Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən sosial münasibətləri sisteminə yeni baxış, yeni nəfəs gətirəcək..." Milli Məclis, MEDİA 15 Haziran Milli Məclisin 13 iyun 2017-ci il tarixli plenar iclasındaAZƏRBAYCAN MƏTBUAT ŞURASININ SƏDRİ, MİLLƏT VƏKİLİ,ƏFLATUN AMAŞOV «İşsizlikdən sığorta haqqında» qanun layihəsi ilə bağlı müzakirə zamanı çıxış etmişdir.Aşağıda həmin çıxışın mətnini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik: "Mən də «İşsizlikdən sığorta haqqında» qanun layihəsi ilə bağlı öz fikirlərimi bildirmək istərdim. Hesab edirəm ki, bu qanun ölkəmizin əmək, ümumən sosial münasibətləri sisteminə yeni baxış, yeni nəfəs gətirəcək. Eyni zamanda qarşılıqlı məsuliyyət kateqoriyalarını dəqiqləşdirəcək. Mediadan bununla bağlı müəyyən fikirlərlə tanışam. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümovun açıqlamaları olub. Cənab nazir məsələni ətraflı izah edib.Qanun ona görə vacibdir ki, əmək bazarı qlobal böhranların təsirinə ən tez məruz qalan sahədir. Burada sabitliyin qorunması dövlətin vəzifəsidir. Əlbəttə, ölkəmizdəki məlum böhranın fəsadları müəyyən qədər aradan qalxıb. Ancaq biz uzunmüddətli effektivliyi düşünməliyik və qanun layihəsi həm də bu baxımdan zəruridir.Bildiyiniz kimi, ölkəmizdə qeyri-formal əmək münasibətləri problemi var. Nə qədər mübarizə aparılsa da, belə hallar qalmaqdadır. Az öncə bu qanunla sosial münasibətlər sisteminin, əmək münasibətlərinin yeni məcraya qədəm qoyacağını təsadüfən vurğulamadım. Bu sistem qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır. Layihədə açıq şəkildə göstərilir ki, qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərinin sayı və ya ştatlarının ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.Deməli, hər bir işçi qeyri-formal əməyin rəsmiləşməsinə çalışmalıdır. Qanun layihəsi bunun üçün bir növ, stimul yaradır. İşçi düşünməlidir ki, üzləşə biləcəyi işsizliyin fəsadlarından qorunma immuniteti məhz bu qanunla tənzimlənəcəkdir. İşsizliyə görə dövlətdən hansısa imtiyaz tələbi də həmçinin.Bütün bunlara görə də qanun layihəsindən irəli gələn məsələlərlə bağlı ictimai müzakirələr, layihə və təşəbbüslər gerçəkləşdirilməlidir. Bəli, sənəd fundamental yanaşmanın məhsuludur. Dediyim kimi, sosial münasibətlər sistemimizdə yenilikdir, indiyədək gedilməyən yoldur. Ancaq bunun detalları cəmiyyət üzvlərinə geniş şəkildə izah edilməlidir. Ciddi maarifləndirmə işləri aparılmalıdır. Nəzərə alınmalıdır ki, bir çox hallarda bilgisizlik vətəndaşı dövlətlə üz-üzə qoyur.Çıxışımla ümumən müzakirə etdiyimiz layihənin aktuallığı üzərində dayandım. Əlbəttə, sənədə səs verəcəm. Ancaq onu da bildirim ki, orada müəyyən təkrarçılıq meylləri var. Konkret olaraq 6.2.9-cu və 7.1.2-ci maddələri nəzərdə tuturam. Sığorta edənlə sığortaçının hüquq və vəzifələri təkrar gedib. Çox güman bu, texniki yanlışlıqdır. Ancaq hər bir halda aradan qaldırılmalıdır. Deyəcəklərim bu qədər".ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.