Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir Kənd əhalisinin
üstünlük təşkil etdiyi
inzibati rayonlarda
təbii artım yüksəkdir


Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi və siyasi islahatlar, “Regionların sosial-iqtisadi inkişafı”, “Yoxsulluğun azaldılması” və s. dövlət proqramlarının qəbulu bütün sahələrdə inkişafın sürətlənməsinə səbəb olmuşdur. Buna görə də regionlarda mədəni, həmçinin demoqrafik inkişafda və əhali məskunlaşmasının tənzimlənməsində böyük irəliləyişlər baş vermişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş yubiley iclasında Prezident İlham Əliyev alimlərin diqqətini ölkədə demoqrafik inkişafın davamlı şəkildə getməsinə, bu sahədəki əsas meyillərin və dəyişikliklərin hərtərəfli tədqiqinə yönəldərək bildirmişdir ki, iqtisadi və sosial-mədəni nailiyyətlər əhalinin sayının və strukturunun dəyişməsinə müsbət təsir göstərmişdir. Bu məqamların öyrənilməsi isə AMEA-nın vəzifələrindən biri olmalıdır.

Əhalinin öyrənilməsi onların səmərəli məskunlaşması, şəhər və kənd məntəqələrinin inkişafı, səmərəli məşğulluğunun təmini, miqrasiyanın nizamlanması, regional inkişaf fərqlərinin azaldılması üçün vacibdir. Öncədən qeyd edək ki, müstəqillik illərində bu sahədə xeyli işlər görülmüşdür. Dövlət başçısının AMEA-nın yubiley mərasimində verdiyi tövsiyəyə uyğun olaraq, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda struktur dəyişiklikləri aparılmış, tədqiqatların “İnsan coğrafiyası” istiqaməti təşkil edilmiş, onun strukturunda xüsusi olaraq “Əhali coğrafiyası və demoqrafiya” şöbəsi yaradılmışdır.

Tədqiqatlar müstəqilliyin ilk illərində keçid dövrünün çətinlikləri ilə əlaqədar doğum və təbii artımın, nikahların sayının azalmasını, miqrasiyaların intensiv xarakter almasını və ölüm hallarının qismən artmasını göstərirdi. Bunun nəticəsində ölkədaxili miqrasiyalar intensivləşmiş, əhalinin regionlar üzrə paylanmasında böyük dəyişikliklər baş vermişdir. Belə ki, əhali paytaxt Bakıda və onun ətraf zonalarında həddən artıq cəmlənmiş, kənd rayonlarında, əsasən də sərhədboyu və dağlıq ərazilərdə onların sayının azalması baş vermişdir.

Araşdırmalar göstərirdi ki, az vaxtda, böyük sürətlə aparılan sosial-iqtisadi islahatlar regionların inkişafına və bunun nəticəsində də demoqrafik vəziyyətin nizamlanmasına şərait yaratmışdır. XX əsrin sonunda təbii artımın azalması müşahidə edilsə də, iyirmi birinci yüzilliyin ilk illərindən bunun tam əksi qeydə alınmışdır. Artıq ölkədə demoqrafik inkişafın sabitləşmə mərhələsi yaranmışdır. Kənd əhalisinin üstünlük təşkil etdiyi inzibati rayonlarda isə təbii artım yüksək olaraq qalır.

2014-cü ildə respublika üzrə təbii artım əmsalının aşağı göstəriciləri Gəncə-Qazaxda (hər 1000 nəfərə 11), son vaxtlar inzibati-ərazi dəyişikliyinə məruz qalmış və əhalisinin sayı nisbətən az olan Abşeron (hər 1000 nəfərə 9,2), Samux (11,8), Gədəbəy (9,1) və Qazax (9,3) rayonlarında, Şəki-Zaqatala iqtisadi rayonunda (hər 1000 nəfərə 11,4), o cümlədən Qaxda (8,3) yaranmışdır. Digər rayonlarda əhalinin təbii artım əmsalı orta respublika göstəricisindən yüksək olub, 15-18 nəfər arasında dəyişir.

Hələlik şəhər və kənd yerləri üzrə əhalinin təbii artımında fərqlər müşahidə olunmaqdadır. Şəhər əhalisi üzrə orta təbii artım göstəricisi hər 1000 nəfərə 10,3 olduğu halda, bu rəqəm kənddə 14,3-ə çatır.

Şəhər yerlərində təbii artımın kəndə nisbətən az olmasının səbəbi sosial-iqtisadi amil deyil. Burada müəyyən mentalitet və ailə tərkibinin sayına baxış həlledici rol oynayır. Respublikanın iri sənaye mərkəzləri olan Gəncədə hər 1000 nəfərə 7,1, Bakıda 10,1 və Mingəçevirdə 10,1 olmaqla, təbii artım əmsalı şəhər əhalisi üzrə orta göstəricidən aşağı, Naftalan (11,4), Sumqayıt (11,7) və Şirvan (12,4) şəhərlərində isə yüksəkdir.

Ölkədə 1 yaşa qədər uşaq ölümü son dövrlərdə xeyli azalmışdır. Yeni tibb müəssisələrinin tikilməsi, analara və uşaqlara göstərilən xidmətlərin yüksəlməsi nəticəsində bu sahədə nailiyyətlər əldə edilmişdir. Körpə ölümünün şəhər əhalisi arasında müşahidə edilən yüksək göstəricilərinin azaldılması istiqamətində tədbirlər həyata keçirilir.

Miqrasiyalar əhalinin demoqrafik vəziyyətinə, strukturuna ciddi təsir göstərən amillərdən biridir. Müstəqilliyin ilk illərində ölkədə miqrasiya saldosu mənfi xarakter daşımışdır, əhali əsasən “qastarbayter” kimi Rusiya Federasiyasına emiqrasiya etmişdir. Yeni iş yerlərinin açılması və regionlarda infrastrukturun yaxşılaşması nəticəsində bu emiqrasiya demək olar ki, sıfıra enmişdir. Daha Azərbaycandan Rusiyaya yeni “qastarbayter”in gəlmədiyini həmin ölkənin alimləri də təsdiq edirlər.

Hazırda Azərbaycanda əsasən daxili miqrasiya mövcuddur. Belə ki, son dövrlərdə əhalinin intensiv olaraq Bakı şəhərində, onun ətrafında və Abşeron yarımadasının digər məntəqələrində cəmlənməsi davam edir. Belə ki, 2006-2010-cu illərdə Abşeronda əhalinin sayı 340 min nəfər artmışdır. Bunun isə yalnız 126,9 min nəfəri və ya 37,3%-i təbii artımın payına düşür. Xırdalana şəhər statusunun verilməsi, əhalinin qeydiyyata alınması ilə əlaqədar burada miqrasiya göstəricilərində yüksək templi artım müşahidə edilmişdir. Bu fakt isə ölkədə sosial-iqtisadi şəraitin yaxşılaşmasının bariz göstəricilərindəndir.

Miqrasiya hesabına əhali sayının artması Naxçıvan MR-də (5,1 min nəfər) və qismən Gəncə-Qazax iqtisadi rayonunda da (900 nəfər) müşahidə edilir. Lənkəran-Astara və Dağlıq Şirvan iqtisadi rayonlarında kənd əhalisinin üstünlük təşkil etməsi miqrasiya prosesini gücləndirir. Son beş ildə Lənkəran-Astara iqtisadi rayonunda miqrasiya hesabına əhalinin sayı 7,1 min, Dağlıq Şirvanda isə 1,3 min nəfər azalmışdır.

Əhalinin məşğulluq strukturunda kənd təsərrüfatı aparıcı yer tutsa da, son vaxtlar xidmət sahələri, eləcə də emal sənayesinin rolu artır, ixtisaslı kadrlardan istifadə edilməsi səviyyəsi yüksəlir. 1990-2014-cü illər ərzində ölkədə əmək qabiliyyətli əhalinin sayı 3 milyon 860 mindən 6 milyon 150 minə qədər, yəni, 2 milyon 300 min nəfərə yaxın artmışdır. Bu artımın Ermənistanın bütünlüklə əhalisinin sayına yaxınlaşdığını qeyd etmək yerinə düşərdi. Əməkqabiliyyətli əhalinin sayının artması ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmuş, təkcə 2003-2008-ci illərdə iqtisadi-coğrafi rayonlarda 770 minə qədər iş yeri açılmışdır. Hələlik iş yerlərinin regionlar və təsərrüfatın sahələri üzrə açılmasında müəyyən fərqlər var. Ancaq bu problemin nizamlanması üçün də intensiv tədbirlər görülür.

Müqayisə üçün deyək ki, 2000-ci ildə məşğul əhali əmək ehtiyatlarının 78,9, iqtisadi cəhətdən fəal əhalinin 98,8, 2010-cu ildə məşğul olanlar əmək ehtiyatlarının 72,0, iqtisadi fəal əhalinin isə 94,4 faizini təşkil etmişdir. 2014-cü ildə bu göstəricilər əmək ehtiyatları üzrə 73,2, iqtisadi fəal əhali üzrə 94,6 faiz olmuşdur. Ölkədə işsizlik 5,4 faiz səviyyəsindədir.

İstehsalın səmərəli ərazi təşkili, ictimai-iqtisadi formasiyadan asılı olmayaraq, hər hansı bir ölkədə iqtisadi və sosial inkişaf xalqın maddi rifah halının yaxşılaşdırılmasında mühüm şərtlərdən biridir. Məhsuldar qüvvələrin ölkə ərazisində səmərəli yerləşdirilməsi, sosial-iqtisadi inkişafla yanaşı, həm də mühüm strateji hərbi-siyasi əhəmiyyət kəsb edir. Azərbaycan da bütün sivil ölkələr kimi, istehsalın səmərəli ərazi təşkilinə böyük diqqət yetirir, bu prosesi dövlət nəzarəti altında saxlayır, onun idarə olunması üçün kompleks tədbirlər görülür.

Məhz ona görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafının üç dövlət proqramı qəbul edilmişdir. Həmin dövlət proqramları çərçivəsində regionların sosial-iqtisadi inkişafı, yerli imkanlardan və təbii ehtiyat potensialından səmərəli istifadə edilməsi əsasında təsərrüfatın müxtəlif sahələrinə aid istehsal və xidmət obyektlərinin yaradılması və nəticədə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün xeyli işlər görülmüşdür.

Bəşəriyyət yarandığı gündən hər hansı bir regionda əhalinin məskunlaşma səviyyəsi, forması - onların kəmiyyət və keyfiyyət göstəriciləri, hər şeydən əvvəl, həmin ərazinin təbii-coğrafi mövqeyi ilə bağlı olub. Mənimsənilmə və yaşamaq üçün əlverişli iqlimi, torpağı, zəngin bitki və heyvanat aləmi olan ərazilər insanların daha çox toplandığı, məskunlaşdığı məkanlar sayılıb. Azərbaycan əraziləri də insan məskunlaşması üçün çox əlverişli hesab edilir. Ancaq ölkə ərazisinin relyefinin, iqlim şəraitinin və s. qısa məkan intervalında kəskin dəyişməsi onun müxtəlif hissələrində əhali məskunlaşması üçün bəzi təminatların olmasını qarşıya qoyur. Əhalinin böyük təbii və iqtisadi-coğrafi rayonlar üzrə yerləşməsi və məskunlaşması xüsusiyyətləri baxımından böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, Azərbaycan Respublikasında əhalinin məskunlaşmasının və ərazinin mənimsənilməsinin regional təhlili və iqtisadi-coğrafi istiqamətlərinin müəyyənləşdirilməsi bir sıra nəticələrə gəlməyə əsas verir:

- perspektiv mənimsənilmə üçün ərazi potensialı məhdud olan, ifrat məskunlaşmış, iqtisadi-coğrafi rayonlar: Abşeron, Lənkəran-Astara, Gəncə-Qazax.

- ərazi potensialı orta respublika səviyyəsindən nisbətən yaxşı olan iqtisadi-coğrafi rayonlar: Aran, Yuxarı Qarabağ.

- mənimsənilmə və perspektiv məskunlaşma üçün ərazi potensialı daha yaxşı olan iqtisadi-coğrafi rayonlar: Kəlbəcər-Laçın, Şəki-Zaqatala, Dağlıq Şirvan, Quba-Xaçmaz, Naxçıvan MR.

Ölkəmizdə demoqrafik inkişaf və əhali məskunlaşmasının müasir vəziyyətini təhlil etmək, onların təkmilləşməsinin perspektiv yollarını müəyyən etmək məqsədilə bu il sentyabrın 12-13-də Şəki şəhərində “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransda ölkədə demoqrafiyanın və ərazi boyunca əhali məskunlaşmasının müasir vəziyyəti, imkanları və perspektivləri araşdırılmışdır. Regionlarda yerləşən şəhərlərin inkişafında, onların demoqrafik potensialının artırılmasında mövcud problemlər təhlil edilərək əhali məskunlaşmasının nizamlanması və fərqlərin azaldılması üçün təkliflər paketi hazırlanmışdır.

Tədqiqatların nəticələri müstəqillik illərində yeni sosial-iqtisadi islahatların aparılması, dövlət proqramlarının qəbul olunması və icrası, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi nəticəsində ölkənin demoqrafik inkişafında və əhali məskunlaşmasında müsbət tendensiyanın yarandığını göstərdi: ölkədə doğum və təbii artım stabilləşmiş, 2016-cı ilin əvvəlində əhalinin sayı 9706,5 min nəfər olmuşdur. Nəhayət, respublikada əhali sayının illik artımı 120 min nəfərə yaxınlaşıb ki, bu da MDB məkanında ən yüksək göstəricilərdən biridir.

Ramiz Məmmədov,
akademik


"Azərbaycan" qəzeti, 12 fevral 2017-ci il


ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: