Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub Sumqayıt, İqtisadiyyat, Dünya 20 Ekim Ölkəmizdə rəsmi səfərdə olan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.STP-dən ZiM.Az-a bildiriblər ki, əvvəlcə nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. Qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir. Bildirilib ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Hazırda 13 zavod və 30-dən artıq istehsal sahəsi fəaliyyət göstərir. STP-nin baş direktoru Emin Məmmədov qonaqları salamlayaraq, müəssisənin məhsullarının körfəz ərəb dövlətlərinin bazarlarına çıxarılması perspektivləri, iqtisadi əməkdaşlıq əlaqələri haqqında danışıb. STP ilə təşkilata üzv dövlətlərin şirkətləri arasında əməkdaşlıq əlaqələrin qurulmasından və daha da genişləndirilməsindən yana olduqlarını qonaqların diqqətinə çatdırıb. Qeyd edib ki, STP-nin tərkibində olan müəssisələr istehsal etdiyi yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulları və xidmətləri ilə istənilən layihədə uğurla iştirak etməyə hazırdır: “Şirkətdə istehsal və idarəetmə sistemi beynəlxalq standartlar nəzərə alınaraq təşkil edilib. Bu da bizə xaricə bazarlara çıxmaq imkanı verir. Müəssisə daxili təlabatla yanaşı, xarici bazarında ehtiyaclarını tam qarşılamaq gücündədir. İstehsal edilən yüksək keyfiyyətli məhsullarımız və münasib qiymətlərimizi sizlərin də tələblərinə uyğun olduğunu hesab edirəm”. Nümayəndə heyətinin rəhbəri Əbdüllətif bin Raşid Əl-Zəyyəni qonaqpərvərliyə görə minnətdarlığına bildirib. Sumqayıt Texnologiyalar Parkının onlarda xoş təəssürat yaratdığını qeyd edib. Azərbaycan ilə şüraya üzv dövlətlər arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən qeyri-neft sektorunda daha da inkişaf etdirilməsi üçün böyük potensialın və qarşılıqlı marağın olduğunu vurğulayıb. STP ilə gələcək əlaqələrin qurulması üçün sabah keçiriləcək Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının biznes-forumunda müzakirə edilməsinin vacib olduğunu bildirib. Daha sonra nümayəndə heyəti istehsal prosesi ilə yaxından tanış olmaq üçün zavodları gəzib. Onları maraqlandıran çoxsaylı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.