AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ Tarix boyu hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənclərlə bağlayır. Savadlı, ağıllı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi hər bir ölkə üçün başlıca bir məsələdir. Çünki xalqın, millətin və ölkənin gələcəyi bugünki gənclərdən asılı olacaq. Ona görə də gənclərin vətənpərvərlik, vətənə sevgi ruhunda tərbiyə olunması xalqın rifahı, ölkənin inkişafı və çiçəklənməsi üçün vacib amillərdən biridir. Bu gün qürur hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi doğma ana dilimizi, milli-mənəvi dəyərlərimizi, ata-babalarımızdan qalan adət-ənənələrimizi qoruyub yaşadır.
Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub.Ümummilli lderimiz Heydər Əliyev hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, vətənpərvər, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənclərin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir.Ulu öndərin gənclərə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ kecmiş Sovetlər dönəmində də aşkar olunurdu.Belə ki, XX əsrin 70-ci illərində məhz Ümummilli liderin təşəbbüsü və gərgin səyləri nəticəsində minlərlə azərbaycanlı gənc SSRİ-nin müxtəlif təhsil müəssisələrində təhsil almışlar.Bu addım həm də Azərbaycanda müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasında xidmət etmişdir.Ümummilli liderimizin hakimiyyəti dövründə gənclərə yüksək qayğı göstərməsini sübut edən məqamlardan biri də Azərbaycan gənclərinin formunun keçirilməsi təşəbbüsünü irəli sürməsi olmuşdur. 2 fevral 1996-cı il tarixdə keçirilən gənclərin ilk forumunda Ümummilli liderin şəxsən özü iştirak etmişdir. Bunun ardınca, 1fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibətilə gənclərlə görüşən Ulu öndərimiz "2 fevral Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" sərəncam imzalamışdır.
Bu gün Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev Cənabları gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirir. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir.
Dövlət proqramlarının icrası ilə bağlı yaradılan Gənlər Fondunun vəsaiti hesabına gənclərə yönəlmiş strateji layihələrə dəstək verilir, gənclərin elmi, yaradıcılıq baxımından inkişafına, beynəlxalq əlaqələrin qurulmasına, gənclər təşkilatlarının irimiqyaslı layihələrinin icrasına yardım edilir.
Əlbəttə, müasir Azərbaycan gəncliyinin inkişafında və yeni uğurlar qazanmasında Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd etmək vacibdir.Mehriban xanım Əliyeva gənclərin nüfuzlu xarici ali məktəblərdə təhsil alması, yüksək mənəvi dəyərlərə yiyələnməsi və Vətənə gərəkli övlad kimi yetişməsi üçün səylərini əsirgəmir.
Bu bir həqiqətdir ki, bu gün Azərbaycan gəncləri Ulu öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını və onu uğurla həyata keçirən Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının siyasətini dəstəkləyir və Onun ətrafında sıx birləşir.

Yunis QARAXANOV,
"Şərqin səsi" qəzetinin xüsusi müxbiri.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: