Millət vəkili AYDIN MİRZƏZADƏ: "Mən indiki gənc nəsli bizdən daha şanslı hesab edirəm..." Azərbaycan » Milli Məclis 25 Mayıs Redaksiyamızın bu günkü qonağı - tanınmış ictimai-siyasi xadim,Azərbaycan Respublikası Milli Məclisinin II - V çağırış deputatı; Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadədir.Müsahibimizin ömür yolu: Aydın Böyükkişi oğlu Mirzəzadə -- 1957-ci il iyulun 2-də Mingəçevir şəhərində anadan olub. 1974-cü ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirib. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olub və 1980-ci ildə buranı inşaatçı-mühəndis ixtisası ilə bitirib. Təhsil müddətində İnstitut Tələbə Şurasının üzvü kimi ictimai fəaliyyətlə məşğul olmuş, tələbə-inşaat dəstələri hərəkatında fəal iştirak edib. 1980-ci ildə təyinatla Rusiya SFSR-in Tver vilayətinin Rjev şəhərində yerləşən 1315 saylı səyyar mexanikləşdirilmiş dəstənin tikinti ustası işləyib. 1980-1982-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş və hərbi xidmətin yekununa görə adı hərbi hissənin Fəxri Kitabına salınıb. 1982-1993-cü illərdə Mingəçevir şəhərində yerləşən Azərbaycan DRES tikintisində müxtəlif vəzifələrdə çalışıb. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaradılmasında iştirak etmiş və 1992-1999-cu illərdə təşkilatın sədri olub. 1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının I (1999-cu il), II (2001-ci il), III (2005-ci il) və V qurultaylarında (2013-cü il) partiyanın Siyasi Şurasının üzvü seçilib. 2003-cü ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin, 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevin seçkiqabağı vəkili olub. 2008-ci və 2013-cü il prezident seçkilərində, 2009-cu il və 2016-cı il Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumlarda və 2009-cu və 2014-cü il bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasında Yeni Azərbaycan Partiyasını məşvərətçi səslə təmsil edib. Azərbaycan Milli Ensiklopediyasının eksperti, 11 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir. Politologiya sahəsində geniş tədqiqat işi aparır. 2014-cü ilin sonunda Aydın Mirzəzadənin Türkiyənin MLEC Kitab Nəşriyyatı tərəfindən türk dilində "Karabağ düğümü" adlı kitabı böyük tirajla çap edilib. Kitabda çoxsayı xəritələr, şəkillər, tarixi sənədlər, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər verilib. 2016-cı ilin sonunda Aydın Mirzəzadənin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində erməni dilində "Qarabağ düyünü" kitabı nəşr ediliub. Bu azərbaycanlı tədqiqatçının xaricdə erməni dilində Dağlıq Qarabağ problemininə dair nəşr edilən ilk fundamental əsəridir. Evlidir, 2 övladı var. 2003-2009-cu illərdə parlament jurnalistləri arasında keçirilən rəy sorğularının nəticələrinə görə "İlin deputatı" elan edilib. 2009-cu ilin fevralında ölkənin nüfuzlu gənclər təşkilatının biri tərəfindən "Gənclərin dostu" elan edilib. 2009-cu ilin "İlin fəal millət vəkili" nominasiyasının qaliblərindən biri seçilib. 2010-cu ilin dekabrında "Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatının keçirdiyi rəy sorğusunun nəticələrinə görə "Gənclərin Dostu" elan edilib. 30 sentyabr 2011-ci il tarixində "İslahatçı Gənclər" İctimai Birliyi Aydın Mirzəzadəni hər il ənənəvi olaraq təqdim etdiyi "Xəzər" Milli Mükafatının qaliblərindən biri elan edib. 16 dekabr 2011-ci il tarixində Turizmə Dəstək Gənclər Koalisiyası tərəfindən qanunvericilikdə turizmin inkişafına göstərdiyi dəstəyə görə "Turizm – 2011" mükafatına layiq görülüb. 27 yanvar 2014-cü ildə "Ağ Yol" Vətəndaş Hərəkatı tərəfindən Milli Məclisin 10 ən aktiv millət vəkilindən biri elan edilib. Bir sıra medallarla təltif edilib. - Aydın müəllim, ilk təhsiliniz İnşaat mühəndisliyi üzrə olub. 35 yaşınızda Politologiya sahəsinə gəlməyə hansı amillər təsir etdi? İndiki işinizdə ilk təhsilinizin nə kimi əhəmiyyəti var? - Mən orta məktəbdə bütün fənnləri yaxşı oxumuşam və adətən orta məktəbi əla qiymətlərlə oxuyanların gələcək ixtisas seçimində böyük çətinlikləri olur. Onlar hansı sahəyə üstünlük verməkdə çətinliklər çəkirlər. Həmin dövr 70-ci illərdə Azərbaycanda böyük quruculuq və tikinti işləri gedirdi. Bu səbəbdən inşaatçı sənəti məni özünə cəlb etdi. Ona görə də Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) inşaat fakültəsinə ərizə verdim. 1980-ci ildə oranı inşaat mühəndisi ixtisası üzrə bitirdim. Mən həmin vaxt texniki fənnlərlə yanaşı humanitar fənnləri də yaxşı bilirdim. Bu səbəbdən həmişə mənim içimdə mühəndis Aydınla ictimai elmlərin həvəskarı olan Aydın arasında gah birlik, gah da ki mübarizə gedirdi. Mən ali məktəbdə oxuyan vaxt fakültə üzrə tələbə gənclər təşkilatının sədri və universitetimizin tələbə gənclər şürasının üzvü idim. Həmin vaxtlarda eyni zamanda qəzetlərə məqalələr də yazırdım. Bunlar hamısı ictimai fəaliyyətimi ciddi şəkildə formalaşdırırdı. Hərbi xidməti bitirdikdən sonra həmin dövr üçün ən böyük tikinti sayılan Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında ixtisasım üzrə çalışmağa başladım. Zərbəçi gənclər tikintisinin qərargah rəisi vəzifəm mənim həm mühəndislik, həm də ki ictimai fəaliyyətim gərəli idi. Ancaq humanitar sahə məni daha çox çəkdi, fəlsəfə, tarix, siyasi proseslərə dair daha çox kitablar oxumağa başladım. Görkəmli şəxlərin həyat və yaradıcılığı ilə maraqlandım. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstutunu bitirdim. Daha sonralar mətbuatda işlədim, icra strukturlarında çalışdım.1997-ci ildə məni Prezident Admistirasiyasının ictimai-siyasi şöbəsinin partiyalarla iş sektorunun müdiri təyin etdilər. 2000-ci ildən isə parlamentin deputatıyam. Bir sözlə, həyat özü məni bu sahəyə gətirib çıxartdı. Əlbətdə birinci ixtisasımın həmişə mənim mövqeyimin müəyyənləşməsinə, probləmlərin həllində düzgün qərar verməyimdə böyük rolu var. Texniki ixtisas insana həyati məsələləri, xüsusi ilə də iqtisadiyyatı düzgün başa düşməyə kömək edir. Bu il 60 yaşım tamam olur. Mənim politologiyaya dair 11 kitabım çıxıb, siyasi elmlər üzrə fəlsəfə doktoruyam. Bu yaxınlarda isə tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün yazdığım dissertasiyamı müdafiə edəcəyəm. Bü gün mənim fikirlərim, mənim mövqeyim cəmiyyət üçün maraqlırdısa, əgər mən hansısa bir məsələnin şərhində dövlətçilik mövqeyindən çıxış edirəmsə, hesab edirəm ki, deməli mən həyatımı boş yerə yaşamamışam. - “Gənclərin dostu” hesab edilən millət vəkilisinsiz. Bizim gənclikdə gənc Aydını görürsüzmü? Ümumiyyətlə uğur qazanmaq üçün çətin gənclik keçmisiz? - Mən indiki gənc nəsli bizdən daha şanslı və daha böyük imkanları olan dövrdə yaşadığını vurğulamaq istəyirəm. İndiki gənclikdə olan imkanlar və şərait bizim dövrdə yox idi. Biz məhdud bir cəmiyyətdə yaşayırdıq, dünyaya çıxışımız yox idi, bir çox yerlərdə, o cümlədən açıq fikir bildirməkdə ciddi məhdudiyyətlər var idi. İndi isə gənclərimiz sərbəstdirlər, gənclər dünyanı görə, müstəqil şəkildə bir çox mənbələrə müraciət edə bilirlər. Gənclərimiz xalqımızın əsl tarixini bilir, hansı ki, biz o tarixi 40-50 yaşımızda öyrənməyə başladıq. Eyni zamanda indiki gənclik dövlətimiz qarşısında duran problemləri daha aydın dərk edir və özlərini həmin problemlərin həllinə yönəldə bilir. Gənclərimiz fikrimcə çox hazırlıqlıdırlar, həmçinin çox vətənpərvərdirlər, daima öyrənməyə çalışırlar. Və hərdən mənə elə gəlir ki, mən onları öyrətmirəm, onlar məni öyrədir. Bu mənim üçün xoşdur. İndiki gəncliyə baxanda fikirləşirəm ki, gələcəyimiz üçün arxayın olmaq olar. Gənclər Vətənimiz üçün bizdən daha çox iş görəcəkdr. - Dosteyevski deyir ki: ”Əzab çəkmək ali zəka və həssas qəlbə malik olan insanlar üçün məcburiyyətdir”. Aydın müəllim əzab çəkibsə, buna həssas qəlbi, yoxsa ali zəkası səbəb olub? - Dosteyevskinin özünün həyata baxış bucağı vardır. Ümumiyətlə, dahilərin, dərin düşüncə sahiblərinin hərəsinin həyata özünün bir baxışı olur. Belə də isə hesab edirəm ki, insan sadəcə olaraq bu həyatın həyat şansının bir dəfə verildiyini fərqinə varmalıdır. Və onu elə yaşamalıdır ki, cəmiyyət üçün xeyirli olsun, həyatda öz yerini tutsun,hansısa çətinliklərlə üzləşsin,ətrafındakılara problem yara yaratmasın, xalqının başını ucaltsın. Və nəyəsə tez çatmağa tələsməyə ehtiyac yoxdu hərəsinin öz zamanı var. Qaldı ki suala, məncə insanın əzab çəkməsinə ehtiyac yoxdur, sadəcə olaraq addım-addım həyatda öz yolunu getməlidir. Böyüklərdən öyrənməlidir, azacıqda olsa təcrübəsinə söykənməlidir. Arzularını həyata keçirməyə çalışmalıdır.Əzab çəkmək böyük bir cinayətə yol verdikdən sonra onun təəssübünü çəkməklə eynidir. Səhv etmək lazım deyil ki sonra onun əzabını da çəkəsən. Mən hesab edirəm ki,çalışıb həyatdan zövq almaq və həyatı sevmək lazımdır.Hər dövrün özünəməxsus tələbləri olur.İnsanlar gənclərə dəstək olmalıdır,gənclərdə bizim yaşa çatanda həmin dövrün gənclərinə kömək olmalıdır. Azərbaycan gəncləri həmişə vətəninə bağlı olub. Bu səbəbdən mən bu məsələdə Dosteyevski ilə oponentlik etmək istəyərəm. - Bilirik ki, pedaqoji fəaliyyətlə də məşğulsuz. Dövrün tələbələri sizə necə təsir bağışlayır? Sizcə, bir tələbə necə olmalıdır? -Mən indiyədək beş ali məktəbdə dərs demişəm. Axırıncı on ili isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiasının müəllimiyəm, dosentəm. İndiyədək 2000-dən çox tələbəm olub. Həmin tələbələr bu gün müxtəlif yerlərdə çalışırlar və xoş sədaları məni sevindirir. Tələbə cəhətcə mənim həmişə bəxtim gətirib (gülür). Onlar məsuliyyətli olurlar, onlar öyrənməyə həvəslidirlər. Ən əsası vətən üçün çalışırlar. Bəziləri artıq pedaqoji fəaliyyətlə məşğuldur. Tələbə necə olmalıdır? Tələbə birincisi gənc kimi gənc olmalıdır. Tələbə özünü yaşlı nəsil kimi aparmasın. Tələbə şən, deyib-gülən, tez dost qazanan, tez küsən, həyatda birdən-birə çox şey istəyən və hərdən təəssüflənən ki, mən bu çox şeyin hamısını niyə qazana bilmirəm deyən olmalıdır. Eyni zamanda tələbələrimiz öyrənməyə həmişə maraqlı olmalıdır. Əlbəttə daha nələrinsə yaxşı olmasını istəyərdim. Birincisi,gənclərimizin bir neçə dil bilmələrini istəyirəm. İkincisi, gənclərimiz Azərbaycan tarixində olan şəxslərin həyat və yaradıcılıqlarını dərindən bilsinlər və bundan nə isə nəticə çıxarda bilsinlər. Özlərini gələcəyə hazırlamağı bacarmalıdırlar. Hətta gənc nə vaxtsa vəzifə tutmasada, böyük maddi imkanlara malik olmasa da hər bir azərbaycanlı gənc bir xoşbəxt ailə sahibi olmalıdır. Burda hesab edirəm ki,bizim gənclərimizin digər variantları yoxdur. - Bir dahini necə təsəvvür edirsiz? Sizcə nə zamansa nəyinsə dahisi ola bilmisiz? - Mən adi bir vətəndaşam, dahilərimiz isə xalqımızın tarixində çox olub.. Onlarla ancaq fəxr etməliyik, onları öyrənməliyik. İndinin özündə də bəzən gənclərin içərisində gələcəyin ulduzunu görmək olar. Ancaq iki səhvi etsələr şanslarını itirəcəklər. İnsan özü haqqında yüksək fikirdə olanda, ya da özünü xırda işlərə xərcləyəndə o həyatda öz potensialının çaqlığı ilə göstərə bilmir. Bu səhvləri buraxmaq olmaz. - Maraqlı müsahibə üçün təşəkkür edir və şərəfli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq!.Müsahibəni yazdı: Seymur TEYMURLU, ZiM.Az-ın xüsusi müxbiri. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.