Elida MUXAYEVA: Ruhumuzun zəhərinə çevrilən musiqilər Publisistika, Köşə yazılar 23 Aralık Musiqi ruhun qidasıdır, cismimiz kimi ruhumuzun da qidaya ehtiyacı var.Musiqi mədəniyyətin bir qoludur. Mədəniyyət dedikdə isə ilk yadımıza düşən tərbiyə və tərbiyəvi əhəmiyyət daşıyan musiqilərdir. Lakin çox təəssüf ki, bu gün musiqi dedikdə yadımıza düşən “AYNADAN GÖZƏL” və bu tip bayağı mahnılardır.Musiqinin çox əsrlik tarixi var. Bunu arxeoloji qazıntılar da sübut edir. Dünyada ölkələr var ki, musiqi onların havasına hopmuşdur. Belə ölkələrə Azərbaycan da daxil edilir. Azərbaycanın Şuşa, Qarabağ zonasının insanlari öz səsləri ilə məşhurdurlar, ancaq bu gün səsi olmayanlar, öz oxuduqlarını özləri də başa düşməyənlər daha çoxdur. Belələrində səsdən başqa nə desən var. Bu gün hər yerindən duran, musiqini anlayan, anlamayan, səsi olan, olmayan, cinsiyyəti bilinməyən hamı oxumağa can atır, oxuduqları üslubu isə nəinki dinləyicilər, nə oxuyanın özü, nə də mahnının müəllifi ayird edə bilir. Səslərinin olmamasına rəğmən yenə də oxumaq adlandırmaq olarsa oxumaq istəyirlər, çünki bundan asan yol yoxdur, beyin yorub elmlə məşqul olmaq, mütaliə edib vaxtlarını səmərəli keçirmək yerinə, məna və məzmunu bilinməyən mahnılar oxuyub həm pul, həm də hörmət qazanırlar.Bir-iki dəfə efirlərə çıxıb hansısa gündəmdə olan müğənniyə söz atır və həmin “məşhurun” ona cavabı və onun şəxsiyyətinə yaranan antipatiyası bir növ onun piyarına çevrilir və ya digər bir qism müğənniciklər var ki, gecə yuxu görüb səhər gördükləri yuxuya qafiyə düzən, yeddi notdan heç birinə uyğun gəlməyən bəsit, bayağı mahnıları ilə toy bazarı tutan, dağlara gedək, dərələrə gedək kimi ucuz söz və musiqinin vəhdət təşkil etdiyi mahnılarla insanların musiqi zövqünü korlayır, ruhumuzu da, beynimizi də zəhərləyirlər. Lakin çox təəssüf ki, bu gün bu cür bayağı, ucuz mahnılara və müğənnilərə tələbat çoxdur. Görəsən niyə bizim dahi bəstəkarlarımız Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayevin unudulmaz əsərləri, mahnıları olduğu halda, söz və musiqisi iki qəpiyə dəyməyən mahnılara tələbat duyulur, elə bu gün də gözəl söz və musiqi yazarlarımız var ki, onların mahnılarına ehtiyac azdır, nəinki bu cür ucuz sözlərdən yığılmış bayağı mahnılara.Rəvayətə görə Pifaqor musiqinin içində riyaziyyat olduğunu kəşf edib. Bu gün isə 2+2-ni 6 hesablayanlar ən sevilən və ən çox dinlənilən müğənnilərdir.Çox əksər hallarda bir mahnıya sonacan qulaq asmaq həvəsim, hövsələm olur, mahnı bitdikdən sonra da düşünürəm, görəsən mahnı hansı dildə yazılıb. Bəzən 5 dəqiqəlik başqa bir mahnını dinləyirsən, mahninin 5 sözdən ibarət olduğuna qulaq şahidi olursan. Bu cür söz kasadlığı olan mahnılar ən populyar mahnılardır.O vaxt saraylarda xüsusi keyf məclisləri düzələrmiş, xanların, vəzirlərin musiqilərlə zövqlərini oxşayarlarmış. Hərdən düşünürəm, şahlar, vəzirlər AYNADAN GÖZƏL mahnısını dinləsəydilər, zövqlərini nə dərəcədə oxşayardı. Yəqin onlar bu cür bayağı mahnıları eşitsəydilər bir də mahnı dinləməyə tövbə edərdilər.Belə bayağı musiqilərin ifaçıları elə ifaları kimi ucuz və bayağıdırlar. Bu gün gündəmi zəbt etmək, özünə dinləyici, tamaşaçı kütləsi qazanmaq istəyənlər yarı çılpaq, daha doğrusu bədənlərinin 80-90 %- ni açıq qoyurlar, səslərinə, ifalarına görə izlənməyənlər məhz bu anormal geyimlərinə və düşüncəsiz addımlarına görə izlənirlər. Mədəniyyətimizi, musiqimizi təmsil edən bu məxluqlar görünür lügətimizdə MƏDƏNİYYƏT adlı bir sözün olduğundan belə xəbərsizdirlər.Hələ uşaq yaşlarımdan evdə böyüklərlə musiqi dinləyəndə başlarını yellədiklərini və musiqinin təsirindən kənardakıları unutduqlarını görürdüm. Bəs bu gün bu bayağı mahnılar bizə ətrafı unutdururmu?? İsrarla deyə bilərəm - Bəli. Çünki bütün beynimizlə məhz bu mahnıdakı sözlərin nə demək olduğunu düşünürük. Musiqi insana məlhəmdir, dərdimizi unutdurur, sevincimizə şərik olur, sevincimiz kimi dərd ortağimiza da çevrilir, insanı duyğulandırır, kövrəldir. Bu, sözün əsl mənasında musiqinin böyüklüyüdür. Qafiyə xətrinə yazılan və heç bir məna kəsb etməyən sözlər bizim hisslərimizi, duyğularımızı dəyişə bilməz. Yuxarıda vurğuladığım kimi 4-5 sözdən ibarət olan mahnılar qulağımızı yormaqdan, ruhumuzu zəhərləməkdən başqa bir işə yaramır. Musiqi də bir elmdir. Elmi bu qədər ucuzlaşdırmaq, bəsitləşdirmək insanların musiqi elmini, biliyini məhv edir. Qulağımız saysız bayağı musiqilər eşidir, biz artıq yaxşını pisdən ayıra bilmirik.Önəmli olan mahnının məna və məzmunu deyil, tək mahnının tutması, mahnıya tələbat olmasıdır, təbii ki musiqi zövqü korlanan və mahnıları kimi bayağılaşıb, bəsitləşən kütlə tərəfindən!!! Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.