Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib Azərbaycan » Naxçıvan 16 Kasım AMEA Naxçıvan Bölməsində “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda tədbir keçirilib.Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev açaraq əlamətdar tarixi gün-17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Gününün yaranmasından ətraflı danışıb. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildirillib ki, kademik İsmayıl Hacıyev, Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə 17 noyabr 1990-cı ildə Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada məsələ qaldırdığını xüsusi olaraq qeyd edib. Diqqətə çatdırılıb ki, 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Daha sonra müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca tutulub, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar verilib. Belə ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Bundan əlavə 8 iyun 2004-cü ildə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun imzalanmış, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 17 noyabr 2007-ci ildə Bayraq Meydanının yaradılması, 17 noyabr 2009-cu ildə isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam verib. Tədbirdə o da qeyd olunub ki, müstəqil Azərbaycanın hər bir guşəsində olduğu kimi, Naxçıvanda da dövlət atributlarına münasibət yüksək səviyyədədi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 22 avqust 2014-cü il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb. Dövlət Bayrağı meydanı bu gün şəhərimizin füsünkar guşələrindən birinə çevrilib.Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda geniş məruzəsi dinlənilib. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev mövzu ilə bağlı çıxış ediblər. Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığını, milli müstəqilliyimizi, azadlığımızı, dövlətçiliyimizi əks etdirən Dövlət Bayrağımızın, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olduğunu vurğulayıblar. Qeyd ediblər ki, millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzi olan Bayrağımız gənclərimizə əmanətdi. Böyüməkdə olan gənc nəsil inanırıq ki, bu əmanəti də gözbəbəkləri kimi qoruyacaqlar. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.