Mirzə MƏMMƏDOĞLU: YADİGARÖYÜNÜN YADİGAR QILINCI Nəsr, Tarix, Müsabiqə 1 Nisan Müsabiqə üçün (Sənədli hekayə) Dan yeri yeni söküldüyündən Tiflisin Qala məhəlləsində sakitlik hökm sürürdü. Bir az keçmişdi ki, şah Abbas məscidinin minarəsindən ibadətə dəvət edən azan səsi eşidilməyə başladı. Tiflisin müxtəlif məhəllərindən gələn möminlər dar və köndələn küçələrlə məscidə tələsirdilər. Borçalı elinin ağır sarğallı kişilərindən və çar İrakliyə yaxın adamlardan biri olan Sadıq bəy evdən çıxıb Sərmacların cərgələndiyi yol ilə Şah Abbas məscidinə yollandı. Məscid onun evinin arxa tərəfində idi. Onun Şeytanbazarda olan dükanlarının bir tərəfi isə məscidin divarına söykənirdi. Bu məscidin tarixini yada saldı...Vaxtilə bu məscidin yerində axtalalı yepiskopun yerləşdiyi, Konstantin və Yelena adına tikilmiş kilsə var idi. Onu monqollar uçurmuşlar.1522-ci ildə Şah İsmayılın qoşunlarının hücumu zamanı dağıdılmış kiçik kilsənin yerində bilavasitə körpünün yanında şiə məscidi tikilmişdir. Sonralar Şah Abbasın 1606-cı ildə hücumu zamanı məscid genişləndirilmiş, minarə ucaldılmışdır. Sadıq bəy evdən çıxanda bu minarəni xüsusi olaraq seyr etdi. Minarədəki naxışlar kamil bir müsəlman ustanın əlindən çıxdığına bir daha əmin oldu. Asta-asta məscidə tərəf irəliləyirdi Qarşısına çıxanlarla adəti üzrə cəld tərpənərək birinci salam verir, onlarla kef-əhval tuturdu. Məscidin həyətinə daxil oldu, həyətdə dəstəmaz alan bir neçə nəfərə yaxınlaşdı, onlara «qəbul olsun» deyərək dəstəmaz almağa başladı. Səhər namazına az vaxt qalmışdı. Nədənsə bir kimsə ilə söhbətə qoşulmaq istəmədi. Ağır-ağır məscidə daxil oldu, ayaqqabılarını soyunub cütləyərək taxtadan düzəldilmiş rəflərin boş olan yerlərindən birinə qoydu. Aram-aram məscidə daxil oldu. Özünün həmişə namaz qıldığı cərgənin başına geçərək bardaş qurdu. Namaza bir az vaxt qaldığından təsbehi çıxarıb dənələyərək zikr eyləməyə başladı. Qəlbində nəyisə niyyət etmişdi.Təsbehi dənələməyi başa çatdırandan sonra gülümsədi. İnşallah, Allahın izni ilə hər şey yaxşı olar. Fikir onu haralarasa aparmışdı... Birdən imamın hədisə başlaması onu fikirndən ayırdı. İmamın söhbətinə diqqət kəsildi. Sadıq kişi məsciddə, əza yerlərində hədislərə çox maraqla qulaq asmağı özünə adət etmişdi. Dini rəvayətlərdən söhbət açmağı özü də xoşlayardı. Bu dəfə də imamın söhbətindən çox xoşhal oldu. Odur ki, həvəslə namazını hamı ilə birlikdə qılmağa başladı. Namazı bitirəndən sonra məscidin imamı ilə gedib görüşdü, kef-əhval tutdu. Bir xeyli vaxt söhbətləşdilər. Oradan-buradan söz saldılar. Dünyanın gedişindən, dövrün gərdişindən danışdılar. Sadıq bəy nəhayət, onunla xudahafizləşib məsciddən çıxanda köhnə tanışlardan birisi ilə söhbətləşə-söhbətləşə məscidin ö üzündə yerləşən öz dükanlarına yollandı. Dükanlarını açdı. Dükançılar və onların köməkçiləri ilə kef-əhval tutdu. Onlara tapşırıqlarını verəndən sonra Tatar meydanında, Şeytanbazarda, körpünün başındakı həmişə getdiyi çayxanaya yollandı. Səhər tezdən olduğundan o qədər də qalabalıq deyildi. Sadıq bəy çay və bir az da şirniyyat sifariş verdi. Çaycı onun həmişə olduğu kimi ləbləbi, xüşkəbər, qaysı, xurma, səbzədən ibarət balaca nimçəni və çayı masanın üstünə qoydu, ona təzim edərək kef-əhval tutdu. Sadıq bəy ona razılığını bldirərək pürrəngi çaydan bir qurtum aldı. Çayçıdan təzə nə var, nə yox,-deyə soruşdu. Çayçı: Nə olacaq:- İrandan yeni bir aşıq gəlib, təbrizlidir,- dedi. Bu yeni xəbər Sadıq bəyin canına yağ kimi yayıldı. Axşam,- dedi,- bir qiyamət olacaq! Üzündə təbəssüm əmələ gəldi. O aşıqları çox sevirdi, çox vaxtlar da onları evinə qonaq aparar, yedirdib-içirərdi, bəzən səhərəcən onların söhbətinə qulaq asardı. Odur ki, çaydan bir qurtum alıb gözlərini divardan asılmış saza zillədi. Yenə xəyal onu haralarasa apardı. Aşıqların deyişməsi gözünün önünə gəldi... Çay, meyvə qurusu və şirin çörəklərdən başqa müxtəlif ləziz Şərq xörəkləri ilə qəlyanaltı etmək istəyənlər buraya gələrdilər. Bura aşıqlar da çox gələrdi, axşamlar deyişmələr olardı. Aşıqları çox sevdyindən Sadıq bəy də həmişə bura təşrif buyurardı. Həmişə buradan musiqi səsi ucalardı. Aşıqlar çalıb oxuyardılar. Saz-söz həvəskarları bura çox gəldiyindən çayçılar aşıqların deyişmələrini təşkil edərdilər. «Aşığın biri bir vərəqə şeir şəklində bir bağlama yazardı. Bu vərəqi əl ilə, qızıl və gümüş saplarla toxunmuş bahalı Kirman şalının və ya ipək Bağdad kəlağayısının üstünə yapışdırar, çayxananın bir yerindən asardılar. Bu çayxanaya başqa-başqa yerlərdən aşıqlar toplaşar və hər gecə hay-haray olardı: mübahisə, çalıb-oxumaq və bağlamanın cavabını axtarmaq. Bu deyişmələrdə kənar adamlar da iştirak edərdilər və şübhəsiz, üzüağ da çıxırdılar. Çayxana camaatla həmişə dolu olardı və aşıqları coşdurmaq üçün onların bəxşişlərindən başqa çoxlu pul da səpələyərdilər və bu pulları orijinal şəkildə şalın üstünə yapışdırardılar. Belə ki, bir az keçəndən sonra (hərdən bu deyişmə bir həftə də davam edərdi) şalın üstü kağız pullarla dolu olardı və çox vaxtlar bu toplanan pul iyirmi və otuz tüməndən artıq da olardı. Bu pul bağlamanı açanın olmalı idi. Pul ilə birlikdə şal da qalib gələn aşığa məxsus idi. Divardan şalı alıb qalibin qoltuğuna soxar ya da hörmət əlaməti olaraq boynundan asardılar. Əgər bu bağlamanı heç kim aça bilməsəydi, onda bu şal da, bu toplanan pul da bağlamanın müəllifinə qalardı.Bu bağlama heç də asan deyildi. Məsələn: aşıqlar bu bağlamanı sinədən şeir kimi söyləyər, o biri aşıqdan soruşardı:«De görüm, eşidibsənmi, ay aşıq,O nədir ki, insanı həm yaşadır, həm də öldürür».Bu sözlər uyğun rədif üzərində qurulur və qalib gələn onu eyni rədiflə şeirlə açmalı idi.Bağlamanın sirrini etibarlı bir şəxs və ya çayçı bilməli idi. Elə ki, aşıq şeirlə bağlamanı açır, çayçı həmin vaxt həmişə əlində tutduğu tənəkə parçasına dəmir maşa ilə vuraraq, «Dayanın, tapıldı!», - deyə qışqırardı. Bu zaman qalib bağlamanın sahibindən də, camaatın iştirakı ilə qafiyələr, hecalar ilə onu təsdiq etməyi tələb edirdi. Qalibi çayçı şalla və istərsə də pul ilə mükafatlandırardı»......Sadıq bəy arabir qaysıdan, xurmadan və başqa şirniyyatdan, ləpədən yavanlıq edərək pürrəngi çaydan qurtum-qurtum içir, çayxanada söhbət edənlərin söhbətinə müdaxilə edərdi. Özü də ara bir İrana, Fətəli xanın yanına elçi olaraq getməyindən, II İrakli ilə öz dostluğundan, onun fədakarlığından, Nadir şahın yanındakı xidmətlərindən, Nadir şahın Hindistana yürüşü zamanı yeniyetmə İraklini də özü ilə apardığını və ona Nadir şahın qılınc bağışlamasından uzun-uzadı söhbət açardı. Çayxanada olanların ona diqqət kəsildiyindən olayları ustub-ustub, yerli-yataqlı nəql etməkdən həzz alardı... ...Sadıq bəy pürrəngi çaydan daha bir qurtum içərək, İrandan gələn aşığın nişanlarını soruşurdu ki, elə bu zaman II İraklinin çaparı qapını açıb boylanaraq Sadıq bəyi gördu və ona yaxınlaşaraq, kef-əhval tutdu və sözə başlayaraq,-Dükana getmişdim, dedilər çayxanada olacaq, möhtərəm çar sizi çağırır, axşam namazından sonra mənə baş çəksin, -dedi. Sadıq bəy bunu eşidən kimi ciddi görkəm aldı. İraklinin onu nəyə görə çağırdığını ürəyində götür-qoy etdi. Aranı dağa, dağı arana apardı. Çar xeyli vaxt bundan öncə də çağırtdırmışdı. Həmin vaxtlar oğlu Allahverdi, eləcə də qardaşı oğlu Xudu Borçalı və yaxud Xudad bəy Aspinza döyüşündə, İrəvan savaşında İrakli ilə bərabər fədakarcasına vuruşmuşdu. Deyilənə görə, «İlk dəfə İrəvan müharibəsində bizim şanlı çarımız üç yüz nəfərlə on səkkiz min nəfərlik iranlılara qarşı mübarizə aparmış, öz əli ilə onların ən yaxşı sərkərdələrindən birini öldürmüş, düşmənin canına vəlvələ salmış, onu məğlub etmiş, çoxlu top-tüfəngi yerə saldırmış, xeyli qənimət ələ keçirmiş, düşməni başı alovlu qaçmağa məcbur etmişdir». Həmin döyüşlərdə çox gənc olan Allahverdi çar İrakli ilə birlikdə Azadxana qarşı mətinliklə mübarizə aparmışdır. Deyilənə görə «Allahverdi bir an da olsa çar İraklidən aralı düşmürdü, fədakarcasına vuruşurdu». Aspindza döyüşü zamanı II İrakli yadellilərin hücumunun qarşısını almaq üçün körpünün dağıdılmasını inandığı və etibar etdiyi bir neçə adama tapşırdı. «Lap elə başdan İraklinin düşmən üzərində qələbə çalmağa tam ümidi var idi və düşmənin qaçdığı anda yolunu kəsmək istəyirdi. Buna görə də ötən gecə üç seçmə igidə-bir neçə nəfər əsgər götürüb gizlicə körpüyə yaxınlaşmalı və onu dağıtmalı idi. Bu igidlər Ağababa Eristavi, Svimon Muxran batono və Xudu Borçalı idi. Onlar gecənin zülmət qaranlığında ustalıqla və sürətlə çarın əmrini elə yerinə yetirdilər ki, düşmən tamamilə duyuq düşə bilmədi. Ertəsi gün də osmanlılar-ləzgilər üçün bu vəziyyət səhərdən qızğın mübarizəyə qoşulduğundan nəzərə çarpmamış qaldı. Körpünün dağıdılması işi düşmən qoşununun son gücünü tükətdi, hürkmüş və təşvişə düşmüş qoyun sürüsü kimi pərən- pərən oldu...»Həmin vaxtlar Telavda İrakli ona Allahverdinin şücaətindən danışmış, belə oğul böyütdüyü, eləcə də nəslindən Xudu Borçalı kimi oğul çıxdığına görə Sadıq bəyə minnətdarlığını bildirmişdi. Allahverdiyə qılınc bağışladığını xatırlatmış, qılıncı ona elə -belə bağışlamadığını və vaxtilə Hindistana yürüşü zamanı Nadir şahla birlikdə olarkən şücaətinə görə Nadir şahın da daş-qaşla bəzədilmiş, qınında da adının həkk olunduğu qılıncı xüsusi olaraq ona bağışladığını vurğulaşmışdı. Sonra İrakli ayağa qalxaraq sağ əlini onun kürəyinə vurmuşdu......Sadıq bəy yenə fikirləşirdi. Elə- belə çağırmazdı. Bir neçə il bundan əvvəl onu Telava çağırtdırmışdı. 1780-ci il 5 may tarixli İanə kitabına yazdırmaqla ona belə bir fərman vermişdi: «Yadigar oğlu Sadıq bəyə Meydanda, bir tərəfi Məscidin divarı, bir tərəfi Sərmac yolu, arxada isə sizin yurd sarayınız və irəlisi Meydan olan 5 dükan». Bununla da İraklinin ona xüsusi hörmət bəslədiyinə bir daha əmin olmuşdu. Görünür, yenə Allahverdi ilə əlaqədardır,- deyə düşündü. Birdən ağlına belə bir fikir də gəldi: «Yox, Ağa Məhəmməd şah Qacarla bağlı olacaq. Çünki Xorasanda qələbə çalan bu sərkərdə tezliklə şahlıq iddiasına düşəcək. Özündən əvvəl olan şahlar kimi bu tərəfləri ələ keçirməyə çalışacaq. Güman ki, bu barədə mənimlə söhbət etmək istəyir. Oğlum Allahverdi və Ağacanı, eləcə də soyumdan olan Xudunu yenə çətin sınaq gözləyir»-deyə düşündü. Çar İraklinin yaxınlarından olan Allahverdinin, eləcə də böyük oğlu Ağacanın anadan olduğu anlar, uşaqlıq illəri gözünün önünə gəldi... Elə bu çayxanada oturub aşığa qulaq asa-asa çay içirdi, qonşunun uşaqlarından biri çayxananın qapısını açıb başını içəri soxaraq boylandı. Sadıq bəyi görüb ona yaxınlaşaraq, astadan Xeyransa xalanın sancısı tutub,- dedi. Sadıq bəy cəld papağını masanın üstündən götürüb çayçı ilə haqq-hesab çəkdi, üzrxahlıq etdi, axşam mütləq gələcəyəm deyərək çayxanadan çıxdı. Uşağa da şirniyyat aldı və bir neçə tanışının da çay pulunu ödədi. Tələsik evə tərəf yollandı. Evi çayxanaya yaxın olduğundan tezliklə həyətə çatdı. Evin alt qatındakı yarı zirzəmi otağa girdi, papağını hərməyə qoydu. Cibindəki balaca torbadan maxorkasını və portsiqardan siqar kağızını çıxardıb bir siqaret eşmək istədi. Portsiqarda eşilmiş ehtiyat siqar var idi. Hər halda tütün kisəsini çıxartdığı üçün yenisini eşdi. Buxarının önündə çömələrək əlinə bir qıxmıx alıb közü qurdaladı. İri bir közü irdələyib külün üzərinə çıxardı .Siqareti ucu alışmış qıxmıx ilə alışdırdı, dərindən siqareti sümürərək ciyərlərinə çəkdi. Dodaqlarını büzərək tüstünü yavaş-yavaş havaya buraxdı. Yarı zirzəmi otaq sanki dumana bürünmüşdü. Siqaretini çəkəndən sonra kötüyünü külqabında əzişdirərək söndürdü. Divardan xalçanın üstündən asılmış Çərkəz odlu tapançanı götürüb lüləsinə patron doldurdu, ürəyinə dammışdı ki, oğlu olacaq. Bunu da güllə səsi ilə qeyd edəcək. Səsi Qala məhəlləsini, Hamamlar məhəlləsini başına götürəcək. Biləcəkdilər və duyuq düşəcəkdilər ki, qədim Tiflisdə bir nəfər də dünyaya gəldi,-deyə düşündü və sonra taxtın üstünə uzandı, yarağını da yanına qoydu. Gözünü divardan asılmış Borçalı və Qazax xalçalarına zillədi. İlmələrdə nəyisə axtarmağa başladı. Təkəlidə, Qaçağanda xalçaların necə toxunduğunu gözünün önünə gətirdi. Fikri uşaqlıq illərinə getdi. Uşaq vaxtı xalça toxuyan anasının yanını kəsdirdiyi, hərdən bir qırağa diyirlənən ip yumağınıı ona verdiyi, hərdən bir də onun ip əyirən zaman cəhrəsini fırlatdığını və bundan xüsusi zövq aldığını göz önünə gətirdi. Bir anlığa hər şeyi unutmuşdu. Özünü başqa bir aləmdə hiss edirdi. Gözləri isə yenə xalçaya tikilmişdi. Nəhayət, fikirdən ayılan Sadıq bəyin könlü qubar eylədi. Sarayda, eləcə də Tiflis əhli arasında hörmət-izzətə malik, özünün də ən yaxın dostu xanəndə Allahverdinin Tiflis haqqında oxuduğu bir neçə bayatını öz-özünə zümzümə etməyə başladı... Tiflisin daş hasarı,Aman Şeytanbazarı.Yıxdı dədəm evini,Bağladı daş hasarı. ***Tiflisin üstü bostan,Gözəl yerdir Gürcüstan.Namərdin qaydasıdır,Ayırar dostu dostdan. ***Tiflisin küçələri,Banladı beçələri.Sənsiz necə keçirimBu uzun gecələri. ***Tiflisin yollarında, Bənd oldum kollarında.Bir cüt bazbənd olaydımYarımın qollarında. ***Tiflisdə çıraq yanar,Baxdıqca iraq yanar.Bu necə qan şərbətdiİçdikcə ürək yanar.Bu dəvə düzdən gedər,Yükü Tiflisdən gedər.Şəmkir qana boyanıb,Dərmanı bizdən gedər. ...Qulluqçu Tukəzban özündən bir az zirək və cavan olan o biri qullluqsu Fatmanisəni səsləyərək,- ay qız, tez ol, Xeyransa xanımın sancısı tutub. Uşaq göndər qohum-qələvəni, dost-tanışı çağırsın, demişdi. Tükəzban cəld özünü küçəyə vermişdi. Küçədə oynayan uşaqlardan böyüyünü çağıraraq, demişdi,- Bax, gedərsən filan-filan məhləyə, filan adama, filan adama xəbər ver ki, Xeyransanın sancısı tutub, tezcə özlərini yetirsinlər. Gələndə sənə nabat şəkəri verəcəyəm. Uşaq hasara söykədiyi qamış atına «minərək» nəzil qamçı çəkib Qala məhləsinə tərəf yönəlmişdi. Özündən balaca olan uşaqlar da sanki ötəşə dururlarmış kimi arxasınca düşmüşdülər. Qamış atlı uşaq Qala məhəlləsində tapşırılan qapıya özünü yetirərək Xeyransanın sancısı tutub, deyirmiş. Xeyransanın xalası qızı tez o biri bacılarına da xəbər verərək tezcə həyətdən çıxmışdı. Qədim Tiflisdə adət idi ki, boylu qadının sancısı tutan zaman uşaq göndərib yaxın adamlarını çağırtdırırdılar. Tezliklə uşağa yatan qadının yanına toplaşardılar. Uşağa yatan arvadı evin ortasında yatırdardılar, yanını da əvəçi arvad iki-üç arvad ilə birlikdə kəsdirər, qalan arvadlar isə aralı düzülərək başlayardılar çay içə-içə söhbətə. Daha doğrusu, qeybət qırmağa. Əsil qadın mərəkəsi başlayardı. Qadınların belə bir mərəkəsi hamamda da olardı. Lakin bu mərəkə uşağayatma yığnağı adlanardı. Ərinin uşağa yatan arvadın yanına uşağı görməyə gəlməyə ixtiyarı yox idi. Qızın olması böyük narazılığa səbəb olurdu. Ataya heç nə demirdilər və təbrik də etmirdilər. Bununla da başa düşürdü ki, onun qızı olmuşdur. Əgər oğlan olardısa, onda bu, xüsusilə qeyd edilirdi. Bu xəbəri çatdıran qulluqçu arvad muştuluq alardı. Bütün həftəni, bəzən də artıq vaxt ərzində arvadların uşağa yatan arvadı və uşağı görməyə gəlməsi ara vermirdi. Bütün günü elə vaxtlarını orada keçirirdilər. Uşağı dayəyə tapşırardılar. Oğlan uşağı tam sərbəst şəkildə böyüyürdü. Qız uşağının tərbiyəsi işinə isə ana başçılıq edirdi... *** ...Ürəyində öz-özünə zümzümə edən Sadıq bəy öz aləmində idi. Birdən yuxarı mərtəbədə arvadların bir-birnə dəyməsi onu fikirdən yayındırdı. Qulluqçu Fatmanisə: ----Sadıq əmi, muştuluğumu verin, oğlun oldu,- dedi. Sadıq kişi cibindən pul çaxardaraq ona verdi,- Sənə İrandan gətirdiyim parça da vercəyəm,- deyib bayıra çıxdı. Daydalaya-daydalaya evin taxta pilləkanları ilə məhəccərdən tutaraq aşağı düşən Əvəçi Allahyetər arvadı gördü. Arvad ona:- Ay Sadıq gözün aydın olsun, düşmən tomağıdır, Ağacana taydır,-deyəndə tez özünü bayaq olduğu otağa verdi, divardan çaxmaqlı Çərkəz tapançasını götürüb bayıra çıxdı. Pilləkanlarla yuxarı qata çıxaraq məhəccərə söykəndi, baldırlarını məhəccərə, qolunu isə eyvanın dirəyinə saldı. Tapançanın lüləsini göyə tutub tətiyi çəkdi, onun yaylım atəşi Metexi tərəfdən, Avlabar, İsan tərəfdən əks-səda verdi. Səs bütün Qala məhəlləsinə yayıldı. Sadıq bəy sevinirdi. Düzünü desək, ora gələnlərin hamısı sevinirdi, bütün Qala məhəlləsi, Hamamlar məhəlləsi, Seyidabad məhəlləsi sevinirdi. Qala məhəlləsində varlı-hallı, hörmət-izzətə malik Sadıq bəyin ailəsində daha bir körpə dünyaya gəlmişdi. Sadıq bəy tez aşağı düşdü. Qulluqçu Tükəzbanı çağırdı. Əvəçi Allayetər arvada İrandan gətirdiyi Kirman şalını verməyi tapşırdı. Bir də qaydaya görə əvəçilərə nəyin verilməsini tapşırdı. Tükəzban sandıqda saxlanılan Kirman şalını, sabun və dəsmalı da xam bir parçaya büküb əvəçi arvada verdi. Sadıq da cibindən pul çıxardıb ona verərək minnətdarlığını da bildirdi. Allahyetər arvad da:- daha mən getdim, nə görüləsi işlər varsa, qulluqçulara tapşırmışam, sabahda- zadda özüm də gələcəyəm,- deyərək küçəyə sarı yönəldi. Sadıq bəy onu Sarmaclar cərgəsinə qədər yola saldı. Ona bir daha razılığını bildirərək, geri qayıtdı. Tükəzbanı yanına çağıraraq:- Di, sən bilirsən, hər şey sənin boynuna düşür. Bacarığını yenə göstər, mən dükanlara baş çəkməyə gedirəm, bir şey lazım olsa, mənə bildir, -dedi və dükana doğru yönəldi. Yolda gedə- gedə onun adının nə qoyulmasını fikirləşirdi. Düşündü ki, ad bu dünyada insana təsadüfi qoyulmur. İllah da ki, türklərdə. Əməlinə görə igidə dədəm Qorqud boy boylayaraq, soy soylaryaraq ad qoyardı. Adı onun əməlinə, özünə yaraşdırardı.Fikirləşmişdi ki, atası Yadigar kişinin adını qoysun, nədənsə bu fikirdən vaz keçmişdi. «Allahın verdiyi oğuldur, gərək Allahverdi qoyam, Allaha da xoş gedər, bəndəyə də. Sağlıq olsun, atamın adını da Ağacanın, ya da elə bu Allahverdinin oğlunun adına qoyduraram, əgər sağ qalsam. Dünyanın işidir, əgər mənə nəsib olmasa, vəsiyyət edərəm, uşaqların özləri qoyarlar». Bu düşüncələr ilə o öz dükanına doğru gedirdi. Başını qaldırıb səmada günəşə baxdı. Məscidin minarəsi üzərində idi. Artıq günorta olur, öylə namazının vaxtı yaxınlaşır,- deyə düşündü. Əyilib Narınqalaya tərəf baxırdı. Bu dəfə qala nədənsə ona daha da füçunkar göründü. Bu gözəllk qəlbi oğul sevinci ilə dolmuş, iki oğul atası olmaq qürurundan güc alan insanın gözündə daha da cazibədar olmuşdu. Molla Pənah Vaqif Tiflisə İraklinin yanına gələndə yazdığı uzun bir müxəmməsdən bir beyti zümzümə etdi: Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin, Yığılıbdır ona cəmiyyəti hüri pərinin, Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin, Filməsəl, şəklü şəmayildə, bəli, hər birinin Məhi-tabanə bərabər sərü simaları var... * * * ...Sadıq bəy evə gəlib üzünü taraş etdi, arxalığını, sonra tumac, keçi dərisindən tikilmiş məstini, üstündən də çustunu geyindi. Ayağa qalxıb güzgü qarşısında dayandı. arxalığının yaxasını düzəltdi. Əlinə gülab çiləyərək üzünə sürtdü. Bayıra çıxıb üst qatda arvadının yanında olan qulluqçu Fatmanisəni səslədi:- Ay qız, mən getdim, məni saraya çağırırlar, buralardan muğayat ol, axtaran olsa, orda qalmayacağam ki, tezcə qayıdacağam, deyib saraya tərəf yönəldi. Saray onun evinin yaxınldığında Sion kilsəsi ilə Ançisxat kilsəsi arasında yerləşirdi. Sərmaclar yolu ilə öz dükanlarının yanından keçərək tezliklə saraya çatdı. Sarayın girəcəyində keşikçilər onu saxladılar. Onun üzərində heç bir yaraq yox idi. Sadıq saraya gələndə b ir qayda olaraq xəncərini, tapançasını evdə qoyardı. Arxadan keşikçibaşı onu tanıdı və tez özünü yetirərək onunla görüşdü. Söhbət edə-edə çarın qapısına kimi onu müşaiyət etdi. Sadıq bəy içəri daxil oldu. İrakli onu görən kimi qalxıb ayaq üstə qarşıladı. İraklinin üz-gözündən təbəssüm yağırdı. Sadıq bəy alçaq boylu, qısa şəvə kimi qara saqqallı qocanın iri gözlərinə diqqət yetirəndə nəsə dərin bir kədərin, böyük bir ağrının olduğunu hiss etdi. Elə onu çapar gəlib çağıranda da hiss etdi ki, iranlıların gözlənilən hücumu ilə əlaqədardır. Sadıq bəy: Mən sizin qulluğunuzda hazıram, buyuruq sizindir, mənim çarım,- deyə dilləndi.Çar İrakli ona oturmağı təklif etdi, özü də ağır-ağır irəliləyərək taxtında əyləşdi və Sadıq bəyi xeyli süzdükdən sonra dilləndi: -Sadıq bəy, sən bilirsən ki, biz qohumuq, can- ciyərik. Və mənim səndən gizli bir şeyim yoxdur. Gürcüstanın səmalarını qara bulud təhlükəsi gözləyir. Ağa Məhəmməd xan hücum etmək istəyir. Bu barədə də İbrahim xanın qasidi mənə xəbər gətirib. Amma mən belə başa düşürüəm ki, Qacar xan rusun qorxusundan onun vassalı olan dövlətə hücum etməyə cürət edə bilməz. Əgər bunu edərsə rus qoşunu Şimali Qafqaz tərəfdən vaxtında bizim hoyumuza yetəcək.Sadıq bəy diqqətlə qulaq asırdı. Nəhayət, dərindən köksünü ötürərək dilləndi:- Eh, mənim çarım. Gəl, sən bu ruslara o qədər də bel bağlama. Yalnız özümüzə ümid bağlayaq. Siz özününüz bilirsiniz ki, mən dəfələrlə İranda olmuşam. Ordakı durumu yaxşı bilirəm. Ağa Məhəmməd şah Qacara gəldikdə, onu deyə bilərəm ki, mütləq o Gürcüstana hücum edəcək. İranın bütün xanlıqlarını özünə tabe etdi. Azərbaycanın bəzi xanlıqları, xüsusən özünün Qacarlar soyundan olan Cavad xan ona meyillidir. Dərbəndə kimi torpaqları ələ keçirmək istəyir. Dağıstan və Azərbaycan xanlarına fərman göndərib bildirmişdir ki, «Siz bilirsiniz ki, mən Xorasanda nə nailiyyətlər qazanmışam. Ruslar mənim gücümdən qorxuya düşdülər və səksəkəli və pərən-pərən olmuş halda geri döndülər. İnanın ki, tezliklə Azərbaycanda olacağam. Hər yerdə itaət edənləri bağışlayacağam, müqavimət göstərənləri isə ciddi şəkildə cəzalandıracağam. Bunu ona görə deyirəm ki, mənə sədaqətli olanları vaxtında ayırd edim». İrakli ayağa qalxdı. Otaqda var -gəl edərək: -Bəlkə də sən düzgün buyurursan, sənin fikirlərin ilə həmişə razılaşmışam. Amma hər halda ümid də yaxşı şeydir. Mən səfirim Qarsevan Çavçavadzeninin vasitəsi ilə vəziyyəti anlatmışam. Kömək əlini uzadacağını bildirir. Elə bu köməklik barədə Georgiyevski müqaviləsində də vardır. - Hər şeyi yaxşı başa düşürəm, mənim çarım. Buyruq sizinkidir, mənim çarım, necə məsləhətdir, elə də edin. Bəs, Ağa Məhəmməd şah Qacar sizə nə yazıb, nə ismarıc göndərib?- Mənimlə danışıqlar aparmaq, ona tabe olmaq, girov olaraq oğlumu və ya nəvəmi göndərmək, Azad xandan qalma ağ alması, knyaz Potyomkinin bəxş etdiyi böyuk saatı və sığınacaq tapmış qarabağlıları təhvil vermək barədə təkliflərini irəli sürürdü. Onun bütün təkliflərini tərəddüd etmədən rədd etdim. Mənim Rusiya ilə yaxınlaşmağımın əleyhinədir. Biz də öz müqabilimizdə hücuma hazır olmalıyıq,- deyə çar İrakli dilləndi. Sadıq bəy işin nə yerdə olduğunu anladı. Ona təzim edərək,-Malım, dövlətin sənə, canım da Gürcüstana qurbandır, sizin uğrunuzda nə desəniz hazıram,- dedi. İrakli belə sözləri ondan gözləyirdi. Sadıq bəyin bu sözlərinin səmimi qəlbdən gəldiyini hiss etdiyindən çox məmnun oldu. Taxtında əyləşib yayxındı. Bir xeyli Sadıq bəyi süzdü, ani olaraq qəlbindən nələrin keçdiyini hiss etmək çətin idi. xeyli bir vaxt hər ikisi fikrə dalmışdı. Sadıq bəy: - Mənim çarım, icazənizlə mən müxərrəs olum. Çar İrakli ayağa qalxıb Sadıq bəyə yaxınlaşdı, əlini onun çiyninə qoyaraq,- Allahverdini, Ağacanı, Xudadı da bu işdən halı et, hazırlaşsınlar, Borçalıya, Qazaxa, Şəmsədilə adamını göndər, oğlum Aleksandra şəmsədillilərdən. qazaxlılardan borçalılardan dəstə yaratmağa kömək et. Sənə nə öyrətmək lazımdır. Fətəli xanın yanına gedəndə də gördüyün işləri heç vaxt unutmaram. Həmişə üzümü ağ etmisən. Tanrı da sənə yar olsun. Gürcüstan təhlükədədir. Di, sən bilirsən, -dedi. Sadıq bəy sağ əlini sinəsinə qoyub onun qarşısında təzim edərək,- Ömrüm boyu sizin hüzurunuzda hazıram. Sizi kimi böyük çar ilə, sərkərdə ilə yaxın olmağımdan, böyük məmnunluq mutluluq, mənə etimad göstərdiyinizə görə isə xüsusi qürur hissi duyuram,- deyib saraydan çıxmağa hazırlaşdı. Çar İrakli onu qapının ağzına kimi yola saldı. Çarın bu hərəkəti onun qəlbini dağa döndərdi, dünya ayağının altında qalmışdı... * * *Ağa Məhəmməd şah Qacar böyük ordu ilə 1795-ci il mayın sonlarında Təbrizdən hərəkətə gəldi. Şərqi Zaqafqaziyaya hücum üçün hazırlanmış Ağa Məhəmməd şah Qacarın 70 minə qədər əsgəri var idi ki, onların da demək olar ki, hamısı da atlı idi. Bunlardan 15 minə qədərini Mirəli xanın başçılığı ilə Təbriz-Ərdəbil bazalarını və bilavasitə arxa cəbhəni müdafiə etmək üçün ayırdı. Ağa Məhəmməd şah Qacar Araz çayından vaxtında keçməyə çalışırdı. Belə ki, iyulun sonları və avqustun əvvələləri Araz çayını qoşunla rahat keçmək üçün ən münasib vaxt idi. Qacarın qoşunları Araz çayını keçərək bir aydan sonra artıq Qarabağın sərhədlərinə çatdı. Hərbi əməliyyatlara başlamamışdan əvvəl çar İraklidən və Azərbaycan xanlarından tabe olmağı tələb etdi. Qarabağ xanı İbrahim xan çar İrakli ilə əlaqələri artıq yenidən bərpa etmişdi. O, İranın tabeliyinə keçməkdən imtina etdi, başqaları isə ona meyl göstərdilər. Gəncə xanı Cavad xan Araz sahillərinə gedərək ona hər bir yardım göstərəcəyini bildirdi. Eçmiəzzin patriarxı da çoxlu pul bahasına öz toxunulmazdığını təmin etdi. İraklidən Rusiya ilə hər cür əlaqəni kəsməyi tələb etdi. Gürcüstan o vaxtlar Şimala o qədər meylli idi ki, yönünü dəyişməkdən söz ola bilməzdi. Buna görə də İrakli Qacara rədd cavabı verdi. Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirəyə aldı. Şəhəri ala bilmirdi. İrakli Rusiya imperatoru I Paveldən yardım diləmişdi. Lakin rus generalı Qudoviç öz hökuməti adından İrakliyə məlumat vermişdi ki, Gürcüstana qoşun göndərmək hazırda əlverişli deyil. Bu zaman Ağa Məhəmməd şah Qacarın Rusiyaya göndərdiyi çuğulu özünü yetirərək, Rusiyanın Gürcüstana hələlik qoşun göndərmək niyyətində olmadığından onu halı edəndən sonra, o,Tiflisə hücum etmək qərarına gəldi. Ona İbrahim xanın zərbə vurmaması üçün Şuşanı mühasirədən çıxartmamaq şərti ilə böyük qoşunla Tiflisi doğru irəlilədi. Öz tabeliyində olan qoşundan 20 min əsgər ayırdı. Qacar sentyabrın 4-də Gəncədən çıxdı, sentyabrın 5-də Qazaxa çatdı və Qazaxda Ağstafanın üst yanında öz düşərgəsini saldı. Yerli sakinlərdən öz qoşununa əlavə etdi. Şuşadan gələn 20-25 minlik korpus Qazaxda artıq 35 minə çatmışdı. Bu piyada qoşunla o, Tiflisə doğru hərəkət etdi. Ağa Məhəmməd şah Qacarın qoşun hissələri Qazaxdan sentyabrın 7-də səhər tezdən hərəkətə gəldi. Tək qalmış çar düşmənə qarşı hazırlaşırdı, lakin daxili çəkişmələr də ona mane olurdu. Şahzadə Yulon Qərbi Gürcüstandan bir nəfər də göndərmədi. Georgi də Telavda idi və qoşun yığmaq üçün heç də özünü narahat etmirdi. Şahzadə İohane Ksan dərəsindən yalnız 300 nəfər göndərə bildi. Kizixin keçmiş mouravı Zəkəriyyə Endronikşavili yalnız iki min nəfər göndərmişdi. Bu çətin vəziyyətdə İrakli Solomon ilə Soğanlıqda qərar tutmuşdu. Burada nökərbaşı Qocasp Natalişvilinı qaraul kimi təyin etdi. Kaxlardan və kizixlərdən 12 nəfər süvarini onun öhdəsinə verdi. Qacarın avanqardı elə həmin may ayının 7-də 45 kilometrlik yürüşdən sonra Sınıq körpüdə gürcülərin qəzəbli müqavimətinə rast gəldi. «Gürcülər mətanətlə vuruşurdular, lakin çoxsaylı qoşunu, 50-yə kimi öləni və yaralını görəndə oranı tərk edərək qaçmışlar». Ağa Məhəmmədin qoşununun əsas qüvvələri sentyabrın 8-də axşam Soğanlıq -Yağlıcanın şimal yamaclarında və Gümüş gölünün sahilindəki Sarvan çölündə düşərgə saldılar. Belə ki, sentyabrın 9-da axşam İranın daha güclü artileriyası və arxa cəbhə bölmələri özünü yetirəcəkdi. Elə bu gün özünün avanqard və kəşfiyatçılarının əhatəsində gizlənən Qacar Tiflisin həndəvərlərində kəşfiyat aparmağa və qəti hücum planını dəqiqləşdirməyə başlamalı idi. Tiflisin girəcəklərində kəşfiyyat aparmaq üçün ən yaxşı yer Teletin, Şavnabatın dağlıq yerləri ilə mümkün idi. Qacar ora sentyabrın 9-da qalxanda gürcülərin güclü gözətçilərinin hücumun az qala qurbanı olacaqdı» Buna baxmayaraq Qacarın yanında Tiflisə yaxşı bələd olan Cəncəli Cavad xan, qarabağlı Məlik Məcnun və Tiflis həndəvərlərindən iranlıların tərəfinə keçənlərin bəziləri onunla idi. Hər halda onun Tiflisə bir başa hücum etmək üçün konkret taktiki qərar üçün lazımi məlumatı yox idi. Cözlə kəşfiyyat aparmaq, belə məlumatları əldə etmək üçün kifayət deyildi. Qacarın qoşunları Soğanlıqda düşərgə saldı. Kür- Şavnabad daracıqları astanasında, Soğanlığın şimalında sentyabrın 9-da kifayət qədər geniş miqyaslı kəşfiyat xarakterli əlbəyaxa döyüşləri başladı. Kartli-Kaxet kəndliləri, Tiflis sakinləri: ovçular, sənətkarlar, onların şəyirdləri iranlıların ön dəstələrinə Krtsanisi yaxınlığında müqavimət göstərdilər. Birinci gün gürcülər qalib gəldi. Lakin bu uzun çəkmədi. Tiflisə doğru irəliləyən Qacar Ortacalada iki qola ayrılmış Kürdən keçməli oldu. Özü qoşunun qabağına çıxaraq, «Kimin cürəti və qeyrəti çatır, şahın yanına gəlsin , məni əgər Kür aparsa, çalışın, mənim meydimi tapın, aparın Qumda dəfn edin,- deyərək atını qamçılayaraq üzəngini basdı. Birinci olaraq çaya girdi. Qoşun da onun arxasınca düşdü. Sentyabrın 10-da isə artıq onlar Seyidabad həndəvərlərində idilər. Burada yaşayan seyidlər qulluqçuları ilə birlikdə əllərində silah vətənin keşiyində dayandılar. Düşmən Savkisi çayına yaxınlaşanda onu yüz nəfər seçmə seyid bir əlində Quran, o biri əlində quzu qarşıladı. Quzuların boğazlarını kəsib Ağa Məhəmməd şah Qacarın ayaqları altına ataraq dedilər ki, bu sizin qurbanınızdır, yalnız şəhərin xristian hissəsini dağıtmayın, dedilər.Onlar təkcə özlərini, var-dövlətlərini deyil, həmşəhərlilərinin də xilas olunması barəsində düşünürdülər. O vaxllar şəhərin 30 min əhalisi var idi, gürcülər, müsəlmalar, ermənilər və sair. Şəhərə dörd yandan hündürlüyü 8-10 metr, eni isə 1 metr yarım hasar çəkilmişdi. Avlabarın çox hissəsi də hasarlanmışdı. Tiflisin 6 qapısı var idi. Hamamlar məhəlləsinə gedən, Gəncə qapısı. Gəncə yoluna çıxan elə bura Tabaxmela –Krtsanis yolları da daxil olurdu. Savkisi qapısı, daha doğrusu, Kocor qapısı və ya Yuxarı qapı, Msxetanın yollarından birinə çıxan Diğom qapsı, Muxran qapısı və Kaxet yoluna çıxan Avlavar qapısı. Şavnabat təpəlikləri Tabaxmela- Soğanlığa doğru balina kimi uzanmışdı. Qacarın əsgər və zabitləri bunu görüb belə fkirləşdilər: «Tiflisi almaq çətindir. Kəşfiyyatı mübarizə ilə aparmaq lazım idi». Krtsanis döyüşü başlamışdı. Öz vətəni uğrunda mübarizəyə qalxanlar ilə başqa məmləkətin torpaqlarına soxulan işğalçılar arasında ölüm-dirim mübarizəsi gedirdi. Yetmiş beş yaşlı çar İrakli öz sərkərdələri və nəvələri ilə cəsarətlə vuruşurdu. Yadellilərin hücumu mətanətlə dəf olunurdu. Lakin bu çox çəkmədi. «İranlalar geri çəkilən gürcüləri təqib edirdilər və Seyidabadın daracaqlarının birində yandan yenə də İrakliyə və onun seçdiyi 150 nəfərlik borçalıların təbəələrindən ibarət seçmə qoşununun üstünə yeridilər. Bu sonuncular iranlıların hücumunu fədakarlıqla dəf edirdilər və onlara qarşı əks hücuma da keçdilər. Bu qanlı döyüşlərdə onların hamısı həlak oldu».. Çar İraklini nəvəsi şahzadə İohane və ona sədaqətli olanlar, o cümlədən borçalılar odun-alovun içindən çıxartdılar. Maxat dağının ətəyində İraklinin və onun əmələsinin qulağına şəhərdə tüğyan edən ah-nalə səsi gəlirdi. İranlılar artıq Qala divarlarına daxil olduğunu düşündülər. İrakli öz-özünə deyirdi: «Mən sizin üçün ölməli idim. Siz mənim üçyü canlarınızdan keçirsiniz. Axı, mən necə çaram ki, sizi qoruya bilmirəm»-deyə düşündü. «İrakli qızıl rəngli Qarabağ atına minib motal papağını gözünün üstünə basaraq kiçik döyüşçü dəstəsinin müşayiəti ilə şəhərdən çıxmağa başlayır. Çar İrakli Avlabar körpüsünün başına çatanda, şəhərin üst yanından keçərək Diğom yolu ilə getmək istəyir. Allahverdi bəy ona üz tutaraq deyir:«-Mənim çarım, nə edirsiniz, körpüdən keçin və Avcala yolu ilə Saquramoya tərəf buyurun. Mən qızılbaşları burada qarşılayacağam və onları hansı yola tərəf yollamağımı bilirəm. Siz rahatca gedin. Şahın çox böyük ordusu vardır, daha təhlükəsiz bir yerə getməlisən. Bu vacib bilgini alan İrakli Saquramoya doğru istiqamətini dəyişir, axşam ora çatır, oradan isə Mtuletə yola düşür». «İranlılar daxil olanda Allahverdi bəy atla onları qarşılayır. Ondan fars dilində soruşurlar:«Sən kimsən?O fars dilini yaxşı bildiyindən belə cavab verir:-Mən Cavad xanın adamıyam.-Əgər bilirsənsə, söylə vali (çar) nə etdi?-Bu tərəfə, şəhərə doğru getdi-deyərək onların ağzını şəhərə doğru saldı. Onlar da o tərəfə gedəndə, Allahverdi bəy atı mahmızlayaraq tezcə körpüyə tərəf yollandı və Maxat yaxınlığında İrakliyə çatdı». Qardaşı Ağacan da onun arxasında gedirdi. İrakli Tianet tərəfə yollandı, Solomon isə öz qoşunu ilə İmeretə keçdi. * * * Sentyabrın 8-də Çariça Darejan araba ilə hazırlaşaraq dağlara tərəf yollananda yanında da iki qadın və üç oğlan uşağı olan cözəl bir qadın ona yaxınlaşır: «Mənim hökmdarım, çariçam, sizin köçdüyünüzü eşitdim. Mən sizdən necə əl çəkə bilərəm. Mən də sizinlə gedəcəyəm.Çariça həmin andaca onu səsindən tanıdı və dedi:- Nabatxanım, sənsənmi, mənim əzizim, Nabatxanım. Gəl birlikdə olaq və çətinliyə birgə qatlaşaq». Həmin anlarda ondan bir daha uzaqlaşmamışdır. Bu qadın Allahverdi bəy Yadigaraşvilinin arvadı, qalalı, ən yaxşı tatar ailəsindən olan qadın idi. Sonra çariça ondan soruşdu:-Mənim əzizim, Nabatxanım, sənin ərin Allahverdi hardadır?-Mənim ərim və bizim tayfanın bütün kişilərinin hamısı çar İrakli ilə birlikdə Soğanlıq düzündə vətən uğrunda öz qanlarını tökürlər».Onlar bar-barxanalarını arabada yerbəyer etdilər və özləri də ona mindilər. Çariça Darecan,- arabaçıya sür,- dedi. Nabat xanım əllərini açaraq dualar edirdi. Darecan ona diqqətlə qulaq asandan sonra soruşdu: Nabat bacı, nə edirsən?-Dua edirəm. Çar İrakliyə, onun övladlarına,sənə, ərimə, qaynatama, qohum qələvəmə, ümumiyyətlə, bütün Tiflislilərə dualar oxuyuram, -deyə Nabatxanım cavab verdi. Darecan kövrələrək onu bağrına basdı, -Allah səni hifz etsin, qəlbinə görə versin, sən çox yaxşı qadınsan, mənim əzizim. İgid Allahverdinin səni kimi də xanımı, Sadıq bəy kimi kişinin səni kimi gəlini olmalıdır. Allah sizi də, bizi də, bizi istəyənləri də hifz etsin, pənahında saxlasın, amin, -dedi. Sonra hər ikisi susdu, fikrə getmişdilər. Araba ləngər vura-vura, asta-asta kələ-kötür yolla Duşet tərəfə gedirdi... * * *Qala altında. Gəncə qapısı yaxınlığında qanlı döyüşlər gediirdi. Döyüş meydanında 13 minə qədər iranlının meyidi qalmışdı. İmeretlilərdən və çarın azsaylı əmələsindən başqa bu tərəfdən çox adam xilas ola bilməmişdi. İranlılar hayıf alaraq körpədən tutmuş böyüyə kimi hamını qılıncdan keçirirdilər. Qadına, qocaya da baxmırdılar. Aga Məhəmməd şah Qacar Tiflisə girən kimi çarın sarayına yönəldi. Onu Gəncə xanı Cavad xan müşaiyət edirdi. Bütün sarayı, xəzinəni gözdən keçirdi. Nəyi bəyəndisə özünə götürdü. Qalanlarını isə döyüşçülərinə güzəştə getdi. O. qoşuna kilsələri, sarayları, evləri talan etmək ixtiyarını verdi. Tiflislilərin bəziləri evlərində yenə möhkəmlənərək, küçələrdə səngərlər quraraq son damlasına kimi mübarizə aparırdılar. Qacar əsir götürdüklərini şəhər ətrafına, Soğanlıqdakı düşərgələrinə aparmağı əmr vermişdi. Ağa Məhəmməd şah Qacar Çar hamamına baş çəkəndə hamam onun çox xoşuna gəlir. Ona bu hamam suyunun yerin dibindən qaynar şəkildə çıxdığını və müalicəvi əhəmiyyətə malik olduğunu söyləyirlər. Ağa Məhəmməd şah Qacar axtalanmışdı. O, uşaq ikən Nadir şahın qardaşı oğlu Əliqulu xan Qacar türkmən tayfalarını öz ətrafında birləşdirən Məhəmməd Hüseynə hücum edərək onu məğlub edir. O,qaçaraq ölümdən canını qurtarır, lakin iki azyaşlı oğlu Əliqulu xanın əlinə keçir. Onlardan böyüyü 6 yaşlı ağa Məhəhəmədi axtalayır. Belə ki, Ağa Məhəmməd şah Qacar özünün xədimliyini müalicə etmək üçün bir qədər çimir, lakin öz xəstəliyindən müalicə oluna bilmir. Qəzəblənərək hamamların yerlə-yeksan olunmasını əmr edir. Onun əmri ilə çarın silah emalatxanası, artileriya anbarları, top tökmə maşınlar və sair bütün artileriya qurğuları onun düşərgəsinə aparılır. Binaları isə darmadığın etdirir. Bir neçə artileriya ustalarını öz düşərgəsinə, oradan da Tehrana yollayır... ...Kəlbəli xan özünün 4 minlik qoşunu ilə Jinvala yaxınlaşan vaxtlar Xevsuretdən Tiflisə doğru üç yüz döyüşçü İrakliyə köməyə tələsirdi. Burada şəmsədillilərdən xevsurlar eşitdi ki, gürcü çarı Krtsanis yaxınlığında məğlub oldu, Tiflis Ağa Məhəmmədin əlinə keçdi. Elə bu söhbət zamanı xevsurlar görür ki, Jinval körpüsü yaxınlığında iranlıların qoşunu peyda oldu. Xevsurlar özünü itirməyib kömək üçün xahişlə Əli Sultana müraciət etdilər. Əli Sultan xevsurların xahişinə əməl edərək 200 nəfər süvari döyüşçüsünə üç yüz nəfər xevsur döyüşçüsünü də qatıb 4 minlik iranlılara qarşı hücuma keçərək onları qəti məğlubiyyətə uğratdılar «Kəlbəli xanın özü Jinval körpüsünə qədər getdi. Lakin burada II İrakliyə sadiq müsəlman şəmsədilli Əli Sultan dayanmışdı. Onun öz camaatından başqa araqvili və pşav-xevsurlardan ibarət orduları var idi. Bu sonuncular müharibədən çıxmışdılar, lakin gecikirdilər. Şəmsədilli Əli Sultan iranlıları geri oturtdu. Onların bir çoxunu əsir götürdü və İrakliyə təhvil verdi». * * * İyunun 4-də Ağa Məhəmməd şah Qacar dərin yuxuya gedən zaman dan yeri sökülməmiş özünün süvari qoşun başçısı Sadıq xanın razılığı ilə üç nəfər sui-qəsdçi onun yataq otağına soxulub öz xəncəri ilə ürəyinə sancaraq sonra başını kəsmişlər. Bununla da Ağa Məhəmməd şah Qacarın axırına çıxılmışdır. Həmin vaxtlar Qazaxda olan Baydar sultanı Almaz «bu xəbəri eşidən kimi orada kəhər atına minib onu dördnala çaparaq şəhərə gəlir, öylədən sonra özünü çara yetirdi. Bu zaman çar yanmış, xarabaya çevrilmiş sarayının yerində öz böyük əyanları ilə dayanıb nəsə danışırdı. Atın yüyənini çəkdi və çarı çağırdı: - Çara salamlar olsun. Təbrik edirəm, - deyərək eyni zamanda atdan düşdü. Çar ona baxdı, tanıdı və tezcə onun yanına gələrək,- nə xəbər var? –deyə soruşdu. - Ağa Məhəmməd şah Qacar Qarabağda qətlə yetirilmişdir,- dedi. Çar çox xoşhal oldu, lakin başqları isə narahat oldular. - Bu da bizim bədbəxtliyimizdir ki, Ağa Məhəmməd şah Qacarın öhdəsindən gələ bilmədik, - dedilər». Çar İrakli və onun varisi demək olar ki, bütün öz var-dövlətlərini şəhərin yenidən qurulmasına ayırdı. Ahıl vaxtlarını yaşayan çar İrakli bu dəşhətli mənzərəni bir daha gözləri ilə görməmək üçün Telava köçdü. * * * Tiflis yavaş-yavaş öz köhnə simasına qayıdırdı. Çarın fərmanlarına əsasən dağıdılan dükan və karvansaraylar, binalar və sair yerlər olduğu kimi bərpa olunurdu. Sadıq bəy də öz evinin və dükanlarının bərpası ilə məşğul idi.İki ildən sonra, Telavdan Sadıq bəyə çar İraklidən bir fərman gəldi. Sadıq bəy II İrakli tərəfindən ona və onun oğullarına 1797-ci ildə verilmiş fərmanın qatını açaraq oxudu: «Bizim əcdadlarımız "Sınıq körpü"nü sizə bağışlamışdır. Bu barədə sizə babamız Nazarali xanın (I İraklinin), çariça Annanın, əmimiz İmamqulu xanın (II Davidin) və atamız çar Teymurazın da fərmanları olmuşdur. Ağa Məhəmməd şah Qacar Tiflisi yandırıb darmadağın edəndə sən bizim yanımızda olubsan və imkan daxilində bizə köməkliklər göstəribsən. Sənin oğulların Ağacan və Allahverdi isə Araqviyə gedəndə bizi müşayiət ediblər, can-başla bizə xidmət göstəriblər. Tiflisin darmadağın edilməsi zamanı sən çox şey itirdin, elə həmin vaxtlar sözügedən fərmanları da itirdin. Bizə sədaqətliliyinə və səmimi qəlbdən xidmət etdiyinə görə onların qüvvəsini yenidən bərpa edirik və Sınıq körpü torpaqlarını sənin öhdənə veririk». Sadıq bəy fərmanı axıra kimi bir nəfəsə oxuyaraq, Tanrıya şükür etdi və çar İrakliyə də dualar oxudu. Sonra fərmanı bükərək sandığa qoydu. Qulluqçulardan birinə, - atı yəhərləyin,- dedi. Özü isə üzünü taraş etməyə başladı. Təraş işini bitirəndən sonra təzə arxalığını, sonra tumac, keçi dərisindən tikilmiş məstini, üstündən də çustunu geyindi. Adəti üzrə əlinə gülab çilədi, üzünə-gözünə sürtərək bayıra çıxdı. Səkilli kəhər atı hazır idi. «Ya Allah» deyərək ata mindi və Borçalıya, öz torpaqlarına yollandı... Şəkillərdə: 1. II İrakli öz atında.2. Severian Maisaşvili. Krtsanis döyüşü.3. Yadigar oğlu Sadığın divarının bir tərəfinin şah Abbas məcidi olan sarayından bir görünüş. 4. Borçalı bəylərindən biri. Yermakovun fototekasından Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.