Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür Digər bölmələr, Tarix 6 Temmuz Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var.Ulu öndər Heydər ƏliyevAzərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdən biridir. Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub.Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə diqqət yetirilən əsas sahələrdən olub, AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan olunub. Bu gün həmin tarixi hadisədən 100 il ötür.Cümhuriyyətin qısa müddət ərzində dil sahəsində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində əhəmiyyətli izlər buraxıb. AXC öz dil siyasətini həyata keçirmək üçün təhsilin mühüm sahə olduğunu ön plana çəkərək, 28 avqust 1918-ci ildə ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verib. Aparılan islahatların məntiqi davamı kimi AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov 27 dekabr 1918-ci ildə ordu dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verib. 1919-cu ilin sentyabrından Azərbaycan dilinin öyrənilməsi üçün kurslar təşkil edilib, hətta bu məqsədlə hökumət tərəfindən 351 min manat vəsait ayrılıb. Parlamentin 21 avqust 1919-cu il tarixli iclasında Bakı Universitetinin (indiki Bakı Dövlət Universiteti) açılması məsələsi müzakirə olunub, deputatlar öz çıxışlarında bu ilk ali məktəbdə tədris işləri ilə yanaşı, onun hansı dildə aparılması məsələsinə də xüsusi diqqət yetiriblər.Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra, yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilsə də, bu qərar uğurlu olmayıb. Nəhayət, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilib.Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişaf etdirilməsi yolunda yeni üfüqlər açılıb. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutub. Konstitusiyanın 21-ci maddəsində göstərilirdi ki,Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusi önəm verilib, bu istiqamətdə müxtəlif taleyüklü fərman və sərəncamlar qəbul olunub.Ana dilinə hər zaman həssaslıqla yanaşan, dilimizin dərin bilicisi olan ümumilli lider Heydər Əliyev 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edilib, həmin problemlərin həlli yolları göstərilib. Dahi lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmana əsasən isə, hər il avqustun 1-nin Azərbaycan Respublikasınında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi qərara alınıb.Azərbaycan dilinin perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirilib. Belə ki, dövlət başçısı 12 yanvar 2004-cü il tarixdə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli olub.Ölkə Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsi istiqamətində mühüm sənədlərdir.Əminliklə demək olar ki, bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Hər bir azərbaycanlı da öz növbəsində vətəndaş borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərməli, onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Yalnız bu yolla dilimizi qoruya və nəsildən-nəsilə ötürə bilərik. Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, dissertantZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.