AMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri" mövzusunda respublika elmi konfransı keçirilib "Zirvə", Folklor 26 Aralık 2016-cı il dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında Folklor İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri və perspektivləri" mövzusunda respublika elmi konfransı keçirilib.AMEA-dan ZiM.Az-a bildiriblər ki, tədbir AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin giriş nitqi ilə başlayıb. Son illər Azərbaycan folklorşünaslığını milli ictimai-humanitar elmlər içərisində xüsusi inkişaf edən sahələrdən biri kimi qiymətləndirən akademik bu istiqamətdə AMEA-nın Folklor İnstitutunun fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.AMEA-nın vitse-prezidenti qeyd edib ki, Azərbaycan folkloru xalqımızın milli-mənəvi dəyərləri olduğu üçün bu sahənin müxtəlif aspektlərdən tədqiqi yalnız elmi deyil, həm də ümumictimai məna kəsb edir. Akademik İsa Həbibbəyli folklorun funksional struktur aspektindən multidissiplinar tədqiqinin müasir humanitar elmlərin nəzəri-metodoloji axtarışları baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Hazırda multidissiplinar araşdırmalar Azərbaycan elminin əsas prioritetlərindən biridir. Özündə xalqın tarixi təcrübəsini, mifik görüşlərini, dini inanclarını, estetik baxışlarını əks etdirən folklorun multidissiplinar tədqiqi xüsusilə zəruridir. Çünki xalqın bütöv mahiyyətinin hərtərəfli şəkildə təcəssüm olunduğu folklor xəzinəsi multidissiplinar yanaşma olmadan, kompleks tədqiq oluna bilməz".Tədbirdə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli konfransda diqqət mərkəzinə gətirilən problemlərin müasir elmi əhəmiyyətindən danışıb. Akademik vurğulayıb ki, dünya folklorşünaslıq elminin nəzəri təcrübələrinin milli elmi fikir dövriyyəsinə daxil edilməsi Azərbaycan folklorşünaslığının daha da inkişaf etməsinə təkan verəcək.Sonra Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış edərək konfransın əhəmiyyətinə toxunub. Azərbaycan folklorşünaslığında folklorun nəzəri aspektdən araşdırılmasının mühüm istiqamətlərdən biri olduğunu deyən AMEA-nın müxbir üzvü Muxtar İmanov hazırda folklorun tamamilə yeni məzmun kəsb etdiyini vurğulayıb: "Folklor yalnız yaddaşlardan toplanmış və arxivlərdə saxlanılan, yaxud da nəşr olunmuş folklor külliyyatlarında əks olunan milli irs kimi başa düşmək doğru deyil. Folklor bu gün də canlı kommunikasiya prosesində yaşamını davam etdirən mühüm bir mədəni təsisatdır. Bu mədəni təsisat müasir informasiya kommunikasiya texnologiyalarının, virtual mədəni mühütin inkişafı ilə şərtlənərək indi tanmamilə yeni məzmun kəsb edib. Ona görə də folklorun prosessual təbiəti yalnız funksional struktur aspektindən tədqiq olunarkən bu xüsusiyyətlər araşdırmaya cəlb oluna bilir".Dünya folklorşünaslığında multidissiplinarlığın zəngin təcrübəsinin olduğunu deyən institut direktoru bu irsin filoloji olmaqla bərabər, antropoloji, sosioloji, kulturoloji, psixoloji və s. aspektlərdən öyrənilməsinin zəruriliyini vurğulayıb.Konfransda filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin "Folklorun funksional strukturunun multidissiplinar analizi" mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində folklorun funksional struktur aspektdən öyrənilməsinin zəruriliyinin bir tərəfdən folklorun öz daxili təbiəti, digər tərəfdən isə onun müasir sosial-mədəni proseslərdə və virtual mühitdə fəal iştirakı ilə bilavasitə bağlı olduğunu qeyd edib. S.Xavəri məruzəsində folklorun funksional struktur aspektindən araşdırılması istiqamətində dünya elmi təcrübəsinin nəzəri qənaətlərini ümumiləşdirərək, onların əsasında folklorun sintaqmatik, paradiqmatik, diaxron, sinxron istiqamətlər üzrə struktur özəllikləri barədə nəzəri qənaətlərə yer verib. Alim folklora tekstoloji yanaşmadan prosessual yanaşmaya, mədəniyyətin ümumi funksiyaları ilə folklorun funksional strukturu arasında qarşılıqlı əlaqələr, funksiyanın folklorun daxili strukturunun sabit və dəyişməz elementi olması, folklor-ədəbiyyat identifikasiyasının nailiyyətləri və problemləri və s. məsələlərdən də bəhs edib. Qeyd olunan problemlər məruzədə multidissiplinar yanaşma əsasında nəzərdən keçirilib.Daha sonra tədbirdə filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Ənənəvi folklordan virtual folklora: evolusion yanaşma, problem və prespektivlər” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, müasir dünyada informasiya-kommunikasiya texnologiyaları hesabına insanlar arasında ünsiyyətin yeni modellərinin meydana gəlməsi, eləcə də fiziki reallığa alternativ olaraq virtual reallığın ortaya çıxması bütövlükdə insan və onun yaradıcılıq imkanlarına da təsir edib. Bu proses kommunikasiya ilə bağlı olan folklorun da mahiyyətini dəyişib, ənənəvi folklordan virtual folklora keçid baş verib. Folklorun canlı orqanizm kimi bütün dövrlərdə baş verən prosesləri təzahür etdirmək potensialına malik olduğunu, xüsusilə texnoloji mühitin imkanları və şərtləri daxilində texnokulturoloji proseslərin getdiyini vurğulayan H.Quliyev belə şəraitdə onun əvvəlki dövrlərdən tamamilə fərqli məzmun kəsb etdiyini qeyd edib. Məruzədə internet və folklor münasibətlərinin tədqiqi təcrübəsindən, virtual folklorun meydana gəlməsi və xüsusiyyətlərindən, həmçinin problemin nəzəri-metodoloji aspektlərindən bəhs olunub. Məruzəçi qeyd olunan problemlərin araşdırılması ilə bağlı bir sıra təkliflər də irəli sürüb.Tədbirdə "Məna axtarışı müstəvisində psixoanaliz və folklor" mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev psixoanalitik metodun folklor araşdırmalarına gətirdiyi yeni baxış bucağından söhbət açıb. O bildirib ki, ilkin dövrlərdə kliniki metod kimi meydana gələn bu nəzəriyyə tədricən inkişaf edərək müxtəlif mədəni fakt və yaradıcılıq aktlarının semantik məzmunun öyrənilməsində müstəqil metoda çevirilib. İlk dəfə olaraq 1928-ci ildə folklor və psixoanaliz probleminin əhəmiyyətinə diqqət yetirildiyini deyən alim uzun müddət folklorşünasların bu problemə ciddi yanaşmadığını və mövzunun diqqətdən kənarda qaldığını vurğulayıb. Məruzəçi XX əsrin sonlarından etibarən folklor faktlarının izahında bu nəzəriyyəyə yenidən ciddi önəm verilməyə başlanıldığını və mədəni faktların araşdırılmasına öz metod və priomları olan azsaylı nəzəriyyələrdən biri kimi dəyərləndirildiyini əlavə edib. Ziqmund Freyd, Ernest Cons, Riçard Dorson, Saymon Bronner və ən nəhayət XX əsrin ən görkəmli psixoanlitik folklorşünası olan Alan Dandesin nəzəri görüşləri əsasında psixoanaliz və folklor münasibətlərinə aydınlıq gətirən natiq bu metod əsasında Azərbaycan folklorunun öyrənilməsinin onun dünyada tanıdılmasına da ciddi təsir edəcəyini diqqətə çatdırıb.Məruzələr dinlənildikdən sonra mövzular ətrafında geniş müzakirə aparılıb, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.Tədbirin yekununda folklorun funksional strukturunun multidissiplinar aspektlərinin öyrənilməsinin zəruriliyi vurğulanıb.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.