POEZİYANIN PIÇILTILI FORMULU (Xalq şairi N.Həsənzadənin yaradıcılığı haqqında) Elm » Elmi Məqalələr 8 Mart Nəriman Həsənzadə poezyasından danışarkən nədənsə ilk ağlıma gələn onun fikri pıçıltiyla özünüifadəsi olur. Bu poeziya haray-həşirdən, qışqırıqdan uzaq, özünü təsdiq üçün dəridən-qabıqdan çıxanlardan fərqli olaraq abır-həya pərdəsi ilə cilalanan poeziyadır. Bu səmimi və təvazökar poeziya oxucusu ilə ürəyin öz dilində danışır.Ürək də döyünərkən kənardakılar onun səsini duymur, əməli isə göz önündədir.Səmimi insan təmtəraqdan uzaq sadə, təbii konkret faktlara söykənən bir dillə özünü ifade etdiyi kimi səmimi poeziya da belədir. Əsil şair öz yaşanmış hiss və duyğularını tərənnüm edir, yana-yana obrazlaşır, hətta təsvir obyektini də obrazlaşdırmağı bacarır:Azərbaycan qoy and içsin Azərbaycan torpağına.Su çilənsin sinəmdəki bir ocağın qor yerinə,Səpin məni vətənimin hər yerinə.Səpin məni kül yerinə,Bu torpaqdan bitəcəyəm mən “Xarı bülbül” yerinə. (“Xarı bülbül” poemasından)Səməd Vurğun ədəbi məktəbinin ən istedadlı davamçısı olan Nəriman Həsənzadə bu məktəb daxilində özünəməxsus üslub yarada bildi.Bu şairin ən böyük uğuru idi.Oxucusu ilə həssas bir dildə danışan şairin sözləri də səmimi və təvazökardır: Mənim tək işimi qoşa görmüşük, Borcluyam minnətsiz hörməti sənə. Sənin əməyini bölüşdürmüşük,- Şöhrət mənə düşüb,zəhməti sənə...Bu misralar allah vergisi olan istedadın zəhmətlə vəhdətindən yaranan sənət incilərinin ərsəyə gəlməsində sadə peşə adamlarının danılmaz əməyinə verilən ən böyük şair qiyməti,şair dəyəridir.Digər sənətkarlar kimi dünyanı dərkə can atan, olub keçənlərdən nəticə çıxarmağa çalışan şair:Sonra gördüm,Dünya özü dedi sirrəmEh, mən onu dərk etməyə tələsirəm...Qənaətinə gəlir.Nəriman Həsənzadə poeziyasında inkarla təsdiq vəhdətdədir: Harda ki,dinmədim,susdum,heç nahaq Ağardı saçlarım biruzə verdi.Onun poeziyasında söz təkcə şairin dünyanı və özünü ifadəsi üçün deyil,onu dəyişdirməsi üçündür: Həyatda imtahan götürənlərin Vaxt gəlir özü də imtahan verir. Yaxud Mən indi bildim ki,nədir bu cəza, Niyə ürəyimiz gizli çat verir. Niyə istedadlı istededsıza, Ya qanan qanmaza hesabat verir.Şair bu gizli,maraqlı dünyada sevincli-kədərli günlər yaşadığını,bəzən təşəkkür etdiyi dünyaya hərdən ciddi etirazını bildirir:”Belə qullar dünyasının şairi xəstə”,”Zəmanəni tərifləyib şübhələnmişəm,desəm məni başa düşən xalqımmı yoxdur”kimi fikirlər bunu təsdiq edir.”Səfirə məktub” poemasında da belə fikirlər izlənilir: Müstəntiqi seçmək olmur məhkəmədə müttəhimdən, Vətənsizi vətəndaşdan...vətən deyir,hamı vətən. Günahkarıq sən də,mən də,hələ o da,o biri də, Günahkardı ştatların Bakıdakı səfiri də. Nəciblik,gözəllik axtarışı Nəriman Həsənzadə poeziyasının ruhuna hopub.Şairə görə”gözəl olmayan qız yoxdu dünyada”.Ruhu gözəl olanlar gözəllik olmayan yerdə belə onu görməyi,arayıb üzə çıxarmağı bacarırlar.Sevgilisi yanında səs-soraq olan şairin yaradıcılığından qadın, ana məhəbbəti qırmızı xətt kimi keçir: Ən böyük sirdaşdı qadın ər üçün, Ən böyük arxa da bəlkə qadındı yaxudKişinin ən böyük mədəniyyəti;-Bəlkə də qadına münasibətdir.Şairə görə sevməyi kişidən, əsil sədaqəti isə ancaq qadından öyrənmək gərəkdir.Lakin əlbəttə bu fikri aksioma kimi qəbul etmək absurddur.Şair özü sevimli ömür-gün yoldaşı Sara xanımın həyatdan getməsindən sonra əsil vəfa, sədaqət rəmzinə çevrildi .Sədaqətli xanımına lazım olduğundan da artıq dəyər verməyi bacardı və etibar,ləyaqət simvolu oldu.Bir şair ömrünü yaşatması üçün bir qadın ömrünün girov qoyulduğunu ürəklə vurğuladı.Məhəbbətin gerçək özünüifadəsi ilə onun fəlsəfi dərkinin sintezi bu poeziyada ehtiva oluna bilir: Halal süd əmmişik ana döşündən, Yaşa, bu müqəddəs duyğular üçün. Bəlkə də qadına borcludur vətən Onun böyütdüyü oğullar üçün.Hörmətli akademikimiz N.Cəfərov haqlı olaraq N. Həsənzadəni “Azərbaycan harayı”nı “bütün millətlərə” çatdıran diplomatlar arasında ən böyük şair, şairlər arasında ən böyük diplomat adlandırır.”Şairlik özünəməxsus bir diplomatiyadır və bu mənada N.Həsənzadə Azərbaycanın ən səmimi diplomatıdir”.Məncə bu N.Həsənzadə yaradıcılığına verilən ən böyük qiymətdir.Nəriman Həsənzadə poeziyası həmişə müasir və aktualdır.Şair hansı dövrə müraciət etsə də həmin dövrün tarixi-fəlsəfi ovqatını bu günkü günümüzlə sintez etməyi bacarır. Atabəylər”,”Nəriman”,”Bəyənat”,”Pompeyin Qafqaza yürüşü”,”Zümrüd quşu”,”Bütün Şərq bilsin”kimi əsərlərdə nəinki tarix obrazlaşır bəzən dövrə,zamana ittihamnamə oxuyur: Azərbaycan Cavidindi, başqaları sahib çıxır, Moskvanın Bakıdakı iqtidarı sahib çıxır. Soyadı “ov”, soyadı “yan” sahib çıxır, Azərbaycan tarixinə böhtan atan sahib çıxır. (“Cavid” poemasından(1995)Bu poeziya milli dövlətçiliyimizin təbliğat etalonuna çevrilə bilir.Milli təəsübkeşlik hissi ilə ürəyi qan ağlayan şair “Qaçaq Kərəm” poemasında da tarixiliyi müasirliklə diferensasiya etməyi bacarır: Bəyanatlar imzaladıq,nitq elədik bəs deyilmi?! Kimi gördük, gözəl-gözəl gün dilədik, bəs deyilmi?! Ocaq söndü,başımıza kül ələdik,bəs deyilmi?! Kül də yoxdu bircə torba yığa kimsə,Qaçaq Kərəm. Nəriman Həsənzadə nəğməkar şairdir.Onun həssas, duyğusal, pışıltılı poeziyası musiqi,nəğmə dili ilə daha tez uyğunlaşa bilir.”Sən bağışladın”,”Fikir eləmə”,”Tələsmə”,”Yox deyə-deyə”,”Minnətdaram mən”,”Gül bir az”,”Mənə elə gəlir “ kimi mahnılar məhz bu harmoniyadan yaranıb. Araz qırağında sərhəddə bitən söyüd ağacını təsvir edərkən də şair həssas və duyğusaldır.O,qəlbə sığmayan həyəcanını pıçıltıyla deyir:Söyüdüm , əyilib o tayı öpdün,Gətir dodağından öpüm ,söyüdüm.Söyüdüm, saçını o taya səpdin,Saçına gül-çiçək səpim,söyüdüm!Dondu damarımın elə bil qanım,Sanma,qanunlara mən qulaq asdım,Bölmədim bölünmüş Azərbaycanı,Söyüdlə birlikdə bağrıma basdım. (1962)Bu poeziya hər misrası ilə, hər detalı ilə pıçıldayır və məkan zaman daxilində sərbəst manevrlər edərək qlobal,bəşəri problemlərə belə toxunmaq hüququ qaz anır. Ona görə də Nəriman Həsənzadə poeziyasının milli və bəşəri poeziya olduğunu qətiyyətlə vurğulaya bilərik. MƏTANƏT SARAÇLI (HƏSƏNOVA) FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, BAKI DÖVLƏT UNİVERİSTİTETİNİN KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİ KAFEDRASININ DOSENTİ,AYB-nin ÜZVÜ.ZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.