AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Hindistanda I Beynəlxalq Aqrobiomüxtəliflik Konqresində ölkəmizi təmsil edib Elm » Biologiya və tibb elmləri 16 Kasım Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Hindistanın Dehli şəhərində 4 günlük elmi ezamiyyətdə olub.O, səfər müddətində Romanın Beynəlxalq Biomüxtəliflik İnstitutu (BBİ) və Hindistan Respublikası hökumətinin təşkilatçılığı ilə 10-dan artıq beynəlxalq və 40-dan çox milli elm mərkəzləri ilə əməkdaşlıq şəraitində həyata keçirilən I Beynəlxalq Aqrobiomüxtəliflik Konqresində ölkəmizi təmsil edib.Dünyanın 60-dan çox ölkəsindən dəvət edilmiş tanınmış alimlərin, Nobel mükafatı laureatlarının iştirak etdiyi bu mötəbər tədbir dünya üzrə aqrobiomüxtəlifliyin etibarlı mühafizəsi və səmərəli istifadəsi ilə bağlı elmi tədqiqatların nəticələrinin, gələcək ehtiyac və prioritetlərin, yeni əsrin çağırışlarının müzakirəsinə həsr edilib. Beynəlxalq tədbirdə Hindistan Respublikasının baş naziri Narendra Modi, Yaşıl İnqilabın atası, professor M.S.Swaminathan, Hindistan Kənd Təsərrüfatı Akademiyasının yaradıcısı, professor Rac Poroda, BBİ-nin, FAO-nun yüksək rütbəli məmurları və görkəmli elm xadimləri məruzələrlə çıxış ediblər. Konqresdə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov iştirakçılara aqrobiomüxtəlifliklə bağlı Azərbaycanda görülən işlər, əldə olunan nailiyyətlər, inkişaf planları haqqında məlumat verib. Bundan əlavə, ikitərəfli və çoxtərəfli görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanın elmi tədqiqat institutları ilə biomüxtəliflik üzrə beynəlxalq mərkəzlər və xarici elm təşkilatlar arasında əməkdaşlığın prioritet istiqamətləri müəyyənləşdirilib.Sonda I Beynəlxalq Aqrobiomüxtəliflik Konqresinin iştirakçıları Dehli Bəyannaməsini qəbul ediblər. Bəyannamədə bir sıra mühüm məsələlərlə yanaşı, BMT-yə “Aqrobiomüxtəliflik ili” elan edilməsi ilə bağlı çağırış da yer alıb. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.