YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ BİNNƏT ƏLİOĞLU!.. "Gürcüstan", Təbriklər 16 Mart Binnət ƏLİOĞLU - 65TƏBRİK EDİRİK!..Martın 16-ı Gürcüstanda yaşayıb-yaradan dəyərli ziyalımız, istedadlı qələm sahibi, tanınmış jurnalist, "Gürcüstan" qəzetinin Baş redaktor müavini Binnət Əlioğlunun doğum günüdür. Daha doğrusu, yubileyidir.Anadan olmasının 65 illik yubileyi!..Binnət Əli oğlu Məmmədov - 1956-cı il martın 16-da qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Böyük Muğanlı kəndində anadan olub. Onun atası, məşhur el şairi Əli Faxralı (Məmmədov Əli Qurban oğlu) əslən Bolnisi rayonunun Faxralı kəndindəndir.Doğulduğu kənddə orta məktəbi müvəffəqiyyətlə bitirən Binnət Məmmədov təhsilini Bakıda davam etdirib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsində oxuyub. 1982-ci ildə universitetdə ali təhsilini uğurla başa vurub.1984-cü ildə o vaxtkı “Sovet Gürcüstanı” – indiki “Gürcüstan” qəzetində tərcüməçi kimi əmək fəaliyyətinə başlayıb və 1991-ci ilədək bu vəzifədə çalışıb. Bu müddətdə əsas işi olan tərcüməçiliklə yanaşı, aktual mövzularda yazıları ilə də tez-tez qəzetdə çıxış edib, özünəmxsus yazı üslubu, dəst-xətti ilə seçilib. 1991-ci ildə həmin qəzetin böyük müxbiri təyin olunub.Binnət Əlioğlu 1991-ci ildən Gürcüstan Jurnalistlər Federasiyasının üzvüdür. 1997-ci ildə Gürcüstan prezidentinin “Təşəkkürnamə”sinə layiq görülüb.2008-ci ilin martında Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təsis etdiyi “Region press” qəzetinə kimin redaktor olması məsələsi gündəmə gələndə rəhbərlik tərəddüd etmədən mətbuatdakı uzunillik iş təcrübəsini nəzərə alaraq məhz Binnət müəllimin üzərində dayanıb. Hesab edirik ki, yanılmayıblar da. Elə Binnət müəllim də ona göstərilən yüksək etimadı əməli işiylə qısa müddətdə doğruldub. Qəzet tezliklə Gürcüstandakı soydaşlarımızın inam və etibarını qazanıb, öz dillərində informasiya aldıqları etibarlı bir mətbu orqana çevrilib. Oxucular həm də bu qəzetə inam yeri, güvənc yeri kimi baxıblar. Regionda baş verən ictimai-siyasi hadisələrə ayna tutan qəzet öz səhifələrində sosial problemlərə də yer ayırıb, eləcə də, Gürcüstan Respublikasının rəsmi dövlət xəbərlərini də vaxtında əldə edə bilmələrində soydaşlarımızın yardımçısına çevrilib. Öz ətrafında Borçalıda yazıb-yaradan ədəbi qüvvələri birləşdirib, tez-tez onların yaradıcılıq nümunələrini dərc edib.Binnət müəllim bu gün həm də Gürcüstanda yaşayan gənc azərbaycanlı jurnalistlərin yetişməsində böyük əmək sərf edən bir qələm adamı, peşəkar jurnalistdir. Onun peşəkar qələmindən çıxan və müxtəlif mətbuat orqanlarında da dərc olunan publisistik məqalələri oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki o, həyatda olduğu kimi, yazılarında da səmimidir. Boğazdan yuxarı danışmağı sevmir, aktual mövzulara müraciət edir, düşündüyünü, onu düşündürən mövzunu qələmə alır. Elə buna görə də oxucusunu da düşündürə bilir.O, eyni zamanda bədii yaradıcılıqla da məşğul olur. Şeirləri və publisistik məqalələrindən ibarət “Salam, dünyanın dərdi” adlı kitabı işıq üzü görüb. Eyni zamanda, onlarla ədəbi-bədii, elmi-tədqiqat toplularının tərtibçisi, ön söz müəllifi və redaktorudur.Jurnalistlik fəaliyyəti ilə yanaşı B.Məmmədov eyni zamanda Gürcüstanın müxtəlif ali məktəblərində pedaqoji fəaliyyətlə də məşğul olub. Ali məktəb tələbələrinə Azərbaycan dilini tədris edib. 1993-1998-ci illərdə Kvemo Kartli Müstəqil Universitetində, 1998-2007-ci illərdə isə İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin Kvemo Kartli filialında dekan müavini vəzifəsində çalışıb.Binnət Əli oğlu hazırda "Gürcüstan" qəzetinin Baş redaktor müavini vəzifəsində şərəflə şalışır. O, bu günlərdə Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin "Elm və təhsil" qəzeti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən "Abdulla Şaiq" mükafatına, "XXI Əsrin Ziyalıları" Cəmiyyətinin "Şərqin səsi" qəzeti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən isə "XXI Əsrin Ziyalısı" Fəxri adına layiq görülüb.Biz də çox hörmətli Binnət Əlioğlunu həm doğum günü,həm anadan olmasının 65 illik yubileyi, həm də yeni təltifləri münasibətilə ürəkdən təbrik edir, ona şəxsi həyatında, şərəfli jurnalistlik fəaliyyətində, eləcə də, ədəbi-bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,"ZiM.Az" saytının və "Ziya" qəzetinin Baş redaktoru,filologiya üzrə fəlsəfə doktoru,"Abulla Şaiq", "Nəriman Nərimanov","Nizami Gəncəvi", "İmaməddin Nəsimi","Zirvə" və "Qızıl qələm" mükafatları laureatıP.S.:Aşağıda “Abdulla Şaiq”, “Qızıl qələm”, “Vətən”, “Araz” mükafatları laureatı, dəyərli ziyalımız, tanınmış müəllim-pedaqoq, “Qabaqcıl təhsil işçisi”,istedadlı qələm sahibi, zəhmətkeş folklor tədqiqatçısı, yazıçı-publisist, çox hörmətli Səməndər Məmmədovun 2017-ci ildə Bakıda “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Faxralılar” kitabında (I kitab) Binnət Əlioğlu haqqında yazdığı ürək sözlərini müəyyən ixtisarlarla dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzDÜNYANIN DƏRDİNƏ SALAM VERƏN QƏLƏM DOSTUM2015-ci ildə milli mətbuatımızın yaranmasının 140 illiyi tamam oldu. Azərbaycan Respublikasının Przeidenti cənab İlham Əliyev bu yubileyin ölkəmizdə geniş şəkildə qeyd olunması üçün ayrıca sərəncam imzaladı və bu münasibətlə silsilə tədbirlər həyata keçirildi. Təbii ki, bu bayram ərəfəsində mən də yaxından tanıdığım, dostluq münasibətində olduğum jurnalistləri təbrik elədim. Ancaq etiraf edim ki, ümumiyyətlə milli mətbuatımızdan, mətbuat tariximizdən söz düşəndə, hər şeydən öncə yadıma Gürcüstandakı azərbaycandilli mətbuat düşür. “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) və “Qələbə bayrağı” qəzetləri gəlir gözlərimin önünə. Bu qəzetlərin yazarlarını xatırlayıram. O qəzetləri ki, kiçik bir yazımızın, yaxud bircə şeirimizin bu qəzetlərdə çıxması bizim üçün toy-bayrama çevrilərdi. O yazarları ki, hər yazılarını böyük səbirsizliklə gözləyərdik. Mənim üçün bu qəzetlər bu gün də ayrıca bir jurnalistika məktəbi olaraq qalır. Bu kollektivləri mənim üçün əziz edən bir də odur ki, ilk qələm təcrübələrim məhz bu qəzetlərdə işıq üzü görüb. Əslində, bu gün harda yaşayıb fəaliyyət göstərməsindən asılı olmayaraq, əslən Borçalıdan olan qələm adamlarının böyük əksəryiyytəi üçün, xüsusilə də, indiki “Gürcüstan” – o vaxtkı “Sovet Gürcüstanı” qəzeti ilk təcrübə meydanı, jurnalistika məktəbi olub.Milli mətbuat günü ərəfəsində mənə həmişə əziz olan qəzetləri, bu qəzetlərin yaradıcı kollektivini xatırlamağım heç də təsadüfi deyil. Ötən əsrin 90-cı illərində “Sovet Gürcüstanı” qəzeti adını dəyişib sadəcə “Gürcüstan” olsa da, əqidəsini, məramını və məqsədini dəyişmədi, Gürcüstanda yaşayan soydaşlarımızın mətbu tribunası rolunu oynamaqda davam etdi. Qəzetin əməkdaşları min bir əzab-əziyyət bahasına olsa da, nəşri dayanadırmadılar. Gürcüstan müstəqillik əldə etdikdən sonra bir sıra yeni qəzetlər nəşr olunmağa başlasa da, “Gürcüstan” bu respublikadakı Azərbaycan dilli mətbuatın flaqmanı olaraq qaldı. Elə yeni yaranan qəzetlərdə çalışanların əksəriyyəti də vaxtilə ilk qələm təcrübələri “Gürcüstan”da işıq üzü görənlər, bu qəzetdə çalışanlar idi.Bu gün Gürcüstanda Azərbaycan dilində işıq üzü görən bir sıra mətbuat orqanları və böyük potensiala malik jurnalistlərimiz vardır. Bu qəzetlərdən biri də təkcə Borçalıda, Gürcüstanda yox, Azərbaycanda və Türkiyədə də sevilə-sevilə oxunan “Region press” qəzetidir. Bu qəzet yüksək peşəkarlıq səviyyəsi baxımından bu gün Azərbaycanda çıxan qəzetlərlə rəqabət aparmaq gücündədir. Çünki qəzetin başında duran, onu yönətən təsadüfi adam deyil, peşəkar jurnalistdir. Və nə yaxşı ki, qəzetin təsisçiləri vaxtında uzaqgörənlik edərək çörəyi çörəkçiyə veriblər. Çörəyi çörəkçiyə verəndə isə arxayın olursan ki, işlər rəvan gedəcək.Bu yazıda da mən elə “Region press” qəzetindən, daha doğrusu onun redaktoru Binnət Əlioğludan söhbət açmaq istəyirəm. Ancaq yazının əvvəlində daha çox “Gürcüstan” qəzetindən danışmağım da təsadüfi deyil. Əvvəla, yuxarıda da qeyd etdiyim kimi, milli mətbuatımızın inkişaf yolundan danışanda keçmiş “Sovet Gürcüstanı” – bu günkü “Gürcüstan” qəzetini xatırlamamaq ən azından insafsızlıq olardı. İkincisi də, bu yazımın qəhrəmanı Binnət Əlioğlunun keçdiyi yaradıcılıq yolu da bu qəzetlə sıx bağlıdır.Bu gün hamının Binnət Əlioğlu imzasıyla tanıdığı və yazılarını sevə-sevə oxuduğumuz Binnət Əli oğlu Məmmədov 1956-cı il martın 16-da Marneuli rayonunun Böyük Muğanlı kəndində anadan olub. Onun atası, məşhur el şairi Əli Faxralı (Məmmədov Əli Qurban oğlu) əslən Bolnisi rayonunun Faxralı kəndindəndir...Binnətin atası Əli Faxralı (Əli əmi) atam Eyvaz Məmmədovla dost idi. Xeyirdə-şərdə bir birlərini axtarardılar. Onların arasında olan yaxınlığı, doğmalığı və qohumluğu bu gün də biz (qohumlarımız) davam etdiririk. Tez-tez Binnətlə danışıb hal-əhval tuturuq. Bir-birimizə əmioğlu deyə müraciət edirik. Şad günlərimizdə bir-birimizi axtarırıq. Açığını deyim ki, bunun üçün də şərəf duyuruq...Binnət Əlioğlu bu gün ömrünün və yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. Ona daha böyük uğurlar arzu edir və deyirəm: canın sağlam, ömrün uzun, qələmin isə kəsərli olsun, əziz eloğlu!Səməndər Məmmədov ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.