İlkin Əsgər: "Dövlət Proqramının linqvistik əhəmiyyəti"

İlkin Əsgər: "Dövlət Proqramının linqvistik əhəmiyyəti" İlkin Əsgər,
ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi


Dövlət Proqramının linqvistik əhəmiyyəti


Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Çox yaxşı haldır ki, ölkəmizdə Azərbaycan dili ilə bağlı məsələlər mütəmadi olaraq sistemli və ardıcıl şəkildə həyata keçirilir. Konstitusiyamızda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Bu işdə dövlətin rolu xüsusi ilə böyükdür. Bu mənada hesab edirik ki, bu gün dil siyasəti dövlətin başlıca prioritet istiqamətlərindən biri olub və daima diqqət mərkəzindədir.

Xüsusilə qeyd etmək lazımdır ki, təkcə son iyirmi il ərzində Azərbaycan dövlətinin rəsmi dövlət dili olan Azərbaycan dili ilə əlaqədar ölkə rəhbərliyi səviyyəsində onlarla fərman və sərəncamlar imzalanmış, 2013-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuşdur. Şübhəsiz ki, həmin sənədlərin həm dilimizin, həm də dilçiliyimizin inkişafında, daha da təkmilləşməsində böyük və danılmaz rolu vardır. Onların arasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 29 may 2012-ci il, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel və eləcə də “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli sərəncamları, həmçinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı xüsusilə qeyd etmək olar. Bu sənədlərin əhəmiyyəti “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” adlı Azərbaycan Respublikası Prezidentinin Fərmanında belə ümumiləşdirilmişdir: “Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir”.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda həmin məsələ belə aktuallaşdırılmışdır: “Bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır”. Əlbəttə, cənab Prezident dil siyasətində də ulu Öndərin layiqli davamçısı kimi çıxış edir və onun ənənələrini yaşadır. Yeri gəlmişkən, onu da qeyd edək ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” 2013-2020-ci illəri əhatə edir və keçən bu müddət ərzində Dövlət Proqramının icrasına dair təsdiq olunmuş Tədbirlər Planı əsasında mühüm işlər görülmüşdür. Bir məqamı da əlavə edək ki, Dövlət Proqramında icrası nəzərdə tutulmuş tədbirləri həyata keçirmək üçün ayrı-ayrı qurumların, xüsusən də Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Mədəniyyət və Turizm Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında konkret məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.

Bundan başqa, Dövlət Proqramının məqsəd və vəzifələrinə müvafiq olaraq, gözlənilən nəticə kimi nəzərdə tutulmuş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafının dövlət səviyyəsində təmin olunması, dilçiliyin inkişafı sahəsində fəaliyyət göstərən elmi müəssisə və qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi, dilçilik sahəsində ixtisaslı kadrların hazırlıq səviyyəsinin yüksəldilməsi, Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət ehtiyatının zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, o cümlədən mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi kimi praktik və nəzəri əhəmiyyət kəsb edən onlarla prioritet istiqamətin müəyyən edilib tədqiqata cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli Fərmanı da müvafiq Dövlət Proqramının məntiqi, uğurlu davamı kimi çıxış edir və eyni zamanda dilin inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirir. Bu fərmanın əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 857s nömrəli Sərəncamı ilə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı da təsdiq olunmuşdur.
Fərmanda qeyd olunur ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

Belə hesab edirik ki, həmin fərmana görə 2013-2020-ci illəri əhatə edən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli sərəncamda icrası nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində də mühüm işlər görüləcək. Fərmana əsasən yaradılmış “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsi məhz Dövlət Proqramının əsas məqsədini, yəni Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməyi həyata keçirəcək.

Qeyd etdiyimiz kimi, respublika Prezidenti Cənab İlham Əliyevin Azərbaycan dili əlaqədar apardığı siyasətin əsasında ana dilimizin saflığı və onun qorunması məsələsi xüsusilə diqqət çəkir. Bu məsələ dövlət başçısının, demək olar ki, hər çıxışında, hər fərman və sərəncamında qabarıq şəkildə vurğulanır, eyni bir xətdə birləşir. Bununla da cənab Prezident dilçi alimlərimizi, soydaşlarımızı, xüsusən də gənclərimizi bu məsələyə yönəldir. Təsadüfi deyil ki, cənab Prezidentin 2015-ci ilin 9 noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda və eləcə də 5 noyabr 2018-ci ildə Ağdam Muğam Mərkəzinin açılışında etdiyi çıxışın əsasını da məhz ana dilinin saflığı, onun qorunması və təmizliyi uğrunda mübarizə təşkil edir. Ağdam Muğam Mərkəzinin açılışında ölkə başçısı muğam ifaçıları ilə görüşü zamanı bu münasibətlə demişdir: “Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır.”.

Sevindirici haldır ki, Azərbaycan dövlətinin dilə qayğısı sistematik və ardıcıldır. Bu proses dövlət idarəçiliyi səviyyəsində birbaşa nəzarətdədir. Bu nəzarət Cənab Prezidentin dillə, ədəbiyyatla, mədəniyyətlə bağlı etdiyi hər çıxışda, verdiyi tapşırıqlarda açıq-aşkar hiss olunur. Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən səsləndirdiyi fikirlər də bunu bir daha sübut edir. Azərbaycanın zəngin mədəniyyətini qürur mənbəyi kimi dəyərləndirən Cənab Prezident milli-mənəvi dəyərlərimizi, eyni zamanda milli mənsubiyyətimizin qorunub saxlanılmasında mədəniyyətin rolunu xüsusi ilə qiymətləndirir. Heç şübhəsiz ki, bu işdə əsas aparıcı funksiya ana dili amili ilə bağlılıq təşkil edir. Məhz həmin çıxışda ölkə başçısı bir daha əvvəllər qeyd etdiyi fikirləri, verdiyi tapşırıqları, qərar və göstərişləri ümumiləşdirir. Ana dilinin saflığı məsələsini yenidən aktuallaşdırır: “Azərbaycan Milli Elmlər Akademiyasının kürsüsündən və digər tədbirlərdə demişəm ki, bizim zəngin dilimiz var, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik. Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Bizim dilimiz çox zəngindir. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.”

Qeyd olunan bütün bu sənədlər, sərəncam və fərmanlar, Dövlət Proqramı, habelə bunların əsasında müəyyən dövlət qurumlarının qəbul etdiyi qərarlar, həyata keçirdiyi tədbirlər dövlətin dil siyasəti sahəsində Azərbaycanda dilçiliyinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edən əsas məqamlar kimi çıxış edir. Məhz Azərbaycan dili ilə bağlı bu normativ hüquqi aktların sayəsində Azərbaycan dilinin hərtərəfli tədqiqi və tədrisi, o cümlədən müqayisəli şəkildə öyrənilməsi istiqamətində mühüm işlər görülmüş və bu proses uğurla davam etdirilir.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: