ŞAİR NƏBİ FAXRALI (1873-1945) Bolus, Müşfiq Borçalı 27 Aralık Şair Nəbi Oruc oğlu - 1873-cü ildə qədim Borçalı mahalının saz-söz beşiklərindən sayılan, el şairliyi, aşıq sənəti ənənələrinin zənginliyi və yaşarlığıyla seçilən Bolusun (indiki Gürcüstanın Bolnisi rayonunun) məşhur Faxralı kəndində yoxsul bir ailədə dünyaya göz açıb. Bu kənd aşıq-söz sənəti ənənələrini tarixən yaşadan ocaqlardandır. Burada Borçalı saz-söz mühitində çox məşhur olmuş sənətkarlar yetişib. Şair Nəbi isə özündən əvvəlki xələflərinin söz-sənət səltənətini özünəməxsus qüdrətli şerləri, deyişmələri, yaratdığı dastanları ilə daha da zənginləşdirib. Bununla da o, öz dövrünün ən qüdrətli sənətkarı, böyük söz xiridarı kimi tanınıb. Yeni doğulmuş və Nəbi adlandırılmış körpənin ailəyə gətirdiyi sevinc, təəssüf ki, bir az sonra kədər və göz yaşları ilə əvəz olunub. Təsadüfən Nəbinin böyük qardaşı Həsənin əlindən xəta çıxıb: o, qonşu kəndin nüfuzlu şəxslərindən birinin yaxın qohumunu öldürdüyünə görə ömürlük sürgünə məhkum edilib. Böyük oğlu Həsəni əbədi itirdiyini hiss edən Oruc kişi gələcək ümidini Nəbiyə bağlayırsa da, onu öz istədiyi kimi böyüdə bilməyib. Ağır günlər yaşayan Nəbi ehtiyac içində böyüyüb...11-12 yaşa çatandan sonra Nəbi ailədə illərdən bəri hökm sürən ehtiyacın bütün müsibətlərinə şərik olub. Ağır zəhmətə qatlaşıb, ailə, ata-ana qayğısı çəkməyə başlayıb.15 yaşa çatandan sonra isə bir neçə il İmir kəndində Məşədi Hüseyn adlı bir varlı şəxsə nökərçilik edib. Həmin illər nökərçilik etməklə yanaşı, o, ilk qoşma, təcnis və müxəmməslərini yaradıb.Şair Nəbi 1890-cı ildən 1910-cu ilədək müxtəlif yerlərdə nökər, çoban, mülkədar malikanəsində gözətçi, Allahverdi mis mədənlərində fəhlə işləmiş, savad almağa, yazı-pozu öyrənməyə heç bir imkanı olmamışdır. Ancaq hafizəsinin itiliyi sayəsində saz çalmağı və gürcü dilini mükəmməl öyrənmişdir.1910-cu ildən etibarən peşəkar bir sənətkar kimi Borçalı kəndlərinin toy və yığıncaqlarında çıxışlar edib, el şairi kimi ad-san qazanıb, ömrünün axırına kimi anadan olduğu Faxralı kəndində yaşamışdır. Özü saz çala bilməsə də, çox gözəl, məlahətli səsi, avazı olan Şair Nəbinin yanında həmişə bir neçə sazçalanı olub. Ömründə əlinə saz almayan Nəbi hələ yeniyetmə yaşlarında olarkən təbi gəlib şeir dediyi zaman əlinə bir ağac alıb ona toxunaraq ilhamını kökləyirmiş. Ancaq illər ötüb Şair Nəbi sözü, sənətilə şöhrət tapandan, tanınandan sonra belinə xəncər asıb və şeir deyəndə xəncərini saza çevirirmiş, saz kimi istifadə eləməyə başlayırmış. O səbəbdən də, xəncər heç vaxt şairin belindən əskik olmazmış.Əli Faxralının söylədiyinə görə, şair Nəbinin ilk saz tutanı Aşıq Həsən olub. Sonralar Aşıq Dünyamalı, Aşıq Müsəllim, Sarvan Bayram, Xındı Məmməd, Hüseyn Saraclı onun yanında saz çalıblar. Ona ən yaxın dost olan və uzun illər məclislərdə yanında saz çalan isə Aşıq Mürsəl olub. Fitri istedadı və danışığı ilə könülləri ovsunlayan Şair Nəbi yazmaq, oxumaq bilməsə də, ancaq çox gözəl və iti hafizəsi olub. Şair Nəbi heç bir ustada şəyirdlik etməyib. Özünün isə bir neçə yetirməsi olub. Onlardan şair Şaban, şair Alı, Bəkir oğlu Əlləzi göstərmək olar. Bu yetirmələri şair Nəbiyə hədsiz hörmət və ehtiramla yanaşardılar. Onun adını hər məclisdə uca tutardılar. Şair Nəbi də bu yetirmələrinə qayğı ilə yanaşar, onların yazdıqlarını yüksək qiymətləndirərdi. Özünü Şair Nəbinin son şagirdi hesab edən Əli Faxralının söylədiyinə görə, Şair Nəbinin ömrünün son illərində saz-söz məclislərinə birlikdə qatılıblar. Əli Faxralının yaddaş dünyasında Şair Nəbiylə bağlı çoxlu xatirə yaşayır. Sözə, sənətə xidmət edən müəllim-şagird arasında deyilenə görə bir deyişmə də olub və o deyişmə ancaq Əli Faxralının yaradıcılıq arxivində qorunmaqdadır.Şair Nəbinin ən önəmli xüsusiyyətlərindən biri də odur ki, o, özündən əvvəlki xələflərilə sələfləri arasında güclü bir körpü rolunu oynayıb. O, şeirlərini "Miskin" təxəllüsüylə yazıb.Xalq arasında Şair Nəbinin istedadı "haqq vergisi" hesab edilirmiş. Ona görə də ruhanilərin Şair Nəbinin yaradıcılığına münasibəti birmənalı olmamışdır. Bu səbəbdən bəzi din xadimləri Şair Nəbini sınaqdan keçirməyə cəhd göstərmişdilər. İkinci dünya müharibəsinə dörd oğul yola salan və iki oğulunun ölüm kağızını alan, el-oba ilə birlikdə ağır günlər yaşayan şair qələbədən sonra, 1945-ci ilin oktyabr ayında, 72 yaşında doğma Faxralı kəndində vəfat etmişdir.Allah rəhmət eləsin.Təəssüflə qeyd etməliyik ki, Borçalının digər el şairləri kimi, Şair Həbinin yaradıcılığı da uzun illər tədqiqatçıların nəzərlərindən yayınmış, diqqətindən kənarda qalmışdır. Ancaq xoşbətçilikdən, Azərbaycan poeziyasının ustadı, qüdrətli söz sərrafı, xalq şairi Səməd Vurğunun 1955-ci ilin oktyabrında Faxralı kəndinə gəlişi Şair Nəbinin ədəbi taleyində yeni bir mərhələnin başlanğıcı olub. O, Şair Nəbinin şeirlərini aşıqlardan eşidib, şəxsiyyəti, yaradıcılığıyla maraqlanıb. Şair Nəbinin yaradıcılığı ilə yaxından tanışlıq onu heyran qoyub, xüsusən də "Dünya" şeiri şairdə xüsusi bir ovqat yaradıb. Elə oradaca onun əsərlərinin toplanması, nəşri və yayılması üçün kənd ziyalılarına, xüsusən də, o vaxt kənddəki orta məktəbin direktoru və dil-ədəbiyyat müəllimi işləyən Hüseynqulu Məmmədliyə bu işi görmək üçün məsləhət və tövsiyələrini verib. Elə o illərdən başlayaraq Qorqudşünas alim Hüseynqulu Məmmədli Şair Nəbinin yaradıcılıq nümunələrini toplayıb. Eyni zamanda, alimin oğlu, folklorşünas alim Elxan Məmmədli də bu xeyirxah işdə öz xidmətlərini əsirgəməyib. Beləcə, bu təəssübkeş alimlərin zəhməti, gərgin əməyi sayəsində Şair Nəbinin şeirlərinin toplandığı "Yazılanlar gəldi başa" (Bakı, “Yazıçı”, 1991) və "Eləsi var..." (Bakı, “Ağrıdağ”, 2003)adlı şeirlər kitabları işıq üzü görərək oxucuların, şeirsevərlərin ixtiyarına verilib. Son illərdə Şair Nəbinin həyat və yaradıcılığı daha ətraflı şəkildə öyrənilməyə başlanılıb. Onun yaradıcılığıyla bağlı Valeh Hacıyev, Şuraddin Məmmədli, Razim Məmmədli, Müşfiq Mədədoğlu, Şahbaz Şamıoğlu, Tinatin İsabalıqızı, Arzu Bayramova və başqa tədqiqatçılar məqalələrində, monoqrafiyalarında fikirlər söyləyib, onu Borçalının böyük şairlərindən biri kimi dəyərləndiriblər. "Yazılanlar gəldi başa" adlanan birinci kitaba “Borçalı nəğməkarı” sərlövhəli ön söz yazmış Elxan Məmmədli Şair Nəbinin şeirlərindən bir qismini vaxtilə öz dəftərlərinə köçürmüş Faxralı kəndinin maarifpərvər sakini Qurban Həsən oğlunun, şairin Böyük Vətən müharibəsində həlak olmuş oğlu Nadirin, vaxtilə Faxralı kənd orta məktəbində müəllim işləmiş, Qazax rayonunun Kəmərli kənd sakini Vəli Ləzgiyevin, Şair Nəbi şeirlərini illərcə hafizələrində yaşatmış rəhmətlik Məmməd Hüseynqulu oğlunun, Aşıq Müsəllimin, Sarvan Bayramın, Aşıq Nəsibin, ustad Aşıq Hüseyn Saraclının və b. adlarını böyük minnətdarlıqla xatırlayır, ruhları qarşısında baş əyir, onlara “rəhmət olsun” deyir. Biz də öz növbəmizdə çoxsaylı oxucular adından Elxan Məmmədliyə bu xeyirxah iş üçün “çox sağ olun!” - deyirik!Aşıq poeziyasının divani, təcnis, gəraylı, qoşma, müxəmməs və s. formalarından bacarıqla istifadə etmiş Şair Nəbinin yaradıcılı özünəməxsusluğu, poetik zənginliyi ilə diqqəti cəlb edir. Şairin əldə olan 200-dən çox müxtəlif məzmunlu şeirlərinə nəzər saldıqda görürük ki, onlar içərisində qoşma və divanilər xüsusi yer tutur. Qoşmaların bir qismi məhəbbət mövzusuna həsr olunmuşdur. Həmin qoşmalarda nəcib, təmiz, müqəddəs duyğuların tərənnümünə geniş yer verilmişdir. Şair belə qoşmalarında lirik qəhrəmanın zahiri və daxili gözəlliyinin vəhdətdə olmasını vacib sayır. Məhəbbətdə xəyanəti, vəfasızlığı, xainliyi pisləyən sənətkar gözələ müraciətlə deyir: ...Camaldan göyçəksən, qəlbindən xayın,Naşı düşdüm, gəl eyləmə naz, gözəl.Və yaxud:...Naz satırsan özgələrə, bizə nə,Məni saldı min xəyala zülflərin.Gözəldən sədaqət, mərhəmət, eşqdə vəfalılıq tələb edən şair, özü də ilqarına düz olmağa söz verir:Əgər dönsəm ilqarımdan, el məni qınar, gözəl,Sən gəc olma xəyalında, xatirim sınar, gözəl!Bulaq başında, bağlarda, tarlalarda, toy-nişan məclislərində şairə rast gələn gözəllər, bir sözlə, el gözəlləri Şair Nəbi lirikasının qəhrəmanlarıdır. Bu şeirlərdə Zöhrə, Güllü, Leyli, Sənəm və b. kimi qızlar sadə kənd qızlarıdır. “Güllü” rədifli qoşmaya diqqət yetirək: Mən Nəbiyəm, eşidəsən ünümü, Hiss edəsən, sən biləsən günümü, Müxtəsər, nə deyim, şirin canımı Cəlladsız, fərmansız alıbdı Güllü.Məhəbbəti təbiətə, torpağa qırılmaz tellərlə bağlı olan Şair Nəbi yaradıcılığında ana təbiətin bütün gözəllikləri insanın mənəvi aləmi ilə müqayisədə canlandırılır. Şair lirik qəhrəmanının daxili dünyasını, onun əhvalını təbiətlə qarşılaşdırmağı bacarır: Al-yaşıl bəzənib, hənalı dəsti, Havalı telləri yel vurdu, əsdi. Qabaqdan boranı səbrimi kəsdi, Dumanlı, çiskinli qar gəldi, keçdi!Göründüyü kimi, Şair Nəbi şeirlərinin əsas xüsusiyyətlərindən biri də bu şeirlərdə insanın mənəvi aləminin, onun nəcib hisslərinin, təmiz və xeyirxah arzularının sənətkarlıqla tərənnüm olunmasıdır. Belə şeirlərdə sevinc də var, kədər də. Bu şeirlərdəki kədər oxucunu sarsıdır, sevinc isə onu yaşamağa, sevinməyə ruhlandırır: Səhərin günəşi tərlan havalı, Elə pərvaz eylər, qış da dayanmaz. Yandırdı cismimi, döndərdi közə, Elə pərvaz eylər, qaş da dayanmaz.Yaradıcılığında məhəbbət mövzusu üstünlük təşkil edən şair tərbiyəvi-didaktik mövzulara da biganə qalmamışdır. O, “Dünya”, “Könül”, “Eləsi var”, “Faydası nə”, “Qiyməti olmaz”, “Olmamış”, “Əvvəli insanda gərəkdi bir sov” və s. rədifli ustadnamələrində insanlarda ağıl, kamal, dünya malına tamahsızlıq, doğruçuluq və s. kimi keyfiyyətləri yüksək qiymətləndirir. ”Dünya” rədifli ustadnaməsində: Şair Nəbi cəhd eylədi çafana, Ömür keçdi, sığınmadım safana. İnnən belə inanmaram vəfana, Sıtqınan sığındım sübhana, dünya.-deyən sənətkar, “Eləsi var” rədifli, 26 bəndlik ustadnaməsində isə insanı, insanlığı 77 cür xarakterizə edir:...Eləsi var, güvənər öz qoluna, Eləsi var, qalar qonşu halına. Eləsi var, gedər haram yoluna, Axır günü yurdu viran çöl olu......Eləsi var, yüz üzünün asdanı,Eləsi var, işə getməz, pastanı.Şair Nəbi tamam etdi dastanı,Görüm insanlıqda neçə yol olu.Şair Nəbi “Faydası nə?” rədifli nəsihətnaməsində aşağıdakı keyfiyyətləri insan oğluna irad tutur:Mənasız, münasibsiz sözü bilmənin faydası nə?İzinsiz, təklifsiz yerə gəlmənin faydası nə?Uzaq dolan hərcayidən, düşmə qəm girdabına,Əql ucundan sonra peşman olmanın faydası nə?Ustad şeirlərinin bir qismində mərdlik, igidlik və dostluq şərəfini tərənnüm etmişdir. Bu şeirlərdə gəncliyimizə babalardan yadigar qalan gözəl sifətləri qoruyub saxlamaq tövsiyə olunur...Şair Nəbi açıqgözlü sənətkar idi. Öz mənalı ömrünün ağrılı-acılı günlərini ağır güzəran içərisində yaşayan şair dövrün, zamanın eybəcərliklərinə göz yuma bilmir, haqsızlıq və ədalətsizlikdən, xalqa edilən ağır zülmlərdən şikayətlənir, kimdənsə, nədənsə imdad istəyir, bəzən “fələk”dən, “pərvərdigar”dan rəhm gözləyir. Bəy və mülkədarların hökm sürdüyü bir dövrdə zamanın ağır qanunlarından, insanların dözülməz həyatından şikayət edən şair: Fələk, gəldik biz əlindən amana, Dil verirsən aralıqda yalana.və s. kimi ictimai quruluşa qarşı münasibətini bildirir. Həyatın bir sıra ziddiyyətləri, ictimai toqquşmaları ilə şəxsən üz-üzə gəlmiş şair bu və ya digər şeirlərində ictimai-siyasi məsələləri bu və ya başqa dərəcədə əks etdirmişdir.Şair Nəbi həm də gözəl dastanlar və bir-birindən maraqlı dastan-rəvayətlər yaradan sənətkarlarımızdandır. Bu günün özündə də onun deyişmələri Borçalı məclislərində dastanlaşmış rəvayətlərlə cilvələnərək həmişəyaşarlıq vəsiqəsi alıb. Həmin dastan-rəvfyətlər Borçalı dastan yaradıcılığının spesifikliyini özündə əks etdirir və Azərbaycan dastançılığının maraqlı səhifələridir. “Ağılla eşqin deyişməsi”, “Uzunbaşoğlunun toyunun tərifi”, Şair Nəbinin əmisi oğlu Hüseynlə, İbrahimlə, Aşıq Şenniklə, Göyçəli dostu Pirməmmədlə, şair Təhlə Novruzla, oğlu Nadirlə, şagirdi Şabanla, Ağstafa səfərində Abdulla ilə, Aşıq İsmayılla, Cənubi Azərbaycan aşığı Heyli ilə deyişmələri bu gün də dastanlaşmış sənət incilərimiz sırasındadır. Müşfiq BORÇALI.(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi". Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.40-44.P.S.:Və bu günlərdə gənc tədqiqatçı Arzu Bayramlının «Xalq Cəbhəsi» qəzetinin 16 iyul 2010-cu il tarixli sayında çap olunmuş «Miskin Həbinin heç yerdə çap olunmayan 20-dən çox şeiri və iki deyişməsi tapılıb» sərlövhəli məqaləsi bizləri sevindirdi. Belə ki, Arzu xanım həmin məqaləsində böyük minnətdarlıq hissi ilə qeyd edir ki, «neçə il öncə bütün Borçalını ev-ev, kənd-kənd gəzib dolaşaraq Şair Nəbinin külliyyatını toplayan tanınmış şair, publisist Bəhram Mehdi böyük səmimiyyətlə qoruyub saxladığı həmin qovluğu mənə təqdim elədi. Təbii ki, bu ağzı bağlı qovluq mənim Şair Nəbi yaradıcılığı, poeziyası, sözü-sənəti ilə bağlı söz deməyim üçün çox dəyərli və əvəzsiz xəzinə oldu. O zəngin söz xəzinəsini araşdırmaq üçün solub-saralmış vərəqləri bir-bir çevirdikcə Şair Nəbinin heç yerdə çap olunmayan 20-dən çox şeirinin və iki deyişməsinin bu bağlı boğçada gizlin qaldığını üzə çıxardım. Sözsüz ki, əldə etdiyim bu şeirlər və deyişmələr yazacağım növbəti yazılarda əksini tapacaq, oxucular bu qüdrətli el şairinin söz, sənət incilərilə yenidən tanış olacaqlar.»Biz də öz növbəmizdə, Arzu xanıma şərəfli elmi fəaliyyətində uğurlar arzulayir və Şair Nəbiyə Ulu Tanridan rəhmət diləyirik... Ruhun şad olsun, Ustad!...Müşfiq BORÇALI,20 iyul, 2010.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.