Şarl de Qollun Bakı səfəri, yaxud bir azərbaycanlı iki dövləti necə yaxınlaşdırdı Azərbaycan, Dünya 18 Ekim Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açırlar. Ötən illər ərzində Bakıda çoxlu məşhurlar qonaq olub. Modern.az saytı Bakıda olmuş məşhur qonaqlar barədə layihəni davam etdirir. "Bakının məşhur qonaqları" layihəsində müxtəlif illərdə paytaxtımızda olan dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açır, o səfərlərin şahidi olan şəxslərin təəssüratlarını təqim edirik. Bakıya kimlər gəlməyib?Bu dəfə fransız general və siyasətçi, İkinci Dünya Müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmiş Şarl de Qoll haqqında danışacağıq.Şarl De Qoll 1890-cı il 22 noyabrda Lill şəhərində mütərəqqi intellektual ailədə anadan olub. Onun babası tarixçi, nənəsi yazıçı idi. 1908-ci ildə Şarl de Qoll Sen-Sire şəhərində yerləşən hərbi məktəbə daxil olub və oranı 1912-ci ildə leytenant rütbəsində başa vurub. Sonra o, Fransa ordusuna daxil olub və 33-cü piyada alayına göndərilib. Həm Birinci, həm də İkinci Dünya müharibələrində iştirak edən Şarl de Qoll 1944-46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətin başçısı olub. 1958-ci ildə Əlcəzair müharibəsi zamanı o, yeni hökumətin yaradılması üçün tapşırıq alır. Qoll bu ərəfədə Konstitusiya islahatı həyata keçirir və Beşinci Respublikanın əsasını qoyur. Elə həmin il o, yeni respublikanın prezidenti seçilir. Şarl de Qoll 1959-69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynayıb. Onun qoyub getdiyi "qollizm" ideologiyası bu gün də Fransa siyasətində böyük rol oynayır. Şarl de Qollun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.İkinci Dünya Müharibəsi iştirakçısı, partizan, Fransanın prezidenti Şarl de Qoll Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, əfasanəvi azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılovun izi ilə Bakıya da gəlib və "Hacinski evində" qalıb.Tale elə gətirib ki, müharibənin qızğın vaxtı Stalinlə görüşməli olan de Qoll Moskvaya dolayısı yollarla gedərkən Bakıdan keçməli olur. 1944-cü ilin 27 noyabrda müvəqqəti hökumətin başçısı general de Qoll və onu müşayiət edən nümayəndə heyəti Bakıya gəlir. Hava limanında generalı Azərbaycanın o zamankı rəhbəri Mircəfər Bağırov və SSRİ-nin Xarici İşlər üzrə Xalq Komisarlığının və Xalq Komissarlığı Təşkilatının əməkdaşları qarşılayırlar.Fransa və SSRİ-nin milli bayraqları ilə bəzədilmiş hava limanında generalı qarşılamaq üçün fəxri qarovul düzülür. Orkestr fransız və sovet himnini çalır. Axşam isə general de Qoll Azərbaycan Dövlət Opera və Balet Teatrında "Koroğlu" operasına tamaşa edir. Bakıda 12 saat qalan general "Hacinskinin evi"ndə gecələyir. Səhərisi gün isə generalı və onu müşayiət edən nümayəndələr Bakıdan Moskvaya gedirlər.Fransalı generalın Azərbaycana - Bakıya gəlməsi haqqında kinoxronika dövlət arxivində saxlanılır.Şarl de Qollun müharibənin qızğın vaxtında Bakıya gəlməsinin əsl səbəbləri hələ də məlum deyil. Məlumatlara görə, o, ya SSRİ rəhbəri Stalinlə görüşməli, ya da partizan dəstələrinə silah satılması ilə bağlı müqavilə bağlamalı idi.Bəzi mənbələrdə qeyd olunur ki, fransız general Bakıya iki dəfə gəlib. Birinci dəfə 1944-cü ildə Moskvaya gedərkən Stalinlə görüşmək üçün Bakıdan keçməli olub. O, burada Mircəfər Bağırov və Üzeyir Hacıbəyli ilə görüşüb. Eyni zamanda "Arşın mal alan" və ya "Koroğlu" operasına qulaq asıb. İkinci dəfə isə Fransa uğrunda çiyin-çiyinə döyüşdüyü Əhmədiyyə Cəbrayılovla Bakıya gəlib. De Qoll onu "Mişel" deyə adlandırırdı. Əhmədiyyə Şəkidə yaşayırdı və Sovet rəhbərliyi utanırdı ki, belə qəhrəman bu cür evdə yaşayır (o zaman de Qoll Bakıda idi). Onu oradan tez bahalı mebellərin, avadanlıqların yığıldığı evə köçürüblər. Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarının sözlərinə görə, onun stolunun üstündə xarici meyvələr, banan, manqo, ananas və s. qoyulur. Və o belə bir möhtəşəm evdə - "öz evində" cəbhə dostunu qəbul edir.Qeyd edək ki, Əhmədiyyə Cəbrayılov 1994-cü ildə vəfat edib və onun oğlu 1993-cü ildə Qarabağ döyüşlərində həlak olub.Bəzi mənbələrdə isə qeyd olunur ki, De Qoll Bakıya 1944-cü ilin 27 noyabr ayında gəlib və dekabrın 13-ə kimi burada bir həftə qalıb.Tehrandan Bakıya 1944-cü ilin noyabrın sonunda gələn de Qoll burada, demək olar ki, bir həftə qalıb. Bakıda Stalinin yaxın tərəfdaşı olan, Azərbaycan SSRİ-nin rəhbəri Mircəfər Bağırovla görüşüb.Bağırov fransız generalına bildirib ki, SSRİ Fransa ilə qarşılıqlı anlaşma və uzunmüddətli əməkdaşlığa əhəmiyyət verir. Azərbaycan rəhbərinin sözünə görə, tərəflər iqtisadi sahədə də əməkdaşlıq edə bilər, həmçinin qaşrılıqlı əlaqələrə yönlmiş qruplar yaradıla bilər. De Qoll təklifi qəbul edərək bildirib ki, Fransa öz uzunmüddətli siyasətində müharibədə hər iki tərəfdən verilən qurbanlarıa görə Rusiyanı dost hesab edir. Eyni zamanda general Moskva və beynəlxalq təşkilatlarla əməkdaşlığa da toxunub.Bəllidir ki, Bağırovun bəyanatı Stalin və Molotov tərəfindən razılaşdırılmış idi. Azərbaycan rəhbərinin təkliflərinə de Qollun pozitiv reaksiyası haqqında isə dərhal ölkənin ali rəhbərliyinə məlumat verilmişdi. Dekabrın başlanğıcında general Moskvaya gedərək, Stalinlə və Molotovla danışıqlar aparıb. General Stalinqrada getməzdən əvvəl Moskvada 10 dekabra kimi qalıb.Şarl de Qollun azərbaycanlı silahdaşı Əhmədiyyə Cəbrayılov o dövrü belə xatırlayırdı: "Mən bəstəboy, arıq bir oğlan idim. Partizanlara qoşulandan sonra aylarla onlar məni sınadılar. Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək, get-gedə partizanların rəğbətini qazanmağa nail oldum. Həmişə başıma fransız kepkası qoyardım ki, sadə fransızlardan seçilməyim. Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll hansısa bir ərəfədə qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa getdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar, bütün Fransa partizanları, müqavimət hərakatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur".De Qoll Əhmədiyyənin bu sədaqətindən, cəsarətindən vəcdə gəlir və onların birgə əməliyyatları həmin gün uğurla başa çatır. Lakin əsl dostluqlarının təməli elə o gün qoyulur. Sonralar saysız-hesabsız döyüş tapşırıqlarını yerinə yetirən Əhmədiyyə 1945-ci ilin mayında birinci fransız ordusunun tərkibində döyüşlərə qatılır. 1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətənə qayıtsın. Şarl de Qoll nə qədər onu dilə tutursa ki, getmə, sənə hər cür şərait yaradacağam, xeyri olmur. Nəhayət, 1946-cı il 25 noyabrda Armed Mişel ləqəbli Əhmədiyyə Cəbrayılov SSRİ-yə qayıdır. Burada onu vətən xaini kimi qəbul edirlər və mükafatlarının bir hissəsini də əlindən alırlar. Şarl de Qoll Sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırır. Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxtı Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənəsinə uyğun qanlarını birləşdirib qan qardaşı olublar. Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birini unutmayacaqlar. General son cümləsində, sovet rəhbərlərini riqqətə gətirəcək bir söz də deyir: "Mən bu Azərbaycan oğluna görə SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim". P.S:Elman KƏLƏYEV ("Gürcüstan" qəzeti):"BU ŞƏKİLİ 1989-cu İLDƏ ŞƏKİ ŞƏHƏRİNDƏ, STADİONUN YANINDA BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLARA UCALDILMIŞ XATİRƏ LÖVHƏSİNİN YANINDA ÇƏKDİRMİŞİK. SƏKİ ŞƏHƏRİNƏ EZAMİMİYYƏTİMİZ ZAMANİ FOTOMÜXBİRİMİZ ŞAHVƏLƏD AYVAZOV VƏ MƏNƏ GÖSTRDİKLƏRİ QAYĞI VƏ QONAQPƏRVƏRLİYƏ GÖRƏ TƏLƏBƏ YOLDAŞİM FƏRAHİM QARAYEVƏ VƏ ONUN DOSTLARINA QUCAQ DOLUSU SALAM VƏ SAYĞILARIMIZI ÇATDIRIRAM. ŞƏKİ ŞƏHƏRİNDƏ OLDUĞUMUZ ÜÇ GUN ƏRZİNDƏ BİZİ EVİNƏ APARMAĞA ÇALİŞSA DA DOSTLARİMİZ ONA İMKAN VERMƏDİLƏR Kİ, HEÇ OLMAZSA ONUN EVİNDƏ BİR STƏKAN ÇAYINI İÇƏK. BUNU GÖRƏN RƏHMƏTLİK ƏHMƏDİYYƏ ƏMİ BİZƏ AND VERDİ Kİ, NÖVBƏTİ SƏFƏRİMİZDƏ BİRİNCİ ONUN EVİNİN QONAĞI OLACAĞIQ. AMMA.."Allah rəhmət eləsin!.. Ruhu şad olsun!... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.