GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZ XII BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ Mədəniyyət, Gürcüstan, Tiflis 22 октября 2026 18 0 1 2 3 4 5 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-27 oktyabr 2026-cı ildə Bakı Ekspo Mərkəzində keçirilən, XII Bakı Beynəlxalq Kitab Sərgisində 32 ölkədən 200-ə yaxın nəşriyyat və mədəniyyət müəssisəsi, o cümlədən, ABŞ, Almaniya, Hindistan, Kanada daxil olmaqla 10 ölkə ilk dəfə iştirak edir. Qonşu Gürcüstan XII Bakı Beynəlxalq Kitab Sərgisində milli stendlə təmsil olunur.Oktyabrın 21-də Gürcüstan Mədəniyyət Nazirliyinin və Gürcüstan Yazıçılar Evinin təşkilatçılığının dəstəyi ilə təşkil olunmuş həmin Gürcüstan milli stendinin açılışı olub.Stendin açılış tədbirində Gürcüstan Yazıçılar Evinin direktoru Ketevan Dumbadze, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Giorgi Zakaraşvili, gürcü müəllifləri və dəvət olunmuş qonaqlar iştirak ediblər. Qeyd olunub ki, üç günlük proqrama gürcü-azərbaycan tərcümələrinin təqdimatları, müəlliflər, tərcüməçilər və nəşriyyat qrupları ilə görüşlər daxildir.O da vurğulanıb ki, hər il Bakı Ekspo Mərkəzində keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi yerli və xarici naşirləri, yazıçıları, tərcüməçiləri, kitab distribütorlarını və oxucuları bir araya gətirən beynəlxalq ədəbi tədbirdir və bu tədbir gürcü ədəbiyyatının populyarlaşmasına, eləcə də, iki ölkə arasında tərcümə sahəsində əməkdaşlığın dərinləşməsinə töhfə verir.Sevindirici haldır ki, Gürcüstanın ikinci dəfə qatıldığı XII Bakı Beynəlxalq Kitab Sərgisinə qonşu Gürcüstandan gəlmiş 17 nəfərlik nümayəndə heyətinin tərkibində 4 nəfər azərbaycanlı soydaşımız da var: Gürcüstanın Tbilisi şəhərində fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, direktor müavini Leyla Əliyeva, Gürcüstan Azərbaycanlıları Konqresinin və QafqazTürk Medianın əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, jurnalist, tərcüməçi İbrahimxəlil Tamıyev və gənc və istedadlı yazıçı, ictimai fəal və tanınmış tərcüməçi Səmayə Məmmədova da iştirak edirlər. Onlara Bakıdan tanınmış şair-yazıçı və tərcüməçi İmir Məmmədli də qoşulub.***Oktyabrın 21-də Gürcüstan Azərbaycanlıları Konqresinin və QafqazTürk Medianın əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, jurnalist, tərcüməçi İbrahimxəlil Tamıyevin kitablarının təqdimatı olub. Yazıçı öz çıxışı zamanı deyib:- Gürcüstan Mədəniyyət Nazirliyinin xətti ilə 12-ci Bakı Beynəlxalq Kitab Sərgisinə dəvət alanlar arasında mən də varam.Söhbət kitabdan gedirsə, ədəbi-mədəni hadisəyə çevriləcək fərqli təqdimatlara qatılmaq könül güldürər, göz oxşayar.Əslində, bu yeganəmiz Yer üzü bir Kitab Evi deyilmi, dostlar!?Kitabsevərlər üçün deyim ki, uzun çəkən ayrılıqlardan sonra, canım Sınıq Körpüdən keçmədən (əlbəttə, hələlik) Bakıya iki kitab gətirmişəm: “Qalaktion: Süd Yolunda yalqız” və “Durna nidaları”.İbrahimxəlil Tamıyevin hər iki kitabı oxucular tərəfəfindən böyük maraqla qarşılanıb. Təqdimatda iştirak edən tanınmış ziyalılarımızdan – Leyla Əliyeva, Emin Mahmudov, Şahismayıl Məmmədov, İmir Məmmədli, Natiq Hümbətov, Müşfiq Borçalı və başqaları müəllifi ürəkdən təbrik ediblər və ona yeni-yeni uğurlar arzulayıblar. *** Oktyabrın 22-də XII Bakı Beynəlxalq Kitab Sərgisində tanınmış şair Nino Modrekiladzenin Gürcüstan Mədəniyyət Nazirliyi və “Yaradıcı Gürcüstan”ın dəstəyi ilə nəşr olunmuş ikidilli “Varlıq” kitabının təqdimatı olub. Nino Modrekiladze deyib:Əgər mənə xeyirxahlıq nəsib olsaydı, bu kitab budur... İdeyadan həyata keçirməyə qədər xeyirxah insanların qəlbindən keçdi və Bakı Beynəlxalq Kitab Festivalına səyahət edir.Böyük arzumu gerçəkləşdirən xanım Lia Metreveliyə və "Gürcükitab"ə sevgi və minnətdarlıq.Redaktor, naşir... və sona qədər yanımda olan Lia Metrevelidir.Kitabdan söhbət gedə-getdə şeirlərimi tərcümə etdiyinə görə ən istedadlı, gözəl, əziz dostum "SeMa"ya - Səmayə Məmmədovaya təşəkkür edirəm.Kitabımı maliyyələşdirdiyinə görə Gürcüstan Mədəniyyət Nazirliyinə və “Yaradıcı Gürcüstan”a təşəkkür edirəm.Kitabımı Bakı Kitab Festivalında təqdim etdiyinə görə isə Gürcüstan Yazıçılar Evinin rəhbəri Ketevan Dumbadzeyə təşəkkür edirəm.... Kitabı Azərbaycan dilinə tərcümə etmiş Səmayə Məmmədova deyib: “Bu vacib nəşrin Azərbaycan dilinə tərcüməsinin mənim qələmimə məxsus olması mənim üçün böyük şərəfdir. Bu gözəl fürsət üçün Gürcüstan Yazıçılar Evinə və xanım Keti Dumbadzeyə səmimi qəlbdən təşəkkür edirəm. Gürcüstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Giorgi Zakaraşviliyə və kitabımızın redaktoru xanım Lia Metreveliyə xüsusi təşəkkürümü bildirirəm.Həmçinin, kitabın müəllifi - sevimli şairəmiz xanım Nino Modrekiladzeyə dərin təşəkkürümü bildirirəm."*** Gənc və istedadlı yazıçı, ictimai fəal və tanınmış tərcüməçi Səmayə Məmmədova (Bəxtiyarlı) XII Bakı Beynəlxalq Kitab Sərgisində elə bu günlərdə gürcü dilində işıqüzü görmüş “ETNİK AZLIQDAN TAMHÜQUQLU VƏTƏNDAŞLIĞA DOĞRU” adlı kitabını oxuculara təqdim edib. Kitab gənc bir azərbaycanlı qadının öz ölkəsinin ləyaqətli vətəndaşı olmaq, etnik köklərini qorumaqla yanaşı, Gürcüstanın fəal və vətənpərvər cəmiyyət üzvünə çevrilmək yolundakı səmimi, təsirli və dərin dövlətçilik təfəkkürünü əks etdirir. Müəllifin bu əsəri məhz dövlət dilində gürcücə ərsəyə gətirməsi özlüyündə gürcü-azərbaycanlı münasibətlərinin və mülki inteqrasiyanın böyük zəfəridir.Müəllif unikal bir fəlsəfi konsepsiya irəli sürür: Azərbaycan onun genetik kökləri, kimliyi və qanı, Gürcüstan isə vətəni, onu böyüdüb boya-başa çatdıran anası və taleyidir. O, iki “anaya” - biri genetik, digəri isə tərbiyə edən anaya sahib olduğu üçün özünü daha zəngin hiss etdiyini vurğulayır.“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir! Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyətinə və onun tarixi xidmətlərinə xüsusi yer ayrılmışdır. 90-cı illərdə Heydər Əliyevin uzaqgörən siyasəti gürcü və azərbaycanlı xalqları arasındakı dostluğun qorunub saxlanılmasında mühüm rol oynadı. Onun adı Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi qlobal layihələrlə sıx bağlıdır. Kitabda eyni tarixi təcrübəni və ağrıları bölüşən iki xalq arasında aydın paralellər aparılır: Tbilisidəki 9 Aprel və Bakıdakı 20 Yanvar hadisələrində, eləcə də Abxaziya, Samaçablo və Qarabağda ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə özünü göstərir. Müəllif Abxaziya müharibəsində şəhid olmuş Marneulidən olan qəhrəman Yanvar Ümbətovu və Şindisi döyüşünün qəhrəmanlıq epizodlarını böyük ehtiramla yad edir. Səmayə Məmmədova Gürcüstanda dünyaya göz açan, ilk, orta və ali təsilini Gürcüstanda alan, elə bu gün də Gürcüstanda yaşayıb-yaradan, gürcü təhsili almış və dövlət dilini mükəmməl mənimsəmiş yeni nəslin parlaq nümayəndəsidir.Kitabda xüsusi qeyd olunur ki, Gürcüstanın “4+1” dövlət proqramı və təhsil təqaüdləri etnik gənclərin cəmiyyətə tam inteqrasiya olunmasına yol açır. Müəllif gündəlik birgəyaşayışın gözəlliklərini - musiqi, ənənələr və mətbəx harmoniyasını da sevgi ilə təsvir edir.Professor Temur Caqodnişvili kitaba yazdığı “Ön söz”ündə XVIII əsrı - II İrakli dövrünü və Xudu Borçalının şanlı nümunəsini xatırladır. O, Səmayə Məmmədovanın gürcücə yazdığı bu kitabı ayrılığı aradan qaldırmaq, uçurumları doldurmaq və yeni dostluq körpüləri salmaq üçün çalınan “Dan ulduzu zəngləri” kimi qiymətləndirir.Əsər sübut edir ki, öz köklərinə olan sevgi ilə yaşadığın ölkəyə olan sevgi bir-birini inkar etmir, əksinə, insanı daha yetkin və ləyaqətli vətəndaşa çevirir.Səmayə Məmmədova (Bəxtiyarlı) onu da bildirib ki, gürcü dilində qələmə aldığı “Etnik azlıqdan tamhüquqlu vətəndaşlığa doğru” adlı kitabı yaxın günlərdə Azərbaycan dilində də nəşr olunaraq oxuculara təqdim olunacaq.Qeyd edək ki, Baş redaktorumuz Müşfiq Borçalı da XII Bakı Beynəlxalq Kitab Sərgisində keçirilən tədbirdə iştirak etmiş, öz adından, həmçinin Redaksiya Heyətimiz adından, gənc və istedadlı yazıçı, ictimai fəal və tanınmış tərcüməçi Səmayə Məmmədovanı "Etnik azlıqdan tamhüquqlu vətəndaşlığa doğru” adlı kitabının nəfis şəkildə işıqüzü görməsi və həmin kitabın XII Bakı Beynəlxalq Kitab Sərgisində yüksək səviyyədə təqdim olunması münasibəti ilə təbrik etmiş, ona yeni-yeni uğurlar arzulamış və sonda müəllifi olduğu kitablardan bir neçəsini Səmayə xanıma hədiyyə etmişdir.***XII Bakı Beynəlxalq Kitab Sərgisindən məlumatlarımızı davam etdirəcəyik. Bizi izləməyi unutmayın...Həmişə bizimlə olun!.. Həmişə “ZİRVƏ” ilə olun! Həmişə ZİRVƏdə olun!..MÜŞFİQ BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.