Ucalıq və müdriklik nümunəsi

Ucalıq və müdriklik nümunəsi
Allah rəhmət eləsin!..

Rəşid Mehrəli oğlu Qasımov

Müdriklərdən biri deyib ki, həyatda insana üç dəfə ad verilir. Birinci ad insana anadan olduqdan sonra, hansı ki, bu valideynin uşağına ilk hədiyyəsi sayılır. Hər kəs onu ölənədək şərəflə qorumağı bacarmalıdır. Ikinci adı gəncliyində, bacarığına, davranışına və digər fəaliyyətinə görə özü qazanır. Vəzifəsi, təhsili, peşə sənət fəaliyyəti ilə bağlı olaraq öz adını həyatda doğruldur, daha doğrusu, təsdiq edir. Üçüncü adı isə sağlığında xeyirxah işlər görübsə, hörmət qazanıbsa rəhmətə gedəndən sonra qazanır. Xeyirdə, şərdə, yığıncaq və toplantılarda həmişə yada salınır. Onun nəcib əməllərini hər kəs dilə gətirir. Yaxşı mənada onun adı hörmət və sayğı ilə çəkilir, rəhmətlə anılır. Öz yaxşı əməlləri, səmimiliyi, davranışı ilə hörmət qazanan, amma həyatdan vaxtsız köçən insanlar haqqında anılmalar və xatırlamalar daha çox nəzərə çarpır. Bax budur, öləndən sonra üçüncü dəfə ad qazanmaq. Belə nəcib və yaddaşlarda qalan insanlardan biri də aramızdan vaxtsız köçən, qəfil ölümün pəncəsindən qurtara bilməyən 1956-cı ildə Borçalı mahalının Faxralı kəndində dünyaya göz açmış əziz əmim, Qasımov Rəşid Mehrəli oğludur. Onun şəxsiyyəti haqqında bir əmim kimi öz özlüyümdə çox düşündüm, bu insan haqqında fikirlərimi sizlərə hansı sözlərlə çatdırım kı, yaşadığı qısa, ancaq mənalı ömrünün bir hissəsini əhatə etsin. Səmimiyyətimə inanın, duyduğum qəhər hissi, boşluq, ürək yanğısı və mənasını izah edə bilmədiyim hisslərim fikirlərimi çatdırmaqda mənə çətinlik yaratdı. Rəşid əmi doğrudan da Faxralı elinin, eləcədə Qasımıllı nəslinin nümunəvi davamçılarından biri olduğunu qısa bir ömür səhifəsində göstərə bildi. Rəşid əmiyə çox vaxt qohumlar arasında elə "Əşim" deyərək də müraciət edirdik. Onun haqqında xatirələr yazmaq, keçmiş zamanda danışmaq heç də asan deyil. O, mənim xatirəmdə yarımçıq notu xatırladan bir ömür kimi, peşəkar bir bəstəçinin sevdiyi, həyat eşqi ilə dolu yarımçıq şahanə əsəri kimi qaldı. Başqa birisi isə bu əsəri heç vaxt səsləndirə bilməz.

Qəfil ölümlər həmişə amansız olur.Hamı kimi mən də qəfil ölümlərin reallığına inanmamışam. Daha doğrusu, inanmaq istəməmişəm. Ölüm onsuz da heç kəsə, heç nəyə baxmadan bildiyini edir. Vaxtlı vaxtsız, vədəli vədəsiz tutduğunu aparır. Nə qədər acı olsa da, hamı bu sirli reallıqla barışmalı, taleyin hökmünə boyun əyməli olur. Rəşid əmimin ölüm xəbəri də beləcə oldu. Bu acı, bəd xəbəri eşitmək dünyanın çəkilməz ən ağır yükü idi. O anlar yaşadığımız hissləri heç cür sözlə ifadə etmək mümkün deyil.

Mən Rəşid əmimi uşaqlığımdan belə tanıyırdım. Özünəməxsus xarakteri, ciddiyyəti, hər kəsə qarşı xüsusi həssas münasibəti var idi. Həmyaşıdlarına nisbətən daha yaşlı, daha təmkinli və ağıllı görünürdü. Sonralar həyat göstərdi, mən də anladım ki, doğrudan da, Rəşid əmim xüsusi istedada sahib, aydın dərketmə qabiliyyəti olan, həyat məqsədini müəyyənləşdirən və ona çatmağın yollarını bilən bir şəxsiyyət imiş. Qısa ömründə əldə etdiyi uğurlar da elə bunun isbatıdır. Onun uğurları hamımızı ürəkdən sevindirirdi. Çalışmaq, özü üzərində işləmək, öyrənmək kimi keyfiyyətləri onu elmin böyük məbədinə yaxınlaşdırmışdı. Rəşid əmim başqa məsul vəzifələrdə çalışsa da, həm də elmi işlə məşğul olurdu. Onun elm sahəsindəki ilk uğurları “Hiperbolik tənlik üçün qeyri–requlyar qarışıq məsələnin həllinin aproksimasiyası” ilə də tanış oldum. Hələ qədim yunan və ərəb xalqları az – çox həndəsi anlayışlara və ən bəsit biliklərə malik olduqları zaman, müstəvi əyrilərdən istifadə etmişlər. Məlumdur ki, hiperbola (yunanca böyüyən deməkdir) – müstəvi üzərində fokuslar adlanan verilmiş iki nöqtədən məsafələrinin fərqi mütləq qiymətcə sabit kəmiyyət olan nöqtələrin həndəsi yeridir. Bildiyimqədər hiperbola – tərs mütənasibliyin qrafikinə verilən ad olmaqla, parabolanın tərsidir və iki asimptotdan ibarətdir. Hiperbolik funksiyalara hiperbolik triqonometrik funksiyalar da deyilir; çünki bunların tərifləri hiperbola əyrisinə nəzərən verilir.Fizika, riyaziyyat, mexanika, astranomiya və başqa texniki elmlərin təlimində və müxtəlif sahələrdə tətbiqində əyrilər mühüm yer tutur. Müasir elmin və ictimai həyatın elə bir sahəsi yoxdur ki, orada müstəvi əyrilərdən və xətlərdən istifadə olunmasın. Məhz Rəşid əmimin bu dissertasiyasının fizika – riyaziyyat elminin inkişafına nə qədər töhvələr verdiyinin bir daha şahidi oldum. Ancaq nə yazıq ki, amansız ölüm elimizin – obamızın, nəslimizin fəxarəti olan belə bir alimi bu qədər tez aramızdan apardı … Bəlkə yazılmamış nə qədər ideyaların, fikirlərin, düşüncələrin, planların səninlə getdi, Rəşid əmi?!. Amma bu dünyadakı qısa ömrünə sığdırdığın böyük həyat yolun həmişə var olacaq...

Rəşid əmim müstəsna təbiiliyi, nəzakəti, şuxluğu, təbii mədəniyyəti ilə insan adını, övlad adını ləyaqət səviyyəsinə qaldıran şəxsiyyət idi. Əhatəsinə hörmət hissi, hamıya xüsusi ehtiramla yanaşmaq, təmannasız xeyirxahlıq, mənəvi saflıq, ruhi zənginlik, gözütoxluq onun ən gözəl simasın, əsas insani məziyyətlərini təşkil edirdi. Vüqarlı - əzəmətli naturası, dərin zəkası, təfəkkür zənginliyi, alicənablığı ilə ailə üzvlərinin, qohum əqrəbalarının sevimlisi idi. O, misilsiz bəşəri keyfiyyətləri ilə ürəklərə asanlıqla yol tapırdı, doğmalarının ruhuna, mənəvi dünyasına hopurdu, onların zehninə gözəllikləri ilə həkk olunurdu. Öz zəhmətsevərliyi və uğurları ilə fərqlənən Rəşid əmimin uğurlarına hamımız ürəkdən sevinirdik, xüsusi qürur hissi keçirirdik. Onun zəngin və işıqlı zəkasını, çalışqanlığını heyranlıqla alqışlayırdıq. O, özünün fitri qabiliyyətini təsdiq etdikcə biz də onun bütün göstəriciləri ilə fəxr edirdik. Müvəffəqiyyətlər bu kamil insanın davranışlarına, sadəliyinə zərrə qədər də təsir göstərmirdi. Öyüncəklik, təkəbbür ümumiyyətlə onun xarakterinə yad idi. Sadəlik, mehribanlıq və səmimiyyət onun qanında – canında idi. O, öz emosiyalarını gizli saxlamağı bacarmırdı. Qəlbindəkilər dilinin ucunda idi. Bütün sözləri ürəkdən gəlirdi. Bütün hərəkətlərində o, iddiasızlıq, ucalıq və müdriklik nümunəsi idi. O, özünü sözün yaxşı mənasında gözə soxmağı ağlına belə gətir məzdi. Onun danışıq tərzində, intonasiyasında, sir sifətində, jestlərində heç bir sünilik yox idi. Bütün danışıqları, müraciətləri onun içindən, saf qəlbindən gəlirdi. Elm, ürfan, fəal ictimai xidmət üçün doğulmuş bu insanın parlaq zəkasının özəlliklərini, zəngin mənəviyyatının təkrarolunmazlığını sadalamaq, mahiyyətini olduğu kimi aşkarlamaq mümkün deyil. Alicənab təbiətli Rəşid əmim qısa ömrü boyu daha çox yaxşılıq etmək, daha çox savab qazanmaq arzuları ilə yaşadı. Onun varlığındakı bu gözəl, bu yüksək insani keyfiyyətlər çox güman ki, soykökündən, ata anasından, qandan candan gəlmə idi: gəldikcə gəlirdi, gətirdikcə daha da zənginləşirdi. Onun ağrısı ruh ağrısı, könül ağrısı, qəlb sızıltısı idi. Bu ağrı, bu sızıltı heç bir söz qəlbinə sığışmır. Bu sızıltıdan danışdıqca ağrı üstünə yeni ağrılar gəlir.

Tanrı ondan heç nəyi əsirgəməmişdi. Ağıllı, savadlı, xeyirxah, zəhmətkeş, alicənab, şəxsiyyətiyyət kimi, həyat eşqiylə dolu, yaşamağa, yaratmağa həvəsliydi, gələcəyə inamla baxırdı.Həqiqətləri deyə biləcək qədər cəsarətli, insanı sona kimi dinləyə biləcək qədər mədəni, anlaya biləcək qədər həssas idi. Elə bil, çöhrəsinə yazılmışdı daxili aləmi. Bəzən bəxtəvər uşaqlar kimi qayğısız, bəzən ahıllar kimi düşüncəli olurdu. Müsbət aurası vardı – onun olduğu yerdə adam özünü rahat hiss edirdi. Yüksək mədəniyyətə, etikaya malik, mehriban, diqqətcil idi. Daim öyrənməyə, irəliyə getməyə can atırdı. Çalışqan olduğundan passiv insanları qəbul edə bilmirdi. Sözünü deməyi bacarırdı, həyatdan nə istədiyini də bilirdi. Özünə məxsus jestləri ilə sevilir, həyatı və insanları sevirdi. O, yaxşıların yaxşılarından idi. ..Onun dünyasını dəyişməsinə bütün gənc, orta və yaşlı nəsil ziyalıları üzülmüşdü... Çünki Rəşid əmi özü gənc olsa da, həm yaşlı, həm də orta nəslin nümayəndələri ilə münasibət qurmağı, onlara hörmət saxlamağı bacarırdı. Böyüklə böyük, kiçiklə kiçik ola bilirdi... Onun böyüklüyü də məhz onda idi.

Yaxşı yadımdadır mən ilk dəfə 1990–cı ilin yazında qəbul imtahanlarına hazırlaşarkən Rəşid əmim mənə imtahandan bir neçə gün qabaq Bakıda onlara gəlməyimi tapşırmışdı. Mən onun dediyi vaxt onlarda idim. O, mənim riyazi biliyimi yoxladıqdan sonra, mənə öz xeyir – duasını verdi və müfəfəqiyyətlər arzuladı. Bundan başqa o, məni sanki bir psixoloq kimi hazırlayaraq, imtahan zamanı səbrli olmağı, həyacanlanmamağı və diqqətli olmağımı tövsiyyə etdi. Artıq mən onlardan ayrılanda özümdə daha çox güvən, inam hiss edirdim. Doğrudan da, Rəşid əmimin mənə verdiyi öyüd – nəsihətlər tələbə vaxtı və sonrakı həyatımda həmişə köməyimə çatdı. Ən maraqlısı da o idi ki, onunla təmas qurarkən nə istədiyimi, nə düşündüyümü soruşmadan bilərdi. Onun bu qayğıları, tövsiyyələri və mənəvi dəstəyi mənim yaddaşımda heç zaman silinməyəcəkdir. Bax əsl ziyalılıq və böyükluk budur.

Deyirlər, zaman dərdlərə dərman, yaralara məlhəmdi, qəm qüssəni unutdurur, ağrı acıları yüngülləşdirir. Bəzən isə zaman öz “xeyirxahlıq” missiyasından çıxaraq aldığının əvəzində heç nə vermir. Zaman onu da bizdən belə ayırdı – aman vermədən. Ölüm ona yaraşmadığını bilirdi. Öz qurbanının qürurlu olduğunu, ona asanlıqla boyun əyməyəcəyini də bilirdi. Ona görə də zamanla əlbir olub gəlmişdi. Yalnız onun özü məsum uşaq kimi taleyin bu amansız oyunundan, qansız ölümün böyür başında dolanmağından, zamanın xəyanətindən xəbərsiz idi. Ölüm xəbər ətərsiz “qəlbinə girərək” onu şah damarından vurdu, saf qəlbi isə bu qəfil zərbəyə tab gətirə bilmədi. Heyif ki, həyatımızdan ömrünün cavan çağında baharı xəzan olan bir insan da köçdü. Sıradan biri deyil, sevdiyimiz, dəyər verdiyimiz, yoxluğundan sarsıldığımız biri... Qəfil gedişi ilə qəlbimizdə ağır bir itkinin izini qoyan, bəlkə heç vaxt unuda bilməyəcəyimiz biri ... Haqqında söz açarkən nəyisə keçmişdə olduğu kimi danışa bilmədiyimiz, hər an varlığını, aramızda olduğunu hiss etdiyimiz biri... Şux qaməti, yaraşıqlı boy buxunu, işıqlı siması, şaqraq gülüşləri ilə yaddaşlara həkk olunmuş bu insan sanki özünü sevdirmək üçün gəlmişdi bu dünyaya...

Dünyanın qəribə işləri də var, həyatda insanın aciz olduğu məqamlar da... Belə məqamlarda insanın əlindən heç nə gəlmir. İnsanın heç nəyə gücü çatmır. İndi ölüm çox cavanlaşıb, adiləşib. Ehtiyatsızlıq, səhlənkarlıq, məsuliyyətsizlik üzündən hər an neçə neçə insan həyata vida deyir. Sağlılıqlarına da laqeydləşiblər insanlar indi. Hər şey o qədər önə keçib ki, “ağrımağa” da vaxt tapılmır. Qəfil gələn kəmfürsət ölüm isə gizli gizli yol gəlir bizə doğru, istədiyi vaxtda, istədiyi yerdə və istədiyi yaşda haqlayır insanı. Elə ölüm var ki, hər kəsi yandırır. Məhz Rəşid əminin ölümü kimi.... Çox heyif, min heyif ki, əcəl aman vermədi...

Rəşid əmi haqqında, onun mənalı, amma qısa həyat yolu haqqında çox yazmaq olar. Amma nə qədər yazsaq da, nə yazıq ki, onların heç biri onu bircə anlıq da olsun geri qaytarmaq gücündə olmayacaq. Ona görə də, onun ömrünün belə qısa olmağını böyük Yaradanın təqdiri kimi qəbul etməkdən başqa çarəmiz qalmır. Sonda qeyd etmək istəyirəm ki, bir çoxlarının heç vaxt bacarmadıqlarını, Rəşid əmi yaşadığı 54 illik qısa ancaq şərəfli, mənalı, faydalı bir ömür yolunda edə bildi. Ancaq hələ onun vətəninə, doğmalarına, ailəsinə, dostlarına edə biləcəyi çox şeylər vardı. Rəşid əmi bu dünyadan köç edib getdi, ancaq geridə bitib – tükənməyən arzuları, gözü yaşlı anası, yoldaşı, doğmaları və bir də cüt övladı qaldı.

Allah sənin o dünyanı versin, anana, əzizlərinə və ailənə isə səbr versin, ruhun şad olsun Rəşid əmi!..

Çingiz Qasımov,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: