Böyük ömrün möcüzəli anları

Böyük ömrün möcüzəli anları 1923-cü ilin may ayının 10-da dünyaya gələn Heydər Əliyev günəş kimi parladı. Onun işığı Naxçıvanı, Azərbaycanı, SSRİ-ni, Türk dünyasını, Dünya siyasi arenasını əhatə etdi. Ömrünü xalqına, millətinə, bütovlükdə Azərbaycan Respublikasının inkişafına həsr etdi. Buna görə də qədirbilən Azərbaycan xalqı Heydər Əliyev kimi Ümummilli Lideri ilə haqlı olaraq fəxr edir. Hər bir Azərbaycanlının qəlbində Heydər Əliyev abidəsi, Heydər Əliyev sevgisi var.

Bu sevgidən doğan xatirələrimi Sizlərlə bölüşürəm.



BÖYÜK ÖMRÜN MÖCÜZƏLİ ANLARI

Xidməti vəzifəmlə əlaqədar dəfələrlə ulu öndər Heydər Əliyevin iştirak etdiyi müxtəlif dövlət tədbirlərində olmuşam. Həmin tədbirlərdən üçü barədə xatirələrimi oxucularla bölüşmək istərdim. Bu xatirələr Heydər Əliyevin həm də Allahın sevimli bəndəsi olmasını sübut edir.

1995-ci ilin mart ayının 25-27-də Azərbaycan Prezidenti Heydər Əliyevin Ukraynaya səfərinin təşkili, təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti Aparatı, XİN, MTN, DİN-dən təşkil olunmuş əməkdaşlar mart ayının 20-də Kiyevə uçduq. Təyyarədən düşəndə gözlərimizə inanmadıq - hər tərəf ağappaq qar idi, hava şaxtalı, yollar isə buz bağlamışdı. MTN-dən gedən qrupu Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) yüksək vəzifəli əməkdaşları qarşılayıb mehmanxanada yerləşdirdilər.

Mart ayının 21-22-də hər kəs öz xətti ilə aidiyyəti işlərlə məşğul oldu. Yadınızdadırsa, həmin vaxtlar Azərbaycanda dövlət çevrilişinə cəhd etmiş "OMON"-çulardan bəziləri Ukraynaya - Kiyevə qaçıb gizlənmişdi. Biz UTX-nin əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri gördük, prezidentlərin keçəcəkləri marşrutları öyrəndik, gedəcəkləri obyektləri yoxladıq. Bir sözlə, təhlükəsizliklə bağlı məsələlər öyrənildi və lazımi tədbirlər görüldü.

Mart ayının 23-də Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin iştirakı ilə Heydər Əliyevin Ukraynaya səfəri ilə bağlı birgə müşavirə keçirildi. Administrasiyanın rəhbəri bildirdi ki, Heydər Əliyev ukraynalılar üçün ən əziz qonaqdır, çünki o, Ukrayna xalqına taxıl yığımının ən qızğın çağında yanacaqla kömək etmişdir, bizi çətin vəziyyətdən çıxarmışdır: "Buna görə də biz Heydər Əliyevi ən yüksək səviyyədə qarşılayacağıq. Keçən ilin sentyabr ayında ABŞ Prezidenti Bill Klinton gəlmişdi, onun şərəfinə 19 topdan yaylım atəşi açıldı, Heydər Əliyevin şərəfinə isə 23 topdan yaylım atəşi açılacaq. Təəssüf ki, havanın qarlı, şaxtalı olması səbəbindən motosikletçilər korteji müşayiət edə bilməyəcək".

Bu zaman Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı söz alaraq bildirdi ki, hazırlıq səviyyəsi yaxşıdır, ancaq motosikletçilərin də korteji müşayiət etməsini məqsədəuyğun hesab edirik. Administrasiyanın rəhbəri gülərək dedi ki, mən sizi başa düşürəm, cənub şəhərindən gəlmisiniz, sizdə hava qışda mülayim olur, burada isə görürsünüz - qardır, şaxtadır: "Mən köklü kiyevliyəm, həmişə ilin bu zamanı qarlı-şaxtalı olur. Kiyevdə havalar aprel ayında nisbətən düzəlməyə başlayır, ona görə də sizin təklifinizi qəbul edə bilməyəcəyik".
Bizim nümayəndə isə cavabında "Heydər Əliyev gəlir, o özü ilə günəşi də gətirəcək. Siz buna hazır olun", - dedi.

Mart ayının 25-də səhər saat 10-da biz Kiyevin Pulkovo Hava Limanına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi qarşılamağa getdik. Bu zaman buludların arasından günəş çıxmağa başladı. Ali qonağı gətirən təyyarənin hava limanına enməsi saat 14-də gözlənilirdi. Həmin vaxtacan günəş öz şüası ilə hər tərəfi isitdi. Yollarda buz əridi. Bizim üzümüzdə sevinc, ukraynalıların üzündə isə təəccüb hissi var idi. Beləliklə, Heydər Əliyevin maşın kortejini hava limanından Ukrayna Prezidentinin iqamətgahınacan motosikletçilər dəstəsi müşayiət etdi. Növbəti gün də hava günəşli keçdi.

Yerli əhali isə heyrət içində idi. Onlar heç zaman mart ayında Kiyevdə belə günəşli hava görməmişdilər. Biz isə Kiyevə günəşin Heydər Əliyevlə gəldiyi qənaətində idik. Niyə də yox?! Martın 27-də saat 16-da səfər proqramı sona çatdı. Heydər Əliyev təyyarəyə minəndən sonra günəş buludların arxasında itməyə başladı, hava pisləşdi və bizdən təcili təyyarəyə minməyi xahiş etdilər. Təyyarə Bakıya istiqamət götürdü və Kiyevə yenidən qar yağmağa başladı...

İkinci hadisə Bakı-Supsa terminalının açılışı zamanı oldu. 1999-cu ilin aprel ayının 14-də ulu öndərin Gürcüstana Bakı-Supsa terminalının açılışı ilə bağlı səfərinin təhlükəsizliyini təmin etmək üçün mənim də daxil olduğum bir qrup əməkdaş Batumiyə gəldik. Yerli həmkarlarımızla görüşüb səfərin təhlükəsiz keçməsi üçün tədbirlər planı hazırladıq. Yenə hava pisləşməyə başladı. Batumi subtropik bölgə olduğu üçün hava dumanlı-çiskinli idi. Hətta mehmanxanada yataqlar nəmlənmişdi. Gürcü həmkarlarımız təklif etdilər ki, hava şəraitinə görə Heydər Əliyevi gətirən təyyarə Batumidə deyil, Tbilisidə ensin və Azərbaycanın dövlət başçısı Batumiyə maşınla gəlsin.
Biz etirazımızı bildirdik: "Görərsiniz, Heydər Əliyev gələn zaman hava yaxşılaşacaq, gün çıxacaq".
Gürcü həmkarımız gülüb dedi: "Siz ki bilirsiniz, bura subtropik bölgədir, bu zamanlar hava belə olur, həm də əlimizdə hava proqnozu haqqında məlumat var. Ona görə də Heydər Əliyeyin Tbilisidə qarşılanması məsləhətdir". Biz isə əmin idik ki, Heydər Əliyev özü ilə yenə də günəşi gətirəcək.

Aprel ayının 16-da Heydər Əliyevin səfərinin təhlükəsizliyini təmin etmək üçün Prezidentin Xüsusi Mühafizə İdarəsinin və MTN-in əməkdaşları Batumiyə gəldilər, havanın pis olması onları da rahatsız etdi. Amma ertəsi gün səhər tezdən günəş bərq vurmağa başladı. Heydər Əliyevin Batumiyə gəlməsi saat 13:00-da gözlənilirdi. İnanın, bu, bir möcüzə idi, günəş öz hərarəti ilə yolu-izi qurudurdu.

Planlaşdırılan tədbir təxminən 90 dəqiqə çəkdi. Neçə gün nəm havadan, duman-çiskindən çəkdiyimiz əziyyət sona çatmışdı, bədənimiz günəşdən - Heydər Əliyevin gəlməsi ilə çıxan günəşdən qızınırdı...

Üçüncü hadisə isə 2002-ci ilə təsadüf edir. O zaman mən Mingəçevirdə işləyirdim. Prezident Heydər Əliyev 2002-ci il sentyabrın 1-də Gəncə şəhərində Olimpiya Mərkəzinin açılışında oldu. Səhəri gün - sentyabrın 2-də isə Goranboydakı mitinqdə çıxış etdi, rayonda görülən abadlıq-quruculuq işlərindən razılığını bildirdi, tövsiyələrini verdi.

Goranboyda ikinci tədbir Gülüstan qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərciyin açılışı idi. Gülüstan qəsəbəsi dağların ətəyində, çay sahilində, çox əsrarəngiz mənzərəyə malik ərazidə yerləşir. Biz toplantı olacaq meydançaya gəldik, xarici şirkətin əməkdaşları, yerli sakinlər, o cümlədən, qonaqlar öz yerlərini tutmuşdular. Bu zaman göyün üzünə qara bulud gəldi, bir az keçmiş yağış, sonra isə dolu yağmağa başladı. Dolu elə şiddətlə yağırdı ki, daldalanmağa macal olmurdu.

Çox keçmədi Prezidentin avtomobili göründü. Meydançaya çatanda mühafizəçilər çətiri açıb Prezidentin əyləşdiyi maşının qapısını açdılar.
İnanın, həmin an möcüzə baş verdi, göydən yağan dolu çətirə çatar-çatmaz kəsildi.
Heydər Əliyev maşından düşüb meydançaya tərəf gəlməyə başladı.
Bu zaman jurnalistlər onu əhatəyə aldılar.
Böyük ömrün möcüzəli anları
Ulu öndər gülümsəyərək: "Nə olub, yağış yağıb? Deyəsən, bir az islanmısınız?" - deyə soruşdu.
Jurnalistlər: "Cənab Prezident, bayaqdan dolu yağır, sel gedirdi", - dedilər.

Heydər Əliyev isə özünəməxsus şuxluqla gülümsəyərək tribunaya qalxdı...

Elşad HƏSƏNOV,
MTN-in istefada olan polkovniki


07 May 2014




Redaksiyadan:

Elşad Həsənov 12 fevral 1956-cı ildə qədim Qarayazıda - indiki Gürcüstanın Qardabani rayonundakı Kosalı kəndində dünyaya göz açıb.
Bakı Dövlət Universitetini bitirib.
Uzun müddət Milli Təhlükəsizlik Nazirliyində məsul və yüksək vəzifələrdə çalışıb.
İstefada olan polkovnikdir.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: