AĞASƏN OCAĞI - PİRƏ PİRUZƏ PİRİ Regionlar, Tarix 13 Aralık İldırım ŞÜKÜRZADƏ, tədqiqatçı-tarixçi Yardımlı rayonunun dini-tarixi abidələrindən biri Ağasən ocağıdır. Ocaq rayonun Anzov kəndinin mərkəzində yerləşir. Yaşlı sakinlərin dediklərinə görə, ziyarətgahın ilk adı Pirə Piruzə piri olmuşdur. Pirə və Piruzə adından ziyarətgahın ilk olaraq qadına məxsus olduğu anlaşılır. Pir fars sözü olub “ziyarətgah, ocaq” mənasında işlənir. Piruzə qadın olduğundan ziyarətgah pir deyil, pirə adlandırılmışdır. Qeyd edim ki, bölgəmizdə kişi adı ilə bağlı olub və pir sözü ilə başlayan ziyarətgahlar da vardır. Misal olaraq Pir Ərəb, Pir Yaqub, Pir Bilal, Pir Məhəmməd, Pir Yusif və digərlərini göstərmək olar. Yuxarıda adlarını qeyd etdiyim pirlər müvafiq olaraq Lənkəran rayonunun Xolmili, Xanbulan, Biləsər (ikisi) və Lerik rayonunun Kekoni kəndlərində yerləşir. Ocaqda kitabə olmadığından Piruzənin kimliyi haqqında dəqiq fikir söyləmək çətindir. Çox güman ki, o, kəramət sahibi, müqəddəs şəxs olduğundan qəbri ziyarətgaha çevrilmişdir. İctimai-siyasi xadim, xalq şairi Sabir Rüstəmxanlı “Ömür kitabı”nda yazır: “Qonşu kəndin (S.Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd kəndindəndir – İ.Ş) ortasında taxtadan tikilmiş bir pir var. Bura uşaqlıqdan bizi çəkirdi. ən sehirlisi də buydu ki, tikilinin içindəki çardağın altında qalaq-qalaq kitablar yığılmışdı. Heç kim toxunmazdı. Amma heç kim də öyrənmirdi ki, bunlar nə kitablardır. Indi daha çoxu torpağa qarışıb, o kitabların yazısı oxunmaz olub.Otuzuncu illərdə ərəb qrafikası, yəni bizim əski dörd yüz illik əlifbamız təqib ediləndə, din bəhanəsiylə xalqın qədim mədəniyyəti inkar ediləndə camaat canının qorxusundan evində nə vardısa bütün dünyəvi kitabları, klassiklərimizin irsini də torpağa basdırır, ya da belə ocaqlara tərk edib gedirdilər...” (Bakı 1989, səh. 329). Burada konkret olaraq hansı pirdən bəhs olunduğu yazılmasa da, həmin ərazidə yaşayan insanlar kitabda məhz Anzov kəndindəki (Anzov Hamarkəndlə qonşu kənddir – İ.Ş.) Pirə Piruzə pirindən bəhs edildiyini anlayırlar. Pirə Piruzə piri sonralar “Ağasən ocağı” adlandırılmışdır. Ocaq Ağasənin evinin yanında yerləşdiyindən və eyni zamanda Ağasən bu ziyarətgahın mücövürü (ərəbcədən “baxıcı, əziyyətini çəkən”) olduğundan pir “Ağasən ocağı” adlandırılmışdır” (Şirəli İsayev, Malik Balaşov. Oğuz eli Anzov. B.,2012, səh.147). Daha çox “Ocaq” adı ilə (demək olar ki, bütün ziyarətgahlar həmin ərazidə yaşayan insanlar tərəfindən tam adı ilə deyil, qısaca ocaq, pir, türbə, came və ya xanagah adlandırılır) adlanan bu ziyarətgah Anzov kəndinin simvoluna çevrilmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra pirin üstündəki taxta tikili sökülərək yerində mişar daşından türbə ucaldılmışdır. “Ağasən ocağı” (Pirə Piruzə piri) Yardımlı rayonunun tanınmış dini-tarixi abidələrindən biridir. Buraya müxtəlif yerlərdən insanlar ziyarətə gəlir. Ziyarətgah haqqında bu müqəddəs ocağın yerləşdiyi Anzov kəndindən bəhs edən “Oğuz eli Anzov” kitabında ( Ş.İsayev, M.Balaşov. B., 2012, səh.146-153) geniş məlumat verilmişdir.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.