AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görüş keçirilib

AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görüş keçirilibAMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görüş keçirilib AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görüş keçirilib Bu gün - 2018-ci il iyunun 12-də AMEA Mərkəzi
Elmi Kitabxanasının
konfrans zalında
Rusiya Elmlər
Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görüş keçirilib.

Məqsəd “Poisk” qəzetinin fəaliyyəti, elmin populyarlaşdırılması və təbliğində KİV-in rolu, elmi jurnalistlərin peşəkarlaşdırılması və s. istiqamətdə görülən işlərlə bağlı bilik və təcrübə mübadiləsinin aparılması olub.

AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan idarə rəisi Zülfüqar Fərzəliyev elmin populyarlaşdırılması və təbliği sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin önəmliyini qeyd edərək Akademiyanın fəaliyyəti ilə bağlı informasiyaların mütəmadi olaraq xarici qəzet və jurnallarda, elektron KİV-də də işıqlandırılmasının Azərbaycan elminin dünyada təbliğində mühüm rol oynadığını bildirib. AMEA-nın Rusiya Elmlər Akademiyasının “Poisk” qəzeti ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən Z.Fərzəliyev mətbu orqanda mütəmadi olaraq Azərbaycan elmi haqqında silsilə materialların yer aldığını deyib. Qəzetlə əməkdaşlığın ənənəvi hal aldığını söyləyərək institut və təşkilatların elmi nailiyyətlərindən bəhs edən məqalələrin Rusiya elmi ictimaiyyətində böyük maraqla qarşılandığını bildirib.

O, Bakıda səfərdə olan “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarinanın AMEA-nın Gəncə Bölməsində, Naftalan və Goranboyda olduğunu, aparılan tədqiqatlar, görülən işlərlə yaxından tanış olduğunu bildirib.

Sonra çıxış edən elmi jurnalist Yelizaveta Ponarina “Poisk” qəzetinin 30 ilə yaxın tarixinin olduğunu söyləyərək mətbu orqanın fəaliyyəti haqqında geniş məlumat verdi. Qəzetin şöbələri, elmi fondlarla qurulan əməkdaşlıq əlaqələrindən bəhs etdi. Hər bir sahədə olduğu kimi, elmi jurnalistikanın da öz xüsusiyyətləri, qaydaları və yaradıcılıq sirləri olan peşə olduğunu qeyd edən məruzəçi keyfiyyətli materialların ərsəyə gəlməsində zəruri olan məqamlardan söhbət açdı. Elmi jurnalistlərlə alimlər arasında dialoqun uğurlu alınmasında vacib olan məqamlara toxunan Y.Ponarina bildirdi ki, müasir dövrdə dinamik inkişaf edən elm, elmi tədqiqatlar haqqında yazmaq elə də asan deyil: “ Qələm əhli ilk növbədə öz biliklərini fasiləsiz olaraq artırmalı, elmin müasir problemlərindən xəbərdar olmalı, laboratoriyalarda daha çox vaxt keçirməli, alimlərlə tez-tez ünsiyyətdə olmalı, onların fəaliyyəti ilə maraqlanmalıdır. Həmçinin konfrans və seminarlarda iştirak etməlidir”. Onun sözlərinə görə, jurnalist istənilən mövzu üzrə eyni keyfiyyətdə yazmağı bacarmalıdır, əks halda dinamik inkişaf edən elmlə ayaqlaşa bilməz: “Əsasən də elmin ən müasir və mürəkkəb problemləri üzrə mütəmadi olaraq elmi-populyar ədəbiyyat oxumaq, daha çox mütaliə etmək lazımdır. Məsələn, molekulyar biologiya, genetika, biomühəndislik və s. kimi sahələr jurnalistdən daha dərin biliklər tələb edir. Təsəvvür edin ki, hər məqalənin, daha dəqiq desək, hər sətrin arxasında gərgin iş, bəzən isə yuxusuz gecələr durur”. Y.Ponarinanın bildirdiyinə görə, elmi jurnalist statusuna malik olmaq istəyən iddialı tərəfin informasiya duyumu, zəngin dünya görüşü, intellektual bazası olmalı, yazıb-yaratmaq istəyi, həvəs və marağı sərhəd tanımamalıdır.

Sonra baş redaktor müavini verilən çoxsaylı sualları cavablandırıb.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: