AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçirilib Elm » Humanitar elmlər 26 Aralık 2019-cu il dekabrın 20-də AMEA-da Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli türkoloq və şərqşünas alim, professor Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçirilib.Tədbiri giriş sözü ilə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq alimin mənalı ömür yolundan, geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, dilçilik elminin ən mürəkkəb sahələri olan fars dilçiliyi, fars dilinin nəzəri qrammatikası, leksikologiyası, dialektologiyası və tarixi morfologiyası Mirzə Rəhimovun əsas tədqiqat obyekti olub.Möhsün Nağısoylu türkoloq alimin AMEA-nın inkişafı tarixində müstəsna xidmətləri olduğunu qeyd edərək, onun 20 ilə yaxın müddət ərzində bu elm müəssisəsi üçün gördüyü işlərdən bəhs edib. Vurğulayıb ki, Mirzə Rəhimov Azərbaycan dilçiliyi ilə yanaşı, şərqşünaslıq elminin inkişafına da töhfələr verib.Akademik Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi olan Mirzə Rəhimovun əsərlərinin əhəmiyyətindən bəhs edib, onun yüksək intellektə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğunu bildirib.Sonra filologiya üzrə fəlsəfə doktoru Reyhan Mədətova “Mirzə Rəhimovun həyat və fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Mirzə Rəhimov 1929-cu il dekabrın 15-də Astara şəhərində anadan olub. O, 1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Fars dili şöbəsində, 1953-1956-cı illərdə Moskva şəhərində SSRİ EA-nın Dilçilik İnstitutunun aspiranturasında təhsil alıb. 1957-ci ildə “Azərbaycan dilinin XIV-XVIII əsrlərə aid yazılı abidələrində feilin indiki və gələcək zamanlarının ifadə formaları” mövzusunda namizədlik, 1966-ci ildə “Azərbaycan dilində feil şəkillərinin formalaşması tarixi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1968-ci ildə isə professor elmi adını alıb.Diqqətə çatdırılıb ki, professor Mirzə Rəhimov 1956-1961-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda elmi katib, 1961-1968-ci illərdə həmin institutda Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, 1968-1973-cü illərdə isə direktor müavini vəzifələrində çalışıb. O, 1975-ci ildən Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının professoru olub.Reyhan Mədətova bildirib ki, Mirzə Rəhimov 100-dən artıq elmi məqalənin, o cümlədən “Azərbaycan dilində feil şəkillərinin formalaşması tarixi”, “Sovet dövründə Azərbaycan ədəbi dilinin inkişafı qanunauyğunluqları”, “Fars dili dərsliyi” kitablarının, magistr və bakalavrlar üçün hazırladığı “Fars dilinin nəzəri qrammatikası”, “Fars dilçiliyinin müasir problemləri”, “Fars dilinin leksikologiyası”, “Fars dilinin dialektologiyası”, “İran filologiyasına giriş” kimi metodik vəsaitlərin müəllifi olub.Qeyd olunub ki, alim elmi-pedaqoji fəaliyyətini yorulmadan davam etdirib. Onun həyatının böyük hissəsi BDU-nun Şərqşünaslıq fakültəsi ilə bağlı olub. Gənc kadrların yetişməsində, püxtələşməsində böyük xidmətləri olan görkəmli pedaqoq tələbələrini öz ətrafında birləşdirə bilib. Mirzə Rəhimov 2009-cu ildə dövlət başçısının müvafiq Sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.Daha sonra professor Roza Eyvazovanın “Mirzə Rəhimov və Azərbaycan dili tarixi məsələləri” və filologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Adilovun “Mirzə Rəhimovun türkoloji fəaliyyəti” mövzularında məruzələri dinlənilib.Tədbirdə akademik Nizami Cəfərov, professor Arif Quliyev, Mehdi Kazımov, Firudin Cəlilov və başqaları çıxış edərək Mirzə Rəhimovun elm və təhsilin inkişafındakı rolundan danışıb, alimlə bağlı xatirələrini bölüşüblər. Sonda alimin qızı Dürdanə Rəhimova və həyat yoldaşı Gülarə Rəhimova çıxış edərək institut rəhbərliyinə öz təşəkkürünü bildiriblər.Hüsniyyə ÇOBANOVA,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.