Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb Dünya » Diaspora 24 Mayıs İyun ayının 3-4-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlı hazırlıq işləri yekunlaşıb, tədbirin qonaqları və nümayəndələrin siyahısı dəqiqləşdirilib. Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ ESMİRA XANIM XƏLİLOVA ZİM.AZ - a bildirib ki, xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak edəcək. Proqrama əsasən, Qurultay iştirakçıları iyunun 2-də Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin abidə kompleksini, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin məzarını və Türk əsgərlərinin anım kompleksini ziyarət edəcəklər. Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimi iyunun 3-də Heydər Əliyev Mərkəzində baş tutacaq. Rəsmi açılışdan sonra Qurultay öz işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkiliflərini səsləndirəcəklər. Dünya Azərbaycanlılarının IV Qurultayında priotitet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq. Tədbir çərçivəsində Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü də planlaşdırılır. Görüşdə xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə ediləcək.Qurultay öz işini iyunun 4-də yekunlaşdıracaq.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.