Xatirə ömrü

Xatirə ömrüAkif Təvəkküloğlu
Əməkdar jurnalist


İllər ötür... Saçlara qar ələnir,
Ayım, ilim sevgin ilə bələnir,
Ömür bitir, son mənzilə dirənir,
Bəs bir ömür hardan hara qədərdir?
Mənim ömrüm xatirələr qədərdir...

Yollar məni görən hara aparır?
Hər günümü kərpic-kərpic qoparır...
Sağa-sola baxırsan ki,
Hər yan solur-bozarır.
Bilən varmı bu yol hara qədərdir ?
Mənim ömrüm xatirələr qədərdir...

Hər aşiqin sevdiyi yar gözəldir.
Gözəllərin gözəli elə həmin gözəldir.
Qəlbimdə məhəbbətin alovlandı, közərdi,
Bilmirəm bu atəşin istisi nə qədərdir?
Mənim ömrüm xatirələr qədərdi...

Yaşadığım illərin mənə vurduğu zərbə
Bərabərdir gözəlin mənə verdiyi dərdə
Artıq vaxtı yetişib soruşuram bu yerdə
Bilirsən ki, bu dərdin ölçüsü nə qədərdir?
Mənim ömrüm xatirələr qədərdir...

Xatirələr yaşayır, demək məndə varam, var.
Xatirəsiz bir ömrün, görən nə mənası var?
Xatirədə yaşayır yaşananlar, olanlar
Bəs görən xatirənin ömrü hara qədərdir?
Mən deyirəm -
Xatirə elə ömür qədərdir...
Elə ömür qədərdir.


Gecikmiş peşmançılıq

Deyirdin kaş
Dönəydim mən
Ömr ün ötən çağlarına,
Əldə hökm,
Var dövlətin
Bol-bol olan vaxtlarına...
Xam xəyala düşmüsən sən,
İllər ötdü,
Geri dönməz...
Bu yollarda
Dönüş yoxdur.
Tale səni ucaldanda
Sanırdın ki,
Eniş yoxdur?
Sənin kimi bir acgözə
Gözü dolu hər nə versən
Deyər azdır...
Bu dünyanın naz-nemətin
Yedizdirsən
Yenə acdır...
Yadındadır?
Bir zaman sən
Haqdan çevirdin üzünü,
Demədin sözün düzünü.
Hərəyə bir tənə yazdın
Quyusunu enli qazdın, dərin qazdın
Kefin çox kök,
Özün sazdın
Bəs nə oldu?
Deyəsən sən
Qazdığına özün düşdün.
Bəd əməlin atəşinə
Özün bişdin?
Artıq bitib sənin vaxtın,
Heç gətirmir, yatıb baxtın.
İndi gözləyirsən
Ömrünə fərman,
Onu da verəcək,
Uca yaradan!
Artıq peşmançılıq
Faydasızdı bil,
İstər bu halına
Ağla, istər gül...

PIÇILTI

Bir külək ki,
Necə gəldi əsəcək,
Xəncər kimi,
Üzü-gözü kəsəcək
Heç əsməsin o külək.

lll

Bir bahar ki,
Tumurcuqsuz olacaq,
Gül-çiçəkdən,
Qanqalı bol olacaq,
Heç gəlməsin o bahar.

lll

Qışda qar ki,
Bərəkət yox, bəlasa,
Çaylar donub,
Ellər susuz qalarsa,
Heç gəlməsin o qışı.

lll

Bir payız ki,
Toysuz-düyünsüzdüsə,
Bərəkəti
Qeybə çəkilibdisə
Heç gəlməsin o payız.

lll

Bir yayın ki,
Gündən çoxdu buludu,
Buz bulaqlar
Axmaz oldu, qurudu,
İstəmirəm o yayı.

lll

Bir ağac ki,
Kökü yerdə olmasa,
Bar-bəhrəsi,
Bol meyvəsi olmasa
Heç olmasın o ağac.

lll

Bir ürək ki,
Sevgi ilə vurmasa,
Məhəbbətdən
Bir yuvacıq qurmasa
Nəyə lazım o ürək.

lll

Bir insan ki,
Haqqa meydan oxuyur,
Çəpərini
Nadanlıqdan toxuyur,
Nəyə lazım o insan.

lll

Bir tale ki,
Gətirməsə, gəlməsə,
Arzulara, istəklərə yetməsə
Yazılmasın o tale.

lll

Bir dünya ki,
İşıqdan çox zülmətsə,
İnsanların
Üzü-gözü gülməzsə,
Heç olmasın o dünya!
Heç olmasın o dünya!

Sükutun adı

Xoş günlərin birində
Dənizin sahilində,
Oturmuşduq üz-üzə,
Gözlərimiz göz-gözə.
Nə danışa bilirdik,
Nə gözlərdə kədəri,
Sevinci hiss edirdik.
Əlimiz, ayağımız,
Həm canımız, qanımız
Tilsimə düşmüş təki,
Yox olmuşdu elə bil.
Yox olmuşdu canımız
Yox idi varlığımız,
Aman Allah, bu nədi?
Yoxsa yuxu görürük?
Bəlkə heç bilmirik biz,
Bu dünyadan köçmüşük?
Bir aləmdi bu yerlər,
Göm-göy suları təmiz,
Ümmana bənzər dəniz,
Sahilləri bəzənib
Heyran edir hər kəsi.
Elə bil toy qurulub.
Hər tərəfdən ucalır,
Mahnıları, bəstəsi.
Sevgililər oturub
Ağac altda, kölgədə,
Xısın-xısın danışır.
Top dalıyca qaçışan,
Uçan qağayılara,
Əl yelləyib qışqıran,
Körpə fidan balalar,
Elə bil ki, yarışır.
Burda güllər, çiçəklər,
Bir-birini çağırır
Bülbüllərin avazı,
Qəlb oxşayır, can alır.
Burda hamı canlıdır,
Hamı danışır, gülür,
Yerlə göy arasında
Özünü xoşbəxt bilir.
Biz də bu məkandayıq,
Dənizin sahilində.
Oturmuşuq, üz-üzə,
Amma nə kədərliyik,
Nə gülürük, nə şadıq...
Sükut ağuşunda biz
Buz kimiyik, donmuşuq.
Elə bil dünya bizi,
Biz dünyanı yormuşuq.
Allah, görən bu nədir?
Heykələ dönmüşük biz...
Milyon illərdən bəri
Heç görüşməmişik biz ?
Gendən baxanlar deyir,
Yəqin bunlar dəlidir.
Bəlkə bu günə salan,
Onları dərd-səridir.
Yox, nə dərddir, nə də sər,
Bu buzlaşmış baxışa,
Tanrı vuran naxışa
Eşq deyilib əzəldən
İnsan yerə gələndən,
Həsrət dolu o gözlər,
Buza dönmüş o sözlər
Sevgi ilə isindi.
Bu hal nəymiş bilindi:
O sevgidi, o sevgidi, o sevgi...
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: