DƏLLƏR KƏNDİ Tv, Bolus, Müşfiq Borçalı 18 Kasım DƏLLƏR - Qədim Borçalı mahalının Bolulus (indiki Bolnisi) rayonunda kənd adıdır. Öncədən qeyd edək ki, qədim Borçalı mahalında Dəllər adında iki kənd vardır. Bu kəndlərdən birinin adı - Başkeçid rayonundakı Dağ Dəlləri kəndi, hələlik öz tarixi adını daşısa da, Bolnisi rayonundakı Aran Dəlləri kəndinin «bəxti» gətirməmiş, «gürcü qardaşlarımız» onun tarixi adını dəyişib «Muşevani» qoymuşlar. Beləliklə də, kəndin tarixi adı yadlaşdırılmışdır. Rayon mərkəzindən 14 km günbatarda, Maşaver çayının sağ sahilində, dəniz səviyyəsindən 750 m yüksəklikdə yerləşən Aran Dəllər kəndində 1870-ci ildə 7 ailədə 47 nəfər; 1918-ci ildə 198 nəfər; 1926-cı ildə 53 ailədə 314 nəfər; 2002-ci ildə 290 ailədə 1194 nəfər (607 kişi, 587 qadın), 2006-cı ildə 246 ailədə 1200 nəfər nəfər yaşayıb. (Bax: Ş.Məmmədli. Gürcüstan Azərbaycanlıları. Tbilisi, 2002, səh. 14.) Hazırda bu kənddə 1250 nəfərdən çox soydaşımız yaşayır. Kənddə 1931-ci ildən Azərbaycan məktəbi fəaliyyət göstərir. Onu da qeyd edək ki, Dəllər orta məktəbinin inkişafında kəndin yetirməsi, Əmək veteranı Təhməz Abbasovun zəhməti danılmazdır. O, 1959-cu ildə Marneuli rayonunda iki illik Pedoqoji Texnikumu bitirdikdən sonra doğma kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimimi və müdir kimi fəaliyyətə başlamış, 1964-cü ildə ibtidai məktəbi 8 illiyə çevirmiş və direktor təyin olunmuşdur. T.Abbasov 1967-ci ildə Bakıda indiki Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsini bitirdikdən sonra kəndindəki məktəbin orta məktəbə çevrilməsinə çalışmış, bilavasitə onun təşəbbüsü və tələbkarlığı sayəsində 1975-ci ildə təzə üçmərtəbəli məktəb binası tikilib istifadəyə verilmiş və nəhayət ki, 8 illik məktəb orta məktəbə çevrilmişdir. Daha sonralar isə Dəllər orta məktəbinə tanınmış təhsil işçisi Əlixan Yəhyaoğlu (Məmmədov) rəhbərlik edib. O, 1984-cü ildən 1999-cu ilədək Muşevan orta məktəbində direktor, 2003-cü ildən 2006-cı ilədək Bolnisi rayon maarif şöbəsində “Baş metodist” vəzifələrində çalışıb. Uzun illər təhsil sahədəki xidmətlərinə görə 2001-ci ildə Gürcüstan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilib. Hazırda o, Bolnisi Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri və "Ümid" qəzetinin redaktorudur. El ağsaqqalları Təhməz Abbasov, Hüseyn İmanoğlu, Alı Sarıoğlu, Yəhya Məmmədoğlu, Səməd Süleymanoğlu, Vəkil Sarıyev, Əlmədəd Muxtarov, tanınmış təhsil işçisi, "Şərəf" ordenli şair-jurnalist Əlixan Yəhyaoğlu, tanınmış el sənətkarları - Aşıq Kövrək Murad, Aşıq Əhəd, Aşıq Əli, Aşıq Bafəli, Zurnaçı Söyün, tanınmış jurnalistlər İbrahimxəlil Tamıyev, İradə Kövrək, xeyriyyəçi Eldəniz Yəhyaoğlu, alimlər Əlican Sarıyev, Şamo İsrafilov və b. bu kəndin yetirmələridirlər.Türkmənşəli Tele/Tələ tayfasının adını əks etdirir. Bu tayfa Kolayır kəndindəki Dəllər nəsliylə genetik qohumdur.Yaxında 10–11-ci əsrlərə aid kiçik ölçülü salon formalı kilsə aşkarlanıb. Pir deyilən yerdəki qəbirüstü daşda kaman, saz çalıb-oxuyan aşıq təsviri diqqəti çəkir. Dəllər adlı kəndlər, yəni Aran Dəllər və Dağ Dəllər tarixi mənbələrdə hələ 1728-ci ildə qeydə alınmışdır. Bundan başqa, Marneuli rayonundakı Hacıisəkənddə - Dəliəhmədli, Dəlihasannı, Dəlibaşlar, Yuxarı Saral kəndində - Dəlibayramlı, Ambarlı - Ambarovka kəndində - Dəliyənli, Bolnisi rayonundakı Kolagir kəndində Dəllər və s. nəsil adları mövcuddur. Dəllər toponimik adlarının təşəkkül tapdığı sözlər əsasında düzələn kənd adlarına Azərbaycanda da rast gəlirik. O cümlədən, Ağsu və Saatlı rayonlarında Dəlilər adlı kəndlər, Şəmkir rayonunda Dəlilər adlı şəhər tipli qəsəbə, Dəlilər Cəyir, Dəlilər Cırdaxan adlı kəndlər, Zərdab rayonunda Dəli Quşçu adlı kənd və Goranboy rayonunda Dəliməmmədli adlı şəhər tipli qəsəbə vardır.Həmçinin, bu qrup toponimlərə Qərbi Azərbaycanın (indiki Ermənistanın) sabiq İrəvan quberniyasının Yeni Bayazid (Novobayazid) qəzasında Dəllər, Ağcaqala nahiyəsində Dəlilər (1590-cu ildən qeyd olunub), Kami nahiyəsində və Aleksandropol qəzasında Dəlilər (1728-ci ildə qeydə alınıb) və sabiq İrəvan qəzasında Böyük Dəllər adlı kəndlər olmuşdur. Yuxarıda adları qeyd olunan kənd adlarına nəzər saldıqda aydın olur ki, həmin kənd adları «tele» adlı etnonim əsasında formalaşmışdır. Tarixdən məlumdur ki, türkköklü qədim tayfalardan biri də «tele» tayfaları olmuşdur. Bu tayfa xalqımızın etnogenezisində yaxından iştirak etmişdir. Bunu həmin tayfa adı əsasında düzələn toponimik vahidlər və onların müxtəlif bölgələrdə yayılması da təsdiq edir. Belə ki, dəli etnonimi «tele» şəklində hunların bir tirəsinin adı kimi məlumdur. Tarixi mənbələrin verdiyi məlumata görə, «telelər» qədim zamanlarda Balxaş gölü ətrafında yaşamış və hun tayfa birləşmələrinə daxil olmuşdur. «Tele» tayfası VI əsrin ortalarında Dağıstana qədər uzanan türk xaqanlığının tərkibinə daxil olmuş və əsas etibarilə Xəzər dənizi sahillərində məskən salmışdır. Mənbələrə əsasən söyləmək olar ki, eramızın VI-VII əsrlərində «tele» tayfası Azərbaycanda və onun hüdudlarında oturaq həyat keçirməyə başlamışlar. Dilimizin sonrakı inkişaf prosesində «tele» sözü «dele» və ya «dəli» kimi formalaşmış və sonralar ona «-lər» şəkilçisi artırılmışdır. Deməli, dəli etnonimi «tele» sözü əsasında təşəkkül tapmışdır. Belə ki, «dəli» sözü əvvəllər dilimizdə həm tayfa adı, həm də «igid, cəngavər, qoçaq, cəsur, çılğın, qəhrəman, döyüşçü» mənalarında işlənmişdir. Ümumilikdə isə, «dəli» tayfası «igid və cəngavər» tayfa məzmununu bildirir. Heç təsadüfi deyil ki, mədəniyyətimizin ensiklopediyası hesab olunan «Kitabi-Dədə Qorqud» dastanlarında - Dəli Domrul, Dəli Dondar, Dəli Qoçar, «Koroğlu» dastanında - Dəli Koroğlu, Dəli Həsən, Koroğlunun dəliləri, «dəli nərə çəkmək» kimi antroponomik və leksik vahidlər formalaşmışdır. Bu da «tele» tayfasının döyüşkən və cəngavər türk tayfası olmasına dəlalət edir.«Dəli» sözünü Nəsimi də həmin mənada işlətmişdir: «Düşdü yenə dəli könül gözlərinin xəyalinə» və s. Onu da qeyd edək ki, hələ orta əsrlərdən də əvvəl mövcud olmuş Aran Dəlləri qədim Borçalının Bağ bölgəsindədir, cənub tərəfdən meşələrlə örtülü dağa söykənib, sanki həmin dağdan güc alır... Dağ Dəlləri isə, qədim Borçalının Dağ bölgəsində Başkeçid nahiyəsinin düzənliyində yerləşir, əksər vaxtlar çən-çiçkin altında olsa da, həmişə saf və təmiz havada ağır-ağır nəfəs alır… Bu kəndlər arasındakı məsafə coğrafi miqyasla təxminən 15-20 kilometr olar. Hər iki kəndin ab-havası, sanki, Koroğlunun Çənlibelini xatırladır...Qədim Borçalı mahalında, Dəllər kəndlərinin yaxınlığında, hələ orta əsrlərdən bəri Dəllər toponimii ilə ilgili daha iki oronim - dağ adları da indiyədək xalqın yaddaşında yaşamaqdadır. Bunlardan biri çox yüksək olmayan Yumru çalda (dağda) yerləşən, möhtəşəm qaladır. Orta əsrlərdən üzü bəri bu qala Koroğlu qalası adı ilə xalqın yaddaşında yaşamaqdadır. İkinci oronim isə, Dəliklidaş adlanır. Dəllər kəndlərini Koroğlu qalasının və Dəliklidaşı xatırlayanda, həmin anda, istər istəməz «Koroğlu» dastanından bir epizod yada düşür. Dastanının «Qulun qaçması» qolunda Koroğlu deyir:Bir qul qaçırmışam Ərəbistana,Arayın, axtarın, tapın, gətirin.Girmiş olsa, Dəliklidaşa,Fərhadı aparın çapın gətirin.Dəliklidaş coğrafi miqyasına görə, Aran və Dağ Dəlləri kəndləri arasında təxminən orta məsafədə, hər tərəfi sıldırımlı qayalar olan Meşəvari dağ çayının sahillərində yerləşir. Deməli Koroğlunun qaçan dəlisi yalnız Dəliklidaşda gizlənə bilər. Odur ki, Koroğlu qaçan dəlisini Dəliklidaşda axtarmağı məsləhət bilir.Yuxarıda qeyd olunan oykonimlər - kənd adları da, oronimlər də indi də xalq arasında fəal şəkildə işlənməkdədir. P.S.: ƏZİZ OXUCULARIMIZ!.. ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə dəBU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlıÖZ QEYDLƏRİNİZİ və DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..Böyük hörmət və ehtiramla, MÜŞFİQ BORÇALI.Ünvanlarımız:M-Borcali@mail.ruvə ya:info@zim.az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.