TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

REDAKSİYAMIZIN ARXİVİNDƏN:

“Müşfiq ÇOBANLI”!


Əziz oxucular!
Yəqin ki, bu imza Sizə yaxşı tanışdır. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin IV kurs tələbəsi, 402-ci qrupun nümayəndəsi və dərs əlaçısıdır.
Müşfiq Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbində oxuduğu vaxtdan “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Qələbə bayrağı”, “Sovet Gürcüstanı”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Pioner” jurnalında, 1986-cı ildən “Gənc müəllim” qəzetində çıxış edir. Son vaxtlar onun maraqlı yazılarına “Azərbaycan müəllimi”, “Sovetski pedaqoq”, “Leninskaya znamya”, “Kvemo Kartli”, “Trialeti”, “Azərbaycan”, “Vətən səsi” və digər mətbuat orqanlarında rast gəlirik.
Orta məktəbi 1986-cı ildə fərqlənmə ilə bitirən M.Çobanlı sənədlərini A.S.Puşkin adına (indiki S.S.Orbeliani adına) Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə verib, qəbul olunub. Üç il burada qrup nümayəndəsi və dərs əlaçısı kimi təhsil alıb, ötən sentyabr ayından təhsilini bizim institutda davam etdirir.
1985-ci ildə “Azərbaycan pioneri” qəzetində keçirilən müsabiqənin qalibi kimi, 1986-cı ildə “Qələbə bayrağı” qəzetinin “Ən fəal ştatdankənar müxbiri” kimi Fəxri fərmanlara layiq görülən, “Sözəbaxan qız” sərlövhəli ilk si 1985-ci ildə “Pioner” jurnalında dərc olunan M.Çobanlı elmi yaradıcılıqla da məşğul olur. Onun hələ 1987-ci ildə A.S.Puşkin adına TDPİ-də keçirilən 49-cu tələbə elmi konfransında “M.P.Vaqif və Gürcüstan” mövzusunda (Bax: “Sovet Gürcüstanı”, 25.04.1987), 50-ci tələbə elmi konfransında (1988) “Mikayıl Müşfiq və xalqlar dostluğu” mövzusunda (Bax: “Sovet Gürcüstanı”, 4.02.1989.) etdiyi məruzələr birinci dərəcəli diplomlara layiq görülüb, göstərilən qəzetin səhifələrində həmin məruzələr haqqında müsbət rəylər söylənilib.
Artıq iki ildir ki, M.Çobanlı ədəbiyyatımızın Borçalı qolunun, daha doğrusu, Borçalı ədəbi mühitinin öyrənilməsinin vacib olduğunu və bunun milli mədəniyyət tariximiz üçün böyük əhəmiyyətini nəzərə alıb, bu sahədə tədqiqat işinə başlayıb. O, ötən il S.S.Orbeliani adına TDPİ-də keçirilən tələbə elmi konfransında “Borçalıda yaşayıb-yaradan şairlərin yaradıcılığı” və APİ-də keçirilən 51-ci tələbə elmi konfransında “Çağdaş Borçalı yazıçıları” mövzularında məruzələr etmiş, I dərəcəli diplomlarla və fəxri fərmanla təltif olunmuşdu. Müşfiqin 31 may 1990-cı ildə “Bolnisi” qəzetində dərc olunan “Dünyamalı Kərəm” sərlövhəli elmi məqaləsi böyük maraq doğurmuşdur. Gənc tədqiqatçı, bu günlərdə isə çağdaş Azərbaycan şairlərinin Borçalı haqqında dediklərini “Ağır elli Borçalı” başlığı altında toplayıb, kitabçanı “Dədəm Qorqud keçən yerdi bu yerlər...” epiqrafı ilə yurdsevər oxucuların ixtiyarına vermişdir.
Aşağıda Müşfiq Çobanlının Borçalıda yaşayıb-yaradan şair Əli Səngərli haqqında məqaləsini təqdim edirik.

M.MUSTAFAYEV,
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının
professoru.


“Gənc müəllim” qəzeti N5 (879)
6 mart 1991-ci il
Məqalə “Gürcüstan” qəzetində də dərc olunub.



“NƏĞMƏKAR QUŞ KİMİ ÖTƏSİYƏM MƏN!..”

Borçalıda bir qitə var. Şer qitəsi!.. Borçalıda elə bir oxucu, poeziya həvəskarı tapmaq çətindir ki, o, bu şer qitəsinin havasını udub, günəşindən isinməmiş, suyundan içməmiş olsun... Doğrudur, qədimdən saz-söz beşiyi olan AĞIR ELLİ BORÇALIda istedadlı şairlər çoxdur... Əli Səngərli öz səsi və nəfəsi ilə seçilir. O, lirik şerləri ilə neçə-neçə ürəklərə yol tapıb, könüllər oxşayıb.
Müəllim-şair-tərcüməçi Əli Səngərli (Məmmədov) 1930-cu ildə Borçalının Faxralı kəndində (Bolnisi rayonu) anadan olub, 1950-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir müddət A.S.Puşkin adına (indiki S.S.Orbeliani adına) TDPİ-də Azərbaycan şöbəsinin tələbələrinə dünya ədəbiyyatından mühazirə oxuyub. Hazırda doğma kəndində ədəbiyyat müəllimi işləyir.
1947-ci ildən yaradıcılığa başlamış Ə.Səngərli 1955-ci ildən mətbuatda çıxış edir. Onun əsərləri “Şərqin şəfəqi”, “Sovet Gürcüstanı”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Qələbə bayrağı” və s. mətbuat orqanlarında, “Çeşmə” (1980), “Dan ulduzu” (1987; 1989), “Ağır elli Borçalı” (1990) və digər ədəbi məcmuələrində özünə yer tapmış, Tbilisi, Bakı radio və televiziya verilişlərində səslənmişdir. Şerləri gürcü, rus və başqa dillərə tərcümə olunmuşdur.
“Hara çəksəm yurda çıxır,
Mənim yolum, mənim köçüm!” -
deyən, həyata, doğma Azərbaycan torpağına, müqəddəs ata yurduna, qədim Borçalıya qırılmaz tellərlə bağlı olan şairin yaradıcılığının əsas ruhunu Vətən, xalq məhəbbəti, ata-ana, el-oba sevgisi, sülh, əmin-amanlıq, dünyanı narahat edən fitnə-fəsadlara nifrət, insanların düşüncələri və s. təşkil edir. Hətta onun ilk şerləri belə baharın gəlişinə, gülə, bülbülə həsr olunsa da, nəticə etibarilə vətənpərvərlik motivləri ilə bağlıdır. On yeddi yaşlı gəncin yazdığı “Bülbül” (1947) şerində oxuyuruq:
Göylərin qucağında,
Oxuyan bülbülmüdür?!
Onun aşiq olduğu.
Qönçəmidir, gülmüdür?!
Mən də o bülbül kimi,
İlk bahara vurğunam.
Bir də bahar libaslı,
Bir diyara vurğunam!
Şairin “Xalqımız yüksəlir”, “May gəlir”, “Efirdən səs gəlir”, “Mənim cəlalıma çatmaq olarmı?!” kimi şerlərində Vətənin cah-cəlalı, xariqələr yaradan əmək adamlarının rəşadəti, “Bahar”, “Bahar sökülür”, “Çinarda nə günah var?”, “Payız gecəsi”, “Qoca vələsin ti”, “Meşədəyəm”, “Təbiətin zinəti” şerlərində təbiətin gözəllikləri tərənnüm olunur. “Bu yer onun yeridir” kimi lirik şerlərində gənclərimizin saf məhəbbətindən söhbət açılır. “Kəndim” və “Kənd səhəri” şerlərində doğma kəndini, “A Gözəl dağı” və “Səkkizayaq” şerlərində doğma kəndinin ətrafındakı əyilməz dağları tərifləyir.
Vətənpərvərlik, nikbinlik, yığcamlıq əsas xüsusiyyətlərdən olan Ə.Səngərlinin dili sadə, rəvan və ifadəli olub, oxucuya emosional təsir bağışlayır.
Şairin “Sara xatun”, “Məlikməmməd”, “Süleymana qalan dünya”, “Qıpçaq Məlik”, “Dərviş”, “Vədəçıx” və s. şerləri bu qəbildəndir.
Əli Səngərlinin “Şair ürəyi” adlanan şeri adına layiq süjeti ilə gözəl və mənalıdır. “Kiçik bir şerdə böyük mənalar!” (Əkrəm Cəfər).
Ta qədimdən yaylıq, örtük qadınlarımızın isməti olduğu kimi, papaq da, şairin dili ilə desək, “kişilərin əzəməti”dir.
Atamın namusu, adı
Babam onsuz yaşamadı.
Namus, qeyrət, ad apardı
Gedəndə də gora papaq.
Ə.Səngərlinin “Atalar cəbhədən gələnə qədər”, “Müharibə illərində”, “Bacım”, “9 may” və s. şerlərində Böyük Vətən müharibəsinin vurduğu yaralardan, ağrı-acılardan, xalqımızın göstərdiyi qəhrəmanlıqlardan və nəhayət, qələbənin bəxş etdiyi sonsuz sevinc və şadlıqdan ürəkdolusu şairanə bir dillə söhbət açılır.
“Arzular, arzular, şirin arzular...” Əli Səngərlinin də arzuları sonsuzdur.
Və yaxud “Zirvəyə yazaydım bircə sözümü...”, “Daşlardakı yazılar qazılıb oxunaydı...”, (“İllərin sabahında”), “Sara Xatun, bir peyda ol, bir oğul doğ yenə bizə!..” (“Sara Xatun”), “Gözüm yolda qaldı, gəl, köhlənim nal saldı, gəl!..” (“Məlikməmməd”), “Könüllərdə cücərsən, ay çiçək!” (“Çiçək”) kimi arzularla yaşayan,
“Qarışqadan ibrət götür,
Halal qazan, halal gətir!”
“Əvvəl dərinlikdən başlar ucalıq
Hələ ümmanlara yetəsiyəm mən
Dərinlik təkindən şerlərimə
Zirvə vəsiqəsi alasıyam mən.”
kimi qarşısına məqsəd qoyan və öz məqsədinə yorulmadan irəliləyən şair şerlərindən birində “Şair tək doğuldum”, bir az sonra isə, başqa bir şerində “Balaca bir şer qitəsiyəm mən!..” - söyləyir.
Bəli, Ə.Səngərli şer qitəsidir. Tənqidçi Süleyman Süleymanlının dili ilə desək, “Əli, qələmə aldığı şeri poetik ümumiləşdirmə səviyyəsinə qaldırmağı bacaran, yeni söz, yeni fikir söyləməyə səy göstərən, təkrardan, ritorikadan qaçan şairdir.”
“Təbrizin günəşi haçan doğacaq?!” kimi gözəl şerin müəllifi həm də bədii tərcüməçidir. O hələ 1960-cı ildə gürcü şairi Akaki Seretelinin “Əmək nəğməsi”, “Bahar” şerlərini tərcümə edib “Sovet Gürcüstanı” qəzetində dərc etdirmişdir. Şair tərcüməçi, Pənah Xəlilovun tərtib etdiyi “SSRİ xalqları ədəbiyyatı müntəxabatı” (Bakı, 1956) kitabındakı bir sıra tərcümələri - Qafur Qulamın “Türksib yollarında”, Lesya Ukrainkanın “Ümid”, “Dostlar”, “Məhv olmadı göy yarpaqlar”, “Qızıl geyimlər” şerlərini və Əli Sultanlının tərtib etdiyi “Roma ədəbiyyatı müntəxabatı” (Bakı, 1959) kitabındakı Publi Vergili Maronun “Melebey, Titer”, Lüssi Anney Senakanın “Fedra” əsərlərini isə hələ tələbəlik illərində ana dilinə çevirmişdir. Oxucular Ə.Səngərlinin tərcüməsində neçə-neçə gürcü şairinin şerlərini böyük maraqla oxumuşlar...
... Çağdaş ədəbiyyatımızın Borçalı qolunu təmsil edən və onu gündən-günə zənginləşdirən, inkişaf etdirən, şair Ə.Səngərli hazırda ömrünün 60-cı ilini yaşayır. Biz şairə möhkəm can sağlığı diləyir, ondan yeni-yeni şerlərini gözləyirik. Ə.Səngərli özü demişkən:
“Ölüm nədir, kül ələyim gözünə...”
Və arzu edirik ki, Şer qitəsi-müəllim-şair-tərcüməçi Əli Səngərli bu vədinə əməl etsin:

“Bahar çağlayanda, çöllər güləndə,
Çəmənlər içində itəsiyəm mən.
Qoşulub quşların zümzüməsinə
Nəğməkar quş kimi ötəsiyəm mən!”

Müşfiq ÇOBANLI,
“Gənc müəllim” qəzeti N5 (879)
6 mart 1991-ci il.



ZiM.AZ



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: