Ömüründən yarımayan İsmayıl!

Ömüründən yarımayan İsmayıl! Bu il sentyabrın 1-də gecə saat 12-yə qalmış mobil telefonum qəfil zəng çaldı. Yerimə uzanmışdım, gözümə yenicə çimir getmişdir. Öz-özümə dedim: – Bu vaxt kim olar görəsən?
Telefona baxanda qardaşım Cavanşir müəllimin nömrəsini tanıdım. Telefonu açdım, ilk sözü bu oldu, Səyavuş İsmayıl qurtardı. Elə bil başıma yer fırlandı. "Of...of..." - deyə fəryad qopardım, xəttin o tərəfində də ağlamaq səsi gəlirdi. Deməli əziz bacımız Zübeydədən sonra qardaşım İsmayılı da beləcə itirdik.

İsmayıl qardaşların beşincisi idi.

O, 1953-cü ilin yanvarında Borçalının dilbər güşələrindən biri olan Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur. Ona atam Dilman müəllim öz atası Borçalının məşhur el qəhrəmanı İstil İsmayılın adını qoymuşdur. Atam deyirdi ki, İsmayıl öz duruşu, baxışı, ağlı- zəkası ilə İstil İsmayıla çox oxşayırdı. Xüsusən onun danışığı, mühakimə yürütməyi, məsləhət verməyi, xeyirxahlığı, qayğıkeşliyi atamın dediyinə görə İstil İsmayılın lap özüydü.

İsmayıl Dilman oğlu Hüseynov Qasımlı orta məktəbini bitirib Bakı şəhərinə gedib Azərbaycan Neft Akademiyasının “mühəndis-iqtisad” fakültəsinə daxil olur. Ali məktəbi 1976-cı ildə bitirib Azərbaycan Dövlət Texniki Təchizat Komitəsində əmək fəaliyyətinə başlayır. O, burada kiçik mühəndislikdən Komitənin şöbə müdirliyinə qədər yüksəlir. Bu şöbə Sovetlər dövründə bütün Azərbaycanı maşın və avadanlıqlarla təchiz edirdi.
Sovetlər birliyi dağıldıqdan sonar İsmail müəllim Bakı şəhəri Xətaii Bələdiyəsində, Bakı Neft–Mədən Maşınqayırma zavodunda və ömrünün sonuna kimi NJT-2000 müəssisələrinin struktur bölmələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bəli, doğmanı, əziz adamı itirmək çox çətindi, özü də doğma qardaş ola, səni səndən çox istəyən bir qardaş. İsmayıl müəllim çox qayğıkeş qardaş idi. Məndən 4 yaş kiçik olmasına baxmayaraq, mən onu həmişə dinləmişəm, məsləhədlərinə daimi müsbət yanaşmışam. Onun xəstəliyi var idi. Ürəyi ağrayırdı. Rəhmətlik böyük qardaşım Rizvan müəllim 1970-ci ildə ürək xəstəliyindən dünyasını dəyişmişdir. İsmayıl müəllim işlədiyi ağır şöbədə ürəyinə çox əziyyət verirdi. Çox çətin və həddən artıq enerji tələb edən vəzifə idi. İsmayıl müəllim bu vəzifənin öhtəsindən şərəflə gəlirdi. İki qız övladına təmtaraqlı toy edərək gəlin köçürmüşdür. Əcəl ona oğluna gəlin gətirməyə imkan vermədi. Oğlu Dilman(oğluna atasının adını qoymuşdu) Kiyev Dövlət Universitetinin iqtisadiyat fakültəsini bitirmişdi. Çox savadlı və bacarıqlı bir gənc idi. Oğluna möhtəşəm toy eyləmək onun ümidə arzusu idi. Taleyi imkan vermədi ona, ömründən yarımadı İsmayıl müəllim. Çox təəssüflər olsun... Bu qara xəbəri alanda aşağıdakı şeir sətirləri göz yaşları içində qeyri–ixtiyarı ürəyimdən süzülüb ağ kağıza qara ləkə saldi. Elə bir ləkə ki, Ismayıl müəllimi əbədi olaraq bizdən ayırdı:

Gələn qara xəbər sarsıtdı məni,
Yerdə yerym, göydə göyüm ağladı.
Yayın günü mənə sazaq göründü,
Həm qüzeyim, həm güneyim ağladı.

Başımıza qar-boranlar ələndi,
Hamar yolum dağa-daşa dirəndi,
Könül sazım qəm üstündə kökləndi,
Nalə çəkib dildə neyim ağladı.

Dözməyir bir oğlu sönən çırağa,
Qız balalar baş vurdular sorağa,
İsmayılı tapşıranda torpağa,
Gözəl günüm, büsat-toyum ağladı.

Ağrılar içində şöhrət-şan başqa,
Olmadı rüzumuz acıdan başqa,
Doğma qardaşlardan bacıdan başqa,
Yad insanlar sizə deyim, ağladı.

Üstün gəldi qış sazağı bahara,
Qan çiləndi gül ətirli dağlara,
Nəsil yasa batdı geyindi qara,
Alovlanıb Uyğun soyum ağladı.

Səyavuş UYĞUN
Bakı şəhəri, Keşlə qəsəbəsi
1 sentyabr 2016-cı il
.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: