GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASININ İLK ALİ QANUNVERİCİ ORQANI: GÜRCÜSTAN MİLLİ ŞURASI VƏ ONUN AZƏRBAYCANLI ÜZVLƏRİ Ədəbi əlaqələr, Tiflis, Tarix 25 Mayıs Gürcüstan Demokratik Respublikası-1001917-ci ildə Çar Rusiyasında baş verən siyasi təlatümlər, tarixi mənbələrə Birinci Rus İnqilabı adı altında keçən Fevral burjua-demokratik inqilabı, daha sonra Oktyabr çevrilişi kolonial sistemin çökdürülməsində yeni perspektivlər yaradır və imperiya əsarətində yaşayan xalqların milli-azadlıq hərəkatının genişlənməsinə yol açır. Ölkədaxili bölgələrdən Cənubi Qafqazda, o cümlədən Gürcüstanda mərkəzdənqaçma meyllərinin gücləndiyi yeni siyasi şərait formalaşır. Bir çox partiya və təşkilatlar, ictimai hərəkatlar milli dövlətçilik ideyası ətrafında birləşərək tarixin səhnəsinə vahid siyasi qüvvə şəklində çıxırlar. Belə qüvvələrdən biri də 1917-ci ilin 19-22 noyabr tarixlərində Tiflisdə Gürcüstanın siyasi partiyalarının, fəhlə şuralarının, şəhər özünüidarəetməsinin, təhsil-mədəniyyət və maliyyə-ticarət müəssisələrinin, etnik azlıqlarının və cəmiyyətin digər seçilmiş üzvlərinin iştirakı ilə çağırılmış milli qurultayda seçilmiş Milli Şura idi. Gürcüstan Milli Şurası (GMŞ) ilk başda 60 nəfərdən təşkil olunmuşdu və onların əksəri siyasi partiyaların təmsilçiləri idilər. Şuraya sosial-demokratların lideri Noe Jordaniya rəhbərlik edirdi.GMŞ-nin yaranması ilə onun timsalında Gürcüstanın azadlığı uğrunda mücadilə aparan aparıcı siyasi güc formalaşmış olur. Bu ölkənin - Gürcüstan Demokratik Respublikasının (GDR) dövlət müstəqilliyi də 26 may 1918-ci ildə məhz Milli Şura tərəfindən elan olunur.Gürcüstan Milli Şurası GDR-in ilk ali qanunverici orqanı olur və parlament funksiyasını yerinə yetirir. Həmin dövrdə Milli Şuranın üzvlərinin sayı təşkil olunduğu ilk günlə müqayisədə iki dəfədən çox artmışdı. Buna rəğmən milli azlıqlar GMŞ-də ümumölkə əhalisinə nisbətdə tutduqları mövqeyə uyğun olmayaraq cüzi sayda təmsil olunmuşdular. Bu amil, eləcə də GDR-in müstəqillik aktında milli azlıqların hüquqları ilə bağlı ayrıca bəndlərin yer alması GMŞ-nin tərkibinin etnik azlıqlar hesabına genişlədilməsi zərurətini meydana çıxarırdı. Bununla bağlı müvafiq qərar GMŞ-nin müstəqillikdən sonrakı 29 may 1918-ci il tarixli ilk iclasında da qəbul olunmuşdu. Fəqət onun icrası Gürcüstan vətəndaşlığı haqqında Qanun qəbul olunana qədər təxirə salınmışdı.Gürcüstan Milli Şurasının 6 sentyabr 1918-ci il tarixli 36-cı iclasında sosialist-federalistlərin nümayəndəsi Şalva Mikeladze çıxış edərək, artıq vətəndaşlıq haqqında Qanun qəbul olunduğu üçün Gürcüstanın müstəqilliyinin ilk günündən aktual olan Milli Şuraya milli azlıqların nümayəndələrinin seçilməsi məsələsində əngəl qalmadığını bildirir və bu məqsədlə hazırlanmış qanun layihəsini təqdim edir. Gürcüstanda təqribən 80 min azərbaycanlının, 200 mindən bir az çox erməninin, 60 min abxazın, 45-50 min osetinin, 45-50 min rusun, 21 min yunanın, 8 min almanın, 40 min gürcü yəhudisinin və 7 min digər yəhudinin yaşadığını açıqlayan Ş.Mikeladze bu rəqəmlərə uyğun olaraq təxminən 20 min nəfərə 1 yer olmaqla Milli Şurada ermənilərə - 10, azərbaycanlılara - 4, abxazlara - 3, osetin, gürcü yəhudisi və rus icmalarının hərəsinə 2, yunan, digər yəhudi və alman icmalarının hərəsi üçün 1 yer (ümumilikdə 26 yer) kvota ayrılmasını təklif edir. Ş.Mikeladzenin təqdim etdiyi qanun layihəsində qeyd olunurdu ki, milli azlıqların nümayəndələri GMŞ-yə Gürcüstan vətəndaşları tərəfindən seçilmiş və Gürcüstan ərazisi çərçivəsində fəaliyyət göstərən öz milli şuralarından dəvət olunmalı idilər.Layihəyə belə bir qeyd də əlavə olunmuşdu: Öz milli şuraları olmayan xalqları GMŞ-də onların Gürcüstanın müxtəlif demokratik təsisatlarına seçilmiş nümayəndələri təmsil edə bilərlər.Təqdim olunan qanun layihəsi gərgin müzakirələrdən sonra 13 sentyabr 1918-ci ildə qəbul olunur və ona uyğun olaraq azərbaycanlılar Gürcüstan Milli Şurasında aşağıdadkı 4 nəfərlə təmsil olunmaq hüququnu qazanırlar: 1. Əbdürrəhim bəy Əsəd oğlu Haqverdiyev (görkəmli Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, diplomat, Gürcüstan Müsəlmanları Milli Şurasının sədri); 2. Əbdüləziz Şərifov – Əziz Qurbanəli oğlu Şərifzadə - Əziz Şərif (ədəbiyyatşünas-alim, tənqidçi, tərcüməçi); 3. Mirzə Hüseyn Həsənzadə İrəvani (Tiflis şəhər 2-ci Xarpux tatar (Azərbaycan) ibtidai məktəbinin və 1 saylı Puşkin şəhər məktəbinin müəllimi, 1912-ci ildə Tiflisdə “Kultura” mətbəəsində nəşr olunmuş “Tamhüquqlu tatar əlifbası” kitabının müəllifi);4. Əliheydər Ağakərim oğlu Qarayev (sol radikal sosialistlərin liderlərindən biri, bolşevik ideyalarının təbliğatçısı).GMŞ-nin yuxarıda adları çəkilən üzvlərindən heç biri əslən Gürcüstan türklərindən olmasalar da, hansısa şəkildə Tiflis və ya Borçalı ictimai-siyasi və ədəbi-ziyalı mühiti ilə bağlılıqları var idi.Gürcüstan Milli Şurasının 1918-ci il 4 oktyabr tarixli 44-cü iclasında şuranın adının dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılır. Sosial-demokrat fraksiyası GMŞ-nin Gürcüstan Parlamenti, sosialist-inqilabçıların fraksiyası – Gürcüstan Xalq Şurası, sosial-federalistlərin fraksiyası – Gürcüstan Respublikasının Şurası adlandırılmasını təklif edirlər. Səsvermədə səs çoxluğu ilə sosial-demokratların təklifi qəbul olunur və GMŞ Gürcüstan Parlamenti adlanır.15 oktyabr 1918-ci ildə parlamentdə “Dövlət dili haqqında” Qanun qəbul edilir. Bu qanuna görə gürcü dili dövlət dili elan olunurdu, milli azlıqların dövlət müəssisələrində öz ana dillərindən istifadə qaydaları isə ayrıca qəbul olunacaq qanunla tənzim olunmalı idi. Milli azlıqların parlament təmsilçilərinə öz ana dillərində çıxış etmək və ərizə ilə müraciət etmək hüququ verilsə də, onlar yaranmış ənənəyə uyğun olaraq öz nitqlərini rus dilində söyləyirdilər. Parlamentin 15 oktyabr tarixli iclasında sədr Ekvtime Takaişvilidən söz istəyən Ə.Şərifov gürcü dilini sərbəst bilmədiyinə görə üzr istəyərək həm özünün, həm də müsəlman yoldaşlarının çıxışları zamanı parlamentin bütün üzvlərinin başa düşdüyü rus dilindən istifadə etməli olacaqlarını qeyd edir və müsəlman deputatların adından aşağıdakı bəyanatı səsləndirir: “Biz, sizin mühitinizə daxil olan Gürcüstan müsəlmanlarının nümayəndələri ümid edirik ki, xalqımızın psixologiyasını və istəklərini bilməklə müsəlmanlara aid olan məsələlərdə sizin çətin işinizi asanlaşdıra bilərik. Bizim xalqların dostluğu və qardaşlığı haqqında danışmağı artıq hesab edirik, çünki onların bir-birinə münasibəti hamıya yaxşı bəllidir.Yalnız xarici qüvvələrin deyil, həmçinin, öz aralarından çıxmış xalq düşmənlərinin zərbələrini üzərində hiss edən müsəlman demokratiyası indi dərindən nəfəs alacaq, azadlığın gözəlliyini və dinc əməyi hiss edəcək və onda, inanın, onu müstəqil Gürcüstandan aralaya biləcək elə bir güc olmayacaq (Alqışlar). Bizə azadlıq bəxş edən böyük rus inqilabı ağır, az qala ölümcül böhran dövrünü yaşayır və onun nailiyyətlərinin – azadlıq və bərabərliyin saxlandığı, dostluğun, birliyin mövcud olduğu bir guşə varsa – bu, kiçik Gürcüstandır (Alqışlar). Biz, Gürcüstan müsəlmanlarının nümayəndələri bu nailiyyətləri bütün mümkün qüvvələrimizlə möhkəmləndirəcəyik və istər xarici, istərsə də daxili düşmənlərdən qoruyacağıq.Və bilin, bu gənc dövləti hansı sınaqların gözləməsindən və hansı təhlükələrin təhdid etməsindən asılı olmayaraq, biz cəsarətlə, davamlı olaraq sizinlə çiyin-çiyinə addımlayacağıq və həm sevincinizi, həm də gələcəkdə mümkün kədərinizi qardaşcasına bölüşəcəyik (Alqışlar). Gürcüstan parlamentinin üzvü olan vətəndaşlar, sizi salamlayaraq, sizin simanızda azadlıqsevər gürcü xalqına atəşin salamlar və səmimi arzularımı göndərirəm”.Ə.Şərifov bu çıxışına başlayarkən onun rus dilində olmasına etiraz əlaməti olaraq milli-demokratlar nümayişkaranə şəkildə zalı tərk etmişdilər.GDR parlamentində milli azlıqların nümayəndələrinin dövlət dilini bilmək məcburiyyəti və öhdəliyi olmasa da, müsəlman deputatlardan Əliheydər Qarayev seçilməsindən təqribən 1 ay sonra gürcü dilini bilməməsini əsas gətirərək parlament rəhbərliyinə istefa ərizəsi ilə müraciət edir. Ə. Qarayevin ərizəsi Parlamentin 5 noyabr 1918-ci il tarixli iclasında dinlənilir və qəbul olunur. Bundan sonra Gürcüstan müsəlmanları parlamentdə 3 nəfərlə (Ə.Haqverdiyev, Ə.Şərifov, M.H.Həsənzadə) təmsil olunurlar. Parlament iclaslarının stenoqram yazılarına əsasən deyə bilərik ki, Ə.Haqverdiyev və Ə.Şərifov müəyyən məsələlərə dair müzakirələrdə öz fikirlərini ifadə etməkdən çəkinmirlər. Onlardan fərqli olaraq Mirzə Hüseyn Həsənzadənin heç bir fəallığına rast gəlinmir.Stenoqrafik hesabatlardan bəlli olur ki, parlamentin 29 noyabr iclasında Ə.Haqverdiyev çıxış edərək xalq təmsilçilərinin diqqətini Borçalı qəzasında və ümumiyyətlə müsəlmanlar yaşayan bölgələrdə təhsilsizliklə, savadsızlıqla bağlı vəziyyətə yönəldir. O, Tiflisdə də cəmi bir müsəlman məktəbinin fəaliyyət göstərdiyini, onun da maddi çatışmazlıq ucbatından bağlanmaq üzrə olduğunu bildirərək, parlamentdən yaranmış vəziyyətlə bağlı müvafiq addımlar atılmasını xahiş edir. “Saxalxo sakme” qəzeti hümmətçi Ə.Haqvedriyevin sözügedən çıxışında hökuməti müsəlman bölgələrinə diqqət yetirməməkdə günahlandırdığını yazırdı.1918-ci ilin dekabr ayında Ermənistanın Gürcüstanın ərazi bütövlüyünə təcavüzü və Borçalı qəzasında aktiv hərbi əməliyyatlara başlaması Gürcüstan parlamentində bu mövzuda geniş müzakirələrin aparılmasına yol açır. Həmin müzakirələrə müsəlman deputatlar da qatılaraq təmsilçisi olduqları toplumun digər tarixi dövrlərdə olduğu kimi, indi də əsl vətəndaşlıq mövqeyi sərgilədiklərini açıq şəkildə ifadə edirlər. Parlamentin 17 dekabr 1918-ci il tarixli iclasında Əbdürrəhim bəy Haqverdiyev Gürcüstan müsəlmanları adından çıxış edərək deyir:“Vətəndaşlar! Parlament üzvləri!Bu tarixi anda mən Gürcüstan Respublikasının müsəlman vətəndaşları adından çıxış edirəm. Böyük Avropa müharibəsi (Birinci Dünya müharibəsi – F.V.-H.) sona yetdi. Biz əmin idik ki, bu dəqiqələrdən sonra insanlar, xüsusilə də Cənubi Qafqazda yaşayan insanlar qarşılıqlı mehriban şəraitdə yaşamağa başlayacaqlar. Ancaq bizim gözləntilər özünü doğrultmadı. Qonşu respublika müharibə elan etdi. İndi bu müharibə üçün heç bir səbəb yox idi. Gürcülərlə ermənilər arasında mövcud olan bütün bu məsələləri sülh konfransı yolu ilə həll etmək olardı. Bizim hökumət mübahisəli məsələlərin nizamlanması üçün, bugün çap olunmuş depeşalardan da göründüyü kimi, çıxış yolları axtarırdı. Amma bir erməni partiyası (“Daşnaksutyun” nəzərdə tutulur – F.V.-H.) sırf eqoist səbəblər ucbatından bu atəşin alovlanmasına cəhd göstərdi. Mən istəyirəm deyəm ki, 1905-ci il atəşinin (1905-1906-cı illər türk-erməni toqquşmaları nəzərdə tutulur – F.V-H.) üçüncü tərəfin əli ilə yaxıldığına əmin idim, ancaq indi buna bir az şübhəm var (Qabaşvili: biz onda da şübhələnirdik).Biz parlamentə daxil olanda bəyanatımızda bəyan etdik ki, Gürcüstan müsəlmanları öz vətənlərini, düşmənin kim olmasından asılı olmayaraq, hər kəsdən bütün mümkün vasitələrlə qoruyacaqlar və indi də, sözdən əmələ keçmək lazım olan bir vaxtda da bunu bəyan edirik, təntənəli şəkildə təkrar edirik (alqışlar). 18-ci əsrin sonlarında mərhəmətsiz Ağa Məhəmməd xanın qoşunları Şuşa qalasını mühasirəyə alanda, şahzadə Aleksandr İrakli oğlunun başçılığı altında Gürcüstan ordusu Qarabağ xanı İbrahmi xilas etmək üçün yürüş etdi (Veşapeli: Sizin yaxşı yaddaşınız var imiş!). Bundan sonra İran şahı gürcülərə acıqlananda və öz qoşunlarını onların üzərinə yönəldəndə onda biz müsəlmanlar, Borçalı qəzasının müsəlmanları Gürcüstan qoşunlarının səflərində yer aldılar və öz dindaşlarına qarşı çıxdılar (Vaçnadze: Yaşasın Borçalı!). Bütün bunlar Borçalı qəzasının müsəlmanlarının yaddaşında bugünədək canlanır.İndi müsəlman dəstəsi yaranıbdır və onlar Gürcüstanın düşmənləri əleyhinə vuruşurlar (Alqışlar). Onlar yalnız Gürcüstanın deyil, bütün Cənubi Qafqazın müstəqilliyinə qarşı müharibə elan ediblər və müstəqilliyə dəyər verən hər kəs onu bütün vasitələrlə qorumalıdır. Müsəlmanlar bunu başa düşür və onlar Gürcüstan və Cənubi Qafqazın müstəqilliyini ayaqlar altına atmağa köklənənlərə qarşı sevinclə mübarizə aparırlar (Səslər: Doğrudur). Mən inanıram, Gürcüstanın digər hissələrinin müsəlmanları: Siqnax, Telav, Axalsıx və digər qəzalarının müsəlmanları Borçalı müsəlmanları kimi davranacaqlar və bütün vasitələrlə onlar da öz vətənlərinin tərəfini tutacaqlar.Və yenə də bəyan edirəm, parlamentə daxil olanda olduğu kimi, böyük məmnunluq hissi ilə bəyan edirəm: - Yaşasın Gürcüstan! (Alqışlar)”.Parlamentin 19 fevral 1919-cu il tarixli iclasında Axalsıx qəzasında baş vermiş üsyan müzakirə olunur. Deputatlardan P.Sağvarelidze öz nitqində Axalsıxda baş verən hadisələrdə yerli müsəlman əhalinin deyil, xarici qüvvələrin və bəylərin əli olduğunu söyləyir. O, yerli müsəlmanların bir hissəsinin gürcü ordusunun tərəfində döyüşdüyünü xatırladaraq, sözlərinə qüvvət kimi, bir müsəlman süvari dəstəsinin Borjomda gürcü ordu birlikləri ilə bir yerdə olduğunu vurğulayır. N.Xomeriki də eyni mövqedən çıxış edib Axalsıx döyüşlərində gürcü ordusu ilə çiyin-çiyinə 250 yerli müsəlmanın son damla qanlarına qədər döyüşdüyünü, şəhəri də ən axırda elə onların tərk etdiyini deyir. Aparılan müzakirələrdə müsəlmanların nümayəndəsi Ə.Şərifov adları çəkilən həmkarlarının sözlərini dəstəkləyir və baş verən hadisələrin günahını feodallarda görür: “Axalsıx hadisələrində günahı feodal ünsürlərdə görürük. Onlar həmişə bizim düşmənlərimiz olubdurlar. Ölkəni təhlükədən qorumaq üçün onlara qarşı şiddətli mübarizə aparmaq zəruridir”. 1919-cu ilin 14-17 fevral tarixlərində ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində Gürcüstan Milli Şurasının transformasiyası əsasında yaranmış parlament fəaliyyətini dayandırır və ali qanunvericilik səlahiyyətini Gürcüstan Müəssislər Məclisinə ötürür.Milli Şuranın üzvləri, o cümlədən – Əbdürrəhim bəy Haqverdiyev, Əbdüləziz Şərifov (Əziz Şərif) və Mirzə Hüseyn Həsənzadə Gürcüstan Demokratik Respublikasının Müəssislər Məclisinə və yerli özünüidarəetmə orqanlarına (Tiflis şəhəri və Borçalı qəzası üzrə) seçkilərdə fəallıq göstərirlər.Fəxri VALEHOĞLU-HACILAR,tarix elmləri doktoru,Azərbaycan Respublikasının GürcüstandakıSəfirliyinin birinci katibiZim.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.