ƏLİXAN YƏHYAOĞLU: “ZƏLİMXANSIZ QALAN DÜNYA”

ƏLİXAN  YƏHYAOĞLU: “ZƏLİMXANSIZ  QALAN  DÜNYA” ƏLİXAN YƏHYAOĞLU:
“ZƏLİMXANSIZ QALAN DÜNYA”
və ya ŞAİRİNİN RUHU İLƏ SÖHBƏT

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yusif oğlu Yaqubov 2016-cı il yanvarın 9-da, saat 16:00 radələrində ömrünün 66-cı ilində vəfat edib. Z.Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın, Bolnisi rayonunun, Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə Kəpənəkçi orta məktəbini, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində şöbə müdiri işləyib. 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatının poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 1995-2005-ci illərdə iki çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. Bədii yaradıcılığa gənc yaşlarından başlayan Z. Yaqubun ilk şeiri 1966-cı il oktyabrın 4-də Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib. 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının, Azərbaycan Ağsaqqallar Şurasının üzvü olub. O, Azərbaycan Respublikasının “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif edilib.1981-ci ildə “Könlümün səsi” adlı ilk şeirlər kitabı, 2012-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən 13 cildlik seçilmiş əsərləri çap olunub. Z.Yaqub 64 kitabın müəllifidir.

…CAN Qardaşım, XAN Adaşım, Sən də hamı kimi yaşamaq, yeni-yeni əsərlər, könül oxşayan, sevib sevdirən şeirlər yazmaq, kitablar nəşr etdirmək, ailə, övlad qayğısı çəkmək, nəvə-nəticə böyüdüb toyunu görmək istəyirdin. Dünyaya sığmayan arzu-diləklərindən, vətənin və xalqın problərindən, millətin dərdlərindən yazmaq istəyirdin. Yer üzünün əşrəfi kimi Sənin də qəlbin yaşamaq eşqilə döyünürdü. Gördüyün bütün işləri, yazdığın əsərləri yaşamaq eşqilə həyata keçirirdin. Ömrünü “gözlə qaş arasındakı” ölümə qurban verib dünyanı dəyişdin, əbədiyyətə qovuşdun. Xeyirxah əməllərin, görüləsi vacib işlərin ömrün kimi yarımçıq qaldı. Müqəddəs arzuların qarşısında ömrün “vəfasız” çıxdı. Zalım fələk Sənin saydığın kimi saymadı. Onun hesabı isə vaxtlı-vaxtsız insanın hər yaşda həyatına son qoyur…
…”Ölüm” adlı qaçılmaz bir Həqiqət sağlam, “buz baltalı”, polad iradəli, dəmir biləkli, şaqraq gülüşlü, pəhləvan cüssəli, sadə qəlbli, kövrək və həssas duyğulu Zəlimxan Yaqub ömrünün qapısını erkən döydü. Əslində beş-altı il öncə ömür qapının döyülməsi Səni “boğaza yığmışdı”.Çox əzab-əziyyət verdi. Heyif ki, bu cəfaların, əzab-əziyyətlərin səfasını görmədin. Çox heyif…
…“Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”nın bundan başqa “işi-gücü” yoxdu. Yazıb yaradanlar, xeyirxahlar, xalq üçün gərəkli olanlar, millətin maraqları namınə çalışanlar, “biz” deyənlər başqalarından fərqli olaraq daha tez ölümə məhkum edilirlər. Niyə?
…CAN Qardaşım, XAN Adaşım, sən demə “gözəl ölüm”, “yaxşı ölüm” arzulaya-arzulaya özünü ölümə hazırlayırmışsan. Yerini-məkanını, necəliyini bilmədiyin, varlığını görmədiyin ölümü sevdin. Ruhunun dincliyini ölməkdə gördüyünə görəmi ölümü sevdin? Ona görəmi son zamanlar yazdığın şeirləri dəhşətli, vahiməli ölümə həsr edirdin? Dilindən düşməyən bu qorxunc kəlməyə birdən-birə necə vuruldun, necə aşiq oldun? Nə idi Səni vadar edən? “Ölümü özünə, özünü də ölümə yaraşdırdığını”, ona hazır olduğunu tez-tez dilə gətirirdin…
…Bezmişdinmi ağrılardan? Yoxsa candan artıq istədiyin övladlarına, həyalı qız-gəlinlərinə, vəfalı yoldaşına, ağbirçək Anana əziyyət verməmək üçünmü “gözəl ölümün” gəlişinə “xoş gəldin” deyəcəkdin? Canını ağrı-acılardan qurtarmaq üçünmü “gözəl ölümün” yolunu “səbirsizliklə” gözləyirdin? Sən ölümü istəsən də, xalq “olduğu kimi görünən, göründüyü kimi olan” şair OĞLUNUN varlığını istəyir, yaşamağını arzulayırdı. Qarlı dağların, çiçəkli düzlərin, göy çəmənlərin, buz bulaqların, daşqın çayların, sonalı göllərin, ətirli güllərin, bərəkətli torpaqlarının, göz oxşayan təbiətin eşqindən Məcnuna, alışıb yanan Kərəmə dönən şair Zəlimxan Yaqubun vurğunu, “dəli-divanəsi” olan xalq hər an Səni görmək, dinləmək, Səninlə ünsiyyətdə olmaq istəyirdi…
…İnsanları bir-birindən ayırmadın, seçmədin, hamını eyni gözdə gördün. Qarşına çıxan Allah bəndələrinin hər birinə əl tutdun, ümid verdin, insanlıqdan danışdın, inamın və imanın mahiyyətini anlatdın, isti qucaq açdın, doğmaların kimi sevdin. Qarşılıqlı sevginin müqabilində niyə “gözəl ölüm” arzulayırdın? Xalq Sənin ağrılardan nələr çəkdiyini bilirdi…

… CAN Qardaşım, XAN Adaşım, yadındadırsa, Sən “Azərkitab”da şöbə müdiri işləyən vədələr mən tələbə idim. Hərbi xidmətdən təzəcə qayıtmışdım. Onda ilk tanışlıq münasibətilə Rəsul Həmzətovun iki cildlik “Mənim Dağıstanım” şeirlər kitabını hədiyyə verdin. Böyük qardaşımla adaş olduğuna görə, o vaxtdan Səni “Can Qardaşım”, “Xan Adaşım” kimi qəbul etmişəm. Cüssəli görünüşündən, amirənə yerişindən, əzəmətli duruşundan, alovlu danışığından Xana, Sultana bənzədirdim. Bu bənzətmə sən demə heç də təsadüfü deyilmiş. Tanrının qismətilə bənzətməm zaman-zaman reallığa çevrildi. Xalqın sevgi və məhəbbəti, hüsn-rəğbəti Sənin Azərbaycan poeziyasındakı uğur və nailiyyətini, ucalıq və böyüklüyünü, mənəvi Xanlıq və Sultanlığını möhürlədi. Məndən bir yaş böyük olsan da, adımızdakı “Xan” sözü bizi doğmalaşdırıb iki canda bir ürək eylədi. Sən təkcə mənim (ailəmin) qəlbində deyil, minlərlə sadə insanların gözündə İlahi bir varlığa çevrildin. Böyüdükcə böyüdün, ucaldıqca ucaldın. Sənə qarşı həmişə xeyir-dualar edilmiş, alqış və uğurlar dilənmişdi. Xalq varlığından, söz-söhbətindən, çalıb-çağırmağından doymamışdı. Azərbaycan-Türk dünyasının söz mülkündə SULTANLIQ, XANLIQ tax-tacına sahib oldun. Şərq poeziya zirvəsinin məğlubedilməz HÖKMDARINA çevrildin...
...Dünya görmüş ağsaqqal Şamil baban həmişə Sənin oturuşuna, davranışına və danışığına diqqət yetirərmiş. Üç xüsusiyyətinə görə rəhmətlik baban nəvələrinin içində bilirsənmi niyə Səni daha çox sevirmiş? O, “Zəlimxan işləyəndə yorulmur, yeyəndə doymur və danışanda mızıldamır”-deyirdi...
…CAN Qardaşım, XAN Adaşım, iki-üç gün öncə bir röya gördüm. Gördüm ki, “ gül-çiçəklə bəzədilmiş taxtın üstündə oturub ətrafındakı tanımadığım qəribə adamlara saz çalıb oxuyursan. Yanına getməyə çalışsam da, məni qoymadın. “Gedib qəzetdə yazacaqsan, gəlmə”-dedin. Sonra üzünü qağama (atama) tutub “Ay Yəhya əmi, buna deyin getsin”-dedin. “Sənin adına dəvətnamə göndərməmişik, çıx get” deyən qağamın səsini eşitsəm də, özünü görə bilmədim. İri gövdəli iki adam qabağımı kəsib məni məclisə buraxmadı. Ağlayırdım, ancaq səsim çıxmırdı, boğulurdum”. Səsimə hövlank oyandım və yuxunun təsirindən bir müddət özümə gələ bilmədim. Ertəsi gün Çingizə zəng edib (yuxunu danışmadım) Snəninlə bağlı bir-iki kövrək xatirələr verməsini xahiş etdim. Eşitdim ki, Bakıya gedib...
…Erkən ölümün hamını yandırdı. Deyirdin, “erkən ölüm “ucuzlaşmış ölümün” dəyərini özünə qaytarır” (Allah cəmi şəhidlərimizə, vaxtsız dünyasını dəyişənlərə qəni-qəni rəhmət eləsin, yerləri cənnət-məkan, ruhları Allah dərgahında şad olsun. Onlar da erkən ölüb, əbədiyyətə nakam qovuşublar). Bəlkə Sən də, elə şəhidlərimiz kimi bu çirkin dünyanın həyasızlarının, iyrənc fırıldaqçılarının, peşəkar nanəciblərinin, bəzi savadsız siyasətçilərinin, istedadsız qələm sahiblərinin qorxulu əməllərinin qurbanına çevrildin? Bu müxənnətlərin, ata-ana qatillərinin, “at quyruğu kəsənlərin”, “əli ətə yetməyib adını ilənmiş qoyan” vəhşi pişiklərin qurbanına çevrildin? Onlar qabaqda gedənləri, sözü ötkünləri, qələmi iti olanları, el hörməti, xalq məhəbbəti qazananları hədəfə alıb nüfuzdan salmaq istəyirlər…
…CAN Qardaşım, XAN Adaşım, kimdir bunlar? Xalqın, cəmiyyətin içinə düşmüş mikrob və viruslar, bəzi üzdəniraq “lider” və “rəhbər”lərinin həyasız və sırtıq qulları, “min bir oyundan çıxan” yaltaq və riyakar qulbeçələri, yadelli misterlərin qarşısında yeddi yerdən əyilib sual işarəsinə çevrilən vətən xainləri, millət satqınları və s. və i. Onlar nə qədər yaşasalar da, nə Sənin poeziya Zirvənə qalxacaq, nə də Səni öz səviyyələrinə endirə biləcəklər. Xalq kimin-kim olduğunu çox gözəl bilir. Tərbiyəsiz və vicdansızların, dönük və xainlərin cəmiyyətdə yeri yoxdur. Xalq Sənin fitri istedadlı, qabiliyyət və zəkalı, əvəzsiz yaddaş və hafizəli ZİYALI, vətənpərvər ŞAİR kimi tanıyır, sevir və bundan sonar da sevəcəklər, çünki vaxtında səpdiyin sağlam toxumun indi məhsulunu yığırsan. Zəlimxansevərlər hər zaman ruhunu şad edəcəklər…
…Bir dəfə Bakıda evinə qonaq dəvət etdin. Söhbətin ortasında kövrəlib dedin ki, “bu dəfə kənddən gələndə Güllü ilə (anası-Ə.Y.) görüşüb ayrılanda ikimiz də ağladıq. Mən yaşa dolmuş, gəncliyində əzab-əziyyət görmüş, saçlarına dən düşmüş xəstə, ağbirçək anamı, anam isə ağrı-acılar içində inildəyən, dərdlərinə çarə tapılmayan yaralı balasını ağlayırdı. Güllüdən, qardaş-bacıdan, qohum-qonşudan,boya-başa çatdığım kənddən ayrılmaq istəmirdim”…
…CAN Qardaşım, XAN Adaşım, Ay kimi saf, ləkəsiz doğuldun. Bulaq kimi duru axdın. Günəş kimi şölələnib nur saçdın. ”Zəlimxan” adını ləyaqətlə daşıdın, şərəflə qorudun, qeyrətlə yaşatdın. Allahın bəxş etdiyi ağıl-kamalınla hörmət-izzətqazandın, şan-şöhrət sahibi oldun. Hər yerdə, hər ocaq başında, süfrə arxasında, məclis və yığıncaqlarda, tədbir və yubileylərdə Sənin xüsusi yerin, sözün-söhbətin vardı. Daha çox maraqla dinlənilən, alqışlanan Sən idin. Bu gözügötürməzləri, xain və paxılları qıcıqlandırsa da, milyonların ürəyincə olurdu. Allah-Taala bəndələri arasında Sənə mənalı ömür, uğurlu həyat verdisə, xoş bir nəzərlə baxdısa, Səni sınaqdan keçirmək, səbir və dözümünü, inam və sevgini yoxlamaq üçün ömrünün son illərini ağrılı-acılı, qəmli-kədərli etdi. Sən demə fürsətdən istifadə edib özünü ölümə “hazırlayırmışsan”. Ölümün gözünə dik baxıb ona “xoş gəldin” eylədin. Kişi kimi öldün. Bağışla, “öldün” yox, dünyanı dəyişib əbədiyyətə, ölməzliyə qovuşdun. Saz-söz aləmində, poeziya yolunda, insanlıq dünyasında ölməyibsən, ölə də bilməzsən, çünki Sən Tanrının töhfəsi, zamanın yetirməsi, millətin sevinci, xalqın oğlusan…
...Zalım fələk başına elə “oyun açdı”, canına elə sağalımaz ağrı uydurdu, qəlbinə elə qəm-kədər verdi ki, bu “çağrılmamış”, “yolunu azmış” “qonaqlardan” vaxtında yaxa qurtara bilmədin. Heç nəyə baxmayan, xahiş eşitməyən, yalvarış dinləməyən bu vicdansız və amansız ağrılar Səni boğaza yığsa da, bezdirsə də, bir dəfə də olsun “of” demədin. Dəhşətli, amansız ağrıların müqabilində ailənin, qohum-qardaşın, dost-tanışın əhval-ruhiyyəsini pozmamaq üçün ağrıları qəlbinin dərinliklərində susdurubsan.
...Birdən-birə görünməmiş işə, ağılasığmaz oyuna saldılar Səni. O qədər böyrəkləri dəyişdirilənlər, “ağır yatıb, yüngül qalxan” xəstələr gördüm. Hamısı da şəfa tapıb doğma-əzizlərinə qovuşdular. Niyə Tanrı Səni də o xəstələrin ayağına çəkib şəfa vermədi, sıramıza qaytarmadı? Xain əlimi uzandı, müxənnət nəfəsimi dəydi, yoxsa gözə-nəzərəmi gəldin? Bəlkə izinə düşüb qəsdinə durdular? Sənin belə duruma düşməyinə kim bais oldu? Hansı iblis, namərd qıydı? Niyə doğma-əzizləri dərdə-qəmə, göz yaşı axıtmağa vadar etdi? Hamının içində bir şübhə ağacı bitib. Bir də ki, Vətən dərdi, Millət qayğısı çəkən, Xalq yükü daşıyan Zəlimxanın həmişə DAŞI ağır olub....
...CAN Qardaşım, XAN Adaşım, Sənin fiziki-bioloji ağrın, böyrəksiz bədəninin acısı, əzab-əziyyəti, çarəsiz dərdlərin, sağalmaz yaraların, ruhunu sızladır, könlünü göynədirdi. Səni ruhdan salmamaq üçün qənşərində hamı özünü şən, əhval-ruhiyyəli göstərsə də, heç kim içindəki sənli “vərəmi”, intizar və nigarançılığı, qəm-kədəri biruzə vermirdi. Hamının “bir üzü “gülür”, bir üzü qan ağlayırdı”. Güllü ana, Sahibə xanım, oğul-qız, qardaş-bacı dözülməz və dəhşətli ağrılarını Səninlə birgə çəkir və birgə yaşayırdılar. Hər biri dünya şöhrətli Oğulun, ər Kişinin, qeyrətli Atanın, qayğıkeş Qardaşın yenidən öz həyat dünyasına qyıtması üçün gecə-gündüz göylərə əl açıb ulu Yaradandan imdad diləyir və şəfa istəyirdilər...
... Əstəğfürullah, Səni əbədiyyət və ölümsüzlüyə qovuşmaq yolundan saxlamaq gücündə, qüdrətində deyilik. Axı Sən “Peyğəmbər ömrü yaşamağı” arzulayırdın. “Niyyətin hara, mənzilin də ora” deyimi nahaq dilə gətirməyiblər. İstəyinə çatı “Peyğəmbər ömrünü yaşadın”...
...Son illərdə Bakı belə vidalaşmanı, belə son mənzilə yola salmanı görməmişdi. Minlərlə Zəlimxansevərlər, poeziya vurğunları Səni hüznlü qəlblərində, əyilməz çiyinlərində haqq yerinə-müqəddəslərin, dahilərin uyuduğu Fəxri Xiyabanda “əbədi evinə” köçürdülər. Vəsiyyət etdiyin kimi məzarın üstündə aşıqların yanıqlı hayqırtısından, telli sazın ürəklərə od salan naləsindən ana təbiətin dağları, sal qayaları əridi, suları-gölləri alışıb yandı, göydə mələklər ağladı, yerdə insanlar gözyaşı axıtdı. Nisgilli könlünə, dərli yaralarına, yaralı dərdlərinə, paralanmış ağrılarına məlhəm eyləyə bilmədik. Kaş ki, haldan düşmüş xəstə vücudunu, yerişini, duruşunu, baxışını görməyəydim. Kaş ki, ölümlə əlləşən səsini, dilindən çıxan sözləri, kədərli şeirləri eşitməyəydim...
... Adlı-sanlı, dünya şöhrətli şair Zəlimxanın cənazəsi üstündə Güllü ananın fəryadı, Sahibə xanımın naləsi, qız-gəlinin ahı, bacıların fəğanı, ağısı milyonların qəlbinə od salıb yandırdı. Bu təkcə sizin yox, milyonlarla Zəlimxansevərlərin müsibəti, itgisi, dərd-qəmidir. Hamı ağladı, dərdinizə ortaq oldu, yas saxladı...
...CAN Qardaşım, XAN Adaşım, ölümündən bir gün əvvəl yüksək hərarət içində yatırdım. Ertəsi gün acı xəbəri eşitdim. Dünya gözlərimdə qaralıb görünməz oldu. Ürək ağrısı ilə təzyiqim bir-birinə qarışdı. Qəlbimdən coşub gələn seli gözlərim saxlamırdı. CAN Qardaşın, XAN Adaşın itgisinə dözməyib Kişi kimi “dil deyib”(evdəkilər də) ağlayırdım. İki gün təcili yardım həkimləri səhhətimlə məşğul olub ayağa qaldırdılar. Bax, bu səbəbdən Sənin dəfnində iştirak edib vidalaşa bilmədim. Bu üzdən Sənin ruhun qarşısında, ailən, doğma və əzizlərin qarşısında özümü bağışlaya bilmirəm...

P.S.
Şərəfli və mənalı ömrünlə, Səni sevənlərin gözündə, könlündə, qəlbində əbədiləşdin. Ziyalı kimi, şair kimi xalqın içində əriyə-əriyə onların ruhuna hopdun, qan yaddaşına köçdün. Şərəfli ölümlərilə daha bir ömür qazanıb əbədi yaşayan dahilərə, müqəddəs varlıqlara qovuşdun.
Heyif, Səni saxlaya bilmədik. Qara torpağa, heykəlləşmiş məzara, mərmər daşa dəyişdik.
Rahat yat, CAN Qardaşım, XAN Adaşım. Məkanın cənnət, Ruhun şad olsun. Allahın bəndəsi olan hər kəs həyatın qanununa boyun əyəcək, “can borcunu” “ödəyib” daimi məkanına gedəcək.

ZƏLİMXANSIZ QOYDUN, DÜNYA

Saz mülkünü, söz mülkünü,
Zəlimxansız qoydun, dünya!
El adını, el yükünü,
Zəlimxansız qoydun, dünya!

Əsən mehi, küləkləri,
Neçə yanan ürəkləri
Sonsuz arzu-diləkləri,
Zəlimxansız qoydun, dünya!

Zirvələri, ucaları,
Cavanları, qocaları,
Kəlmələri, hecaları,
Zəlimxansız qoydun, dünya!

Neçə qışı, neçə yazı,
Şirin səsi, xoş avazı,
Sinə üstə telli sazı,
Zəlimxansız qoydun, dünya!

Bərəkətli bağça-bağı,
Xatirəli aran-dağı,
Neçə tanış, dost ocağı,
Zəlimxansız qoydun, dünya!

Doğrultmadı əhdin bizi,
Yaşatmadın doxsan, yüzü,
Boynu bükük oğul-qızı,
Zəlimxansız qoydun, dünya!

Sevdim hər bir balasını,
Sular, göllər sonasını.
Ağlar qalan Anasını,
Zəlimxansız qoydun, dünya!

Verdin bada yanan canı,
Öldü elin Şahı, Xanı.
Dərd haqlayan Əlixanı,
Zəlimxansız qoydun, dünya!


Xalq şairi Zəlimxan Yaqubun “QÜRBƏT DÜŞÜNCƏLƏRİ” (Almaniya dəftəri) kitabından bir neçə şeiri Sizə təqdim edirik.

ÇƏKMƏSİN

Başım nələr çəkdi qoca dünyada,
Mən çəkən dərdləri yağı çəkməsin.
Fələk hər ömürdən nişanə qoysun,
Kökündən çıxarıb tağı çəkməsin.

Zülmət gözlərimə endi çən kimi,
Dərdim saçlarıma yağdı dən kimi.
Heçkəsin anası mən çəkən kimi,
Bayatı çağırıb, ağı çəkməsin.

Dağıtsın dən kimi, quş dara çəksin,
Dərdi dağ itirsin, daş dara çəksin.
Zəlimxan, dağlara, daşlara çəksin,
Fələk sinəmizə dağı çəkməsin.

APARSIN

Kim gedəndə məzarımın üstünə,
Nə gül dərsin, nə çiçəklər aparsın.
Dodağında Quranın bir ayəsi,
Ürəyində xoş diləklər aparsın.

Dağ döşündə yaralanmış ahuyam,
Dərd evinin, qəm mülkünün şahıyam.
Dağ yandıran Füzulinin ahıyam,
Hesabını qoy fələklər aparsın.

İgid canım, şəhid canım, mərd canım,
Ağrılara möhkəm canım, sərt canım.
Qoyma səndə meydan aça dərd, canım,
Dərdin varsa, ver küləklər aparsın.

Dünya şeytan, dünya meydan, dünya qan,
Baxıb gördük dünya axşam, dünya dan.
Bir gün məni aparanda dünyadan,
Qoy ya ruhlar, ya mələklər aparsın.

At büdrədi, meydan getdi, ər itdi,
Ay Zəlimxan, yan, qəlbini ərit di.
Keçmişimi qara torpaq əritdi,
Sabahımı gələcəklər aparsın.


YAZIB GƏLMİŞƏM

Ey qürbət məmləkət, ey qürbət diyar,
Demə, yollarımı azıb gəlmişəm.
Alnıma nə yazıb Allahım bilir,
Mən öz dastanımı yazıb gəlmişəm.

Köküm, çiçəklərim, tağım ordadı,
Mən burda xəstəyəm, sağım ordadı.
Qayalı, bulaqlı dağım ordadı,
Damlayam, qayadan sızıb gəlmişəm.

Özün bil, özgəyə bildirmə məni,
Ağlada-ağlada güldürmə məni.
Sən Allah, qürbətdə öldürmə məni,
Vətəndə qəbrimi qazıb gəlmişəm.


ÖYRƏNİN DAHA

Sevinc ev tikəndi, qəm ev yıxandı,
Həsrət baş ağrıdan, ürək sıxandı.
Ömür ki, bir küncə girdi, tıxandı,
Çox da baş qoşmayın amana, aha,
Mənsiz yaşamağa öyrənin daha.

Basdırın ağacı, kök dərin olsun,
Vurdurun kəhrizi, su sərin olsun.
Həyat sizdən ötrü şipşirin olsun,
Ömrümüz gödəkdi, vaxtımız baha,
Mənsiz yaşamağa öyrənin daha.

Ürək sevinməkdən aram olmasın,
Sizin süfrənizdə haram olmasın.
Elsiz evinizdə bayram olmasın,
Qəlbiniz batmasın küfrə, günaha,
Mənsiz yaşamağa öyrənin daha.

Kişilər yanında üzünüz olsun,
Kişitək deməyə sözünüz olsun.
Mizan tərəzisi gözünüz olsun,
Halaldan sədd çəkin nəfsə, tamaha,
Mənsiz yaşamağa öyrənin daha.

Bir dəfə verilir fürsət insana,
Əbədi verilmir qismət insana.
Ucalıq gətirir hörmət insana,
Bağlanın zəhmətə, haqqa, Allaha,
Mənsiz yaşamağa öyrənin daha.


ŞAİRİN ÖLÜMÜ

Ağrilar əlində acizdi bəndə,
Nə həsrət üzülür, nə kədər ölür.
Dünya tutqunlaşar şair öləndə,
Nə qədər şeirlər, nəğmələr ölür.

Zirvələr yaş tökər, ucalar ağlar,
Cavanlar ah çəkər, qocalar ağlar.
Sözlər, qafiyələr, hecalar ağlar,
Şair can verəndə gör nələr ölür.

Gözündə Günəş var, könlündə sabah,
Hər fikir səngərdi, hər sözü silah.
Şairi öldürmə, ey qadir Allah,
O ölsə nəğməli bir səhər ölür.

"ÜMİD" qəzeti, N: 07-08, 15.01.2016

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: