El ağsaqqalı PAŞA MƏMMƏDOV Gürcüstan » Başkeçid 24 Aralık "Sazlı-Sözlü BAŞKEÇİD" adlı kitabımızdan səhifələrEL AĞSAQQALIPaşa Qəhrəman oğlu Məmmədov(1933)Paşa Qəhrəman oğlu Məmmədov - 24 dekabr 1933-cü ildə qədim Borçalı mahalının Başkeçid (indiki Dmanisi) rayonundakı Şahmarlı kəndində anadan olub. İkinci sinifdə oxuyanda II Dünya müharibəsi başlayıb. Böyük qardaşı Qurban 17 yaşında müharibəyə gedib və geri qayıtmayıb. Böyük bacıları Xınalı Qəhrəman qızı Şahmarlıya, Məryəm Qəhrəman qızı isə qonşu Yaqublu kəndinə ərə gediblər. Kiçik qardaşı Cavanşir Məmmədov isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayorudur. (O, 2016-cı ilin iyulunda təqaüdə çıxıb. - Red.) Cavanşir Məmmədov - 1953-cü il yanvarın 3-də Gürcüstan Respublikasının Dmanisi rayonundakı Şahmarlı kəndində anadan olmuşdur. 1974-cü ildə M.F.Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunu, 1983-cü ildə Krasnoyarsk Dövlət Universitetinin hüquq fakültəsini, 1985-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1976-cı ildən daxili işlər orqanlarında xidmət edir. Bu dövrdə ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparmışdır. 1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1994-cü ildə DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, bir müddətdən sonra həmin idarənin rəisi vəzifəsində çalışmışdır. 2001-ci ilin iyun ayından Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin olunmuşdur.İctimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunması fəaliyyətindəki uğurlu nəticələrə və müsbət göstəricilərə görə müxtəlif mükafatlara layiq görülmüşdür.Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.Ailəlidir. İki övladı var.Paşa Məmmədovun digər qardaşları Rəşid (ingilis dili müəllimidir), Cümşüd və Şəmil hazırda doğma Şahmarlı kəndində yaşayırlar.İptidai təhsilini doğma kəndlərində alan Paşa Məmmədov 5-ci sinifdən sonra təhsilini qonşu Kalino rayonundakı Radişev adına rus orta məktəbində davam etdirib. 1957-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Rayon İstehlak Cəmiyyətində təcrübə keçdikdən sonra 2 il yarımlıq kurs bitirib. 1958-1961-ci illərdə mağaza müdiri işləyib. 1961-ci ildə ali təhsil almaq üçün Bakıya yollanıb. M.F.Axundov adına Azərbaycan Dövlər Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universitetinə) daxil olub. 1965-ci ildə ali təhsilini uğurla başa vuraraq doğma kəndinə qayıdıb və buradakı natamam orta məktəbdə rus dili müəllimi təyin olunub. Bir il sonra o, qonşu Qəmərli kəndindəki orta məktəbə rus dili müəllimi göndərilib. 1973-cü ildə pedaqoji təcrübəsi və idarəçilik bacarığı nəzərə alınaraq Qəmərli kənd orta məktəbinin direkroru vəzifəsinə irəli çəkilib. 3 il sonra isə Başkeçid (indiki Dmanisi) rayon Məişət Xidməti Birliyinin rəisi təyin olunub. 3 il bu vəzifədə çalışdıqdan sonra daha 3 il Rayon Kənd Təsərrüfatı Həmkarlar Komitəsində metodist vəzifəsində çalışıb. 1985-cildə Hamamlı, səfərli, Məmişli, Boğazkəsən və Əngirəvan kənd sovxozları birləşdirildikdə Dmanisi Rayon Komminist Partiyası Komitəsinin Birləşmiş Hamamlı maldarlıq sovxozunda Azad Partiya təşkilatının sədri seçilib. Kommunist Partiyası buraxılana qədər – yəni, 1991-ci ilə kimi bu vəzifədə çalışıb. 1992-ci ildə Azərbaycana, Bakı şəhərinə köçüb, bir müddət Qaradağ rayon Polis İdarəsi nəzdində Mühafizə şöbəsinin Sement Zavodunun mühafizəsi üzrə sahə rəisi vəzifəsində çalışıb. Hazırda təqaüddədir.Paşa Məmmədov həm də gözəl ailə başçısıdır. Əslən Başkeçiddən olan ömür-gün yoldaşı Maya xanım Mahmud qızı ilə birlikdə 4 övlad - 3 qız, 1 oğlan böyüdüb boya-başa çatdırıblar. Hamısı da ali təhsilli və ailəlidirlər. Qızları - Aygün xanım Azərbaycan Dövlət Neft və Sənaye Universitetində rus dili müəllimi işləyir, Sevinc xanım Bakı Slavyan Universitetinin psixologiya fakültəsini bitirib. Kiçik qızları Arzu xanım isə Rusiya Federasiyasının Samara şəhərində yaşayır. Oğlanları İlqar Məmmədov Bakı şəhəri Xəzər rayon Daxili İşlər İdarəsində təhqiqat şöbəsinin rəisi, polis polkovnik-leytenantıdır. (Qeyd edək ki, İlqar Məmmədov bir qədər sonra Xəzər Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb və polis polkovniki rütbəsinə layiq görülüb. O, 2016-cı il sentyabrın 1-də isə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bərdə Rayon Polis Şöbəsinin rəisi, 2019-vu il aprelin 5-də isə Bakı şəhərindəki Xətai rayon polis idarəsinin rəisi vəzifəsinə təyin edilib .- Red.)Biz də hörmətli el ağsaqqalı Paşa müəllimə, eləcə də bütün ailə üzvlərinə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!.. Müşfiq BORÇALI.(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü BAŞKEÇİD". I və II cild, Bakı, 2015.). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.