ZOOLOGİYA İNSTİTUTUNUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS ÖZ İŞİNƏ BAŞLAYIB Elm, Biologiya və tibb elmləri 23 Kasım Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş iki günlük beynəlxalq elmi konfrans öz işinə başlayıb.AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq iştirakçıları salamlayıb və konfransın işinə uğurlar diləyib. AMEA rəhbəri xarici ölkələrin nüfuzlu alimlərinin tədbirdə iştirakına diqqət çəkərək konfransın əhəmiyyətini yüksək qiymətləndirib.Akademik Akif Əlizadə Azərbaycanın ilk elmi-tədqiqat müəssisələrindən olan Zoologiya İnstitutunun keçdiyi böyük inkişaf yolundan danışıb. Bildirib ki, ölkəmizin elm tarixində müstəsna xidmətləri olan bu institut zoologiyanın müxtəlif sahələrində elmi potensialın yaradılmasında mühüm rol oynayıb: “Elmi müəssisə 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsində bölmə, 1936-cı ildən isə onun bazasında institut kimi fəaliyyət göstərib. Ötən müddət ərzində institut Azərbaycan elminə layiqli töhfələr verib, bir neçə nəsil zooloq-tədqiqatçılar yetişdirib. Bu alimlərin hər biri zoologiya elmində öz izlərini qoyub, elmi məktəb yaradıb”.Akademik vurğulayıb ki, Zoologiya İnstitutu hazırda Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindən biri olan elmin inkişafında yaxından iştirak edir, milli zoologiya elminin dünya elminə inteqrasiyası üçün müasir dövrün tələbləri səviyyəsində strukturun yaradılmasına çalışır.Tədbirdə çıxış edən, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov elmi müəssisənin milli zoologiya elminin inkişafında rolundan, institut əməkdaşlarının müasir elmi istiqamətlər üzrə fəaliyyətindən söz açıb. Bildirib ki, institut “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını əsas tutaraq biomüxtəlifliyin qorunması, kənd təsərrüfatı bitkilərinin bioloji mühafizəsinin elmi-praktiki əsaslarının hazırlanması, zərərvericilərin sayının bioloji üsullarla tənzimlənməsi məqsədilə mültidisiplinar təqdiqatların aparılmasını qarşıya hədəf qoyub.Elmi müəssisənin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdıran akademik Əhliman Əmiraslanov institutun Rusiyanın Zoologiya, Sitologiya, Elmi-Tədqiqat Bitki Mühafizəsi institutları və Tümen Dövlət Universiteti, Gürcüstanın Zoologiya İnstitutu, Fransanın Jozef Furye Universiteti, ABŞ-ın Texas və Kaliforniya Universitetləri, Finlandiyanın Turku Universiteti, Türkiyənin Orta Doğu Texniki Universiteti, Almaniyanın Drezden Zoologiya Muzeyi və digər tanınmış xarici qurumlarla əməkdaşlıq əlaqələrindən, müştərək tədqiqatlarından danışıb.Sonra çıxış edən Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov müəssisənin əsas fəaliyyət istiqamətlərindən, fundamental tədqiqatlarından və əldə etdiyi elmi nəticələrindən söz açıb. Bildirib ki, hazırda institutun əməkdaşları Azərbaycanın su hövzələrinin biomüxtəlifliyinin öyrənilməsi, bioloji ehtiyatların davamlı inkişafının təmin olunması və bioloji resursların bərpası, Xəzər akvakultura təsərrüfatlarının təşkili, daxili su hövzələrində balıqçılıq təsərrüfatlarının yaradılması, kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı aparılan mübarizə tədbirlərinin işlənilməsi istiqamətində elmi-tədqiqat işləri aparır.İnstitutun həyata keçirdiyi elmi tədqiqatlarda müasir metodların tətbiqi məsələsinə toxunan Elman Yusifov milli faunanın növ və populyasiyalarının öyrənilməsində molekulyar-genetik, riyazi-modelləşdirmə, kosmik və məsafədən tədqiqatların aparıldığını bildirib. Alim elmi müəssisənin zəngin kolleksiya fondundan, institut alimlərinin beynəlxalq qrantlar hesabına apardığı tədqiqatlardan, son dövrdə nəşr edilən elmi əsərlərindən, institutda yüksəkixtisaslı gənc kadrların hazırlanması, onların elmi-tədqiqat və idarəetmə məsələlərindən danışıb.Daha sonra çıxış edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev konfrans iştirakçılarını yubiley münasibətilə təbrik edib. Ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində bilik və bacarığını əsirgəməyən zooloq-alimlərin xidmətlərindən bəhs edib.Beynəlxaq elmi konfransda Türkiyənin Fırat Universitetinin Akvakultura və Balıq Xəstəlikləri Departamentinin müdiri, professor Naim Sağlam, London Kral Cəmiyyətinin üzvü, professor Rosi Skaravatti, Şmalhauzen adına Ukrayna Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru, professor Vitali Xarçenko, Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmlər doktoru Qara Mustafayev, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov və digər iştirakçılar da çıxış ediblər.Tədbirdə Elm TV İnternet televiziyasının hazırladığı Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub.Plenar iclasdan sonra konfrans seksiyalar üzrə elmi məruzələrlə davam edib.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.