Çingiz Qənizadə: İnsanlara xidmət və qayğı dövlət qulluqçusunun əsas vəzifəsidir

Çingiz Qənizadə: İnsanlara xidmət və qayğı dövlət qulluqçusunun əsas vəzifəsidir Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, sivil, hüquqi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atıldı. Ölkəmizin beynəlxalq aləmə inteqrasiyası prioritet vəzifələrdən biri oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesi daha da sürətləndirildi. Həmin dövrdə geniş miqyas almış islahatlar özünü bütün sahələrdə büruzə verirdi. İslahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, elektron hökumətin qurulması, insan hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarət idi. Bu islahatların ən bariz nümunəsi dövlət qulluğunda səmərəliliyin artırılması, eyni zamanda, dövlət qulluqçularının hüquqi statusunun müəyyən olunması məqsədilə 2000-ci il 21 iyul tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Hüquq müdafiəçisi Azərbaycanda dövlət qulluğu sahəsində qəbul olunmuş ilk qanunun çox böyük əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, qanunun qəbulu ilə respublikamızda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşmasının əsası qoyulub. Həmçinin kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilib. Qanunda dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarına aydınlıq gətirilib, dövlət qulluğunun prinsipləri, habelə dövlət qulluqçularının hüquq və vəzifələri öz əksini tapıb. Bundan sonra dünya təcrübəsində qəbul edilmiş dövlət idarəetmə sistemlərinə və yeni çağırışlara uyğun olaraq ölkəmizdə milli dövlət quruculuğu istiqamətində islahatlar uğurla davam etdirilib.

Azərbaycanda demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsindən, ölkəmizin beynəlxalq aləmə inteqrasiyasından, iqtisadiyyatın dinamik inkişafından və hüquqi dövlət quruculuğu istiqamətində atılan qətiyyətli addımlardan söhbət açan komitə sədri deyib ki, bütün bunların növbəti dövrlərdə qanunvericilik aktlarının, o cümlədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun daha da təkmilləşdirilməsi zərurətini yaradıb: “2001-ci ildən başlayaraq, müntəzəm olaraq qanuna bir sıra əlavələr və dəyişikliklər edilərək dövlət qulluğu sahəsində dünya təcrübəsi nəzərə alınaraq bir çox normativ-hüquqi aktlar qəbul olunub və bu istiqamətdə zəngin hüquqi baza yaradılıb. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bu sənədlərin hər birində dövlət qulluqçularının vətəndaşlara münasibəti, dövlət və cəmiyyət qarşısında məsuliyyətinin artırılması əsas yer tutur. Beləliklə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən 22 il ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılıb, həyata keçirilmiş islahatlar nəticəsində ölkədə dövlət qulluqçularının peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılıb”.

Ç.Qənizadə diqqətə çatdırıb ki, dövlət qulluğunun rolunu və BMT-nin Baş Assambleyası tərəfindən iyunun 23-ü BMT-nin Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur: “Ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı da həmişə diqqəti cəlb edən məsələlərdən olub. Yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə əlaqədar dövlət qulluqçularının sayının artması müşahidə olunub”.

Hüquq müdafiəçisi hazırda dövlət qulluğunda və qulluqçularının fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlandığını deyib. O vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistan üzərindəki tarixi Qələbəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Həmin reallıqlardan biri də işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə formasının tətbiqidir: “Həmin ərazilərdə dövlətimizin başçısının 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Bununla, Azərbaycanda dövlət idarəçiliyi sahəsində yeni bir idarəetmə formasının tətbiqini nəzərdə tutan mərhələnin əsası qoyulub. Bu idarəetmə formasının da əsasını dövlət qulluğu təşkil edir. Bu da özlüyündə dövlət qulluğu və dövlət qulluqçusunun keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir”.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: