«QAŞI KƏSİLMİŞ YƏHƏR» (Povestdən bir parça) Ədəbiyyat » Nəsr 17 Şubat Azərbaycan Yazıçılar Birliyinin üzvü, altı kitab müəllifi, şair publisist Səyavuş UYĞUN xeylivaxtdır ki, Borçalının el qəhramanları Səməd ağa və İstil İsmayılın həyat və fəaliyyətindən bəhs edən “Qaşı kəsilmiş yəhər” adlı povest üzərində işləyir.Coxsaylı oxucularımızın xahişini nəzərə alaraq həmin povestdən bir parçanı dərc veririk. GÜLLƏ SƏSİ Qorabişirən ayının ən isti günlərindən biri idi. Havanın hərarəti yeri-göyü yandırırdı, nəfəs almaq mümkün deyildi. Sanki təbiət yerlərə göylərdən od ələyirdi. Bu vədələr İsmayılın qayğıları lap şoxalar, işi-gücü başından aşardı. Ona görə ki, ev, ailə, çöl işlərinin ən gur vaxtı bu ay olurdu. Onun Baytallı kəndinin yaxınlığında 12 ha biçənək sahəsi vardı, onu təcili biçdirmək lazım idi.Ulaşlı kəndinə gedən yolun sol tərəfində “Abdallı yeri” adlanan sahədə 10 ha yaxın torpaqda pambıq əkdirmişdi. Ailə-uşaq onların həmişəki yaylaq yeri olan “Çubuqlu” yaylağında idi. Bu il biçin xeyli gecikmişdi. Bunun bir çox səbəbləri olduğundan təmkinli, müdrik, hər şeyi yüz dəfə ölçüb-biçən İsmayıl bu işin o qədər də fərqinə varmırdı. Bilirdi ki, gec-tez bu işlərin öhdəsindən gələcək. O, hər şeyi öz-özlüyündə götür-qoy edir, hər işi vaxtında görmək lazım olduğunu hamıdan yaxşı bilirdi. On gündən artıq idi ki, yaylağa gedə bilməmişdi, daha doğrusu vaxtı olmamışdı. Onun yaylaq qonşusu, əmisi oğlu Rus Vəli (sir-sifəti sarı olduğundan ona Rus Vəli deyirdilər) kəndə gəlmişdir. İsmayıl ondan yaylaqda olan öznünküləri soruşmuş, vəziyyətlərinin yaxşı olduğunu biləndən sonra xeyli sakitləşə bilmişdi. Lakin sonradan Rus Vəli çörək bişirmək üçün onun ailəsində buğda ununun azaldığını əlavə etmişdi Düzdür onun düşmənləri olan ağalıqlar onlardan xeyli aşağrda-“Çax-çax”adlı məkanda binə salmışdular. Lakin buna baxmayaraq İsmayıl arvad-uşaqdan arxayın idi, çünki onun yaxın qohu- mu cəsur, bacarıqli, igid bir şəxs olan Rus Vəli və onun mərd oğlanları yaylaqda idilər. Bu da İsmayıla böyük ürək-dirək verirdi və onu həmişə arxayın salırdı. Öz mərdliyi, qorxmazlığı, xeyr- xahlığı ilə el içində böyük hörmət qazanmış İsmayıl heç kimdən qorxmurdu, nə də çəkinmirdi. İsmayıl biçinçilərin yanına dəyib onlara bəzi göstərişlər verərək evə qayıdanda artıq gün günortadan bir çatı boyu əyilmişdi. Kürən at fınxıraraq tanıdığı darvazanın keçid yerini burnu ilə itələdi. Sürətlə gəldiyindən at tamam qan-tərin içində idi. İsmayılın gəlişini duyub Hətəm kişi qaçaraq atın üzəngisindən tutdu. İsmayıl quş kimi atın belindən yerə sıçrayaraq iti addımlarla evə daxil oldu. Hətəm kişi atın yəhərini aldı, tövlənin qabağında düzəldilmiş kölgəlikdə onu bağlayaraq qabağına bir çanaq arpa tökdü. Ərinin qayıtdığını görən Qiymət xanım tez axtafanı su ilə doldurub onun qabağına çıxdı. Çöldən bərk hirsli qayıdan İsmayıl arvadının bu hərəkətlərini görüb nisbətən yumşaldı, sifəti dəyişdi və gülə-gülə:- Xanım, suyu tök bir az sərinləyim, isti lap əhədimi kəsdi deyib- sərin su ilə əl-üzünü yuyub dümağ məhraba ilə qurulandı, sonra böyük otağa keçdi. Burada qoyulmuş döşəmə taxtın yanında yumşaq kürsüdə oturdu. Bu vaxt Qiymət xanım onun üçün hazırladığı sərin ayran kasasını gətirərək İsmayıla verdi. Kasanı bir nəfəsə başına çəkən İsmayıl hazır xörəkdən bir-iki tikə alıb taxtın üstünə qoyulmuş döşəyin üzərinə uzandı. Əvvəl o arxası üstə, sonra mütəkkəni dikəldib yanı üstə çevrildi, gözünə yenicə çimir getmişdi ki, qəfldən güllə açıldı. Istil İsmayıl hövlnak uzandığı yerdən dik atıldı:--Ay Qiymət bu güllə ətə dəydi, kimisə vurdular- dedi və yanında taxtın başına söykədiyi aynalısını götürüb bayıra çıxdı. Hamı onların qonşuları Məhəmməd əmisi oğlugil tərəfə qaçırdı,bütün məhəlləni hay-haray, ağlaşma-şivan səsləri bürümüşdü. Hadisə yerinə əvvəlcə Qiymət xanım qaçdı və tezdə İsmayıla xəbər gətırdı ki, qızın Zübeydə özünü güllə ilə vurub. İsmayılın üstünə sanki dağ uçdu. Bəlkə onu başqası vurub deyə düşünən İsmayıl iti addımlarla Məhəmməd əmisi oğlunun evinə doğru getdi. Ağlaşma səsi lap yaxından eşidilməyə başladı, İsmayıl otağa daxil olanda Zübeydəni yerdə uzanmış gördü. Qızın başına örtdüyü ağ kəlağay tamam qırmızı qana bulaşmışdı. Bütün tayfanın ağsaqqal və ağbirçəkləri burada idi. Ismayıl hər tərəfə göz gəzdirdi, otaqdakılar dərhal yerə yıxılmış Zübeydəni götürüb taxtın üstünə uzatdılar. Hamı ağlayır, hamı nalə çəkirdi, üç ayın gəlini, 18 yaşı tamam olmamış, qənirsiz bir gözəl olan Zübeydə özünə qəsd etmişdi. Bütün kişilər yan otağa keçdilər. Hamı susurdu. Istil İsmayıl başını əlləri arasına alıb dərin fikrə getmişdi. Bütün bu işlər, ağlasığmaz faciə onun günahı idi. Zübeydəni çox yerdən istəyirdilər, ağa, xan, bəy oğlanları dəfələrlə ona elçi düımüşdülər. Ancaq İsmayıl onları həmişə əli boş qaytarmış və zorla qızını öz yaxın qohumu Qasıma ərə vermişdi. Hətta Zübeydənin özünün sevdiyi, bu tayfanın yaxın qohumu Göymustafalıların igid oğlu Mustafanin elçilərini də geri qaytarmışdı. O, heç vaxt belə faciəni gözləmirdi. Zübeydənin anası Tehran xanım İsmayılın Süleyman əmisinin qızı idi. Igid,cəsur, mərd, bacarıqli bir şəxs olan Süleyman Qədimalılar tayfasının ən ağıllı, ən qabiliyyətli qəhrəman oğullarından biri idi. Tehran xanım bu işlərdə atasına oxşamışdı. Ancaq Tehran xanım çox erkən, cavan yaşlarında həyatdan getdi. Ismayıl bunları xatırlayıb dərin xəyala daldı: Tehran xanımın ömrünün son məqamları olan vaxt İsmayılı yanına çağırtdırıb körpə Zübeydəni ona bərk-bərk tapşırmış və həddi-buluğa çatanda öz istədiyinə getməsini ərindən xahiş etmişdir. İndi İsmayılı ağrıdan bu idi, öz sevimli arvadının nəsihətinə baxmamış, onun arzusuna əks getmişdi... Zübeydə, doğurdan da, mələklərə oxşayan gözəl bir qız idi. Qızlar bulağından su içəndən sonra gözəlliyi birə-yüz artmışdır. Onu İsmayılın ikinci arvadı Qiymət xanım böyüdüb ərəsəyə çatdır- mışdı və sonra da ərə vermişdi. Əslinə baxanda bunu Qiymət xanım qəstən etmişdir ki, həm ona yaxın olsun, istədiyi vaxt çağırıb özünə qulluq elətdirsin və hər zaman hoyuna yetsin. Elə İsmayılın da beyninə salan o olmuşdur ki, Qasıma versək yaxşıdir, yaxında olduğuna görə hər zaman mənə də bütün işlərimdə köməklik göstərər. Tezcə Zübeydəni ərə verməkdə elə bil ögey qızını başından eləmişdi, bütün diqqət və qayğısını öz doğma qızı Seyidəyə yönəltmişdir. Dar otaqda toplanan adamların gözü İsmayılda idi. Hamı onun tapşırığını gözləyirdi. O, sakit tərzdə başını qaldırıb ağlaşma səsi gələn yan otağa baxdı, sonra üzünü kiçik qardaşı Abbasa və əmisi oğlu İbrahimə tutaraq dedi:--Cənazə bizim qapıdan qaldırılacaq. Ölu sahibi mənəm. Onun bu sözünə kim cavab qaytara bilərdi. Hamı ağır-ağır yerindən qalxdı... Zübeydənin qayınatası Məhəmməd kişi bu məsələyə etitaz etmədi, edə də bilməzdi. Üzünü camaata tutub dedi:-Əgər İsmayıl belə məsləhət bilib, belə də olmalıdır. El içində səxavəti ilə aləmə səs salsa da Məhəmməd kişi İsmayılın fikrinə qarşı çıxa bilmədi. ...Yas məclisinə bütün elat gəlmişdi. Ismayılın böyük həyətı gələn camaatı tutmurdu. Qonaqlar bir yandan gəlirdi. Həm mərhumun cavan yaşını nəzərə alırdılar, hən də İstil İsmayılın adı-sanı bütün Borçalını başına götürdüyündən hamı onun gözünə görünmək istəyirdi. Hətta düşmənləri olan ağalıqdan adlı-sanlı ağalar Səməd ağa, Ismayılın qayınatası Süleymanın bacanağı olan Aslan ağa da yas yerinə gəlmişdir. Zübeydəni, anası Tehran xanımın yanında dəfn etməyi qərara aldılar. Bu qərarı İsmayıl verdi. Ana-bala haqq dünyasında əbədi olaraq bir-birinə qovuşacaqdı. Rəhmətlik nənəm Qiymət xanım söyləyirdi ki, Zübeydə tez-tez qaçıb bizə gələrdi. Mən deyərdim: -Ay bala, daha ərə gedibsən, uşaq deyilsən, ərinlə mehriban ol, şirin dolan, ancaq o mənim sözümə baxmırdı. Axır məcbur olub, İsmayıla bu məsələni söylədim. Kişi çox sərt cavab verdi:--Onun meyidi ordan çıxacaq. Mən bu sözü Zübeydəyə dedim. Kaş deməyəydim. Ondan iki gün sonra bu hadisə baş verdi. Zübeydənin qayınanası Sənəm qarı çox yaxşı, ipək xasiyyətli bir arvad idi, gəlininin xətrini də şox istəyirdi. Bu hadisə olan günü Sənəm qarı xamır yoğurub çörək bişirmək istəyir və gəlini Zübeydəyə deyir ki, ona kömək eləsin. Gəlin qabaqca etiraz edir, sonra Sənəm qarının yanına kündə daşımağa başlayır. O, həyətdə olan çardağın altında saj asıb üstündə xamralı çörəyi bişirmək istəyir. Zübeydə iki dəfə sinidə çardağın altına kündə aparıb, bişmiş çörəkləri evə gətirir böyük taxtın üstünə sərir. Amma səhərdən bəri özündə-sözündə olmayan gəlin atasının sözündən sonra həyatda yaşamağı özünə artıq sayır. Üçüncü dəfə bişmiş çörəkləri evə gətirir. Sonra evdə heç kimin olmadığını bilib, qapının yan tərəfində divardan asılmış tüfəngi götürüb ayağının baş barmağını onun titəyinə keçirib, lüləsini isə çənəsinin alt tərəfinə tuşlayır. Sonra barmağı ilə titəyi basır....Bütün bu işlər İsmayıla bir yuxu kimi gəlirdı. Dünənə kimi qapıda atılıb düşən, öz məzəli hərəkətləri ilə hamıya xoş təsir bağışlayan qıvrımsaç Zübeydənin yoxluğuna, ölümünə İsmayılın heç cür inanmağı gəlmirdi. Həyətdə qurulmuş böyük çardağın altında baş tərəfdə Molla Mehdinin yanında oturmuş tayfanın ağsaqqalları Məşədi Göycə, Göy Müstafa, Kar Məhəmməd, Abbas, Hüseyn, İbrahim və başqaları öz aralarında söhbət edir, bu itginin bir İstil İsmayılın deyl, ümumi tayfanın, elin itgisi olduğunu hiss edir, İsmayılın bu ağır faciəsinə şərik olaraq ona necə və nə cür təsəlli vermələri haqda düşünürdülər. Səməd ağa və onun qardaşının yas yerinə gəlmələri böyük söz-söhbətə, dedi-qoduya səbəb olmuşdur. Ancaq İsmayıl bu haqda düşünmək belə istəmirdi. Ölü qapısı dost-düşmən tanımır, hamı orada iştirak etməlidir. Ölümüzü urvatlayıb haqq dərgahına yola salaq, yenə düşmənçiliyimiz öz yerindədir-deyərək hamını sakitləşdirmişdi. Səməd ağa öz ləyaqətilə gəlib yas yerində iştirak edib, sonra İsmayıla baş sağlığı verib ona allahdan səbr diləmişdi. İsmayıl da öz növbəsində ona bir eloğlu kimi minnətdarlıq edərək qaydasınca yola salmışdı. Ismayılın qohumlarının bir çoxu onun bu hərəkətindən narazı qalaraq öz etirazlarını bildirmişlər, ancaq ürəklərində . Düzdür burada onun bu hərəkətindən xoşu gəlməyən qohumları açıq-aşikara ona söz deməyə çəkinərək orda-burda xisın-xısın pıçıldaşırdılar. Ismayılın zəhmi onları elə basmışdır ki, onun üzünə baxmağa belə heç kimin cəsarəti çatmırdı. Söz arası Beytərabçıdan, Can Əhmədlidən gələn onun yaxın qohumları İsmayılın kiçik qardaşı Abbasa bu haqda şikayətlənmişdilər. Abbasın da bir tərəfi o kəndlərə bağlı olduğundan sakit durmağı lazım bilmiş, hələlik Lələsinə (tayfada hamı İsmayıla Lələ deyə müraciət edirdi) heç bir kəlmə də olsun söz deməmişdi. Abbasın ikinci arvadı Fatma xanım Can Əhmədli kəndindən olduğu üçün Lələsindən çəkinirdi. İsmayıl öz-özünə düşünərdi ki, bu dedi-qoduları Abbas özü təşkil edib. Ona görə də hələlik susmağı lazım bilirdi.... Zübeydəni bütün tayfa sevirdi. Bu növrəstə qız o qədər gözəl, yar-yaraşıqlı idi ki hər görən ona ürəkdən hüsnü-rəğbət bəsləyir, onu ən doğması, ən əzizi hesab edirdi. Indi onun yoxluğu hamını yandırırdı. Xüsusən də gəlib kənarda dayanmış, gizlin-gizlin cənazə qoyulan tərəfə baxan, ara bir də gözünün yaşını silən Müstafa idi. Ona Zübeydənin bu etibarsızlığı böyük təsir etmişdir. Onlar üç gün bundan qabaq kəndin yuxarısındaki içməli su bulağının yanında sözləşmişdilər ki, bir həftədən sonra birləşib lap uzaqlara gedəcəklər, heç kimin əli-ayağı çatmasın. Zübeydə buna razılıq versə də atasından çəkindiyindən, hara getsə onu axtarıb tapacağından ehtiyat edərək bu yolu seçmişdi. Müstafa onun qabağında diz çökmüş, ərə getsə də onu ürəkdən qəbul etdiyini demiş, çox çətinliklə razı sala bilmişdi. Bu xəbəri eşidəndə Müstafa sarsılmış, özünü toplayıb bir təhər öz sevimli Zübeydəsi ilə vidalaşmağa gəlmişdir. Bu tərəfdən Zübeydə xeyli fikirləşmiş, atası İsmayılı el-oba içində başı aşağı etməyə cürəti çatmamış və özünü intihar etmək qərarına gəlmişdi. Zübeydənin bu fikir və hərəkətlərindən, onun məcburən gəldiyi qərardan Mustafanın xəbəri yox idi. Zübeydənin bu işlərini sonralar Mustafaya mərhumun kiçik bacısı Seyidə danışacaqdı. Bu iki bacılar ögey olsa da bir-biri ilə çox şirin, mehriban rəftar edirdilər. Seyidə ondan xeyli kiçik olsa da, onların sirləri, söz-söhbətləri bir idi. Seyidə Qiymət xanımın ilk övladıydı. Ancaq gözəllikdə Zübeydəyə çata bilməzdi. O, anası Tehran xanıma çəkmişdir. Boy-buxunu, müntənasib bədəni, uzun hörükləri onun gözəlliyini birə-yüz artırırdı. O, hər dəfə öz səhəngi ilə kəndin başına içməli su gətirməyə gedəndə bütün elin cavanları onun tamaşasına durar, heyranlıqla onu seyr edərdilər. Ancaq İsmayılın qorxusun- dan heç həs ona bir söz deməyə cürət etməzdi. Bu gözəl xanım cavanların içində öz ürəyini yalnız bir nəfərə--Müstafaya vermişdi. Ancaq onu sevirdi. Onlar əhd-peyman bağlamışdılar. ...Bu gün günortaya yaxın Zübeydənin cənazəsi qaldırılacaqdı. Böyük həyət başdan-başa qara parça ilə örtülmüşdü. Adam əlindən tərpənmək mümkün deyildi. Bütün elat buraya, İsmayılın bu ağır faciəsinə şərik olmağa, onun dərdini bölməyə, qəm-kədərini azaltmağa, bu müdrik insana təsəlli verməyə və onun ciyərpərəsi Zibeydəni son mənzilə yola salmağa gəlmişdilər. Elatın uzaq kəndlərindən: Pənbək Saralından, Calaloğludan, Qaraisədən, Ağbabadan, Varansovkadan, Qazaxdan, Tiflisdən, Sarvandan, Qarayazıdan, Qaraçöpdən, Barmaqsızdan, Başkeçiddən, Müğanlıdan, Lök Candardan, Qaçağandan Ağəmmədlidən, Ərəblidən, Quşçudan, Ulaşlıdan Beytərabçıdan, Sadaxlıdan, Gorarxı ellərindən, Baytallıdan və s. yerlərdən çoxlu qonaqlar gəlmişdi. Yas məclisini idarə edən Qasımlı Molla Mehdinin eldə xüsusi hörməti vardı. Ərəb dilini mükəmməl bilən bu şəxs İsmayılla həm yaxın qohum, həm də ailəvi dost idilər. O, İsmayılın bu harayına birinci çatanlardan idi. Gələn qonaqlara dualar oxuyur, ara kəsiləndə isə camaata xeyirli hədislər və maraqlı söhbətlər edirdi. Cənazə günortaya yaxın qaldırıldı. Onu çiyninə alanların birincisi İstil İsmayıl, ikincisi Rus Vəli oldu. Camaatın ucu-bucağı yox idi. Molla Mehdi cənazənin qabağında yasini yüksək avazla oxuya-oxuya xalqla qəbristanlığa, son məkana doğru gedirdi. Zübeydəyə, İsmayılın tapşırığı ilə onun anası Tehran xanımın yanında qəbr qazılmışdı. Bu dünyada anası ilə cəmi 12 il yaşayan zavvalı qızcığaz əbədi olaraq anası ilə birləşdi, qara torpaq balanı da öz soyuq qoynuna alacaqdı. Zübeydənin cəsədini məzara qoyanda İsmayılın gözündən bir damla yaş ağ kəfənin üstünə düşdü. Bir xıçma torpağı qızının cəsədi üstünə birinci o atdı. Sonra onu məzardan ayırdılar. ...Qızı Zübeydənin intahar etməsi ona ağır bir zərbə idi. Elin nəzərində həmişə uca duran, şah vüqarli şəxsiyyəti, bir neçə günün içində sanki qocalmış, əvvəlki gümrahlığından əsər-əlamət qalmamışdı. Doğurdan da ağır dərd idi, çünki birinci arvadı Tehran xanım dünyasını dəyişəndən sonra Zübeydəni bir müddət onun özü saxlamış, onun hər qayğısı ilə məşğul olmuşdu. İsmayıl Zübeydəni şox istəyirdi ona görə ki, onun Nəriman və Məhərrəm adlı iki qardaşı körpə yaşlarında xəstələnərək dünyasını dəyişmişdilər. Bütün mehrini Zübeydəyə salan İsmayıl onu belə erkən itirəcəyini heç ağlına belə gətirmirdi. Amma,deyərlər sən saydəğını say, gör fələk nə sayır. Çox qəribədir ki, birinci arvadı Tehran xanımdan bircə qızı Zübeydə qalmışdı. Tehran xanımın ölümündən sonra İstil İsmayıl Zübeydəyə baxmaq, ona analıq qayğısı göstərmək üçün Qaçağanlı Topçulu tayfasından Alı bəyin bacısı Qiymət xanımı alaraq bir növ ağa nəsli ilə yaxınlaşmışdı. Ilk vaxtlar Qiymət xanım Zübeydəyə öz qızı kimi qayğı göstərir, onu öz qızı kimi sevir. Çox çəkmir Qiymət xanımın da bir qızı olur, adını Seyidə qoyurlar. Bundan sonra Qiymət xanımın 10 ilə yaxın vaxt ərzində övladı olmur. O, bütün qayğısını öz doğma qızı Seyidəyə göstərir. Zübeydə isə tamamilə unudulur. Bir müddət beləcə davam etsə də bu münasibəti İsmayıl da hiss edir və Zübeydəni ərə vermək qərarına gəlir. Onsuz da qızı hər yerdən istəyirdilər. O, da istəmirdi ki, öz sevimli qızı uzaqlara düşsün, onun həmişə yaxında olmasını istəyirdi, gözü üstündə olsun. Ona görə də Zübeydənin razılığı olmadan onu zorla öz qohumu Qasıma ərə vermişdi. Səyavuş UYĞUN, Şair-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü Borçalı mahalı, Qasımlı kəndi.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.