Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb Gürcüstan » Bolus 21 Ocak Bolnisi, 21 yanvar, AZƏRTACYanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun anma mərasimi keçirilib.Tədbirdə Gürcüstanın dövlət, hökumət rəsmiləri, parlamentin deputatları, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirliklərinin, SOCAR-ın əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev çıxışında deyib ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Kəpənəkçi kəndində anadan olub. Kəpənəkçidə, sazın-sözün içində böyüyüb. O, nə yazmışdısa saz üstə kökləmişdi. Yaxşı bilirdi ki, bu yolda Azərbaycanı tanıdan nəhənglər var, hər sözü dünya boyda olan kişilər var. Bu yolda var olmağın, özünü təsdiq etməyin böyük hünər olduğunu anlamamaq onun üçün mümkünsüz idi. Ona görə də könül verdiyi şeirin əlçatmaz zirvəsində özünü təsdiqləmək üçün çox yuxusuz gecələr keçirmişdi. Bu gün onun doğulduğu kənddə 66 yaşının və anım gününün keçirilməsi xalq şairinə olan sevginin nümunəsidir.Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri Paata Zakareişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, ictimaiyyət nümayəndəsi Hidayət Hüseynov Xalq şairi, böyük söz ustadı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, bədii yaradıcılığa gənc yaşlarından başlayan Zəlimxan Yaqub Azərbaycanın zəngin şeir ənənələrini uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib. Z.Yaqubun Azərbaycan ilə Gürcüstan arasında dostluq tellərinin möhkəmlənməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olub. Xalq şairi Gürcüstanda da çox sevilən yaradıcı insan idi. İki dost və qardaş ölkə arasında mədəni əlaqələrin, mədəniyyətlərin inkişafındakı xidmətlərinə görə Azərbaycanın və Gürcüstanın yüksək dövlət mükafatlarına layiq görülüb.Çıxışlar zamanı Kəpənəkçi kəndində Zəlimxan Yaqub adına Poeziya Evinin tikilməsi, xatirə muzeyinin yaradılması, Xalq şairinin əsərlərinin gürcü dilinə tərcümə olunaraq Gürcüstanın ali və orta məktəblərində paylanılması barədə təkliflər irəli sürülüb.Gənc aşıq Məsim Rəcəbov böyük şair və ustada həsr etdiyi şeiri oxuyub.Xalq şairinin ailəsi adından çıxış edən qardaşı Çingizxan Yaqubov göstərilən diqqət və qayğıya görə Azərbaycan və Gürcüstan prezidentlərinə minnətdarlıq edib.Xətayi Əzizov,AZƏRTAC-ın xüsusi müxbiri,BolnisiGürcüstanda Xalq şairi Zəlimxan Yaqubun ata yurdunda anım mərasimi keçirilib Azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Kəpənəkçi kəndində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun ata yurdunda şairin anım tədbiri keçirilib. Anım mərasimində Gürcüstan dövlətinin nazirləri, parlamentin deputatları, komitə sədrləri, Azərbaycan prokurorluğunun rəsmisi, Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin nümayəndələri, Qafqaz Müsəlmaları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, din xadimləri, Bakıdan, Batumidən, Gürcüstanın bütün bögələrindən gələn soydaşlarımız və müxtəlif diplomatik korpus və diaspora nümayəndələri, SOCAR-ın əməkdaşları iştirak ediblər.Tədbiri Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirov açıb və Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığından danışaraq qeyd edib ki, Z. Yaqubun yaşadığı mənalı ömür nəsillər üçün nümunədir: "O, həmişə xalqın içində olub, xalqı ilə yaşayıb, xalqı ilə sevinib, xalqı ilə gülüb. Onun yaşadığı mənalı ömür nəsillər üçün bir örnəkdir. Bundan sonra da Zəlimxan Yaqubun poeziyası haqqında çoxlu tədqiqat əsərləri yazılacaq. Z. Yaqubun sevgisi, şeirləri, onu sevənlərin qəlbində əbədi olaraq yaşayacaq. Nə qədər ki, Azərbaycan dilimiz var, millətimiz var o, həmişə yaşayacaqdır." Tədbirdə çıxış edən Gürcüstan parlamentinin deputat Mahir Dərziyev Zəlimxan Yaqubun əsərlərinin gürcü dilinə tərcümə olunmasını təklif edib: "Zəlimxan Yaqub bəşəri idealların böyük tərənnümçüsüdür. O, hələ sağlığında milyonların ürəyini fəth edib, xalqın şairi olub. O, əlli milyon azərbaycanlının, bəşəriyyətin şairi olub. Gürcüstan dövləti iki xalqın tərənnümçüsü olan böyük şairin xatirəsini həmişə əziz tutub. Zəlimxan Yaqub Gürcüstanın "Şərəf" ordeninə layiq görülüb. Onun yaradıcılığı geniş təbliğ olunmalıdır. Arzu edirəm ki, Z. Yaqubun şeirləri gürcü dilinə tərcümə olunsun və mən də bu təşəbbüsü dəstəkləməyə hazıram."Anım mərasimində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov Z. Yaqubun anadan olduğu kənddə "Poeziya Evi"nin yaradılmasını, müzeyinin təşkil edilməsini tklif edib: "Səmimiyyətlə demək istəyirəm ki, o, ölümüylə Gürcüstan azərbaycanlılarının bir araya gəlməsinə səbəb oldu, həm də Gürcüstan-Azərbaycan əlaqələrinə yeni bir mərhələ gətirdi. Bu gün Azərbaycan və Gürcüstan dövlətinin nümayəndələrinin, soydaşlarımızın anım tədbirində iştirakı bunu təsdiq edir. O, şair kimi özü-özünü təsdiq edib. Şairin adını əbədləşdirmək üçün onun doğulduğu kənddə Zəlimxan Yaqubun "Poeziya Evinin" yaradılmasını təklif edirəm. Bu təşəbbüsü mən də dəstəkləyirəm." Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu Zəlimxan Yaqubun 50 il bundan əvvəl doğulduğu Kəpənəkçidən çıxıb yaşamaq üçün Bakıya üz tutduğunu bildirib: "O, Kəpənəkçidən çıxanda atasına demişdi ki, sənin üzünü ağardacağam O, təkcə atasının yox, Kəpənkçi kəndinin, bütün Borçalının üzünü ağartdı. Onun ədəbi fəaliyyətindən danışmaq millətimizin bu günündən, sabahından söhbət açmaq deməkdir. Zəlimxan Yaqub həmişə dövlətə və dövlətçiliyə sadiq olub, eyni zamanda xalqın məhəbbətini qazanıb. Hər sənətkara nəsib olmur ki, həm ümumxalq sevgisini qazansın, həm də dövlətin qayğısını, diqqətini görsün." Tədbirdə çıxış edən Gürcüstanın Barışıq və Vətəndaş məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili və digər rəsmilər xalq şairi Zəlimxan Yaqubun gürcü və Azərbaycan xalqının dostluq və münasibətlərinin inkişafında əvəzsiz xidmətlərindən söz açıblar.Anım günündə parlamentnin keçmiş deputatı Hidayət Hüseynov və gənc aşıq Məsim Rəcəbov şairə həsr etdikləri şeirlərini söyləyiblər.Sonda Zəlimxan Yaqubun ailəsi adından kiçik qardaşı Çingizxan Yaqubov ata yurdunda keçirilən anım gününə gələn Gürcüstan və Azərbaycan dövlət nümayəndələrinə, soydaşlarımıza təşəkkür edib və Zəlimxan ailəsinin ağır günlərində böyük diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə və ailənin kədərini bölüşən Gürcüstan dövlətinin prezidenti Giorgi Marqvelaşviliyə təşəkkürünü bildirib.Nizami Məmmədzadə, jurnalist . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.