"ÜMİD" qəzeti, N: 07-08, 15.01.2016 - səh. 8. REDAKTORDAN:

"ÜMİD" qəzeti, N: 07-08,  15.01.2016 - səh. 8. REDAKTORDAN:REDAKTORDAN:

Hörmətli həmvətənlilər,
əziz oxucular!


Bolnisi Mədədniyyət Mərkəzinin (BMM) fəaliyyətindən və “Ümid” qəzetinin ilk sayının işıq üzü görməsindən bir il keçir.
Bu qısa zaman kəsiyində həmişə problemlərlə üzləşsək də, bütün işləri öz vəsaitimiz hesabına həyata keçiririk. Ölkələrimizin əlamətdar günlərini, tarixi hadisələrini, tədbir və görüşləri rayon ictimaiyyətilə birlikdə öhdəsindən ləyaqətlə gəlirik.
“Ümid” qəzeti maliyə ucbatından qeyri-stabit nəşr edilsə də, vaxtında bölgə oxucularına çatdırılır. Bu işdə Dmanisi rayonunun Yırğançay, Aşağı Oruzman, Yaqublu, Yuxarı Qarabulaq kəndlərinin avtobus sürücülərinə təşəkkür edir və səmimi minnətdarlığımızı bildiririk.

Hörmətli həmvətənlilər, biz həmrəylikdən, birlikdən, qayğıkeşlikdən ağızdolusu danışır, qarşımıza çıxan maneələri dilimizlə bir anın içərisində “yox” edirik. Əməli işə keçəndə isə meydanda özümüzdən başqa heç kimi görmürük. Hər kəs “öz bazarı, öz alveri” ilə məşğul olur. Xalqın tərəqqisi, maariflənməsi, mədəniyyəti, gənc nəsilin hərtərəfli böyüyüb inkişaf etməsi, dünya görüşünün artması naminə Tanrı körpüsünə çox az miqdarda daş atan görmək olar. Nə Gürcüstanın, nə də Azərbaycanın rəsmi nümayəndələrindən, dövlət məmurlarından, ictimai xadimlərindən, millət vəkillərindən hələ indiyə kimi BMM-nin qapısını açıb “sabahınız xeyir, necəsiniz, işləriniz necə gedir” deyəni olmayıb.
Nahaq deyilməyib: “Gözdən uzaq olan, könüldən də uzaq olur”.
Vaxtilə Xalq şairi Səməd Vurğun “26-lar” poemasında yazıb:

“Bakının dırdi var, Bakı xəstədir,
Könül intizarda, göz yol üstədir…
…Əlində körpəni oynadır qarı,
Göstərir uzanan dilsiz yolları;
“Ağlama, can bala, qayıdar atan,
Rəhm edər bizə də, bizi Yaradan.
Bizim də bolluca ağçamız olar,
Qapımız, bağımız, bağçamız olar;”


Yəqin Allahın iznilə bizlər də yada düşər və ya kimlərsə də bizlərə rəhm edib qayğı göstərər. Hələ ki, təmənnasız BMM-ni və “Ümidi” ümidlə yaşadırıq. Yaşatmaq isə hər birimizin milli borcumuzdur.

Nə yaxşı ki, Azərbaycanın Gürcüstandakı səfirliyi, Azərbaycan Aşıqlar Birliyi, Marneuli Gənclər Mərkəzi, “Çay evi”, Azərbaycanlıların Mədəniyyət Mərkəzi var imiş. Yeri gəldikcə vətəndaşlıq və insanlıq borclarını yerinə yetirir, mənəvi dəstək olurlar. Onların rəhbərlərinə təşəkkür edirik.

Hörmətli həmvətənlilər və əziz oxucular, BMM-nin maliyyələşməməsindən xəbər tutan Bakılı həmyerlimiz, əslən Bolnisi rayonunun Darbaz elindən olan Müşfiq Borçalı (Müşfiq Mədəd oğlu Çobanov) xeyirxahlıq göstərərək “Ümid” qəzetinin birillik nəşrini öz öhdəsinə götürüb. Oxucular adından - “Çox sağolun, təşəkkür edirik Sizə, Müşfiq Mədədoğlu. Allah Sizdən razı olsun!” - deyirik...

BMM ilə daim əlaqə saxlayan, tədbir və görüşlərdə iştirak edən və qayğıkeşlik göstərən Bolnisi rayonunun Qoçulu, Kolayır, Həsənxocalı, Zolgüvəc, Kəpənəkçi (1-2 saylı) məktəblərinin müəllim və şagird kollektivlərinə minnətdarlığımızı bildiririk.
Bizi hər zaman mənəvi dəstəklədiyinizə görə “sağolun” deyirik.

Allah həmrəyliyimizi və birliyimizi sarsıtmasın. Amin!..
ƏLİXAN YƏHYAOĞLU



"ÜMİD" qəzeti, N: 07-08,  15.01.2016 - səh. 8. REDAKTORDAN:YƏHYA DARVAZLI

Yəhya Namaz oğlu Çobanov 1935-ci ildə Bolnisi rayonunun Darvaz Kəndində anadan olub. 1955-ci ildə Darvaz orta məktəbini, 1968-cvi ildə H. Zərdabi adına APİ-nin fizika-riyaziyyat fakültəsini bitirib.
Qırx il orta məktəbdə müəllim işləyib. Hazırda təqaüdçüdür.
Güclü pələvan kimi tanın Yəhya Darvazlı on şeirlər kitabının müəllifidir.



QOCALANDA

Ay ellərim, sizə bircə sözüm var,
Qırış-qırış olur üz, qocalanda.
Sözlərimi gəlin etməyin inkar,
Ailədə keçmir söz, qocalanda.

Həyatın qanunu yaranıb belə,
Yayılıb hər yana, mahala, elə.
Sözlərim gedəcək hər zaman yelə,
Desəm də sözümü düz, qocalanda.

Yəhyayam, sözümə siz şərik olun,
Uzağa düşməsin heç zaman yolun.
İşləməsə sağın, ya da ki, solun,
Keçməz sözləriniz siz qocalanda.

XƏBƏR AL MƏNİ

Şair Nizami Saraçlıya


Axtarmaq istəsən şair Yəhyanı,
Musadan, Müşfiqdən xəbər al məni.
Borçalı vətənim, Darvazdı yurdum,
Elimdən-obamdan xəbər al məni.

Mərfəti, hörməti mən gördüm səndə,
Gəl gəzək səninlə şehli çəməndə.
Dediyin söz-söhbət durur sinəmdə,
Zəlimxan Yaqubdan xəbər al məni.

Yəhyayam, el-obam tanıyır məni,
Nadanlar dağladı odlu sinəmi.
Borçalıdan Bakıya gəlməyimi,
O həkim Səməddən xəbər al məni.

PAPİROS

Bir neçə il çəkdim səni,
Zəhərlədin bədənimi.
Avammı sayırdın məni,
Verirdin ziyan, papiros.

Çəkdim ürəyim üzüldü,
Hisin qanıma süzüldü.
Qəlbə yaralar düzüldü,
Çoxdu zərərin, papiros.

Zəhərlədin təmiz qanı,
Səndə insaf söylə, hanı?
Bada verdin sağlam canı,
Eylədin ziyan, papiros.

Yəhya deyər, əl çək məndəm,
Xeyir görmür heç kim səndən.
Neçəsini saldın əldən,
Eylədin ziyan, papiros.


"ÜMİD" qəzeti, N: 07-08,  15.01.2016 - səh. 8. REDAKTORDAN: QÜDRƏT BƏYTƏKƏRLİ

Qüdrət İbrahim qızı Kazımova 1963-cü ildə Gürcüstannın Bolnisi rayonunun Bəytəkər kəndində anadan olub. 1990-cı ildən Bakıda yaşayır. O, Azərbaycanın Milli Ordusunun HHQ-də və N saylı hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Hərbi təqaüdçüdür. Modelyer məktəbini bitirib və moda ustası kimi tanınır. “Əsrin Ziyalıları” qəzetinin müxbiridir. Ailəlidir. Dörd övladı var.


NİYƏ GƏLMƏDİN

Hardasan, ey mənim könül sirdaşım,
Yolunu gözlədim, niyə gəlmədin?
Saçıma dən düşdü, ağardı başım,
Yolunu gözlədim, niyə gəlmədin?

Mələk tək böyüyüb gözələ döndüm,
Gözlərim yollarda təzənə döndüm.
Saralıb yarpaq tək xəzələ döndüm,
Yolunu gözlədim, niyə gəlmədin?

Qüdrəti yorubdu fikir-xəyalın,
Tükənib səbirim, qalmayıb halım.
Söylə, sorağını mən kimdən alım?
Yolunu gözlədim, niyə gəlmədin?


SƏNƏ QURBAN

Uzadıb əlimi bir salam verdim,
Yarım, salamımı al, sənə qurban.
Gözəl yanağından bir busə ver sən,
Olsun dodaqlarım bal, sənə qurban.

Odlu baxışların, odlu gözlərin
Şirindi, sevgilim, şirin sözlərin.
Aç qolların arasında gizlənim,
Al məni qoynuna, al, sənə qurban.

O qarlı dağlarda tənha dolanma,
Özgə ocağında alışıb yanma.
Sevgilin Qüdrəti vəfasız sanma,
Olaram qarşında qul, sənə qurban.


GÖZÜM ANA AXTARIR

Anadan danışma, qəlbim odlanır,
Gözlərim hər yerdə Ana axtarır.
Anasız ürəyim yaman kövrəlib,
Gözlərim bu yaşda Ana axtarır.

Könlümdə həsrət var, gözlərimdə yaş,
Qəlbimi ovutmaz heç bacı–qardaş.
Sıxaydı köksünə bircə dəfə kaş,
Gözlərim bu yaşda Ana axtarır.

Söylə, Qüdrət, nədir bu qəm gözündə?
Qədrini bil, bir Anasan özün də.
Uşaq tək yataydım ana dizində,
Gözlərim bu yaşda Ana axtarır.


"ÜMİD" qəzeti, N: 07-08, 15.01.2016

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: