Bir addım öndə... --- 24 Mart Bir addım öndə...Alxan Məmmədovu (Bayramoğlu) çoxdan - tələbəlik illərindən tanıyıram, yəni yetmişinci illərdən; o zaman da, bütün dövrlərdə olduğu kimi, gənclik özünün gələcəyini qurmaq üçün yeni istiqamətlər, ictimai proseslər, münbit fəaliyyət sferası axtarışında idi. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində oxuyan tələbələr içərisində Alxan həmişə özünün davranışı, dünyagörüşü, ictimai fəallığı, savadı ilə fərqlənirdi. Sanki o bu İnstituta yad deyildi, hamını tanıyırdı, müəllimlərlə də yaxın münasibətləri vardı. Ola bilsin ki, bu onun tələbə yoldaşlarının əksəriyyətindən bir 1-2 yaş böyük olması, yaxud ictimai fəallığı ilə bağlı idi, o, gərək ki, fakultədə hansısa bir ictimai vəzifə də daşıyırdı. Sovet dövründə təhsildə belə fəallar və qabaqcıllar olurdu. Ancaq başqalarından fərqli olaraq onun ictimai vəzifəsi yaxşı oxumağına mane olmurdu, yəni Alxan özünün ictimai vəzifəsindən sui-istifadə etmirdi, əksinə yüksək təhsili ilə müəllimlərin sevimlisinə çevrilmişdi. O vaxtlar XX yüzil Azərbaycan ədəbiyyatından bizə mühazirələr oxuyan professor Məmməd Məmmədovun onun əmisi olması haqqında tələbələr arasında söhbətlər gəzirdi, bəlkə bu da Alxanın özünü İnstitutda aparmasına, yaxşı oxumasına, tələbə elmi cəmiyyətinə çox tez qoşulmasına, eləcə də elmi işə maraq göstərməsinə nədən olmuşdu. Tələbələrin obyektiv, tələbkar və savadlı müəllim kimi tanıdığı professor M.Məmmədovun Alxana öncə bir tələbə, sonra bir alim kimi təsiri az olmamışdı. Alxanın gələcəkdə tədqiqat obyektinin XX yüzil ədəbiyyatımızın görkəmli nümayəndəsi M.Ə.Sabirin yaradıcılığı və mühiti təşkil etməsi də təsadüfi deyildi. Bütün bunlar Alxanın İnstitutda müəllimlər və tələbə yoldaşları arasında nüfuzunu müəyyənləşdirən amillərdən idi...Bir müddət təyinatla Şamaxıda müəllimlik edən Alxanın elm yolunu seçib aspiranturaya daxil olması oradan birdəfəlik çıxıb mərkəzə gəlməsinə imkan verdi. Ancaq deməzdim ki, Alxan məhz bu məqsədlə çətin və məşəqqətli elm yolunu seçmişdir, o, harda olur-olsun, gəncliyində onda boy verən elmi təfəkkürünü, təbiətən araşdırmaçılıq qabiliyyətini nə zamansa biruzə verməli idi. Elə də oldu... Cəmi bir neçə ildən sonra Alxanı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında gördük. O zaman mən artıq istehsalatdan ayrılmamaqla İnstitutun qiyabi aspirantı idim. Səhv etmirəmsə, APİ-nin filologiya fakultəsinin1977-ci il buraxılışından istehsalatdan ayrılmaqla elmi həyata ilk qədəm qoyan da Alxan oldu...80-ci illərin əvvəllərində aspiranturaya daxil olan Alxanın xoşbəxtliyi orasında oldu ki, dövrün görkəmli alimləri və şəxsiyyətləri İsmayıl Şıxlı, Əbdüləzəl Dəmirçizadə, Feyzulla Qasımzadə, Fərhad Fərhadov, Azər Hüseynov, Afat Qurbanov, Məmməd Məmmədov, Xeyrulla Məmmədov, Qəzənfər Kazımovdan aldığı dərsləri və elmi təcrübəni respublika ədəbiyyatşünaslığının mərkəzi hesab olunan Nizami adına Ədəbiyyat İnstitutunda Məmmədcəfər Cəfərov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Kamran Məmmədov, Yaşar Qarayev, Qasım Qasımzadə, Mirəli Seyidov, Əkbər Ağayev, Əflatun Saraclı ilə davam etdirdi. Və burasını da mütləq qeyd etmək lazım gəlir ki, bu gün professor adını layiqincə daşıyan Alxan Məmmədovun elmi uğurlarında onun atdığı ilk addımlar önəmli rol oynadı. Xüsusilə AMEA-nın müxbir üzvü görkəmli alim Əziz Mirəhmədovun Alxanın fəlsəfə doktorluğu üzrə tədqiqat işinə elmi rəhbər olması, mənə belə gəlir ki, təkcə onun bir alim kimi formalaşmasında deyil, elmi tədqiqat sahəsinin də müəyyənləşməsində rol oynadı. Çünki Alxanın ilk və sonrakı tədqiqatları ədəbiyyat tarixçiliyi, mətnşünaslıq və faktoloji araşdırmalar istiqamətində davam etdi. Bu o zaman idi ki, mətnşünaslıq və faktoloji araşdırmalara meyl zəifləməkdə, özünün tənəzzül dövrünü yaşamaqdaydı. Halbuki aradan qırx il keçməsinə rəğmən bugünün özündə də ədəbiyyatşünaslığımızın ayrı-ayrı dövrləri ilə bağlı ədəbiyyat tarixçiliyi üzrə araşdırmalar öz əhəmiyyətini itirməyib. Hətta ədəbiyyatşünaslığımızın iki böyük siması - Qulam Məmmədli və Abbas Zamanovun bu sahədə apardığı araşdırmaların miqyasını və əhəmiyyətini gördükdə Alxanın böyük bir missiyanın yorulmadan təkbaşına həyata keçirməsinin və bu böyük ədəbiyyatşünasların yolunu uğurla davam etdirməsinin şahidi oluruq. Onun ilk elmi tədiqat işinin Mirzə Ələkbər Sabirin yaradıcılığı ilə bağlı olması Sabirşünaslığın yeni mərhələsinin statusunu müəyyənləşdirmiş oldu. Nədənki A.Məmmədovun yaradıcılığına yaxşı bələd olduğu professor M.Məmmədov və elmi rəhbəri Ə.Mirəhmədov şairin yaradıcılığının fundamental araşdırıcıları kimi artıq öz sözünü demiş, demək olar ki, "daşını daş üstə qoymamışdılar". Yadımdadır ki, bizim tələbəlik illərində hətta M.Ə.Sabirin yaradıcılığı ilə bağlı bu iki alimin və professor Xeyrulla Məmmədovun mətbuatda mübahisələri də düşürdü. Hətta elmi kuluarlarda gəzən söhbətlərə görə bu mübahisələr onların münasibətlərində bir soyuqluq da yaratmışdı (bu soyuqluğu bilən Alxan da siyasət işlədərək bir müddət elmi rəhbərindən M.Məmmədovun qohumu olduğunu gizli saxlamışdı). Bu cür görkəmli alimlərin fundamental araşdırmalarından sonra M.Ə.Sabir yaradıcılığına müraciət etmək və elmi qənaətlərə gəlmək tədqiqatçıdan cəsarətlə yanaşı, həm də gərgin zəhmət, yorulmaz iş və istedad tələb edirdi.Alxan Məmmədov elmi həyata çox tez alışdı; gərgin yaradıcılıq axtarışları apardı, yeni faktlar aşkara çıxardı, məqalələr yazdı və göstərdi ki, bu böyük satirikin əsərlərinin nəşri tarixi, mənbəşünaslıq və mətnşünaslıq istiqamətində araşdırmalara hər zaman olduğu kimi, bu gün də kəskin ehtiyac vardır. M.Ə.Sabirin elmi tərcümeyi-halının yazılması ilk dəfə A.Məmmədovun tədqiqatları sayəsində mümkün olmuşdur. "Mirzə Ələkbər Sabirin elmi tərcümeyi-halı" mövzusunda namizədlik dissertasiyası müdafiə edən A.Məmmədov təkcə bu mövzu ilə kifayətlənmədi, bütövlükdə XX yüzilin əvvəlləri Azərbaycan ədəbiyyatının problemlərinin araşdırılmasında görkəmli ədəbiyyatşünasların yolunu uğurla davam etdirdi. Namizədlik disertasiyası müdafiəsinə qədər Alxanın 50-dən çox məqaləsi dərc olunmuşdu. Halbuki anoloji hallarda digər tədqiqatçıların 6-8, ən çox 10 məqaləsi dərc olunurdu. Məhz bu məqalələr sayəsində M.Ə.Sabirin həyatı və şəxsiyyəti ilə bağlı gerçəklikləri öyrənmək mümkün olmuş, elmi mühitdə Sabirin yeni şair obrazı yaranmışdı. Sonralar o, tədqiqatlarının əhatə dairəsini daha da genişləndirərək "Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Bu tədqiqatı ilə o, ədəbiyyatımızın regional aspektdə tədqiqinin əsasını qoymaqla kifayətlənmədi, həm də bu cür tədqiqatların elmi-nəzəri konsepsiyasını işləyib hazırladı. Ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq ədəbi mühit kontekstində yazılan bu elmi iş sonrakı illərdə yeni elmi işlərin yazılması üçün bir təcrübə rolunu oynadı. Problemin işlənilməsi A.Məmmədovun tədqiqat coğrafiyasını genişləndirdiyi kimi, ədəbiyyatşünaslığımızda bu istiqamətdə olan boşluğu da doldurmağa xidmət etdi.Professor A.Məmmədov 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycan ədəbiyyatının ayrı-ayrı problemləri ilə bağlı araşdırıcı məqalələr yazdı; respublikanın müxtəlif elmi nəşrlərində və kütləvi ədəbi jurnallarında və qəzetlərində dərc olunan bu araşdırmaların hamısı, demək olar ki, ilk dəfə işıq üzü görür, ya da ədəbiyyatşünaslığa az məlum olan fakt, hadisələrə münasibət bildirilir, yaxud şəxsiyyətlərin yaradıcılığı yeni müstəvidən tədqiq edilərək haqqında müəyyən elmi qənaətlərə gəlinirdi. Bu cəhətdən onun Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbiyyatı haqqındakı araşdırmaları ədəbiyyatşünaslığımızda yeni bir mərhələ təşkil edir. Sovet dövründə haqqında yazılması və araşdırma aparılması qadağan olunan mövzu və problemləri ilk dəfə üzə çıxaran professor A.Məmmədov, eyni zamanda, mətnşünaslıq işləri ilə də məşğul olur, ötən yüzilin əvvəllərində nəşr olunmuş və indiyədək tədqiqata cəlb edilməmiş şeirlər, hekayələr və digər əsərləri tapıb ortaya qoymuş və bundan sonra o əsərlər elmi tədqiqat dövriyyəsinə daxil olmuşdur. Bu araşdırmalar ona qədər olan tədqiqatlara da bir aydınlıq gətirmiş, elmi mühitdə tanınan ədəbiyyatşünaslar belə ədəbi faktlara söykənən bu tədqiqatları qəbul etməyə məcbur olmuşdur. Bu cəhətdən, ötən yüzil Azərbaycan ədəbiyyatının ayrı-ayrı problemlərinin, şəxsiyyətlərinin, eləcə də ədəbi-ictimai fikrin kompleks şəkildə araşdırılmasında professor Alxan Məmmədovun çox böyük əməyi vardır. "Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat" monoqrafiyası bu sahədə ilk tədqiqat əsəri olmaqla yanaşı, mövcud boşluğu tamamilə aradan qaldırmışdır. Onu da qeyd etmək lazımdır ki, A.Məmmədovun Cümhuriyyət dövrü ədəbiyyatı ilə bağlı apardığı ədəbi, tarixi araşdırmaları tarixşünaslıqla paralel olaraq dövrün, mühitin xarakterini, inkişaf yolu və mahiyyətini açmaq üçün zəngin informasiya bazası olmuşdur. Həmin dövrə aid ordu və hərbi vətənpərvərlik marşlarının ilk dəfə çap olunması da Alxan Məmmədovun adı ilə bağlıdır. Onun tərtib etdiyi "Qafqaz imdadına çatan türkün könül nəğmələri" (2002) kitabı Azərbaycan və Türkiyə şairlərinin Cümhuriyyət dövründəki qarşılıqlı yaradıcılıq əlaqələrinə həsr olunub. Tədqiqatçı Cümhuriyyət dönəmində milli mətbuatımızda dərc olunan Azərbaycan və türk şair və ədiblərinin əsərlərini təhlilə cəlb etməklə yanaşı, onların şeir və məqalələrini də dərc etmişdir. Professor Alxan Məmmədov ədəbiyyatşünaslarımızın klassik tipinə aiddir; o, materiala tarixi nöqteyi-nəzərdən yanaşır və təhlilə cəlb edərkən onun ədəbiyyat tarixçiliyinin problemlərini əsas götürür. O, bugünlə deyil, keçmişlə məşğuldur (hərçənd onun bugünün ədəbi gedişatı və ayrı-ayrı şəxsiyyətləri ilə bağlı məqalələri də az deyildir və etiraf edək ki, bu yazılar da elmiliyi, səmimiliyi ilə seçilir!), çoxları ola bilsin ki, bu cür tədiqatçılığın artıq arxada qaldığını iddia etsin, lakin qəti əminəm ki, tədqiqatçılığın ilkin axtarış mərhələsini məhz klassik ədəbiyyatşünaslıq təşkil edir və bu mərhələ heç zaman bitmir, hər zaman ədəbiyyat tariximizlə bağlı yeni tapıntılar üzə çıxır, faktlar aşkarlanır. Əgər ədəbiyyatşünas Qulam Məmmədli bir institutun gördüyü işi təkbaşına görüb əddəbiyyat tarixçiliyimiz üçün son dərəcə vacib faktoloji materialları zamanında üzə çıxarmasaydı bugünkü ədəbiyyatşünaslığın hansı vəziyyətdə olmasını təsəvvür etmək o qədər də çətin olmazdı. A.Məmmədov da sözün həqiqi mənasında klassik tədqiqatçılığın sonuncu nümayəndələrindən biri kimi ədəbiyyatşünaslığımızın ən çətin problemlərini özünə tədqiqat sahəsi seçərək sanballı araşdırmalar aparıb, tədqiqat əsərləri yazıb.Alxan Məmmədov həm də Bakı Dövlət Universitetinin professorudur, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında tələbələrə mühazirələr oxuyur. XX yüzilin əvvəllərinin mətbuat tarixi üzrə görkəmli mütəxəssis kimi onlarla araşdırmaları, dərsik və dərs vəsaitləri, proqramları dərc olunub. Azərbaycan jurnalistikasının təşəkkülü və inkişafı ilə bağlı dəyərli tədqiqatlar müəllifidir. Belə tədqiqatlardan biri milli jurnalistikada yaradıcılıq məktəblərinin yaranması və formalaşması problemlərinə həsr etdiyi "Azərbaycan jurnalistika məktəbləri" (2014) kitabıdır. Görkəmli tədqiqatçı burada zəngin tarixə və inkişaf yoluna malik olan milli jurnalistikamızın yaradıcılıq məsələləri, "Əkinçi", "Molla Nəsrəddin", "Füyuzat" jurnalistika məktəblərinin xüsusiyyətləri və yaradıcılıq istiqamətləri ilə bağlı maraqlı araşdırmalar aparır. Kitabda Azərbaycan jurnalistikasının görkəmli nümayəndələrindən olan Üzeyir Hacıbəyovun, Haşım bəy Vəzirovun, Əhməd bəy Ağaoğlunun və başqalarının nəşrləri və jurnalistlik irsi də geniş araşdırma obyekti olur. Professor A.Məmmədov araşdırmalarında milli demokratik jurnalistika, pedoqoji jurnalistika, bolşevik mətbuatı, mühacirət mətbuatının da yaranması, inkişafı və xarakterinə dair yeni faktlara və dəyərləndirmələrə söykənən fikirlər söyləyib. O, müasir jurnalistikanın problemləri, reallıqları və vəzifələrinə aid bir neçə məqalə yazıb və milli mətbuatın çağdaş reallıqlarını da tədris prosesinə daxil edib. Ümumiyyətlə, professor A.Bayramoğlu Azərbaycan mətbuatının tarixinə, problem və istiqamətlərinə, bugününə üç kitab həsr edib ki, bu kitablarda, bütövlükdə, milli jurnalistikamızın və mətbuatşünaslığımızın çox vacib problemləri ilə bağlı dəyərli tədqiqatlar ortaya qoyub. Professor Alxan Məmmədov 60 yaşını dostlarından, tələbə yoldaşlarından tez qarşılayarkən də sanki bir addım öndə olduğunu göstərmək istəyir. Geriyə boylanıram, düz otuz ildən çoxdur ki, A.Məmmədov tədqiqatla məşğuldur; yüzlərlə məqalə və araşdırmalarında ədəbiyyatımızın ayrı-ayrı simalarının həyatı, şəxsiyyəti və yaradıcılığına işıq salıb, sanki onlara ikinci həyat verib. Bu gün altmış yaşlı ədəbiyyatşünasımız elə əvvəlki zəhmətlə, istedadla ikinci ömrünü yaşamaq həsrəti ilə boylanan nə qədər ədəbi hadisəyə, fakta yeni bir həyat vermək istəyi ilə yaşayır və yaradır!Bədirxan Əhmədov,AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi,filologiya üzrə elmlər doktotu, professor."Elm və Təhsil" qəzeti, # 32 (302), 28 fevral, 2015-ci il. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.