31 DEKABR – BİRLİK GÜNÜMÜZ

             31 DEKABR – BİRLİK GÜNÜMÜZ 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü tariximizə və yaddaşımıza həkk olunub. 
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olaq tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər.


Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlıların nəzərləri müstəqil Vətənimizə dikilib, özləri burada yaşamasa da ürəkləri bizlərlə döyünür.  
Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır. SSRİ- son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş, bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.
Sonra bu təşəbbüs mərkəzi hakimiyyətində dəstəyini qazandı, artıq bütün azərbaycanlılar rəsmən bu günü qeyd edir. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla anırlar.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlılarla əlaqə qurmaq, onların arasında birlik və həmrəylik yaratmaq işində rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayram olub. Indi Həmrəylik gününü, hətta, milliyyətcə azərbaycan türkü olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV Dünya azərbaycanlılarına Bayram təbrikində demişdir: “Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar.”

Müstəqil vətənimiz Azərbaycandan üzümü dünya azərbaycanlılarına tutub deyirəm ki, Həmrəylik günümüz mübarək, əziz soydaşlar, Allah bizim birlik əzmimizi qırmasın, Bayrağımız başımız üstündə dalğalansın, müstəqilliyimiz əbədi olsun! Gəlin bir olaq bir yumruq kimi birləşən xalqları heç bir quvvə əzə bilməyib, bizim də iradəmizi yağılar sındıra bilməz! O günlər olsun bayrağımız işğal olunmuş Vətən torpaqlarında dalğalansın. 31 dekabr elə bir gündür ki, o günün səhəri yeni illə açılır, gələn yeni ilimiz bizə firavanlıq, xeyir bərəkət gətirsin...
Həmrəylik Günümüzə salam olsun! Əziz soydaşlar, Azərbaycanı üzünə Vətən sayanlar, sizlərlə qürür hissi keçiririk. Evlərinizin qapısı xeyir bərəkətə açılsın, üzünüzdən gülüş, dilinizdən şirin sözlər əskik olmasın. 31 Dekabr – Həmrəylik Günümüz mübarək!!!


Ceyhun Ağabəyov,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: