Hacettepe Universitetində görüş Humanitar elmlər, Turan 17 Mayıs Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişaf Fondunun 2015-ci ilin əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi tədqiqat proqramlarının qalibi olmuş “Müasir Azərbaycan ədəbi dilində elmi terminologiyanın formalaşması və dilin lüğət tərkibinin zənginləşməsi yolları” layihəsinin yerinə yetirilməsi üçün AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu iştirakı ilə 7-11 may 2018-ci ildə Türkiyənin Ankara şəhərində yerləşən Hacettepe Universitetində görüş keçirilib. Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü ZiM.Az-a bildirib ki, tədbir Hacettepe Universiteti “Sözlük Araşdırmaları Mərkəzi”nin direktoru, professor Şükrü Haluk Akalının rəhbərliyi ilə keçirilib.Akademik M.Nağısoylu görüş çərçivəsində “Orta əsrlərdə Azərbaycan türkcəsini zənginləşdirən qaynaqlar haqqında” məruzəsilə çıxış edib. O, bildirib ki, orta əsrlərdə Azərbaycan milli ədəbi dilini-türkcəni yaşadan, onu zənginləşdirən və bu böyük mənəvi irsi gələcək nəsillərə çatdıran, təbii ki, birinci növbədə söz ustaları – şairlər, yazıçılardır. Bu baxımdan doğma ana dilində yazıb-yaradan ilk Azərbaycan şairləri sırasında İzzəddin Həsənoğlunun (XIII əsr), xüsusilə də Qazı Bürhanəddinin yaradıcılığı böyük əhəmiyyət daşıyır. Akademik sonra bildirib ki, orta əsrlərdə Azərbaycan milli ədəbi dilinin inkişafında və zənginləşməsində İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi böyük söz ustalarının misilsiz xidmətləri olmuşdur.Akademik Möhsün Nağısoylu vurğulayıb ki, ”Klassik Yaxın Şərq lüğətçiliyinin dəyərli nümunələrindən olan “Sihahül-əcəmiyyə” XIII əsr Azərbaycan-türk ədəbi dilinin ümumi mənzərəsini, xüsusilə də leksik tərkibini və söz yaradıcılığını öyrənmək baxımından zəngin material verən dəyərli bir yazılı qaynaqdır. “Sihahül-əcəm” lüğətində feildən ad düzəldən şəkilçilər daha geniş və çeşidli şəkildə təmsil olunmuşdur”.Səfər çərçivəsində akademik Möhsün Nağısoylu Türk Dil Qurumunun sədri Mustafa Kaçalinlə də görüşüb.Hüsniyyə ÇOBANOVA,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.