Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ NECƏ YARANMIŞDIR?...

Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ  NECƏ YARANMIŞDIR?...
Müşfiq BORÇALI
M-Borcali@mail.ru

Toponimik mülahizələrdən məlumdur ki, bu və ya digər toponimin yaranmasına və tarixən yaşamasına, ilk növbə­də, həmin regionda yaşayan qəbilə, tayfa və xalqın varlığı, həm­çinin, həmin yerin təbii görünüşü və relyefi təsir edir. Bor­çalı toponiminin yaranmasına da məhz bu amillər öz tə­sirini müəyyən dərəcədə göstərmişdir.
Bəs, «Borçalı» toponimi necə yaranmışdır? Bu sualın ca­­­­va­bını, əlbəttə, sözün özündə, ifadə etdiyi mənada ax­tar­maq lazımdır. Bəri başdan onu da qeyd edək ki, hələ qə­dim zamanlardan Borçalıda türkdilli tayfaların yaşaması haqqında istənilən qədər tarixi faktlar var və «Borçalı» to­poniminin türk köklü olması şübhəsizdir.
Toponimik ədəbiyyatda ya bilavasitə, ya da ötəri şəkildə Borçalı sözünün etimologiyası ilə bağlı bir-birinə zidd bir ne­çə fikir mövcuddur. Bəzi müəlliflər Borçalı toponimini «Boş­ça­­­la» (boş çala, çökəklik), «Borcalı» (borcalan və ya­xud borc­­­­­­­verən Alı), «Boşqalı» (boş, kimsəsiz, sahibsiz qal­mış çöl, yer), «Borçalı» (cavan üzüm çalası, şərab çalası), «Boz­ça­la» (boz yer) və s. kimi şərh etmişlər. O cümlədən, A.Ba­kıxanov «Gülüstani-İrəm» əsərində Borçalı toponimini Boz çala, M.Kaş­qarlı isə Bor çala kimi açıqlamışdır. Bizcə, bu şərh­lərlə razılaşmaq olmaz.
F.Kırzıoğlu «Dədə Qorqud oğuznamələri» adlı əsə­rin­də isə A.Zəki, B.To­qan və baş­qalarının istinad etdiyi mən­bələrə əsaslanaraq, bor­çalıları Sabirlər tayfasına qonşu olan «boruskların» - bul­qar­ların di­gər bir qolu olan Boroç-Boroç­oğlu tayfası ilə əla­qədar olduğunu və onların Kür ça­yının or­ta axarının sağ sahilində əski Qoqaren ölkəsinin doğu (şərq) hissəsində «borçalılar» adı ilə yaşadıqlarını qeyd edir. Bu mü­­la­hizə də inandırıcı görünmür. Çünki dil səviy­yəsi baxı­mın­­dan Boroç­oğlu və Bor­­­çalı sözləri arasında tam ya­xınlıq yox­dur. Doğru­durr, hə­min sözlərin ilk üç səsi (b, o, r) ey­ni­dir. Lakin həmin səs­lərin eyniliyi Borçalı toponiminin Bo­roçoğlu etnonimindən (və ya sözündən) törəməsini söylə­mə­yə əsas vermir. Ona görə ki, Azərbaycan dilinin fone­tik qa­nun və ya hadisələri arasında «o» və «ç», «a» və «ç» səs­lə­ri­nin yerdə­yiş­məsi, həm­­­­­­­çinin, «oğlu» sözündəki ilk «oğ» ün­sürünün düş­­məsi ha­disəsi yoxdur. Deməli, Borçalı toponi­mi­nin Boroç­oğlu etno­nimi əsasında düzəlməsi haqqın­da olan mü­lahizəni də dil fakt­­ları təsdiq etmir.
Ümumiyyətlə, yüzlərlə, minlərlə türk köklü topo­nim­lər­də olduğu kimi, Borçalı toponiminin etimologiyası da qə­dim türkdilli tayfanın adı və yerin relyefi ilə bağlıdır. Borçalı to­po­nimi «bor» (bori) və «çalı» (çal, çöl) sözlərinin birləş­mə­­­sindən əmələ gəlməsi fikrini söyləyənlər də vardır. Bu fi­kir də tamamilə ağlabatan deyil. Çünki bu toponimin birinci kom­­ponenti qədim türk dillərində «qurd» mənasında işlənən «bori» tayfasının adından götürülmüşdür. Bu da təsa­düfi de­yil. Birincisi, qurd qədim zamanlarda türkdilli xalqla­rın to­te­mi olmuşdur. İkincisi, qədim türklər hələ köçəri həyat ke­çir­diyi zaman çox döyüşkən və cəsur tayfalar olmuş­lar (bu on­ların adlarında da əks olunmuşdur). Heç təsadüfi deyil ki, hə­lə «Kitabi-Dədə Qorqud» dastanında «Qurd üzü mübarək­dir» kimi ifadələrə rast gəlirik. İndi də xalqımız ara­sında «Qurd oğlu qurd olar», «Qurddan olan kəsəyən olar» kimi yığ­cam və dərin məzmunlu atalar sözləri var­dır. Gü­man ki, elə həmin atalar sözləri də öz başlanğıcını və özü­lünü qurd­lar tayfasının adından almışdır. Beləliklə aydın olur ki, Bor­çalı toponiminin birinci komponenti «bori» (qurd) sözü əsa­sında formalaşmışdır.
Tarixi sənədlər qurd sözü əsasında düzəldilmiş kənd ad­larının olduğunu da təsdiq edir. 1728-ci ildə tərtib olunmuş «Dəftəri-müfəssəli-əyaləti-Tiflis» dəftərində Təkəli oyma­ğı­nın Qurdlar kəndinin adı da qeyd edilmişdir. Həmin kəndin adı hazırda təhrif olunmuş şəkildə - Kürdlər kimi işlənilir. Bundan başqa, Bolnisi rayonunda Bolulus-Kəpənəkçi ya­xın­lığında Qurdlar, Darvaz kəndinin yaxınlığında isə Qurdoğ­lu­­nun qoruğu adlı böyük oronimlər (toponimlər) indi də var­dır.
Borçalı toponiminin ikinci komponenti isə «çalı» (çal) qə­­­­­dim türk dilində təpə mənasında işlənən «çal» sözü ilə bağ­­lı­dır. İndi də Bolnisi rayonundakı Aşağı Qoşakilsə kəndi ya­xın­­lığında «Uzun çal» (uzun təpə), Başkeçid - Dmanisi ra­yo­nundakı Yır­ğançay kəndi yaxınlığında «Yumru çal» (yum­ru təpə) adlı yer­lər də vardır. Bu isə, hər şeydən əvvəl dini pan­­­­­teonu­muz­da dağa, təpəyə, yüksəkliyə olan inamla bağlı ol­­muşdur. (Qə­dimdə qalaların dağ başında, sıldırım­lıq­larda ti­kil­məsi fik­rimizi sübut edir. Dəvəçi rayonundakı Çıraq-Qa­lanı, Mar­neuli rayonundakı Ağcaqalanı, Bolulus-Bol­nisi ra­yo­­nundakı Qoçulu qalasını, Koroğlu qalalarını və s. xatır­la­yın.)
Deməli, «Borçalı» toponiminin ümumi mənası «borilə­rin təpəsi», yəni «qurdlar təpəsi» deməkdir. Borçalı əra­zi­si­nin üç­dən iki hissəsinin dağlıq olduğunu yada salsaq, fik­ri­miz daha aydın şəkildə təsdiq olunur.
Digər bir tədqiqata və mülahizəyə görə, «Borçalı» topo­nimi bu ərazilərdə lap qədim zamanlardan - eramızdan əv­vəl­­­ki I minillikdə yaşamış Türk tay­falarından birinin adı ilə - qa­­ra­pa­paqlar tayfasının ən böyük qolu olan «Borçalı»ların adı əsa­­­sında təşəkkül tapmışdır. Bu mülahizəni gür­­cü ta­rix­çiləri etiraf etsələr də, onun qədim tarixə malik olmasını qə­bul et­mirlər. Halbuki, «Bu adın tarixi miladdan əvvəl (yə­ni, era­mız­dan əvvəl - M.Ç.) birinci min­illiyə, Türk­lərin Şi­ma­li Azər­­­­­baycanda məskunlaşdığı döv­rə aiddir».
Yuxarıda qeyd olunan müla­hizələrə tarixi, etnoqrafik, ono­­­mastik, coğrafi və linqvistik baxımdan yanaşdıqda so­nun­cu, yəni «Borçalı» toponiminin «Bor­çalı» tayfasının adı ilə bağ­lılığı daha ağılabatandır. De­mə­­li, Borçalılar özlərinin et­no­­ni­mik adlarını özlərinin Də­də-baba yurduna verib, tarix­bo­yu onu yaşatmışlar.

(M.Çobanlı, «Borçalı» t­oponimi necə yaranmışdır?..
«Sərbəst düşüncə» qəzeti, Bakı, №2 (9) yanvar, 1993-cü il;
«Yeni Turan» qəzeti, №8, 1993; "Borçalı toponimləri", Bakı, 2012, səh.15-17.).



* * *

HƏYƏCAN TƏBİLİ:

HAQQ SƏSİMİZİ VAXTINDA UCALTMALIYIQ!


Onomastik vahidlər ictimai-tarixi inkişafın məhsulu olub, keçmişin izlərini bu günə qədər özündə qoruyub saxlayan, xal­qın keçimişindən xəbər verən ən mötəbər, ən dəqiq və ən real faktlardır. Onomastik vahidlər tariximizin qan yaddaşı, canlı şahidləridir. Bir sözlə, tariximizdir! Özündə Dünə­ni­mizi, Bu günümüzü və Sabahımızı cəmləşdirən TARİ­XİMİZ!
Alimlərimiz çox haqlı olaraq, onomastik vahidləri tarixi abidələr də adlandırırlar. Bəs, tarixin qan yaddaşı olan tarixi abidələrə laqeyd münasibət bəsləmək olarmı?.. Əsla!..
Bu bir həqiqətdir ki, AZƏRBAYCAN adlanan Ana Və­tə­­nimiz Odlar Yurdunun torpaqları yalnız Azərbaycan Res­publikasının indiki sərhədləri hüdudunda olmamışdır.
Şair Səməd Qaraçöpün dili ilə desək, «Vətənin qıraqda qalan yerləri» - Borçalı, Göyçə-Zəngəzur və Dəmirqapı Dər­­bənd mahalları da, hələ Güney Azərbaycanını demirəm, tari­xən Azərbaycan - türk torpaqları olmuş, burada dədə-ba­ba­dan Azərbaycan türkləri yaşayıb-yaratmışlar. Bunu heç kəs in­kar edə bilməz! Bu, elə bir teoremdir ki, isbatını min illər­dən bəri yaşayan onomastik vahidlər, xüsusi ilə topo­nimlər parlaq şəkildə sübut edir. Amma, təəssüflər olsun ki, həmin mahallarda yaşayan soydaşlarımız XIX-XX yüzil­lik­lər­də sı­xış­dırıl­mış və güclü təqiblərə məruz qalmışlar. Və əfsus­lar olsun ki, unutqanlıq və laqeyidlik ucbatından Göycə-Zəngə­zur və Dəmirqapı Dərbənd mahalları kimi Borçalı ma­halı da yaddan çıxmış, orada yaşayan qan qardaş­larımız göz­dən, kö­nül­dən uzaq olmuşlar. Hamıya yaxşı məlumdur ki, vax­­tında səsimizi ucaltmadığımızdan Qərbi Azər­baycan əra­zisindən (indiki Ermənistandan), daha doğrusu öz doğma yurd-yu­va­larından Azərbaycan türkləri qovulmamışdan neçə-neçə illər öncə, türkköklü topo­nimlər dəyişdirilmiş - er­mə­niləş­diril­miş, xəritə­lərdən silin­miş və beləcə də, «özününküləşdirilmişdir». «Addəyiş­mə» əmə­liy­yatı, yəni yer ad­la­­­rının məq­sədli su­rət­də dəyişdiril­məsi «əməliyyatı» son vaxtlar, daha dəqiq desək, XX əsrdə Gürcüstanda da sürətlə aparılmışdır. Belə ki, Azərbaycan-türk köklü yer adları - Bor­çalı - Kvemo Kartli, Başkeçid - Dma­­nisi, Bolulus - Bol­nisi, Qarayazı - Qar­da­ba­ni, Qaraçöp - Saqareco, Ağbulaq - Tet­­ri­tskaro, Sar­van - Mar­­neuli, Dəllər - Muşevani, Baba­ki­şi­lər - Mu­­sopria­ni, Ar­mudlu - Pantiani, Kəpənəkçi - Kve­mo - Bol­nisi (Aşa­ğı Bol­nisi) və s. kimi dəyişdirilmişdir. Təəssüflər olsun ki, bu «ad­də­yişmə əmə­liy­yatı» elə bu gün də - Gürcüstan müstəqillik qazandıqdan sonra da da­vam edir. Də­də-babadan qədim Bor­çalıda yaşayan və bu maha­lın ən qə­dim sakinləri - əsl və­tən­daşları olan, «dəli ha­raylı, xoş ava­z­lı, Misri qı­lınclı, ta­var sazlı» (M.Coşğun) Azərbay­can türkləri «qə­rib», «gəlmə» və yaxud «qonaq» ad­landırılır. Elə bir neçə il əvvəl Zviad Qamsaxurdiyanın dövründə Bolnisi rayo­nunun Azər­baycan türk­ləri yaşayan kənd­lərinin adları dəyişdirilmiş, ta­rixi türk ad­ları yerli sakinlərin ruhuna yad olan «quraş­dırma» gürcü topo­nimləri ilə əvəz olun­muş­dur; Aşağı Qoşa­kilsə, Qoçulu, Daş­lı­qullar, İmirhəsən, Əsmə­lər, Ko­lagir, Mığırlı, Muğanlı, Həsənxocalı, Saraclı, Faxralı, Arıxlı, Cəfərli, Şahbuzlu və s. milli toponim­lərimizi -- Kvemo Bea­viani, Xdis­qari, Equti, Savaneti, Tabuti, Monastr, Talaveri, Tsurtari, Kailiani, Sam­tre­do, Muxiani və s. kimi əvəz olun­ması nə dərə­cə­də doğ­rudur???
Bu da həqiqətdir ki, Gürcüstan prezidentləri Eduard Şevardnadze və Mixail Saakaşvili bu “Addəyişmə” əməliyyatını Zviad Qamsaxurdiyanın səhvi adlandırmış, bu qərarın Respublika Milli Məclisində təsdiq olunmadığını və bu səhvin tezliklə düzələcəyini bilddirmişlər. Amma verilmiş həmin vədin üstündən neçə illər keçməsinə baxmayaraq, hələ də heç nə dəyişməmişdir. Necə deyərlər, köhnə hamam, köhnə tas...
Tarixi həqiqətləri isə, heç bir vəshlə ört-basdır olmaz. «Ya­lan ayaq tutar, amma yeriməz», - deyib ata-baba­la­rı­mız. Bə­li, həqiqət naminə, ədalət naminə, tariximiz na­minə bu sax­takarlığa - «addəyişmə əməliyyatı»na qarşı haqq sə­­­si­­mi­zi gəlin birlikdə ucaldaq! Yoxsa, sonra gec olacaq və Tarix bizi bağışlamayacaq!..

1990-2011.

M-Borcali@mail.ru

Bax: "BORÇALI TOPONİMLƏRİ", Bakı, 2012. SON SÖZ ƏVƏZİ. Səh.315-317


Ağbulaq → Tetriskaro (1940) Barmaqsız → Tsalka (1932) Başkeçid → Dmanisi (1947) Çörük Qəmərli → Katarinenfeld (1817) → Lüksemburq (1921) → Bolnisi (1943) Qaratəpə → Qarayazı → Qardabani (1947) Sarvan → Borçalı (1929) → Marneuli (1947)

"BORÇALI TOPONİMLƏRİ" kitabı haqqında RƏYLƏRDƏN SƏTİRLƏR:

....
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: