Müəllim-Pedaqoq ŞƏRƏFİ: Professor Fərhad Xubanlı -65 TDPİ-nin Azərbaycan bölməsi, "Şərqin səsi", Qaraçöp 7 Şubat REDAKSİYAMIZIN ARXİVİNDƏN:Haqqında söhbət açmaq istədiyimiz şəxs - istedadlı ali, zəhmətkeş qələm dostumuz və müəllim-pedaqoq şərəfini daim uca tutan həmkarımız Fərhad İslam oğlu Xubanlı (Xubanov) ötən XX əsrin tən ortasında, yəni 1950-ci ildə axar-baxarlı qədim Qaraca yurdunda (indiki Gürcüstanın Saqareco rayonunda) yaşı minillikləri haxlayan Qaraçöp mahalının Muğanlı (Yor Muğanlı) kəndində dünyaya göz açıb. İlk təhsilini də doğma kəndindəki orta məktəbdə alıb. Hələ məktəb illərindən müəllim olmaq arzusu ilə yaşayıb... Elə buna görə də həm dərslikləri, həm də məktəbin kitabxanasından götürdüyü elmi, bədii və müntəxabat kitablarını çox "acgözlüklə" oxuyub, öyrənib... bir növ, orta məktəb elminin əsasları ilə yaxşıca silahlanıb... 1967-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib və elə həmin il Gəncə şəhərinə gəlib, sənədlərini H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Qəbul komissiyasına təqdim edib. Beləcə də, həyəcanlı və narahat günlər başlanıb... Atalar demişkən, "Ağır günlərin ömrü gödək olar". Sanki, "bir göz qırpımında" narahat günlər gəlib keçib... Narahat və həyəcanlı günləri 1 avqust əvəz edib. İlk imtahanlar başlanıb. Səhər tezdən bütün abituriyentlər kimi, Fərhad da imtahan keçirilən auditoriyada öz yerini tutub... Nəhayət, qəbul imtahanlarının başlanmasını xəbər verən ali məktəb zənginin sevinc dolu ahəngdar səsi hamının diqqətini özünə cəlb edib. Beləcə də, "Azərbaycan dili və ədəbiyyat"dan yazılı imtahan başlanıb. İmtahanı qəbul edən müəllimlər auditoriyaya daxil olub, mövzuları yazı taxtasına yazıblar. Hamı kimi Fərhad da imtahan yazı mövzularını oxuyub, tanış mövzular olduğundan elə bir andaca onun həyəcanları və narahatlığı, sanki, göylərə çəkilib... O, imtahan vərəqini qabağına çəkib, elə bil ki, fikir dəryasına qərq olub, sonra qələmini götürüb kəmali-səliqə ilə seçdiyi mövzunun məzmununu ağ vərəqə köçürüb... Yazının qaralamasını oxuyub, bəzi düzəlişlər edib, sonra isə, həmin yazını ağlama vərəqlərinə köçürüb və nəhayət, yazı vərəqlərini müəllimlərə təhvil verib auditoriyadan çıxıb...Səhərisi gün yazılı imtahanın nəticələri elan edilib: "Xubanov Fərhad İslam oğlu - "əla". O, sonrakı imtahanlardan da "əla" qiymətlər alıb... Arzusuna çatıb. Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə qəbul olub...Nəhayət, 1 sentyabr günü - ali məktəb tələbəsi kimi, ali məktəb zənginin sədaları onun sevincini birə-beş artırıb... İlk mühazirələr, təcrübi məşğələlər... O, ali məktəbdə oxuduğu illərdə filologiya elminin bütün sahələrinə daha geniş prizmadan yanaşıb. Bu yanaşma isə, yeni bir yola - həyat yoluna "yaşıl" işıq saçıb. O, bu işığın şüaları altında elmin daşlı-kəsəkli, enişli-yoxuşlu yolları ilə addımlayıb, alimlik yoluna üz tutub... 1971-ci ildə ali təhsilini bitirdikdən sonra əvvəlcə təyinatla Balakən rayonunun Qazmalar kəndindəki 2 ¹-li orta məktəbdə müəllim işləyib. Elə ilk gündən nəinki kənddə, hətta bütün rayonda bacarıqlı, qabaqcıl müəllimlərdən biri kimi tanınıb. 1974-cü ildə doğma kəndinə qayıdıb. Savad və qabiliyyətinə, təşkilatçılıq bacarığına güvənib onu Lənbəli kənd orta məktəbinə direktor müavini təyin ediblər. Bilavasitə tədris prosesindən uzaq düşmədən, pedaqoji ustalığını daha da artırmaq üçün daim öz üzərində daha məsuliyyətlə işləyib, oxuyub-öyrəndiyi nəzəri biliklərini təcrübədə təsdiq etməyə çalışıb. F.Xubanlı 1984-cü ildə Gürcüstan Respublikası Maarif Nazirliyi tərəfindən "Metodist-müəllim" adına layiq görülüb. Bu şad xəbər onun əməyinə verilən layiqli qiymət kimi qarşılanıb. O, qabaqcıl pedaqoq kimi bütün respublikanın Azərbaycan məktəbləri sistemində tanınıb, təcrübəsi öyrənilib"...F.Xubanlı, eyni zamanda 1979-cu ildən Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun qiyabi aspiranturasında təhsil alıb. Görkəmli alim-pedaqoq Şəmistan Mikayılovun rəhbərliyi altında "Ədəbiyyatdan fakültativ məşğələlərin ədəbi biliyinin dərinləşməsinə onun təsiri" mövzusunda elmi iş üzərində işləyib.Atalar demişkən, "Niyyətin haraya, mənzilin də oraya". Gənc müəllim Fərhad da niyyətinə və mənzilinə çatmaq üçün elmin "daşlı-kəsəkli" yollarını ağır-ağır keçib, yazıb-yaradıb... Elmin "enişli-yoxuşlu" yolunu çox cəsarətlə addımlayıb, namizədlik dissertasiyasını araşdırıb bitirib və dərindən ilk nəfəsini dərib... dissertasiya işini Müdafiə Şurasına təqdim edib...Nəhayət, 1989-cu il oktyabrın 19-da APİ-nin Müdafiə Şurasının iclası başlanıb... Bu iclasda Fərhad Xubanlının pedaqoji elmlər namizədi alimlik dərəcəsi almaq üçün "Ədəbiyyatdan fakültativ məşğələlərin ədəbi biliyinin dərinləşməsinə onun təsiri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Müdafiə şurasının iclası çox yüksək səviyyədə keçib. Əlbəttə, bu da müdafiə olunan dissertasiyanın yüksək səviyyədə yazılması ilə bağlı idi. Rəsmi opponentlər - filologiya elmləri doktoru, professor Şahin Səfərov, pedaqoji elmlər namizədi, dosent Səyyad Rüstəmov onu ciddi sınağa çəksələr də, çıxış edənlər - Azərbaycan EA-nın müxbir üzvü, professor A.Qurbanov, professor H.Balıyev, C.Əhmədov, Ə.Əfəndizadə, Y.Kərimov, Y.Talıbov və başqaları əsərin yenilik və təcrübi əhəmiyyətini yüksək qiymətləndirdilər, dissertasiya işinin mövzusunun müasirliyindən və elmi-metodik baxımdan aktuallığından danışdılar... Özbəkistandan professor Ə.Zununovun və Qırğızıstandan professor K.İmaməliyevin rəyləri, eləcə də məzunu olduğu H.Zərdabi adına GDPİ-dən gələn rəylər də sanballı və müsbət idi. Bir sözlə, Müdafiə Şurasının üzvləri F.Xubanovun pedaqoji elmlər namizədi alimlik dərəcəsi almağa layiq bildilər, yekdilliklə səs verdilər və onu təbrik etdilər...Beləliklə, F.Xubanlının zəhməti öz bəhrəsini verdi, bütün həyəcanlarına son qoyuldu... Bir qədər sonra isə bu qərarı Ali Attestasiya Komissiyası təsdiq etdi...Pedaqoji elmlər namizədi F.Xubanlı müəllim-pedoqoq kimi, Qaraçöp mahalında da, Tiflis və Borçalı bölgəsində də, hətta, Gürcüstanın hüdudlarından kənarda da şərəfli müəllim-pedaqoq kimi yaxşı tanınır. Onun elmi araşdırmaları Gürcüstan və Azərbaycan mətbuatında - qəzet və jurnalların səhifələrində, elmi məcmuələrdə, Elmi konfransların materiallarında nəşr olunur.Yeri gəlmişkən, onu da qeyd edək ki, Fərhad müəllim öz araşdırmaları ilə bərabər, həm də mütaliə etdiyi və ya tanış olduğu ayrı-ayrı kitabları barədə də dərin məzmunlu, dövrün nəbzini tuta bilən elmi və məntiqi baxımdan çox dəyərli rəylər yazıb müxtəlif mətbuat orqanlarında ("Azərbaycan müəllimi", "Sovet Gürcüstanı" ("Gürcüstan" və s.) çap etdirir.Elmi ictimaiyyətə və ziyalılarımıza məlum olduğu kimi bizim 1977-ci ildə Tbilisidə "Qanatleba" ("Maarif") nəşriyyatında çap olunmuş "Azərbaycanca - gürcücə qısa danışıq lügəti" (həmmüəllif dos. M.Çinçaladze) haqqında da F.Xubanov N.Əbdürrəhmanovla birlikdə "Lügətçiliyə yeni hədiyyə" adlı rəy yazıb, "Azərbaycan müəllimi" (24 may 1989) qəzetində çap etdirmişlər. Həmin rəydən qısa bir epizodu oxucularımıza təqdim edirik."Azərbaycan və gürcü xalqlarının mədəni və mənəviyyat cəhətdən yaxınlaşmasında da lüğətçilik az rol oynamamışdır. Hələ 1977-ci ildə Tbilisinin "Qanatleba" nəşriyyatı "Azərbaycanca - gürcücə qısa danışıq lüğəti"ni çapdan buraxmışdır. İki qardaş xalqın leksikoqrafiyasında ilk addım olan bu kitabı A.S.Puşkin adına TDPİ-nin dosentləri M.Çobanov və M.Çinçaladze tərtib etmişlər. Kitab istər azərbaycanlı, istərsə də gürcü oxucuları üçün qiymətli vəsaitdir".Pedaqoji elmlər namizədi F.Xubanlın həmkarlarından fərqləndirən odur ki, o, Qaraçöp mahalının şair oğlu Ağabala Azəri demişkən, "Qopmaram, ayağım Qaraçöpdədir", - kəlamını, bir növ, özünə deviz kimi qəbul etmişdir... Məhz buna görə də, Fərhad müəllim bəzi ali məktəblərə işə dəvət olunsa da, Qaraçöp mahalından çox da uzaqlara üz tutmamış, ayaqlarını Qaraçöp torpaqlarından üzməmişdir... Buna görə də, o, Qaraçöpə yaxın məsafələrdə fəaliyyət göstərən ali məktəblərdə işləməyə üstünlük vermişdir. O, müxtəlif vaxtlarda Tbilisi şəhərindəki S.S.Orbeliani adına Pedaqoji Universitetin Azərbaycan bölməsində, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında, Marneuli şəhərindəki ali məktəblərdə Metodik kabinetin müdiri, Baş müəllim vəzifələrində əsil müəllim-pedaqoq və alim kimi fəaliyyət göstərmişdir. Onun əməkdaşlıq etdiyi doğma orta məktəbin müəllimləri də, ali məktəblərin professor-müəllim heyəti də Fərhad müəllimin insani keyfiyyətləri ilə yanaşı, onun təcrübəli müəllim-pedaqoq və geniş sahəli elmi araşdırmalarını da yüksək qiymətləndirirlər. N.Əbdürrəhmanlı və E.Həsənov "Gürcüstan" qəzetinin 8 sentyabr 1990-cı il tarixli sayında dərc etdirdikləri "Tale yolu" sərlövhəli məqalədə yazırlar: "Bu xəbəri eşidəndə sevindik ki, Gürcüstanda azərbaycanlı alimlərdən biri də artdı. Bir də ona sevindik ki, F.Xubanov elmdən uzaq, yarımçıq "alim"lərdən deyil, bir elin-obanın adı ilə fəxr etdiyi ziyalılarımızdan biridir. O, bütün varlığı ilə doğulub boya-başa çatdığı Qaraçöpə bağlıdır, bu torpağın yaxşı adını yaymaq üçün çalışanlardan biridir".Bunu F.Xubanlının müxtəlif mətbuat orqanlarında, ədəbi məcmuələrdə çap etdirdiyi məqalələrdən də aydın görmək mümkündür. Onu da qeyd edək ki, bu torpağın saz-söz adamlarının yaradıcılığını toplayıb "Qaraçöpün qaynar çeşməsi" adı ilə "Yazıçı" nəşriyyatına təqdim edənlərdən biridir. Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsində çapa hazırlanan "Gürcüstan folklor antologiyası" nəşrinin doğma yurdu ilə bağlı materialların toplanmasında F.Xubanlı yaxından iştirak etmişdir. Azərbaycan radiosunun "Bulaq" xalq yaradıcılığı proqramında tez-tez folklor nümunələri ilə çıxış edir. "Dan ulduzu"nda (1989) çap olunmuş "Qaynaqlar və pöhrələr" məqaləsi həm də onun istedadlı ədəbiyyatşünas və tənqidçi olacağından soraq verir."Bir də görürsən, günlərlə zəngin və səliqəli kitabxanası olan iş otağına qapanıb qalır, yeni-yeni araşdırmalar üzərində çalışır, Qaraçöpün söz yatırını yarpaq-yarpaq toplayır, yazıya köçürür, böyütdüyü üç oğluna sevdirmək üçün peşisinin sehrindən istifadə edir".Nəhayət, tutduğu bu şərəfli yolda hörmətli həmyerlimiz və həmkarımız, istedadlı pedaqoq-alim, pedaqoji elmlər namizədi, qabaqcıl maarif xadimi, bacarıqlı müəllim, ədəbiyyatşünas və tənqidçi kimi tanınan Fərhad Xubanlıya bundan sonra da təbiətin ən gözəl neməti olan uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Mədəd ÇOBANOV, filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın akademiki, GUAM-ın diplomçusu.Bakı, 21.I.2010-cu il. "ŞƏRQİN SƏSİ" qəzeti, Dekabr, 2010, "ELM və TƏHSİL" qəzeti,2011. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.