XARXATAN: LƏNKƏRANIN SEYİDLƏR KƏNDİ

XARXATAN: LƏNKƏRANIN SEYİDLƏR KƏNDİ Xarxatan kəndi Lənkəran rayonunun
qədim yaşayış məntəqələrindən biridir.
Kənd Lənkəran şəhərindən 16 km şimal-qərbdə, Lənkəran-Boradigah şose yolunun üstündə yerləşir. Şərqdən Cil, qərbdən Separadi, Sinovli, şimaldan Şağlaser, cənubdan Vilvan kəndləri ilə həmsərhəddir.
Kəndin ərazisi 703 hektar,
əhalisi 2300 nəfərdir (01.01.2019).
Bakı quberniyasının Lənkəran qəzası üzrə əhalinin 1859-cu ilə dair kameral siyahıyaalınması zamanı Xarxatanda 21 ev, 127 nəfər (kişi 65, qadın 62) əhali və 2 məscid qeydə alınmışdır.
Kənddə 1986-cı ildə 1470 nəfər, 1990-cı ildə 1510 nəfər, 2013-cü ildə isə 2194 nəfər yaşamışdır.
Xarxatan Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında əraziyə görə 11-ci, əhalinin sayına görə isə 28-ci yerdə durur.


Xarxatan rayonda seyidlər kəndi kimi tanınır. Burada əsasən dördüncü imam Zeynalabidinin (ə.s.) şəcərəsindən olanlar yaşayırlar.


Xarxatan yerli sakinlər tərəfindən talış dilində Xəxərton adlandırılır. Xəxərton-Xarxatan qeyri-şəffaf toponimdir. Toponimin izahı ilə bağlı bir neçə mülahizə vardır. Beləki, toponim gah “Xərqəltan” (fars dilində “eşşək batan yer”), gah “Xılxəton” (“çökək yerdə yerləşən kənd”) sözləri, gah da monqol mənşəli “Xartaqan” tayfasının adı ilə əlaqələndirilir. Fikrimcə, Xarxatan/Xəxərton zootoponimdir və onun farsca Xərqəltan sözündən yaranması daha inandırıcıdır. Fars dilində “xər” – eşşək, “qəltan” – batmaq, oturmaq deməkdir. Kəndin belə adlanması heç də əbəs yerə deyildir. Məlum olduğu kimi Talış xanları sülaləsinin banisi Seyid Abbasdır. Seyid Abbasın Xarxatanda yaşaması və Cil kəndindəki “Sexəlifə” (“Seyidxəlifə”) qəbiristanlığında dəfn edilməsi ilə bağlı fikirlər vardır.

1882-1883-cü illərdə fars dilində qələmə alınmış “Əxbarnamə” kitabında oxuyuruq: “İndi də Sizə haman Seyid Abbasın hansı tayfadan olduğu və hansı vilayətdən gəldiyi haqqında məlumat verim. Seyid Abbasın atası Xalxal mahalının (Nəmin –İ.Ş.) Hir kəndindəndir. Güzəranını yaxşılaşdırmaq üçün ailəsini götürüb Talış yolu ilə Şirvana getmək fikrində idi. Onun bir eşşəyi vardı.
Türk demişkən öz hoş-hoşunu (yükünü) ona yükləyib gedirdi. İndi Xərxətan deyilən kəndə çatdıqda palçıq çox olduğundan eşşək palçığa batdı. Sahibi onu min əziyyətlə ayağa qaldırdı. Lakin gün axşam olmuşdu. O, gecəni orada qalıb yatdı. Röyada Allah tərəfindən ona ilham nazil oldu: “Ey alicənab seyid, bu yerdən getmə, çünki sənin övladın Talış vilayətinə hakim olacaqdır!”. Deyirlər ki, Seyid o gecə yatdı, bu xəbər ona təkrar Allah tərəfindən nazil oldu. Seyid haman kənddə sakin oldu. Oradan başqa yerə getmədi. Hazırda o kənd Xərxətan adlanır, həqiqətdə isə Xərqəltandır” (Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. B., 2009, səh. 23-24).

Seyid Abbasın Xarxatan kəndində yaşaması ilə bağlı Səidəli Kazımbəyoğlu tərəfindən 1869-cu ildə fars dilində yazılmış “Cavahirnameyi Lənkəran” (digər adları “Səidiyyə”, “ Talış gözəllikləri”) kitabında da məlumat verilir. Səidəli Kazımbəyoğlu yazır: “Mir Abbas xan (Seyid Abbas – İ.Ş.) bu vilayətin xəlifəsi olmuşdur. O, Talışın Uluf mahalının Xarxatan kəndində yaşamışdır. O, şərəfli və şöhrətli sülalənin nümayəndəsi olan Mir Abbas xan cavanlıq yaşlarında o kəndin və bir neçə başqa kəndin mülkədarı olan Əsəd bəy ibn Hüseyn bəy Boradigahının bacısı Ahu xanımla evlənmişdir...” (“Səidiyyə”. B., 2005, səh. 86).

Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, xüsusilə tərəvəzçilik və heyvandarlıqdır. Ötən əsrin 60-cı illərinə qədər burada iqtisadiyyatın əsasını çəltikçilik təşkil etmişdir. Sovet dönəmində (1920-1991) kənddə kollektiv təsərrüfat – kolxoz, sovxoz yaradılmış, xarxatan Cil və Şağlaser kəndləri ilə birlikdə bir təsərrüfatda- Lenin adına sovxozda birləşmişdir. Lenin adına sovxoz tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşmış, rayonun ən iri tərəvəzçilik təsərrüfatlarından biri olmuşdur. 1973-cü ildə Xarxatan Lenin adına sovxozdan ayrılmış və burada ayrıca sovxoz yaradılmışdır. Yaradılmış təsərrüfat “Muğan Sovet Respublikası” adlanmışdır. Təsərrüfat 1992-1997-ci illərdə “Xarxatan” istehsal kooperativi adı ilə fəaliyyət göstərmişdir. “Muğan Sovet Respublikası” və “Xarxatan” kooperativi çayçılıq üzrə ixtisaslaşmışdır. “Muğan Sovet Respublikası” sovxozunun çayçılıq üzrə illik planı 1989-cu ildə 476 ton, “Xarxatan” istehsal kooperativinin illik planı isə 1993-cü ildə 350 ton olmuşdur. 1997-ci ildə aparılmış aqrar islahata əsasən kolxoz-sovxoz mülkiyyətində olan torpaqlar pulsuz olaraq payı bəlli torpaq sahəsi kimi kəndlilərə paylanılmışdır.

Xarxatan kəndində sosial obyektlərdən tam orta məktəb, kitabxana, tibb məntəqəsi, məişət evi, məscid, iaşə obyektləri, mağaza, dükanlar və d. fəaliyyət göstərir. Ağa Mirdayan ocağı (“Cədd”) burada yerləşir.

Xarxatan kəndi əvvəl Boladi kənd sovetliyinin tərkibində olmuş, 1951-ci ildən Şağlaser kənd inzibati ərazi dairəsinin (1951-1991-ci illərdə Şağlaser kənd sovetliyi adlanmışdır) tərkibindədir. 2000-ci ilin yanvar ayında kənddə bələdiyyə yaradılmış və bələdiyyə 2010-cu ilə qədər fəaliyyət göstərmişdir. Xarxatan bələdiyyəsi 2010-cu ildə ləğv edilərək Şağlaser bələdiyyəsinə birləşdirilmişdir. Şağlaser kənd inzibati ərazi dairəsi və bələdiyyəsi Şağlaser kəndi mərkəz olmaqla Şağlaser, Cil və Xarxatan kəndlərini əhatə edir.

Seyidlər kəndi olan Xarxatan özünün ziyalıları ilə də tanınır. Tanınmış pedaqoq, “SSRİ maarif əlaçısı”, “Qabaqcıl maarif xadimi” Şahab Babayev, müxtəlif vəzifələrdə çalışmış Mirəziz Sadıqov, uzun müddət Lənkəran Elektrik Şəbəkəsinə rəhbərlik etmiş, hazırda Astara Elektrik Şəbəkəsinin direktoru işləyən İsmayıl Mehdiyev, Ukrayna Respublikası Parlamentinə (Ali Rada) deputatlığa namizəd olmuş, Xarkov şəhəri “İmam Hüseyn” dini-ictimai cəmiyyətin sədri və bu şəhərdəki məscidin rəhbəri, diaspora fəalı Ağamirzə Nuriyev, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Hüquq şöbəsinin sektor müdiri, “Dövlət qulluğunda fərqlənməyə görə” medallı Anar Ağayev, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Səbri Hüseynov, xeyriyyəçi iş adamı Bəxtiyar Babayev, Lüksemburqda İsveçin ən böyük maliyyə qurumlarından olan Nordea Bankın Fondların İdarəedilməsi bölməsinin meneceri Elməddin Sultanov, Bakının Bibiheybət qəsəbə məscidinin imamı və dini icma sədri Hacı Mirrahib Babayev, Axund (İmam) Seyyid Abuzər Sadıqov, tanınmış pedaqoq, ictimai fəal İlham Cavadov,Türkiyədə çalışan doktor-üzman Bahadır Heydərov, Rusiya Federasiyasının Toksovo xəstəxanasının cərrah-onkoloqu Arif Abdullayev, Xalq Bankın Lənkəran filialının kredit mütəxəssisi Elçin Hüseynli və digərləri Xarxatan kəndində dünyaya göz açmışlar.

İldırım ŞÜKÜRZADƏ
tədqiqatçı-tarixçi

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: