İşıqlı Atalı: Elxan Məmmədliyə saz ömrü diləyilə...

İşıqlı Atalı: Elxan Məmmədliyə saz ömrü diləyilə...Əzizim Elxan müəllim!
70 yaşınızı ürəkdən qutlayıram!

Ömrünüzün bu çağında da ana sazımızla nəfəs almağınıza doğal (təbii) baxıram. Ona görə ki, bu, aqibətinizdir.
Dünyada əsilliyin az qala yoxa çıxdığı, insani ilişgilərin sozaldığı bir çağda insanları saz əhvalı üstə yaşamağa, bununla da nasazlıqdan qurtulmağa çağırmaq hünərdir.
Saz əhvalı üstə yaşamaq-ulusallıq örnəyidir.
Sazla bağlı qayğılanmaq hər şeydən öncə hər birimizin sazın ulusal tələbi üstə yaşamağımız, ömrümüzü bu əsasda qurmağımız, sözlə əməli birləşdirməyimiz deməkdir.
Sönən ağıllların işıqlanması, ümidsizliyin yoxa çıxması, ilahi qüdrətimizin ürəyimizə təpəri deməkdir saz!
Onillərlə Azərbaycan radiosunda və televiziyasında sazla bağlı verilişlərinizdə bu ulusal dəyərimizin ömürləşməsi üçün çaba göstərdiniz, türkün ruhundan yaranan ilahi sənətin ayaqda qalması, inkişafı ilə bağlı can yanğınızı dilə gətirdiniz.
Sazdan ayrı düşmək-mahiyyətcə eldən, ulusdan ayrı düşməkdir-insan elində, yurdunda yaşayan görünsə də.
Verilişləriniz indi də efirdən səslənir, yurddaşlarımızı ardıcıl olaraq ulusallıq üstə kökləyir.
Sazla bağlı danışmaq, bu qayğıları yaşamaq insandan beş ömür istəyir, yenə azdır.
Ona görə ki, ulusal dəyərin yaşı gerçəkliyə sığmır, onun yaşı mahiyyətlə ölçülür. Ulusallığa layiq olan (dəyər sayılan) yurdun insanları tərəfindən bundan sonra daha böyük istəklə yaşadılsın, inkişaf etdirilsin gərək. Yalnız ulusallığa gərəkli, yararlı olanı – yəni içimizdən yarananı, içimizi (ulusallığımızı) təsdiq edəni ulusal dəyər saymaq olar.
Özümüzdən olan həm də bəşəriliyimizi təsdiq edir.
Saz bu sıradadır.
Əgər bundan sonra ana sazımızın imkanları artmayacaqsa, yeni saz havaları yaranmayacaqsa, deməli, bu sahədə geriləmək təhlükəsi ortadadır.
Artmayan nəyinsə azalması gerçəkliyi hər kəsə aydındır.
Sizin çabalarınızda əslində bu ulusal harayı aydınca sezmişəm həmişə.
İstəmisiniz ki, saz başqa çalğı alətlərinə oxşamasın, özünə oxşasın.
Gərək aşıq işıq saçsın, qaranlıq saçmasın, özümləşdirsin, özgələşdirməsin.
Azərbaycanın tarixi ərazilərini qarış-qarış gəzmisiniz, çox zaman gedə bilmədiyimiz, əlimizin, ünümüzün yetmədiyi yerlərdə ruhumuzun səsini ucaltmısınız.
Sizə bitməyən ağgünlük (xoşbəxtlik), saz ömrü diləyirəm.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: