İSTEDADLI MÜƏLLİM, CƏSARƏTLİ JURNALİST Gürcüstan » Bolus 9 Mart ƏLİXAN YƏHYAOĞLU – 65 Borçalı maarifində uzun illər xidmətləri olmuş, tanınmış şair-publisist və jurnalist Əlixan Yəhya oğlu Məmmədov 1951-ci il mart ayının 10-da Bolnisi bölgəsinin Dəllər (indiki Muşevan) kəndində anadan olub. 1968-ci ildə Marneuli internat məktəbini bitirib və həmin ili Muşevan 8 illik məktəbində bədən tərbiyəsi müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1970-ci ildən 1972-ci ilədək hərbi xidmətdə olub. 1977-ci ildə indiki N.Tusi adına ADPU-nin filologiya fakültəsini bitirib. 1979-cu ildən 1984-cü ilədək Muşevan orta məktəbində ”Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri” üzrə direktor müavini, 1984-cü ildən 1999-cu ilədək Muşevan orta məktəbində direktor, 2003-cü ildən 2006-cı ilədək Bolnisi rayon maarif şöbəsində “Baş metodist” vəzifələrində çalışıb. Pedaqoji fəaliyyətlə yanaşı 2003-cü ildən 2008-ci ilədək ,,Gürcüstan” qəzetinin Bolnisi rayonu üzrə müxbiri, 2006-cı ildən 2008-ci ilədək ,,Region plus” analitik jurnalının (Azərbaycan Respublikası) Gürcüstan üzrə müxbiri, 2008-ci ildən 2013-cü ilədək ,,Regionpress” qəzetinin müxbiri işləyib. 1998-ci ildə “Ayrılığın dağ çəkibdi sinəmə” (179 gəraylı) və 1999-cu ildə isə “Sinəm söz körüyüdü” (120 qoşma) şeir kitabları işıq üzü görüb. Bir neçə şeirini mərhum şair-tərcüməçi Avtandil Çakadze gürcü dilinə çevirib. 2001-ci ildə Gürcüstan prezidentinin fərmanı iləo, “ŞƏRƏF” ordeni təltif edilib.Bolnisi Mədəniyyət Mərkəzinin (BMM) orqanı olan “Ümid” qəzetinin redaktoru işləməklə yanaşı, Muşevan məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Dörd qızı, bir oğlu, on üç nəvəsi var.2007-ci və 2012-ci illərdə nəşr edilən iki cildlik “Ədəbi Gürcüstan antologiyası”nda Ə.Yəhyaoğlunun şeirləri çap olunub. Azərbaycan klassik ədəbiyyatında əsas obraz kimi tərənnüm edilən insan, onun vətənpərvər və insanpərvərliyi, zəhmətsevərliyi, yaşadığı torpağı gözəlləşdirməyi, gələcəyin qurucularınıın yetişdirilməsi, gəncləri elm və texnikanın zirvəsinə yüksəldilməsi kimi, fəlsəfi-didaktik, tərbiyəvi görüşlərlə kamilləşdirilmə ənənəsini çağdaş dövrümüzdə də qələm və ilham sahibləri tərəfindən tərənnümü davam etdirilir. Məhz ona görə insan yaşadığı vətəndə ədəbiyyat və incəsənətin əsas tərənnüm predmetidir.Başqa Borçalı şairlərində olduğu kimi Əlixan Yəhyaoğlunun da yaradıcılığında humanizmin və vətənpərvərliyin tərənnümü əsas yer tutur. İstər insanpərvərlik, istərsə də vətənpərvərlik sevgisi hər bir kəsin öz evindən, torpağından, ata-anasından, bacı-qardaşlarından, övladlarından, el-obasından, vətəndaşı olduğu ölkədən başlayır. Haqlı olaraq vətənpərvər şair Ə.Yəhyaoğlunun “Sinəm söz körüyüdü” şeirlər kitabı “Dəllər” şeiri ilə başlayır....Kişi gördüm Koroğlu tək qüdrətli,Ərənlərin Eyvaz kimi qeyrətli,Gözəllərin Nigar kimi ismətli,“Qaladağ” sən, “Çənlibel” sən, Dəllər, hey!..İnsanpərvərlik və vətənpərvərliyin, mənsub olduğu xalqa və torpağa bağlılığın, sevgi və ehtiramın tərənnümü şairin “Dəllər” rədifli şeirinin əsas ideya mahiyyətini və qayəsini təşkil edir. Azərbaycan xalqının tarixdə böyük ad-san qoymuş qəhrəmanlığı, şifahi və yazılı ədəbiyyatımızda həmişə gözəl tərənnüm edilmişdir. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanlarının baş qəhrəmanlarının və yer adları, ədəbiyyatımızda geniş işlənmə ənənəsi Ə.Yəhyaoğlunun şeirlərində də davam etdirilmişdir. Onun şeirlərində dastan qəhrəmanlarının adları bənzətmə kimi tərənnüm edilir. Şair bu şeirində doğma, təbii mənzərə və İlahi gözəlliklərlə, vüqarlı dağlar və şiş təpələrlə, yaşıl meşələrlə əhatə olunmuş Dəllər kəndi Borçalının ən gözəl məkanında yerləşidiyini oxuculara çatdırır. Bununla şair Azərbaycan xalqının ən gözəl adət-ənənələrini, qonaqpərvərliyini, duz-çörəkliyini, insanpərvərliyini, xeyirxahlığını bu şeiri vasitəsiləgöstərmişdir. O, yüksək insani keyfiyyətləri, milli-mənəvi dəyərləri altı bəndlik şeirdə müştərək tərənnüm etməsi şeirin poetik dəyərini artırır. Şeirdə Dəllər kəndinin tarixdə izi, sözü qalmış, yaddaşlara hopmuş, xatirələrə dönmüş, doğma yurdun, vətənin, keşiyində mərdanə dayanmış, xalqın qayğısına qalmış kişilərini Koroğlu qüdrətli, gənclərini Eyvaz qeyrətli, qadınlarını isə Nigar ismətli kimi tərənnüm edir. Dəlləri Çənlibelə bənzədir, qibləgah, and yeri adlandırır. Şair kəndin torpağını da, adi qara daşını da çox qiymətləndirir, çünki bunlar elin varlığına, başına yalnız mərdlik və qeyrət tacdır.Vətənpərvərliyin, insanpərvərliyin, Azərbaycançılığın, türkçülüyün tərənnümünə Ə. Yəhyaoğlunun xüsusi diqqət göstərməsi çox sevindiricidir. Bu ruhda yazılmış “Vətən” rədifli şeiri çox diqqət çəkəndir:...Borçalıda gülməz ollam,Ər yanında dönməz ollam.Ocaq ollam, sönməz ollam,Göz dikilsə sənə, Vətən...Şair bunu ana Vətəninə, ata Yurduna müraciətən yazmışdır. O, Vətən qarşısında and içir: “hansı düşmən vətən torpağına göz diksə qanadlı yelə, qasırğaya, dağı-daşı yerindən oynadan selə dönüb yağı düşmən üstünə yeriyər”. Vətənpərvərlik, bahadırlıq, qəhrəmanlıq ruhu şairin “Göy Tanrının türk bəndəsi”, “Qalx ayağa, Azərbaycan!” və b. şeirlərində də tərənnüm edilmişdir. Türk-Azərbaycan xalqlarının müştərək ədəbiyyatında Dədə Qorqud oğuzlarının Dədəsi, yol göstərən ağsaqqalı, alimi, şairi, ozanlar ozanı, “Dədə Qorqud” qəhrəmanlıq dastanının yaradıcısı, türk igidlərini qəhrəmanlığa səsləyən dahi bir şəxsiyyət kimi tərənnüm edir. Bütün dövrlər üçün aktual olan bu mövzuya dəyərli ziyalımız Ə.Yəhyaoğlu biganə qala bilməzdi:Dədəm Qorqud sözdən çələng bağladı,Buğac, Qazan məlikləri dağladı.Burla Xatun için-için ağladı,Qurban olum gözlərinin yaşına.və yaxud:Hanı mənim xoş niyyətli Ozanım?Hanı mənim münəccimim, yazanım?Hanı mənim xan Beyrəyim, Qazanım?İgidlərin yarağına qovuşam.Vətənpərvərlik haqqında Nəriman Nərimanov yazır:“Vətənin qədrini o kimsə bilər ki, Vətən ilə onun ruhən rabitəsi olsun, Vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt vətən deyə bilərsiniz ki, onun sahibi olasınız”. *** *** ***20 Yanvar qəhrəmanlıq faciəsində yüzlərlə dinc əhali-uşaqlar, qadınlar, gənclər şəhid oldu, günahsız insanların qanı Bakı küçələrində axıdıldı. Həmin gün Borçalı oğullarından professor İsmayıl Mursaqulov, ADU-nun tələbəsi Vəfadar Eminov, Rəşid İsmayılov, İlqar Əhmədov, Tenqiz Turabov, Ələsgər Qayıbov və b. şəhid oldular. Bütün dünya azərbaycanlılarının qələm sahibləri öz şeirləri, publisistik məqalələri ilə Qorbaçova öz qəzəb və nifrətini bildirdilər. Vətənpərvər şair Ə. Yəhyaoğlu ,,Ağlayar” rədifli şeiri ilə göz yaşları içində şəhid olanların atalarına başsağlığı verir:Dindirməyin, çarə yoxdur dərdimə,Ürəyim ağlayır, gözüm ağlayır.Ələnib ömrümə dağların qarı,Baharım ağlayır, yazım ağlayır.Ermənilərin havadarları ilə birlikdə apardıqları işğalçılıq siyasətinə, vəhşiliyinə Azərbaycan yazıçıları yazdıqları əsərləri ilə öz qəzəb və nifrətlətini bildirdilər. Şair Ə.Yəhyaoğlu da öz səsini çoxsaylı yazıçıların səsinə qataraq, “Qalx ayağa, Azərbaycan!”, “Qurban olum”, “Qayıdıb gəlləm” və b. şeirləri ilə öz mübariz səsini ucaltdı:...Ürək dözmür, olub xəstə,Bir haray var neçə səsdə.Qılınc əldə ,,Cəngi” üstə,Qalx ayağa, Azərbaycan!Azərbaycanın Borçalı əsilli oğulları erməni cəlladlarına qarşı vuruşlarda Vətəninin, xalqının xoşbəxtliyi uğrunda qəhrəmancasına şəhid oldular. Borçalı şair və yazıçıları qələmə sarılıb erməni cəlladlarına, qaniçənlərinə qarşı öz qəzəb və nifrətlərini bildirdilər. Bütün varlığı ilə vətəninə, xalqına bağlı olan şair Əlixan Yəhyaoğlu səsini “Qayıdıb gəlləm”, “Tələsməsin, sevinməsin, qoy ölüm”, “Qalıbdı mənə” və s. şeirləri ilə ucaltd.Şair Ə.Yəhyaoğlu şeirlərində Azərbaycan gənclərinə bir daha xatırladır ki, bizim əslimiz, soykökümüz, Ulu babalarımız Alp Ər Tonqa, Atilla, Qazan Xan, Şah İsmayıl Xətai, Koroğlu kimi qəhrəman türklərdir. Türklərin tarixdəki qəhrəmanlığı bütün dünyaya məlumdur. Şair Azərbaycan oğullarını Vətəni göz bəbəyi kimi qorumağa çağırır. *** *** ***Əlixan Yəhyaoğlunun yaratdığı Ana obrazı öz möhtəşəmliyi ilə oxucu diqqətinə hakim kəsilir. O, “Qoruyun”, “Anama”, “Anam ağrımasın”, “Öldürmə, fələk”, “Amanat verirəm anamı, torpaq” şeirlərini və “Analar qocalmır, analar ölmür”, “Qaytar ana borcunu” publisist yazıları daha çox diqqəti cəlb edir. Şair “Qoruyun” şeirində övladları ocağımızın ilk odu, közü, nitqimizin ilk sözü, insan ömrünün qaranlıq yollarında varlığını günəş kimi yandıran, şam kimi əridən Anaları qorumağa çağırır:...Əlixan, qəlbinin sirrini bilin,Şirin laylasının ətrini bilin,Dünyadan köçməmiş qədrini bilin,Anaları, anaları qoruyunŞair anaların övladlarına verdiyi tərbiyənin, nəsihətin hər bir kəlməsini saralıb-solmayan, öz dəyərini heç bir zaman itirməyən, həmişə yaşayan ən qiymətli daş-qaşa, inciyə bənzədir. Ana laylasının həzin və şirinliyinin, qətrə-qətrə yanmasının əvəzini heç bir övlad qaytara bilməz. Şair üzünü bütün Azərbaycan gənclərinə tutaraq tövsiyə edir ki, “sağ ikən ata-anaların qədrini bilin. Onlara ahıl çağlarında diqqət və qayğı yetirməsiniz, hörmət və ehtiram göstərməsəniz, siz qocalanda da övladlarınız sizə qarşı laqeyd olacaqlar”.Əlixan Yəhyaoğlu “Qaytar ana borcunu!” publisist məqaləsində yazır: “Anaların nisgilli ürəyi Vətən sarıdan həmişə narahat olub. İkinci cahan savaşında olduğu kimi, Qarabağ savaşı başlanandan bəri anaların bir gözü ağlayır, bir gözü gülür. Ana gözlərini yaşlı görəndə rahatlıq tapmırıq, sanki Vətən göylərini bürüyən qara buludların yağışı anaların gözlərindən tökülür. Vətən dağlarının uca zirvələrinin üstü açılanda anaların qaş-qabağı açılır, üzləri gülür. Övladının “Əlini başına yığana kimi” Ananın saçlarına dən düşüb ağarır, gül çöhrəsi solur, gözlərinin nuru azalır, qaməti əyilir. Gündən-günə zəifləyən ağbirçək analar oğul-qız qulluğu, nəvə-nəticə qayğısı gözləyirlər”.Şairin dağlardan da ağır qəm-kədər və göz yaşları ilə misralara düzülmüş matəm libaslı sözlərlə ərsəyə gəlmiş “Amanat verirəm anamı, torpaq” şeiri diqqətimi daha çox çəkir:...Ömrünü keçirib ağlı, qaralı,Ürəyi nisgilli, qəlbi yaralı.Kindən, küdurətdən olub aralı,Amanat verirəm anamı, torpaq! *** *** ***Azərbaycan şifahi xalq yaradıcılığının zəngin qolunu təşkil edən klassik aşıq yaradıcılığı Azərbaycan hüdudlarından kənarda yaşayan azərbaycanlıların ədəbi mühitinə də öz təsirini göstərmişdir. Bu zəngin mühitdən təkcə yaradıcı aşıqlar deyil, həm də şairlər barınmışlar. Gürcüstan azərbaycanlılarının üçyüzillik ədəbi mühitinin bütün dövr və mərhələlərində Azərbaycanın ustad şair və aşıqların yaradıcılığı çağdaş şair və yaradıcı aşıqlarımız üçün böyük məktəb olmuşdur. Bu ədəbi məktəb əlli milyonluq bir xalq üçün doğma və əzizdir, çünki yad, işğalçı xalqın şeir vəzninin təsiri altına düşməyən milli heca vəznimizdə yazıb-yaratmaq böyük səadət və xoşbəxtlik deyilmi?!...Ə.Yəhyaoğlu Azərbaycan aşıq yaradıcılığına, heca vəznli şeirlərimizə, könül mülkünün nəğməkar bülbülü tavar saza bütün eşqi, qəlbi, coşqun ilhamı ilə bağlı şairdir. O, Dədə Ələsgərə, Aşıq Şəmşirə, Borçalı aşıqlarından Xındı Məmmədə, Aşıq Əmrah Gülməmmədova, Aşıq Hüseyn Saraclıya, Nurəddin Qasımlıya ithaf etdiyi şeirləri ilə ustad aşıqlarımızı və İlahi sədalı tavar sazı necə də gözəl tərənnüm etmişdir:...Əmrah Dədə Saraclını səslədi,Telli sazı bir kök üstə köklədi,Ayrılığı, bax, beləcə təklədi,Yaşa, ,Ulu Borçalının varı, saz.Ə.Yəhyaoğlu saz-söz mühitində böyümüş, sədəfli saza vurğun olan Borçalı şairidir. O, saz haqqında yazır: “Dünyaya göz açalı ana laylası ilə uyuyub, saz səsi ilə oyanmışam...” Onun yaradıcılığında Azərbaycan xalq şeirinin və aşıq poeziyasının vəhdətini tədqiq etdiyim anlarda bu təsirin parlaq nümunələrini 72 bayatısında, 107 gəraylısında, 100-dən artıq qoşmasında tərənnümünü şeirlər kitabında gördüm. Şair Əlixanın şeirlərinin əsas dəyərlərindən birini də ana laylası kimi şirin və dəyərli olan heca vəznində, xalq ruhunda, bulaq suyu kimi təmiz, saf və bədii dildə yazılmasında gördüm. Onun şeirlərinin poetik ruhunu humanizm, vətənpərvərlik, fəlsəfi-didaktik və etik-estetik motivlər təşkil edir. Azərbaycan folklorunu, onun ən böyük və zəngin qolu aşıq poeziyasını kamil bilən və çox sevən şair bu ruhda çoxsaylı şeirlər yazmışdır. Şair Ə.Yəhyaoğlu Borçalının ustad aşıqlarının saz-söz dünyasına-Borçalı sazının, 80-dən artıq saz havalarının şöhrətini Qafqazda göylərə qaldıran, ağır məclislərdə dastan danışmaq, dastan yaratmaq məharətini Alosmana çatdıran, aşıq Şenliklə çiyin-çiyinə, döş-döşə deyişə-deyişə, yeddi gün davam edən böyük toy məclislərinin iştirakçılarını heyran edən Borçalının ustad aşıqlarına bir neçə şeir ithaf etmişdir. Xındı Məmmədin anadan olmasının 100 illik yubileyi münasibətilə “Ay Dədə Xındı” şeirində şair yazır: ...Kərəmi yandırıb külə döndərdin,Zavallı Lələni qula döndərdin,Keşişi bir qara pula döndərdin,Kürsən ürəklərdə, ay Dədə Xındı!Əlixan Yəhyaoğlu çoxşaxəli yaradıcılığa malik olan məhsuldar qələm sahibidir. Onun yazdığı məqalələr öz orijinallığı ilə seçilir. Onun cəsarətini, kəsərli qələmini ,,Borçalıdan xanəndə çıxmayıb” və ya “Borçalıya kənardan baxış”, “Məktəblərimizi bağlatmaq istəyənlərə açıq məktub”, “Güldürmək üçün ölənlər” və ya “Şəngülümü, Şüngülümü yeməyəydin...”, “Kor nalbəndin kor atı”, “Mənə yazıq deməyin”, “Od olmayan yerdən tüstü çıxmaz...” və s. ədalətli tənqidə söykənən publisistik məqalələrində oxucuları doğma Azərbaycanlıları, doğma Azərbaycan dilini və doğma Vətəni Gürcüstanı, Borçalını sevməyə çağırır. O, Azərbaycan dilinin saflığını, gözəlliyini əcnəbi sözlərdən, yad meyillərdən, mücərrədlikdən qoruya-qoruya oxucuların sevimlisi olub.Uzun əsrlər boyu Ulu Babalarımız gürcü xalqı ilə dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bu böyük tarixin bütün dövrlərində gürcü hökmdarları biz Azərbaycanlıların dilinə, dininə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmışlar. Bu gün bir qrup ali məktəb tələbələrinin Azərbaycandilli məktəblərin gürcüdilli məktəblərə çevirilməsini iddia edənləri hazırlayanlar həmişə Gürcüstanda azlıqda olan xalqlarla gürcülər arasında qarşıdurma yaratmaq istəyən xarici düşmənlərimizin hiyləsi və təxribatıdır. Gürcü və Azərbaycan xalqlarının dostluq və qardaşlığını əsərlərində tərənnüm edən Əlixan Yəhyaoğlu, 5-10 nəfər gəncin milli-mənsibiyyətinə, doğma dilinə kölgə salanlara öz məqamında tutarlı cavab verir: “Əgər milli-mənəvi dəyərlərimizi aşağılayan hər hansı bir məsələ ictimailəşdirilirsə, xalqın Qaymağı sayılan biz ziyalılar ona münasibət bildirməyə borcluyuq. Mən-Sən, Biz-Siz yanmasaq, bəs kim yanmalıdır? Yanaq ki, yandıra bilək!...”Milli-mənəvi ləyaqət və mənsubiyyətini itirən, Azərbaycan dilində eşitdiyi, bir insan ömründən də şirin olan ana laylasını, ata-anasını danan, bəzi əqidəsiz, məsləksiz, dinsiz-imansızlar, dünyanın böyük dövlətlərinin müsəlman xalqına, o cümlədən, elə azərbaycanlılara, türklərə qənim kəsildiyi dəhşətli illərdə sabahını, gələcəyini görə bilməyən bir ovuc nadana Əlixan Yəhyaoğlunun cavab məktubu Böyük Türk dünyası qarşısında onu dirəksiz, sütunsuz göylərə ucaltdı! Əhsən sənə, Borçalının qeyrətli və istedadlı müəllimi, cəsarətli jurnalisti Əlixan Yəhyaoğlu!...Əlixan Yəhyaoğlunun milli-mənəvi dəyərlərlə, vətənpərvərlik və humanizmlə cilalanmış şeir və məqalələri gənclərimizin soykökü, milli-mənəvi dəyərlər üstündə, doğma ana dilimiz, dinimiz-inancımız üstündə köklənməsi və formalaşmasında, Azərbaycan dilinə, doğma Azərbaycanlılara, Ata Yurdunu, əziz Vətəni Gürcüstana bağlanmasında, tərbiyələnməsində müstəsna əhəmiyyəti olacağına şübhə etmirəm!... Yusif Yusifli, Marneuli rayonu, Qaş Muğanlı eli.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.