbçilər, tələbələr faydalanırlar.Professor Mədəd Çobanovun “Görkəmli strategiyaçı” kitabı isə xalqımızın ümummi lideri, ulu öndər Heydər Əliyevə həsr olunub.Onlarla Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, elmi-praktik seminarlarda, sessiya və simpoziumlarda maraqlı məruzələrlə çıxış edən professor Mədəd Çobanovun çoxlu sayda məqalələri və müxtəlif mövzulu kitabları, o cümlədən, monoqrafiyaları, dərslik və dərs vəsaitləri, Azərbaycanda, həmçinin qardaş Türkiyədə, qonşu Rusiyada, Gürcüstanda və eləcə də Orta Asiya ölkələrində çap olunmuş, görkəmli alimlər və məşhur elm mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir. Professor Mədəd Çobanovun 60, 70, 75, 80 illik yubileyləri Bakıda, Tiflisdə, Marneulidə və doğma Darvaz kəndində böyük təntənə ili qeyd olunmuş, onun haqqında filmlər çəkilmiş, televiziya və radio verilişləri hazırlanmış, elmi konfranslar və elmi sessiya və seminarlar keçirilmiş, onlarla məqalələr yazılmış və kitablar çap olunmuşdur. Həmin kitablar arasında akademik Afad Qurbanovun rəhbərliyiyi ilə 1997-ci ildə nəşr olunmuş “Professor Mədəd Çobanov - 60”, tanınmış yazıçı Əli Abbasın tərtibatında 2007-ci ildə nəşr olunmuş “Professor Mədəd Çobanov - 70”, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik, millət vəkili Nizami Cəfərovun 2012-ci ildə nəşr olunmuş “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” (“Professor Mədəd Çobanov - 75”), 2017-ci ildə “İki ölkə alimi” (“Professor Mədəd Çobanov - 80”), həmçinin, “Elin və elmin ağsaqqalı (Professor Mədəd Çobanovun bədii obrazı)” və s. kitabları xüsusilə təqdirəlayiqdir. Professor Mədəd Çobanovun mənalı həyat yolundan, ictimai, elmi-pedaqoji, həmçinin türk dieloktoloqu, onomatoloqu, antroponimisti, toponomisti, ədəbiyyatşünası, qorqudşünası kimi məhsuldar fəaliyyətindən bəhs olunan həmin kitablarda bir sıra görkəmli alimlərin, tanınmış millət vəkillərinin, ictimai xadimlərin, müəllim-pedaqoq həmkarlarının, yetirmələrinin ürək sözləri, eləcə də, 50 nəfərdən çox şairin müxtəlif illərdə Mədəd müəllimə həsr etdikləri 100-dən çox şeirləri cəmlənib. Bir neçə orden, medal, Fəxri Fərman və müxtəlif mükafatlara layiq görülmüş görkəmli alim, çox hörmətli professor Mədəd Çobanov həm də Prezident təqaüdünə layiq görülmüşdür. Mədəd müəllim gözəl alim olduğu qədər də, gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, əməkdar tibb işçisi Rima xanımla birlikdə özü kimi də beş layiqli övlad – beş ziyalı böyüdüb boya-başa çatdırmışdır. Beşi də ali təhsilli və ailəlidir. Oğlu və iki qızı alimdir... Mədəd müəllim həm də sevimli baba idi: doqquz nəvəsi və on beş nəticəsi var. Nəvələrindən 8-i ali təhsilli, biri isə məktəblidir.Əsl ziyalı, insani keyfiyyətlərə malik olan görkəmli alim haqqında keçmiş zamanda danışmaq o qədər də asan olmasa da, qeyd etməyə məcburuq ki, eldən və elmdən gedən ziyalımız – El və Elm ağsaqqalı, professor Mədəd Çobanov bundan sonra cismən aramızda olmasa da, mənən həmişə bizimlə olacaq, onun müqəddəs xatirəsi hər zaman əziz tutulacaq.Əminik ki, əxlaqi və milli dəyərlərə, soyumuza-kökümüzə daima hörmətlə yanaşmış əbədiyaşar alimin – unudulmaz Mədəd müəllimin bundan sonra əbədi uyuduğu “Dədə-Qorqud” qəbristanlı-ğındakı məzarı müqəddəs bir məkana çevriləcək, onun yetişdirdiyi çoxsalı alimlər, müəllimlər, ziyalılar hələ uzun illər onun haqqında xoş sözlər söyləyərək, onu böyük hörmət və sonsuz eh-tiramla yad edəcəklər.Azərbaycanın elm, təhsil, ədəbiyyat və mədəniyyət tarixində özünəməxsus yolu, dəstixətti olan görkəmli alim, Prezident təqaüdçüsü, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov dəyərli əsərləri ilə bizlərdən sonra da uzun illər seviləcək və onun əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.Allah rəhmət eləsin! Qeyd: Mərhum 2023-cü il iyunun 3-də TƏZƏ PİR MƏSCİDİnin VİDA MƏRASİM ZALIndan son mənzilə yola salınacaq. "Dədə Qorqud" qəbristanlığında dəfn olunacaq.MƏRHUMun 3-ü - BÖYÜK EHSAN MƏCLİSİ İYUNUN 5-də TƏZƏ PİR MƏSCİDİnin MƏRASİM ZALINDA olacaq.Allah rəhmət eləsin...Ruhu şad olsun...Məkanı cənnət olsun...***Əziz və dəyərli dostlar!..Sizləri, İyulun 12-də səhər saat 10-da Bakıdakı "Dədə Qorqud" qəbristanlığının girişində professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə keçiriləcək ANIM MƏRASİMİnə dəvət edirik. Alimin əziz xatirəsini yad etdikdən sonra hamılıqla birlikdə 40 MƏRASİMİnə - Ehsan məclisinə yollanacağıq.Əvvəlcədən hamınıza təşəkkür edirik...Allahdan arzu edirik ki, canınız sağlam, ömrünüz uzun, həyatınız xoşbəxt olsun.Dünyasını dəyişənlərinizə isə Allah rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun.Amin...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.