“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - II MƏQALƏ

“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - II MƏQALƏ “Türkləşmək, müasirləşmək, islamlaşmaq”
üçlü düsturu kimindir?

ÖNCƏ MÜASİRLƏŞMƏK... II MƏQALƏ

Bədirxan ƏHMƏDOV,
filologiya elmləri doktoru, professor


Triadanın formalaşmasının ilkin mərhələsində (“türkləşmək, islamlaşmaq, avropalaşmaq”) sonda yer alan avropalaşmaq ən sonrakı prosesdə müasirləşmək adı ilə ikinci yerdə qərarlaşıb. Onun üçüncü yerdən bir addım irəliləyərək ikinci yerdə qərarlaşması, hər şeydən əvvəl, üçlü düsturun yeni həyat və mahiyyət qazanmasından irəli gəlib.

Bəri başdan deyək ki, üçlü düsturun bu yeni mahiyyəti (digər prinsiplər haqda sonra!) M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu isə formulun sistem dəyişikliyinə uğraması və yeni bir formulun ortaya çıxması deməkdir.

Maraqlıdır ki, əvvəlcə Avropaya inteqrasiya adı ilə yola çıxan, sonra isə avropalaşmaq-yeniləşmək-müasirləşmək mərhələlərindən keçən bu təməl prinsip “həmkar”larından yaşca da böyükdür. Yəni əslində müasirləşmək zərurəti türkləşmək, islamlaşmaqdan bir qədər əvvəl meydana gəlib. Başqa sözlə, cəmiyyət avropalaşma-yeniləşmə-müasirləşmədən keçdikdən sonra milli özünüdərk prosesi dövriyyəyə girmiş və milli şüurun formalaşmasında ümmətçilikdən millətçiliyə keçid prosesi baş verib. Buna görə də triadanın müasirləşmək komponenti ilə uzun bir yola çıxdığını söyləmək mümkündür. Əlbəttə, ilkin mərhələdə Qərb həyat tərzinə, elmi və ictimai fikrinə meyl getdikcə Qərbi yamsılama, daha sonra isə avropalaşma prosesilə davam etdi. Avropalaşma özü olmasa da onun məzmununu ehtiva edən sözlər, ideya və maarifçi hərəkat kimi XIX yüzilin ortalarından yeni bir vüsət almağa başladı. Triadanın formalaşmasında zaman və sistem baxımından Ə.Hüseynzadənin ortada olduğunu nəzərə almış olsaq, ona qədər triadanın bu prinsipi yarım əsrdən çox yol gəlmişdir. Bu yolda müasirləşmənin əsas ideya müəllifləri M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, H.Zərdabi, M.Topçubaşov, Ə.Ağayev və başqalarının əsərlərində, məqalələrində işlənmişdir.

Eyni zamanda ideya olaraq Avropaya inteqrasiya, Avropaya meyllilik, Avropa idarəetmə və inkişaf sisteminin təhlili də baş vermişdir ki, Şərq fikir adamları bu yolla bu dəyərlərə sahib olmağa çalışırdılar.

Özünün ilk mərhələsində qərbləşmə, avropalaşma terminləri işlənməsə də, ideya kimi Şərq düşüncə sisteminə Avropaya inteqrasiya məsələləri gündəmdə olmuşdur. Özü də bu proses yalnız Rusiya və onun Azərbaycan kimi əyalətlərində deyil, həm də Osmanlı, Yaponiya kimi ölkələrdə də getmişdir. A.Bakıxanov Qərb mədəniyyətini müsəlmanlar üçün ideal bir mədəniyyət hesab etməsə də, ümumən yeniləşmə tərəfdarı idi. Şübhəsiz, bu yolda ilk cığıraçan M.F.Axundzadə olmuşdur; o, Avropaya inteqrasiyanı maarifçilik hərəkatının əsas prinsipi kimi nəzəri cəhətdən işləyib hazırlamaqla kifayətlənməmiş, həm də özünün yaradıcılığında bu modernləşməni tətbiq etmişdir. Qərbsayağı formalardan istifadə etməklə M.F.Axundzadə Avropalaşma-vesternizasiyanın əsasını qoymuş oldu. Qərb ədəbi formalarından istifadə edərək türk dilində ilk dəfə dramlar (komediyalar), hekayə və tənqidlər yazması ilə Avropaya inteqrasiya konsepsiyasının üç prinsipindən birinin təməli atıldı. “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasında Şərq-Qərb qarşılaşdırması və qarşıdurmasının modeli də avropalaşmaqdan keçirdi. “Aldanmış kəvakib” hekayəsinin leytmotivində isə Şərq-Qərb idarəedilməsinin praktik nəticələri ortaya çıxır. Yeni əlifba layihəsinin irəli sürülməsi və ömrünün sonunadək onun həyata keçirmək istəyi də cəmiyyəti müasirləşdirməyə hesablanmışdı. Qərbləşmə-Avropalaşma-yeniləşmə meyli getdikcə ədəbi formalar çərçivəsini aşaraq daha geniş bir məkana mədəniyyət və ictimai sferaya daxil olmağa başladı.

M.F.Axundzadə milli kulturoloji oyanışın əsasını qoymaqla problemi ədəbi, ictimai, siyasi fikir arenasına daxil edir, maarifçi və realist düşüncədən çıxış edərək avropasayağı formalardan istifadə etməklə milli mədəniyyətin təşəkkülünü Qərb mədəniyyətilə qovuşuqda görürdü. Bədii düşüncədəki forma və məzmun baxımından qərbləşmə ictimai həyatın digər sahələrinə də öz təsirini göstərməyə bilməzdi. Realist dramaturgiya və milli nəsr, tənqidi məqalələr, əlifba layihəsi və s. bütün bunlar milli etnik düşüncəni yeni formalarda ifadə etmək məqsədi daşıyırdı. Buna adekvat olaraq həm cəmiyyətin, həm də ədəbi, bədii, ictimai fikrin inteqrasiya prosesləri də rəvac verirdi. Klassik romantik-didaktik Şərq monoloqundan realist Qərb dialoquna keçid tarixin labüd tələblərindən kimi müsəlman dünyasının qarşısında duran əsas problemlərdən idi. Millətin fikri, zehni düşüncəsinin inkişafı üçün, hər şeydən əvvəl, realist dialoqun aparılması, bir-birini inkar edəcək səviyyədə müzakirələrin olması vacibliyini doğururdu. Belə bir dialoq məhz M.F.Axundzadə-Füzuli, “Axundzadə-Axundzadə” (Şərq və Qərb kontekstində- “Kəmalüddövlə məktubları”!) aparılır. Artıq “Kəmalüddövlə məktubları”nda belə bir dialoqun (Qərb-Şərq) modelini yaradan Vorontsovun “tatar Molyeri” adlandırdığı M.F.Axundzadə Cəlalüddövlə ilə Kəmalüddövlənin məktublarında Şərq-Qərb diskursu vasitəsilə ictimai, siyasi düşüncəni bir qədər də irəli aparır. Yazıçı, komedioqraf, publisist, filosof, tənqidçi bu əsərində ictimai-siyasi dialoqun Şərq nümunəsini yaradır. Komediyalarındakı satira və yumoru fəlsəfi traktatda ictimai tənqid, dövriyyəyə gətirdiyi elmi, siyasi terminlər, demokratik cəmiyyət düşüncələri, eləcə də siyasi idarəetmə ilə bağlı fikirləri yer alır: “Bu üsula “kritika” deyərlər. Fikir azadlığı olduqda kritikanın faydası o olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fikir və rəylərin toqquşmasından haqq yerini tutacaq və mədəniyyət aləmində tərəqqiyyat zühur edəcəkdir” (M.F.Axundzadə. Əsərləri. B., 2005, s. 207).

M.F.Axundzadənin müasirləşmə-avropalaşma-yeniləşmə konsepsiyası heç də bütün həmvətənləri tərəfindən düzgün başa düşülmür, müxtəlif (daha doğrusu yenilikçi!) fikirlərinə görə ittihamlara məruz qalır, hətta dövlətin və dinin düşməni də adlandırırdılar. Baxmayaraq ki. M.F.Axundzadə: “...mən din və dövlətin düşməni deyiləm. Mən xalqını sevən, bu yolda özünü qurban verməyə hazır olan bir insanam” (M.F.Axundov. Əsərləri. 3 cilddə, III c., B., Elm, 1988)-deyirdi, ancaq yaradıcılığının müxtəlif mərhələlərində maarifçi realizm, realizm, bəzi hallarda tənqidi realizm üsulu ilə dini tənqid etməkdən də çəkinmirdi. M.F.Axundzadənin özünün milli tərəqqi konsepsiyası mövcud idi ki, bu konsepsiyanın canında üç təməl prinsipdən birini -qərbləşmə, avropalaşma təşkil edirdi.

M.F.Axundzadənin türk müasiri Əli Süavi və tənzimatçıların da yaradıcılığında qərbləşmə meyilləri aparıcı xətlərdəndir. Ümumiyyətlə, XIX yüzilin ortalarından başlayaraq Osmanlıda da modernləşmə prosesi start götürmüş, mədəniyyətin və ictimai fikrin bir çox sahələrində qərbləşmə meylləri yeni düşüncənin formalaşmasında müəyyən rol oynamışdır. XIX yüzilin əvvəllərindən başlayaraq Osmanlı dövlət adamları torpaq itirilməsini önləmək üçün Avropa dövlətlərindəki yeniliklərə maraq göstərmişlər. Hətta Avropanın müxtəlif mərkəzlərinə Osmanlı dövlət adamlarından ibarət heyətlər göndərilmiş, orada görüşlər keçirilmiş, aparılan araşdırmaların nəticələri ölkədə də təhlil edilmişdir (B.Çelik. Osmanlı modernləşməsi sürəcində Osmanlı aydınları və alfabe məsələsi. “80 yılında Türk harf inkilabı ve alfabe meselesi” Uluslarası simpoziumu. İ., 2009, s. 10).

XIX əsrin ikinci yarısından etibarən Osmanlıda siyasi, iqtisadi, mədəni, elmi sahələrdə olan gəlişmədə qərbləşmənin, modernləşmənin rolu böyük olmuşdur. Agah Əfəndi, İbrahim Şinasi, Əli Süavi, Namik Kamal, Ziya Paşa, Münif Paşa və başqa aydınların öncüllüyü ilə qəzetlər çıxmış, burada dərc edilən məqalələrdə cəmiyyəti modernləşməyə aparan fikirlər, islahatlar irəli sürülmüşdür. Bu fikirlərə həm Türkiyədə, həm də Avropa ölkələrində çıxan türk qəzetlərində tez-tez rast gəlmək olurdu. XIX yüzilin 30-cu illərindən başlayaraq türk aydınları dünyanın dəyişimini hiss edərək vəziyyətdən çıxış yolunu Avropa həyat tərzində (avropalaşmaq sözü işlənməsə də!) görürdü. Onlar düşünürdü ki, Avropanı təqlid etməsələr, ölkə məhvə doğru gedəcək. Ona görə də cəmiyyəti bu istiqamətdə hazırlamağa çalışırdılar. Hətta gənc türklərin meydana çıxmasından xeyli əvvəl Xəlil Paşanın “Rusiyadan dönürdüm. Bu dönüşümdə belə bir qəti qənaətə gəldim ki, əgər Avropanı təqlidə israr etməsək, bizim üçün Asiyaya dönməkdən başqa çarəmiz qalmayacaq” fikri bunu deməyə əsas verir ki, avropalaşmağı ilk dönəmdə təqliddə görənlər də var idi. Bir qədər sonra isə M.F.Axundzadə təqlidin qəti əleyhinə çıxaraq yazırdı: “Biz artıq təqliddən təngə gəlmişik. Təqlid bizim evimizi yıxmışdır. İndi-indi bu qərara gəlmişik ki, təqlid boyunduruğunu boynumuzdan ataraq qaranlıqdan işıqlığa çıxaq, azad və sərbəst fikirli yaşayaq” (M.F.Axundzadə. Əsərləri. III c., B., 2005, s. 231).

Əli Süavi (1839-1879) Parisdə nəşr etdiyi “Ulüm” qəzetində əlifba islahatını önə çəkirdi. Deməli ki, əlifba islahatı ilə bağlı düşünən həmin illərdə tək M.F.Axundzadə olmamışdır, həm də Türkiyə aydınları bu istiqamətdə müəyyən layihələrə malik idi. M.F.Axundzadənin “Süavi əfəndinin məqaləsi” (Xəttimizin islahı), “Süavi əfəndinin əqidəsinə qarşı yazılmış tənqidin surəti” məqalələrindən də görünür ki, bu dövrdə M.F.Axundzadə qərbləşmə konsepsiyasında tək deyildir. M.F.Axundzadə məqalədə əlifbamızın islahı yolunda indiyə qədər düşünmüş aydınların fikirlərini ümumiləşdirərək özünün də qənaətlərini bildirir. Həm Azərbaycanda (M.F.Axundzadə), həm Osmanlıda (Ə.Süavi) modernləşmənin ilk vasitəsi olaraq əlifba islahatı görülür və bu istiqamətdə çalışmalara başlanılır. K.İnan yazır ki, Əli Süavi əlifba mövzusunda çox fikirlər irəli sürmüş və bu görüşlərini “Müxbir” və “Ulüm” qəzetlərində fərqli zamanlarda yayınlamışdır. O, ərəb əlifbasının kəsin bir şəkildə buraxılaraq yeni bir əlifbaya keçilməsini müdafiə etməməklə birlikdə mövcud əlifbanın problemlərinin həlli üçün islahatların gərəkli olduğunu da söyləyir və hər kəsin bu mövzuda hərəkətə keçməsini istəyirdi (İnan K. Radikal, ama temkinli bir yenilikçi: Ali Süavinin dil üzerine görüşleri. Qazi Universitesi, 2012, 2). Zaman keçdikcə avropalaşmanın digər təməl prinsipləri də müzakirə mövzusu olur. Əlifbanın da təhsil və məktəbi özündə ehtiva etdiyini nəzərə almış olsaq, onda çağdaşlaşmanın yola buradan çıxmasını doğru hesab etmək olar. Ə.Süavinin gah İstanbulda, gah da Avropada yaşaması və Avropada bir neçə qəzet (“Müxbir” London; “Ulüm” Paris) nəşr etməsi onun müasirləşmə konsepsiyasının tərəfdarı olduğunu və əməli işində bunu göstərdiyinə bir sübutdur.

“Türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturunun ayrı-ayrı təməl prinsiplərinin formalaşmasında Ə.Süavinin də müəyyən rolu olub. Lakin həyatı, yaradıcılığı, elmi görüşlərilə bağlı ziddiyyətli, dolaşıq məlumatlar olduğundan uzun müddət onun şəxsiyyəti araşdırmalardan kənarda qalmışdır. Fikirlərində, baxışlarında son dərəcə radikal bir insan olmuş və həyatı faciəli şəkildə başa çatmışdır. Görünür, elə buna görə də triadanın keçdiyi yolla bağlı bir çox hallarda onun adı unudulmuşdur. Həqiqətdə isə Ə.Süavinin tənzimatçılar içərisində böyük fikir adamı olduğu görünür. Son vaxtlarda isə haqqında yazılanlar onun şəxsiyyəti üzərində olan sis pərdəsini götürməyə doğru gedir.

Tənzimatçıların fəaliyyətində avropalaşma mühüm yer tuturdu; onların fikrincə, vətən təhlükələri qarşısında yalnız bir qurtuluş yolu vardır ki, o da elmdə, sənayedə, hərbi və hüquq təşkilatlarında avropalılar qədər irəliləməkdir. Onlar bunun üçün tam Avropa mədəniyyətinin içinə girməyə çalışırdılar: “Ancaq onlar aldıqları şeyləri yarımçıq alır, tam almırdılar. Buna görədir ki, nə bir gerçək universitet açdılar, nə də ahəngdar bir ədliyyə təşkilatı yaratdılar. Tənzimatçılar milli istehsalı modernləşdirmədən öncə istehlak biçimlərini-tərzlərini, yeni geyim, qidalanma, bina və mebel sistemlərini dəyişdirdiklərinə görə tamamilə məhv oldu” (Z.Göyalp. Türkçülüyün əsasları”, B., 1991, s. 61).

M.F.Axundzadə və Ə.Süavidən sonra C.Əfqani, H.Zərdabi, İ.Qaspıralı yaradıcılığında da avropalaşma konsepsiyası yeni mərhələsini yaşayır. Bu proses yalnız Azərbaycan mühitində deyil, türk xalqlarında bu və ya digər dərəcədə gec ya tez baş verir. Bu yolda C.Əfqani öndə gəlir. “İslam birliyinin” banisi C.Əfqani həm də yeniləşmənin, qərbləşmənin tərəfdarlarından olur. Onun müasirləşmə konsepsiyasının əsasında elm öyrənməklə yanaşı, islam birliyini təmin etmək və ictimai-siyasi iadrəetməni dəyişmək istəyi dayanırdı. “Dünyanın sultanı elmdir” deyən böyük mütəfəkkir inkişaf etmiş xalqların həyatında qazanılmış uğurları elmə bağlayırdı: “Bütün dünyanı öz təsiri altında saxlayan Avropanı, Hindistanı zəbt etmiş ingilisi, Tunisi işğal etmiş Fransanı götürün. Bunlar nə ingilisin hünəridir, nə də fransızların. Bunlar ancaq onların elminin hünəridir” (Ş.Qurbanov. C.Əfqani və türk dünyası. B., 1997, s. 14).

C.Əfqani elmi iki yerə (müsəlman və Avropa) bölməyin qəti əleyhinə çıxır. Onun fikrincə, elmin yiyəsi alimdir, meyarı da onun elmiliyi ilə ölçülür. Hər bir millət elmi səviyyəsilə məşhurlaşır. İnsanları elmi ilə qiymətləndirmək, elmi ilə tanımaq lazımdır, elmi insanlarla yox. O, müsəlman aləmindəki cəhalətin səbəbini də bunda görür və onun qarşısını almaq üçün fikirlər, ideyalar irəli sürürdü.

C.Əfqani yaradıcılığında və siyasi fəaliyyətində də Şərq-Qərb diskursu önəmli yer tuturdu. Milli tərəqqi üçün kökə özünəqayıdışı əsas tutur və bütün sahələrdə yeniləşməni-modernləşməni irəli sürürdü. O, Qərbi də, Şərqi də yaxşı tanıyırdı, üstün və zəif cəhətlərini bilirdi, çıxışlarında daim bu iki mədəniyyətin dialoqunu aparırdı. O, Şərqin Qərb elmini mənimsəməkdə elə bir əskiklik görmürdü, hətta belə fikirləşirdi ki, bir zamanlar elmi Şərqdən əxz edən Avropaya müraciət etməklə “öz malımızı geri istəmiş oluruq”.

C.Əfqani yalnız mədəni, elmi inkişafda deyil, siyasi təfəkkürdə də Qərb dəyərlərindən yararlanırdı. Lakin bu dəyərlərə yamsılamaq yolu ilə getməyin əleyhinə idi. Rus tədqiqatçılarından V.B.Lutski onun siyasi görüşləri haqqında yazır: “Avropadan öyrənməyin zəruriliyini ilk dəfə geniş miqyasda meydana çıxaran və onu şərh etməyə çalışan Cəmaləddin Əfqani olmuşdur. O, Avropaya meyli islami dəyərlər əsasında yüksəlməkdə görürdü və bunu mümkün hesab edirdi. Onun siyasi modelinə görə, Avropaya meyl həm Şərq ölkələrini Avropanın istismarından xilas edəcək, həm də Avropanın yeniliyini çəkib Şərqə gətirəcək, yerli xalqda milli şüuru, milli mənliyi yüksəldəcək (V.B.Lutski. Novaya istoriya arabskix stran. M., 1966, s. 177).

C.Əfqaninin “Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti”, “Təlim tərbiyə haqqında”, “Dağıstaniyə məktub”, “Tərəqqinin ən böyük düşməni mütləqiyyətdir”, “İslami reforma”, “Son məktub”, “Renana cavab” və s. məqalə, məktub və müsahibələrində siyasi düşüncədəki modernləşməni nümayiş etdirir. “Son məktub”unda yazırdı: “Kaş bütün fikirlərimin toxumlarını xalqın ağıl şırımlarına əkə biləydim. Yaxşı olardı ki, faydalı və məhsuldar toxumlarımı bu çürük səltənətin şoran torpağına səpməyəydim. Bu tarlada nə əkdimsə hamısı puç oldu. Bütün cücərtilər zay çıxdı. Mənim faydalı təkliflərimdən heç biri Şərq müstəbidlərinin qulağına girmədi” (Ş.Qurbanov, 1997, s.214).

İslamın reforması, siyasi təfəkkürün yeniləşməsi baxımından bütün Şərqdə tanınan C.Əfqani XIX yüzilin sonlarında və XX yüzilin əvvəllərində Türkiyə və Azərbaycan ictimai-siyasi həyatına və onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığına böyük təsir göstərmişdir. Üç təməl prinsipdən ikisi (müasirləşmə və islamlaşma!) onun fəaliyyətinin və yaradıcılığının ana xəttini təşkil edir. M.Ə.Yurdaqul, C.Məmmədquluzadə, Ə.Cavad, C.Cabbarlının bədii, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ö.F.Nemanzadənin publisistik, M.Ə.Rəsulzadənin siyasi, publisistik və bədii yaradıcılığına onun çox böyük təsiri olmuşdur.

Azərbaycan milli mətbuatının, teatrının və cəmiyyətinin səhnəyə ilk çıxışı H.Zərdabi ilə atıldığını nəzərə almış olsaq, yeniləşmənin onunla yeni bir mərhələyə daxil olduğunu görmək olar. Təhsilin milliləşdirilməsi istiqamətində atılan addımlar da bu mərhələnin qərbləşməyə doğru addımı kimi səciyyələndirilməlidir. M.Ə.Rəsulzadə H.Zərdabinin qərbləşmə istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək onu bu dövrün ictimai-siyasi proseslərinin öncülü hesab edir, milli şüurun formalaşmasındakı rolunu yüksək dəyərləndirirdi: “Milli şüur, bir milliyyət içərisindən çıxan rəhbər zümrənin digər zümrə və fərdlərlə daimi və üzvi bir münasibət və ihtilat təmin etməsiylə doğar. Qəzetlərin bu xüsusdakı rolu aşkardır” (Azəri mətbuatının şanlı hatirası. “Yeni Kafkasiya”, 1926, 9). 1875-ci ildən 1905-ci ilə qədərki dövrü “Həsən bəy Zərdabi dövrü” adlandıran ədəbiyyatşünas A.Kəngərlinin yazfığı kimi: “Azərbaycan mədəniyyətini əhatə edən qərbləşmə meyli, “Əkinçi” qəzeti ənənələri Rusiya əsarətində yaşayan digər müsəlmanların türk xalqlarının mədəni inkişafına təsir göstərir. Azərbaycan Rusiya müsəlmanlarının əsas mədəniyyət mərkəzlərindən birinə çerilir” (A.Kəngərli. Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük. B., 2002, s. 98).

Tezliklə Azərbaycan yazarlarının əsərlərində elm, təhsil, maarifçilik müasirləşmədə əsas vasitələrdən biri olaraq görülür. Əvvəlcə “Əkinçi”, daha sonra isə “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül” kimi mətbuat orqanlarında elm və maarif ön plana keçir. Onlar təhsili, elmi, maarifi milli oyanışın əsas səbəbi olaraq görürdülər. H.Zərdabi, K.Ünsizadə, C.Ünsizadə, N.Vəzirov, N.Nərimanov, A.Q.Çernayevski, Ə.Ağayev və başqalarının məqalələrində yeniləşmə əsas məsələlərdən biri olur. N.Vəzirovun əsas qəhrəmanlarından biri Fərhad Avropada təhsil alaraq vətəninə dönmüş və müasirləşməni burada həyata keçirmək istəmişdi. XX yüzilin əvvəllərində avropalaşma-yeniləşmə mesajlarının ziyalıların əsərlərində səslənməsi adi hal alır.

Türkiyədəki gənc osmanlıların təsiri altında formalaşan İ.Qaspıralı yaradıcılığında və əməli fəaliyyətində də qərbləşmə önəmli faktorlardan biri olur. “Əkinçi”dən sonra onun “Tərcüman” qəzeti bütün türklərin tərcümanına çevrilə bilmişdi. “Dildə, fikirdə, işdə birlik” ideyasının müəllifi İ.Qaspıralının maarifçilik fəaliyyətində müasirləşmək və türklərin birliyi ideyası xüsusi yer tuturdu. “Firəngistan məktubları” əsərində Qərb həyatının, inkişafının müsbət cəhətlərini önə çəkən İ.Qaspıralı əməli fəaliyyətində də bu yeniləşməni tətbiq etməyə çalışmışdır. M.F.Axundzadədə olduğu kimi, İ.Qaspıralının bu əsərində də Şərq-Qərb diskursu müasirləşmə bucağından davam etmişdir. O, milli özəlliyi qoruyaraq Avropaya inteqrasiyanı vacib hesab etməklə yanaşı, Avropanın qüsurlarını da görürdü. İ.Qaspıralı Avropalaşmağa, inteqrasiyaya birtərəfli baxmır, qarşılıqlı şəkildə yararlanmağı üstün tutur. “Firəngistan məktubları”nın bir çox səhifələrində bunu aydın görmək olar.

XX yüzilin əvvəllərində qərbləşmə, avropalaşma və yeniləşmə həm ayrı-ayrılıqda, həm də sinonim kimi işlənilməklə qalmır, eyni zamanda müasirləşmənin özü baş verir. Yəni müasirləşmə haqqında nəzəri diskurs prosesi artıq arxada qalır, müasirləşmə özü bütün yeni forma və üsulları ilə qapıya gəlir. Bu dəyişimdən Novruzəlinin (C.Məmmədquluzadə, “Poçt qutusu”) çaşması tənqidi realizmin gücü ilə ifadə olunur. Bununla belə, yüzilin əvvəllərindən nəşrə başlayan “Şərqi Rus”, “Həyat”, “Füyuzat”, “İrşad” və s. mətbuat orqanlarında avropalaşma, qərbləşmə-yeniləşmə ilə bağlı çoxlu məqalələr yazılır, fikirlər səsləndirilir. Yüzilliyin əvvəllərində səhnəyə Ə.Hüseynzadə, Ə.Ağaoğlu, N.Yusifbəyli, M.Şahtaxtlı, Ə.Topçubaşı, bir qədər sonra isə Z.Göyalp və M.Ə.Rəsulzadə və başqaları çıxır. Onların məqalələrində avropalaşmağa (müasirləşmək sözü hələ işlənmir-B.Ə.) münasibət bildirilirdi. Ə.Hüseynzadə “Həyat” qəzetinin elə 1-ci sayında “Qəzetəmizin məsləki” baş məqaləsində müsəlman dünyasının tərəqqisini önə çəkir və “rus dövlətinin şəraiti- iqtisadiyyə və siyasiyyəsi daxilində tərəqqi etmək istərlər” fikrini irəli sürür: “Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, rus rəiyyəti bulunan türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar deyilsin. Yoxsa türklər, müsəlmanlar irtidad ediyorlar, firəngləşiyorlar deyilməsin” (“Həyat”, 1905, N1).

Müasirləşmək xətti Ə.Hüseynzadə yaradıcılığında avropalaşmaq kimi ifadə olunmuşdur. Əvvəlki məqaləmizdə gətirdiyimiz sitatda “...firəng fikirli, avropa qiyafətli fədai! İngilis, Amerikan kimi tizrəftar, yeni yaponlar kimi kütahdamən fədai” kimi ifadə edir və müxtəlif məqalələrində tərəqqidə avropalaşmağı üstün tuturdu. “Füyuzat”ın səhifələrində Avropa ədəbiyyatından tərcümələrə geniş yer verirdi. F.Bodenştedtin “Ömər Xəyyam” və Hötenin “Faust” əsərlərinin bir hissəsini tərcümə edib “Ə.H.”, “Səlyani” təxəllüslərilə dərc etdirmişdi. O, məqalələrində dünya mədəniyyətinin görkəmli klassiklərinin əsərlərini təbliğ etməklə yanaşı, onların öyrənilməsinin zəruriliyini də qeyd edirdi. Şillerin “Qaçaqlar”, Bayronun “Çayld-Harold” və s. əsərlərinin tərcümələri onun dünya bədii düşüncəsinə böyük önəm verməsindən irəli gəlirdi. A.P.Çexovun “Qılaflı adam” əsərindən iqtibas edərək “Əbdi-Qlaf” əsərini yazmışdı: “Avropa elminə, maarifinə, ədəbiyyatına, sənət və sənayesinə kəsbi-vüquf etməgə və millətimiz beynində nəşrə çalışmalıyız. Biz belə yapmağa qeyrət edəcəyiz. Məsləkimiz bunu iqtiza etdirir” (“Həyat”, 1905, N1).

Azərbaycan mühitində avropaçılıq bir müddət davam edir, lakin dünya müharibəsinin başlanması ilə avropalaşmaq meyli bir qədər nəinki zəifləyir, hətta romantik poeziyada “vəhşi Qərb” obrazı yaradılır. 1915-ci ildə isə qərbləşmə ifadəsini müasirləşmə əvəz edir. Hələlik, müasirləşmə ifadəsinə ilk olaraq M.Ə.Rəsulzadənin “Tutacağımız yol” baş məqaləsində rast gəlirik (“Açıq söz”, 1915, 2 oktyabr, N1). O, böyük uzaqgörənliklə dünyanın xəritəsinin dəyişəcəyi anonsunu verərək ayrı-ayrı millətlərin bir millət olaraq yaşaya bilmək üçün, hər şeydən əvvəl, özlərini bilməli, müəyyən fikir və amallar ətrafında birləşərək böyük bir məfkurəyə sahib olmağın zəruriliyini (!) vurğulayır. Bunun üçün böyük mütəfəkkir üç əsasın ünvanını bəlirləyir. İlk dəfə olaraq M.Ə.Rəsulzadə müasirləşmək sözünü üç təməl prinsipdən biri kimi üçüncü yerdə işlədir. Bir il sonra isə “Açıq söz”ün bir illik davamı münasibətilə yazdığı “Getdiyimiz yol” məqaləsində isə üç təməl prinsip içərisində yenidən müasirləşmək haqqında yazırdı: “Müasirləşmək-iştə bütün millətləri səlah və nicat yoluna çıxaran böyük vasitə. Müasirləşməyən; yəni zaman və əsərindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir cəmiyyət-gərək qan, irq və dilcə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanınmış beynəlmiləliyyət olsun-mümkün deyil” (“Açıq söz”, 1916, 9 oktyabr).

M.Ə.Rəsulzadədən üç il sonra isə Z.Göyalp “Türkləşmək, islamlaşmaq, müasirləşmək” kitabını yazaraq türkçülük, islamçılıq və müasirliyi uzlaşdırmağa çalışır. “Türkçülüyün əsasları” kitabının “Qərbə doğru” bölümündə Avropaya inteqrasiyanı zəruri hesab edirdi. Z.Göyalp üçün müasirləşmək sadəcə formaca və yaşayış tərzi etibarilə avropalılara bənzəmək demək deyildir, “avropalılar kimi zirehli gəmilər, avtomobillər, təyyarələr hazırlayıb istifadə etmək”dir. O, bu əsərində islamçı türkün etiqadlarını aşağıdakı şəkildə ifadə edir: “Türk millətindənəm! İslam ümmətindənəm! Avropa mədəniyyətindənəm!”

Beləliklə, üç təməl prinsipdən biri-avropalaşmaq bir neçə mərhələdən keçdikdən sonra “müasirləşmək” şəklinə düşmüşdür. Müasirləşmək avropalaşmağın sinonimliyindən çıxaraq yeni leksik, semantik və siyasi məzmun daşıyır. Fikrimizcə, türkçülük milliyyəti və ictimai məfkurəni, islamçılıq dini inancı, müasirləşmək daim yeniləşən, dövlət quruluşunu irəliyə aparan demokratik prinsipləri ifadə edir.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: