BUDAQ TƏHMƏZ (1938)

BUDAQ TƏHMƏZ (1938) Budaq Təhməz - 1938-ci ildə Naxçıvan Muxtar Respublika¬sı¬nın Şərur rayonundakı Siyaqut kəndində anadan olub.
Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.
1970-ci ildə yaradıcılığa başlayıb.
Şərurda "İşıqlı yol" qəzetinin nəzdində "Şərur qönçələri" ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib.
"Aşıq Nabat" kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub.
“Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib.
Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub.
Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir.
Şair təbiət gözəlliklərinə, yurd yerlərinə, tanınmış insanlara əsərlər həsr etsə də, yaradıcılığının əsas mövzusu "Vətən mövzusu" olmuşdur.
Keçən əsrin 70-ci illərində bir çox yazıb yaradanlar kimi Budaq Təhməzin də mövzularından biri Cənubi Azərbaycan haqqında olmuşdur.

Biz də Budaq müəllimə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az



DAHA SƏN AZADSAN...

İlkin sinən üstə Pənah xan gəzib,
Vaqiflə birlikdə Nətəvan gəzib.
İgid övladların düşməni əzib,
Kəlbəcər səninlə dayanıb qoşa,
Daha sən azadsan, azadsan, Şuşa.

Məskəni olmusan xarı bülbülün,
Gəzib bu yerlərdə yarı Bülbülün.
Bizə yadigardı tarı Bülbülün,
Qubadlı, Laçınla verib baş-başa,
Daha sən azadsan, azadsan, Şuşa.

Burda yaranıbdı Üzeyr bəsdəsi,
Hopub qayalara Cabbarın səsi,
Qəlblərə ruh verib xoş şikəstəsi,
Gəlmişik can verək torpağa, daşa,
Daha sən azadsan, azadsan, Şuşa.

Qayalar içində açan çiçəksən,
Necə də gözəlsən, necə qəşəngsən,
Şəhərlər içində bircə sən təksən,
Hüsnünü görənlər gəlirlər cuşa,
Daha sən azadsan, azadsan, Şuşa.

Sən azad olmusan, ey ana torpaq,
Sinəndə dil açır hər qaya, hər dağ,
Səni salamlayır hər gələn qonaq,
Səni dirçəldirik əbədi yaşa,
Daha sən azadsan, azadsan, Şuşa.


ŞUŞAYA GƏLİN

Çəkildi üstündən qara buludlar,
Açıldı qönçəsi xarı bülbülün.
Bu gün Qarabağda özgə büsat var,
Səslənir kamanı, xarı Bülbülün.

Vaqif də dayanıb cıdır düzündə,
Zövq alır Qarabağ gözəllərindən.
Cabbar da astadan qaldırır səsin,
Deyir xanqızının qəzəllərindən.

Şuşa dağlarına yenə yaz gəlir,
"Şuşanın dağları" oxuyan Xandı.
Burda bir gözələ gözüm düşübdür,
"Qırmızı koftalı, yaşıl tumanlı".

Şuşa dağlarına yenə yaz gəlir,
Günəş də üfüqdən boylanıb baxır.
Aşıq sinəsində telli saz gəlir,
Bu sevinc düşməni yandırıb yaxır.

Başlayıb Şuşanın toyu, bayramı,
Azadlıq nəğməsi deyir uşaqlar.
Şuşanı təbrikə gəlibdi hamı,
Bu gün bu şəhərdə özgə büsat var.
Bakı, 25.11.2021

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: