ELÇİN DRAMATURGİYASI MÜSTƏVİSİNDƏ DÜŞÜNCƏLƏR

ELÇİN DRAMATURGİYASI MÜSTƏVİSİNDƏ DÜŞÜNCƏLƏR Qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətinə sinergetik uyğunlaşması

Qeyri-səlis məntiq nəzəriyyəsi dəqiq elmlər sferasına, riyazi hesablamalar sisteminə aid bir nəzəriyyə olduğu kimi, yaradıcı fəaliyyətin bütün sahələrinə, o cümlədən, ədəbi proseslərə, dramaturgiya sahəsinə də aid nəzəriyyə olub, ayzberq sehrli bir qüdrət ilə "duman-çiskin" içindən zaman-zaman gizli şəkildə boylanıb, təhtələn öz vücudunu göstərməyə çalışıb.

Bu sehr qədim düşüncədən üzü bəri insan idrakının dərk edə bilməyəcəyi bir orbitdən boy verdiyi üçün, kəşf olunana qədər elmə aydın olmadığı qədər də təhtəl hisslər dağarcığında hərəkətdə olub, tərpəndikcə özünəməxsus qabarcıqlarla öz izlərini bəlli edib.

İşi incələdikcə aydın olur ki, qeyri-səlis məntiq nəzəriyyəsi də digər nəzəriyyələr və cərəyanlar kimi şüuraltı qatda həmişə öz "zühur" zamanını gözləyib. Bu gözlənti 20-ci əsrin ikinci yarısına qədər insan düşüncəsinin elm xəzinəsində durduqca, cahana doğacaq günəş kimi öz nüvəsində qaynayır, qaynadıqca bişir və həzmə hazırlanırdı. Tarix boyu, zaman-zaman müxtəlif hadisələrin yaratdığı vəziyyətlərdən doğan müxtəlif cərəyanların aşkarlandığı bir də onu diqqətə çatdırmağa əsas verir deyək ki, insan düşüncəsində hələ öz "zühur" zamanını gözləyən neçə-neçə doğacaq "günəşin" də qaynadığı və qaynadıqca həzmə hazırlandığı heç şübhə doğurmur...

İnsan özünü dərk etdiyi vaxtdan etibarən, qurub-yaratmaq istədiyi hər nə varsa, öncə onun ən ibtidai üsulunu kəşf etdi. Məsələyə, istər yaşam və həyat tərzini formalaşdırmaq nöqteyi-nəzərindən, istər ətraf mühitdən qorunmaq, istərsə də daxili tələblərin ehtiyaclarını ödəmək və ya düşüncəsində baş qaldıran, cücərən təxəyyül orbitinə aid olan, hissləri, duyğuları riqqətə gətirə bilən əhvalı ətrafındakılara açıqlayarkən, klassik formanın mabədindən baxmağa başladı. Və hər yeni tapıntısını məhz klassik formanın içindən boylanaraq, oradan aldığı impulsun nəzərləri vasitəsi ilə görə bildi. Onun üçün də bu, sübut olunmuş bir həqiqətdir ki, klassik forma bünövrədir, himdir. Klassik forma yaranışın şah damarı, bel sütunudur. Klassik forma sabaha açılan pəncərədir. Klassik forma varlığında milyonlarla doğulacaq hüceyrə daşıyan canlı bir orqanizmdir. Nəhayət, klassik forma bütün kəşf və ixtiraların ana bətnidir.

Nə qədər simvolik də olsa belə bir izahat tam yerinə düşür deyək ki, qeyri- səlis məntiq nəzəriyyəsinin yaranışına qədərki dövrünü insan varlığının ana bətnindəki dövrünə bənzətmək olar. Onun da, insan ana bətnində formalaşdığı kimi klassik formanın bətnində bəstələndiyini və formalaşdığını, doğulduğu ana qədər klassik formanın bətnində bir həyat yaşadığını, doğulduqdan sonra isə, sevilərək bəslənən, böyüyən körpə qədər anbaan böyüdüyünü və inkişaf etdiyini bir həqiqət kimi qəbul etməliyik. Bu günkü reallıq sübut edir ki, insan doğulduqdan sonrakı ömrünü inkişafa necə sərf edirsə, digər nəzəriyyələr, cərəyanlar kimi qeyri-səlis məntiq nəzəriyyəsi də eyni mahiyyətlə bütün sahələrdə, istər texnogen anlamda, istərsə də fəlsəfi konteksdə öz səmərəsini verməkdədir. Dediklərimizin həqiqətini isbatlamaq üçün bir qədər tarixin dərin qatlarına nəzər salsaq, orada, hisslər dağarcığında hərəkətdə olan qabarmaların izlərinə mikroskopik nəzərlər yetirməklə və diqqətdən keçirməklə dolğun araşdırma imkanını əldə edə biləcəyik. Əlbəttə ki, biz bu məqaləmizdən başlayaraq, son nöqtəyə çatana qədər hisslər dağarcığında öz izini buraxmış yalnız dramaturgiyaya aid olan qabarcıqları incələyəcək, qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətindəki sinergetik adaptasiyasına nəzər yetirəcək və insan düşüncəsində texniki sahədə olduğu kimi, humanitar sahədə də eyni aktuallıqda və dinamik inkişafda olduğunu isbatlamağa çalışacağıq.

Qədim keçmişdən, eramızdan əvvəlki tarixdən yola çıxaq...


Çoxallahlılıq dövründə yaşamış Homerin "İlliada" əsərində Axilles obrazı müəllif tərəfindən Allahın övladı kimi təqdim olunur. Bu təqdimata diqqətlə fikir verin. Baxırsınızmı, gözəgörünməz, ulu, qüdrətli varlığın, yaranışın banisi hesab etdiyimiz və buna mükəmməl şəkildə inandığımız Allahın övladı anlayışı bugünkü təfəkkür nöqtəsindən baxdıqda nə qədər qeyri-səlis görünür? Biz Allahı bircə anlamda dərk edir, qavrayır və qəbullanırıq - Yerin-Göyün Yaradıcısı, bütün varlığın banisi kimi. Doğrudur, burada belə bir həqiqət də ortadadır ki, çoxallahlılıq o demək idi ki, Yerin-Göyün bir tək yaradanı yox idi, hər fenomenin öz Allahı vardı, hər halda kainatda gördüyümüz nə vardısa hər birinin yaradıcılıq hökmü məhz Allah deyilən fenomeninin qüdrətinə bağlanırdı. Allahın övladı olmaq üçün isə bütün hüdudları aşmaq, çoxsaylı ölçülər tezliyinin ritm dinamikasına uyğunlaşmaq, çoxçalarlı rənglər boyasına bürünmək gərəkdir. Yəni, mümkünsüzlük içində mümkün olma. Hətta təkallahlılıq dövründə peyğəmbərlər belə, Allahın elçisi statusundan o tərəfə keçə bilməmişlərsə, eramızdan əvvəlki dövrdə belə bir fikri ədəbiyyat səhifələrinə gətirmək təxəyyülün anlama dərəcəsinin sonsuzluğa yüksələ bilən imkanlarından xəbər vermirmi? Baxmayaraq ki, müqəddəs kitabda - İncildə yazılır ki, "Bakirə Məryəm Allahın övladı olan İsanı dünyaya gətirdi". Fikrimizcə, İsanın bakirə Məryəm tərəfində Allahın övladı olaraq doğulması da, məhz eramızdan əvvəlki insan təxəyyülünün labirintlərindən sıyrılıb "zühur" etmiş, insan idrakını ağuşuna almış misilsiz bir dilemmadır. Fiziki mənada mümkün olmayan bir anlayış; insana Allahın övladı kimi ağlasığmaz bir status vermək və mütləq çoxluğu buna inandırmaq, qədim təxəyyüldən qaynaqlanan bir hikmətdir. Diqqət kəsilməyə bir əsas var deyək ki, bu hikmət məhz həmin dövr insan düşüncəsinin sürət dinamikasından bu günə qədər hərəkətdə olan və sonsuzluğa doğru səmt alan yolda öz səmərəsini verə bilmişdirsə, yəni oxucu və tamaşaçı tərəfindən qəbul olunmuşdursa, demək ki, bu məsələ təxəyyül meydanında öz inandırıcı yerini tuta bilmiş, düşüncə arealında həqiqət donunu geyinə bilmişdir. Əks təqdirdə bütün kainatı yaradan bir qüvvənin və yaxud, kainatda gördüyümüz bütün möcüzələrin yaradıcısı olan bir qüvvənin xüsusilik çərçivəsində məhdudlaşmasını necə qəbul etmək olar? Bu mümkün deyildir. Ona görə də belə demək daha doğrudur ki, bu, heç şübhəsiz ki, müəllif təfəkkürünün və təxəyyülünün ölçülərə sığmayan idrakının məhsuludur. Yəni, müəllifin təxəyyülündəki ağdan qaraya olan məsafənin hüdudlarında saysız-hesabsız çoxluqların və ya rənglərin olduğunu görə bilmək gücünün göstəricisidir. Sərhədləri bəlli olan ölçülər çərçivəsini imtina edən, yuvarlaq cəm məntiqinə sığmayan bu təxəyyül, məhz qeyri-səlis məntiq nəzəriyyəsi kapsamında özünə yer tutmuş ağlın düşüncəyə təsir qüvvəsinin ifadəsidir. Bu yanaşma o deməkdir ki, idrakın düşünmə arealının hüdudlarını müəyyənləşdirmək mümkün deyildir. Belə yorumda yuvarlaq cəm iti sürətlə görünməz sonsuzluğa çevrilir. Fikrimizin daha anlamlı müstəviyə yüksəlməsi üçün Homerin "İlliada" əsərindən birbaşa Şekspirin "Hamlet" əsərinə keçid etmək tam yerinə düşür. Bunun üçün zamanın səhifələrini sürətlə vərəqləyərək, unikal bir aləmə daxil oluruq. Homerin bədii təxəyyülündəki ölçülərə sığmayan qeyri-xəttilik sistemi kimi, Şekspirin də öz təxəyyülündə yetişdirib meydana atdığı orijinal bir tapıntını araşdırma nöqtəsinə gətirək. Müəllif Hamletin atasını səhnəyə kölgə şəklində gətirir və hadisələrin dramatizmi də məhz bu qeyri-adilikdən sonra başlanır. Səhnədə, dünyasını dəyişmiş bir canlının qulisinasik gözə görünmə metodunu tərc edən müəllifin istər psixoloji anlamda, istər fəlsəfi kontekstdə ağlın dərk edə bilməyəcəyi, klassizmin ölçülər cədvəlini çilik-çilik edə bilən bir modern yanaşmasının, dərk etmədə özünə yer tutmuş hüdudlar içində hüdudsuzluq anlayışını sübut edən kəşfinin göstəricisidir. Qeyri-səlis məntiq nəzəriyyəsi Aristotelin binar məntiqindən fərqli olaraq dünyanı bir rəngli deyil, rənglər çoxluğunda görməyə imkan yaradır; rənglər çoxluğunu, sürət çevikliyini özündə ehtiva edə bilməyən bir təxəyyül belə kosmopolit sehri, oyun oyunçuluğunu necə düşünüb ədəbiyyata və teatr sənətinə gətirə bilər?

Burada bir haşiyə boy verir. Nağıllarımızın mifik personajlarından biri olan Zümrüd quşu nağıl qəhrəmanı Məlikməmmədə deyir ki, "çətinə düşsən, tükümü yandır, həmin anda yanında peyda olacağam". Doğrudan da tük yanan kimi Zümrüd quşu peyda olur. Burada belə bir sual doğur. Bu tezlik hansı qüdrətli qüvvənin hökmüdür ki, tük yanan kimi quş peyda olur? Belə cavabsız suallar ədəbiyyat səhifələrində saysız-hesabsız qədərdir. Əgər dünənki fotoaparat öz zəif sürət tezliyi qarşısında bugünkü iti sürət tezliyini tapa bilmişdirsə və həmin tezliklə üz-üzə qalarkən ədədlər çoxluğunun sonsuzluğu ilə rastlaşdığına əmin olmuşdursa, həm də böyük nailiyyətlərə qovuşursa, ədəbiyyat yaradıcılarının təxəyyülündəki qədim zamandan bu günə qədər uzanıb gələn uzun bir məsafədə öz qabarcıqlarını göstərən ədəbi proseslərdə qeyri-səlis məntiq nəzəriyyəsinin rənglər çoxluğunu, ədədlər sonsuzluğunu niyə inkar etməliyik? Əlbəttə ilk baxışda dediklərimiz çox bəsit və lüzumsuz görünə bilər, ancaq dərindən düşündükdə görürsən ki, istəsən də, istəməsən də ədəbiyyatda yaranmış qeyri-səlis məntiq nəzəriyyəsinin bədii ekvivalenti daha qədimdir və danılmazdır.

Bir anlıq psixoanalizin mənbəyinə nəzər salaq. Müharibələrin yaratdığı psixi travmaların fəsadları psixatriya elmində hansı dəyişiklikləri etdisə və Ziqmund Freyd psixologiyanın tibbin çərçivəsindən qopub ictimai həyat sahələrinə tətbiqində peripetik çevrilişə necə nail oldusa, o cür də qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcı sahələrdəki yerini müəyyənləşmək məqamının yetişdiyinə tam inam hissi ilə deməliyik ki, bu sahədə dərin araşdırmaların və ortaya atılmış fikri isbata yetirməyin zamanı olduğunu etiraf etmək qaçılmazdır.

Bədii keyfiyyəti dramaturji yükü və söz qüdrəti ilə teatr sənətində xüsusən seçilən "Hamlet" əsəri dünya teatrlarında, bir-birinə bənzəməyən müxtəlif yozumlarda, yüzlərlə tamaşası ilə səhnədə canlandırılır. Bu əsərin Azərbaycan teatr səhnəsində də müxtəlif yozumlarda ərsəyə gələn tamaşaları olmuşdur. Bunlardan Tofiq Kazımovun quruluşunda təqdim olunan tamaşa öz orijinallığı ilə zamanın hüdudlarına sığmadığı üçün dövründə bəzi mütəxəssislər tərəfindən uğursuz tamaşa damğası ilə zədələnmişdir. Ancaq belə demək daha doğru olar ki, Tofiq Kazımov öz yozumu ilə tamaşanı çox rəngli, həm də yeni boyalar və çalarlarla fırçalamış, klassizmin çərçivəsindən iti sürətlə kənara çıxara bilmişdir. Odur ki, bu rənglər çoxluğunun içində fikrini cəmləşdirə bilməyənlər tamaşaya haqsız olaraq lazımi dəyər verə bilməmişdirlər. Ümumiyyətlə, Tofiq Kazımovun tamaşaları məhz ölçülərin hüdudlarını sürətlə aşıb keçən və sonsuzluğa doğru istiqamətlənən bir məsafəyə səmt alırdı. Onun tamaşalarının hər biri bütün komponentləri ilə qeyri-səlis məntiq nəzəriyyəsinin rənglərinə boyandığını göstərirdi.

Qeyri-səlis məntiq nəzəriyyəsi haqqında araşdırma apararkən fikrimizcə ilk növbədə mütləq əlahəzrət SÖZ fenomeninə baş vurmaq və qeyri-səlis məntiqin cövhərini, nüvəsini orada axtarmaq gərəkdir. Çünki ipə-sapa yatan və yatmayan bütün ölçülər, çərçivələr, yuvarlaqlıq və çoxxətlilik, hüdudsuz sonluqlar ilk növbədə sözün mabədində özünə dolğun şəkildə yer tapmış və elə sözün cövhərində də yuva salmış, məhz bu yuvadan özünə enerji alaraq hərəkətə gəlmişdir. Sözün qüdrəti bütün rəngləri, çoxşaxəli, gedən və dönən dinamizmi, bütün dinamik hərəkətləri özündə ehtiva edə bilir. Söz ən geniş miqyasa, ən uzaq məsafəyə qədər işıq sala bilir. Sözü heç bir sərhəd öz hüdudlarında sıxışdıra bilmir. Söz bütün hüdudları bir göz qırpımından da iti sürətlə aşıb, ən uzaq məsafəyə yetişə bilir. Söz istədiyi məsafəni istədiyi sürətlə qət edə bildiyi kimi, istədiyi anda istədiyi yerdən istənilən yerə qədər geri dönərək, öz təsir qüvvəsinin mahiyyətini diqtə edə bilir. Sözün enerjisi bizə bəlli olan ən güclü və qüdrətli partlayıcı maddənin nüvəsindən belə güclü püskürtüyə, partlayıcı qüvvəyə malikdir. Söz həm çox qıvraq və çevikdir, həm də öz elastikliyi ilə ən elastik maddəyə meydan oxuya bilmək qüdrətindədir. Sözlə istənilən fikri istənilən cür yoğurmaqla, istənilən hala salmaq mümkündür. Söz özündə bütün hikmətləri cəm edə bilir. Bütün cərəyanları, nəzəriyyələri və fəlsəfi düşüncədə cəmləşən mabədi söz ifadə etdiyi kimi, bütün duyğuların, hisslərin təcəssümü də sözlə ifadə olunur. Böyük Füzuli möhtəşəm demişdir ki, "Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz?"

Odur ki, dramaturgiyanın da ifadə olunmaq imkanını bəxş edən söz, ölçülər çərçivəsinə sığmadığı kimi, həm də dramaturgiyada ədədlər sonsuzluğuna qədər həm özü inkişaf edir, həm də yaranmış vəziyyətlə bərabər hadisələri inkişaf etdirir. Sözlə dramaturgiyada istənilən elastik hərəkətlə istənilən vəziyyətin təqdimatına nail olunur. Eyni zamanda söz dramaturgiyanın bətninə elə bir qüvvə, elə bir enerji yerləşdirə bilir ki, həmin qüvvə və enerji ilə səhnə və salon arasında, ağlın belə dərk edə bilməyəcəyi sinergetik bir bağlılıq yaranır. Bu bağlılıq öz ölçüləri ilə ədədlər sonsuzluğunun hüdudsuzluğunda, qeyri-xəttilik sisteminin əlçatmaz bir məsafəsində özünü tapır. Sözün yaratdığı dramaturgiya janrı dramaturgiya ilə bərabər teatr sənətini yaradır. Teatr sənəti isə sözün özü qədər istənilən halda istənilən formaya düşmək, istənilən cilddə görünmək, istənilən vəziyyəti istənilən hala salmaq və istənilən hadisəni istənilən dramatizmdə, istənilən dinamizmdə təqdim etmək haqqına sahib bir enerjiyə malikdir. Özündə bir neçə yaradıcılıq sahəsini cəmləşdirən teatr sənəti sintetik olduğu qədər də elastik və canlıdır. Seyrcinin təfəkkür sisteminə təsvir, səs, söz və sair kimi təsiredici qüvvələrlə daxil olan bu sənət sahəsi idrakı bütünlüklə öz tilsimində sehirləyə bilir. Məhz bu imkanlara malik olan teatr sənəti öz enerjisi ilə səhnədən salona daxil olur, salondakıların düşüncə, anlayış sistemində öz nüvəsini yerləşdirir. Beləliklə, səhnə ilə salon arasında, daha doğrusu, səhnədəkilərlə (buraya səhnədə olan bütün elementlər daxildir) salondakılar arasında həm real, həm də virtual bir məkan yaranır. Bu məkan ayrıca bir kürə kimi özünü reallaşdırır. Bir növ ötürücü sistem kimi səhnədəkilərlə salondakılar arasında üzvi bağlılığı təşkil edir. Bu məkan ötürücülük funksiyası ilə bərabər, həm də qısa qapanmalar yarada bilən bir tıxac funksiyasını da daşıyır. İki qütbü bir-birindən ayırmaq imkanına malik olduğunu, qütblər arasındakı ünsiyyət zamanı düşüncələrə hökm edərək, ünsiyyəti pozmaqla da isbatlayır. Bir də onu isbatlaya bilir ki, oyunçularla seyrcilər arasındakı ünsiyyət məsafəsində artan sürət dinamizmində, dərketmənin sonsuzluğuna doğru istənilən qədər yüksələ bilir və onlar arasındakı ünsiyyət prosesində, bir anın içində anlaşma dərəcəsinin ölçüsüzlüyünü tapır.

Bəzən səhnə ilə salon arasında sinergetika pozulur. Bu da sənətkarla seyrci ünsiyyətinin ixtişaşına səbəb olur. Bu nə vaxt baş verir? Səhnədə cərəyan edən hadisələrin salondakılar tərəfindən qavrana bilməməsi və yaxud, belə deyək, salondakıları səhnədəkilərin qane edə bilməməsi kimi dağıdıcı bir vəziyyət yaranır ki, belə vəziyyət tamaşaçını da, sənətkarları da sual qarşısında qoyur. Anlaşılmaz bir vəziyyət yaranır. Belə vəziyyət, oyunçular mükəmməl oyun nümayiş etdirmək üçün oyuna gərək olan rəngləri düşüncə süzgəcindən kifayət qədər dolğun şəkildə keçirə bilmədikdə və ya rənglərə gərəyincə boyalar qata bilmədikdə və yaxud da seyrcinin hətta mükəmməl yapılmış oyunu belə dərk etmək imkanına malik olmadıqda baş verir. Nəticədə səhnədəkilər salondakıları, salondakılar isə səhnədəkiləri günahlandırırlar. Əslində isə belə vəziyyət insan düşüncəsinin, istər oyunçunun, istərsə də seyrcinin ambivalentinin zəif olması ilə əlaqəlidir. Bunu, ara məkanını aşa bilməyən qavramanın, dərketmənin düşdüyü gərgin vəziyyət tam aydınlığı ilə üzə çıxara bilir. Bu vəziyyətin özü iki vur iki, bərabərdir dörd anlayışna zidd bir nöqtədə dayanan və özünə başqa anlayış axtaran bir haldır. Lakin belə anlarda məhz ara məkan dediyimiz kürə, dərketmə sferasındakı iki düşüncə arasında sinergetik adaptasiya mexanizminin hərəkətini tənzimləyir və sonda fotoaparatın sürət sıxlığındakı təsvirə alma tezliyi kimi dərketməni yeni sürətlə hızlandırır, qidalandırır, düşüncələr arasında anlaşılan vəziyyət yaradır. Tam qeyri-səlis məntiq nəzəriyyənin hökmünə uyğun ölçülərlə...

Bir də SƏS fenomeninə diqqət yetirək. Səs də söz qədər heç bir ölçüyə yerləşməyən çoxluqları özündə ehtiva edən bir qüdrətdir. Musiqi sənətində ölçülər taktlarla, yarımtaktlarla hesablanır. Bir də, taktların və yarımtaktların içində iti sürətlə sıralanan saysız-hesabsız boğaz xırdalıqları, zəngulələr vardır. Hətta həmin zəngulələrin özündə də sayı-hesabı olmayan çox xırda səslərin sıralandığını eşidə bilirik.

Məhz qeyri-səlis məntiq nəzəriyyəsi də qütblər arasındakı məsafədə ölçülər və rənglər çoxluğunun həqiqətini tam bu fəlsəfəyə uyğun riyazi düsturlarla isbatlamırmı?..

Şekspir dövrünün qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan kiçik bir fakt nümunəsindən sonra, Azərbaycan dramaturgiyasında yaranmış "Şekspir" adlı səhnə əsərinin müəllifi, Xalq yazıçısı Elçin dramaturgiyasına ekskurs etməkdə fayda olduğunu söyləyərək, fikrimizin həqiqətinə doğru xeyli irəliyə getmiş olduğumuza tam əminlik hissi ilə, müəllifin "Poçt şöbəsində xəyal" əsərinə diqqət yetirməyi vacib hesab edirik. Xəyal deyilən anlam ümumiyyətlə qeyri-səlis bir anlayışdır. Ədəbi əsərdə yuxu, xəyal, qarabasma, havalanma, düşüncə kriteriyasında həddini aşma və sair, bu kimi hallarla yaradılmış vəziyyət və hadisələri bu vəziyyətlər kontekstində öz həqiqətinə qovuşdurma qeyri-xəttilik prinsipinin qanunauyğunluğudur. Müəllif bu qanunauyğunluqdan ustalıqla yararlanır. Pyeslərindəki hadisələrin çevik dinamikası, zaman və məkan çərçivəsində ölçülər tanımayan becit sürətlə iti dəyişkənliyi, personajların çoxrəngli koloritlə təqdimatı və sair komponentlərlə öz bənzərsizliyini və klassizmdən boy verən öz novatorluğunu, qeyri-xəttilik, qeyri-səlislik prinsiplərini aydınca təqdim edir. "Poçt şöbəsində xəyal", "Mənim ağıllı dəlim", "Mənim ərim dəlidir", "Qatil", "Teleskop", "Şekspir" kimi əsərlərində onun yaratdığı monumentallıq, modern düşüncə, abstrakt yanaşma, absurd və qeyri-səlis anlayışlı variasiyalar toplusu müəllifin texnogen bədiilik kəhkəşanında ulduzlar çoxluğunun parıltılarını əks etdirən paradiqmasıdır.

İftixar PİRİYEV
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi.
"525-ci qəzet"






.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: