“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib İctimai elmlər, BDU, Tarix, QHT 4 Kasım “Böyük Dərbənd Ensiklopediyası”nın təqdimatı olub2018-ci il noyabrın 3-də Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib.ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü iləİctimai Birliyin sədri, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyev açıb. O, əvvəlcə gündəlikdə duran məsələlər barədə məlumat verib. Ümumi yığıncağın gündəliyi təsdiq olunduqdan sonra İctimai Birliyin ötən müddətdə gördüyü işlər barədə ətraflı məlumat verən professor Nurulla Əliyev Azərbaycan-Dağıstan əlaqələrinin inkişafına dair Birliyin fəaliyyəti haqqında hesabat-məruzəsini təqdim edib.Qeyd edilib ki, “Dərbənd” Xeyriyyə İctimai Birliyi Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafına töhfə verməyə çalışır. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən İctimai Birlik müxtəlif tədbirlər, görüşlər keçirir, həmyerlilərimizin vəziyyəti ilə maraqlanır. Birliyin saytında və qəzetində Dərbəndin inkişafı, Azərbaycan-Dağıstan əlaqələrinin daha da gücləndirilməsi istiqamətində görülən işlər barədə mütəmadi məlumat verilir. Qurumun üzvləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti fəal dəstəkləyirlər.Tədbirdə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin fəaliyyətinə dair hesabat məruzəsi müzakirələrdən sonra qənaətbəxş hesab edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.Sonra İctimai Birliyin Əsasnaməsinə uyğun olaraq, qurumun idarə heyətinin yeni tərkibi və sədri vəzifəsinə seçkilər keçirilib. İdarə heyətinin yeni tərkibi formalaşıb və professor Nurulla Əliyev yenidən 3 il müddətinə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri seçilib. Daha sonra tərtibçisi və layihə rəhbəri professor Nurulla Əliyevin olduğu “Böyük Dərbənd Ensiklopediyası”nın təqdimatı keçirilib.İctimai Birliyin idarə heyətinin üzvü Rahilə Əsgərova çıxış edərək bildirib ki, tərtibçisi və layihə rəhbəri tarix elmləri doktoru Nurulla Əliyev olan “Böyük Dərbənd Ensiklopediyası”nda Dərbənd şəhərinin yaranması, arxeologiyası, tarixi, topoqrafiyası, toponimikası, etnoqrafiyası, memarlıq abidələri, o cümlədən görkəmli şəxsiyyətləri haqqında ensiklopedik formada dolğun və sistemli məlumat verilib. Kitab şəhərin çoxəsrlik tarixi ilə bağlı daha maraqlı hadisələr, görkəmli və tanınmış şəxsiyyətlər, şəhərdəki etnik proseslər və əhalinin sosial tərkibi, Dərbəndin iqtisadi və mədəni inkişafı, qədim tarixi, memarlığı ilə bağlı məlumatlarla zəngindir. Nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub.Qeyd olunub ki, kitabın elmi redaktoru, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə Hüseynova, redaktoru fəlsəfə elmləri doktoru, Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru Sədi Nuriyev və baş redaktoru “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılovdur.Qeyd olunub ki, “Böyük Dərbənd Ensiklopediyası”nda təqdim olunan zəngin informasiya müxtəlif elm sahələrində, Azərbaycan tarixi üzrə yazılacaq ümumiləşdirilmiş əsərlərdə, respublikanın ali tədris müəssisələrində istifadə edilə, həmçinin geniş tədqiqatçılar və Azərbaycan tarixi ilə maraqlananlar üçün və zəruri biliklərin gənc nəslə çatdırılması işinə faydalı mənbə ola bilər. Sonra söz kitabın elmi redaktoru, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Respublikanın Əməkdar müəllimi İradə Hüseynovaya verilib. O, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağına dəvət olunduğu üçün təşəkkür etdi, iştirakından məmnun olduğunu bildirdi, ictimai birliyə gələcək fəaliyyətində uğurlar arzulayıb. “Dərbənd” Xeyriyyə İctimai Birliyinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verdiyini deyən professor İradə Hüseynova vurğulayıb ki, Dərbənd Azərbaycan tarixşünaslığında Şərqin qədim memarlıq abidəsi kimi öyrənilir. Dərbəndə yaşayan azərbaycanlıların taleyi Azərbaycanla sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin kompleks və planlı şəkildə öyrənilməsinə başlanılması alimlərə qədim Dərbəndin tarixini daha dərindən tədqiq etmək imkanı verdi. Dərbəndin tarixi tarixçi, arxeoloq və etnoqraflar tərəfindən dərindən öyrənilib. Şəhərin tarixinə həsr olunmuş və respublikada, həmçinin onun hududlarından kənarda nəşr edilmiş əsərlər böyük maraq doğurur. Təqdim olunan “Böyük Dərbənd Ensiklopediyası” bu şəhərin lap qədim dövrlərdən indiyədək baş verən tarixi prosesləri əhatə edir. Diqqətə çatdırılıb ki, kitabda qədim şəhərin tanınmış ziyalıları haqqında da oxucuya məlumat verilir. Geniş təhlilə, faktlara əsaslanan, zəngin informasiya təqdim edən bu nəşr Azərbaycan elminə, tarixşünaslığına böyük töhfədir. Bu əsər tariximizin təbliği baxımından da çox əhəmiyyətlidir.Daha sonra kitabın redaktoru, fəlsəfə elmləri doktoru Sədi Nuriyev, Türk xalqların Dünya konqresinin prezidenti, akademik, professor Yahya Yusif Djaniyar, pedaqogika üzrə fəlsəfə doktoru Leyla Abdullayeva və digərləri çıxış edərək ensiklopediyanı yüksək dəyərləndiriblər və qeyd ediblər ki, ensiklopediyada Dərbəndin tarixinə dair mühüm məlumatlar təqdim olunur. Professor Nurulla Əliyev ensiklopediyanın hazırlanmasında fəal iştirakına görə Birliyin üzvlərinə və əməyi keçənlərə bir daha minnətdarlığını bildirdikdən sonra, tədbir iştirakçılarına Cəmaləddin Dərbəndlinin hazırladığı rəsm əsərlərini təqdim edib. Məlumat verilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda çalışan rəssam C.Dərbəndli (İsmayılov) bir çox bədii kitabların və dərsliklərin tərtibatına öz töhfəsini verib. Onun əsərləri bir çox sərgilərdə nümayiş etdirilib. Yığıncaqda, həmçinin müəllifi və tərtibçisi Tofiq Yusifov olan “General-leytenant Hüseyn Rəsulbəyov” kitabının da təqdimatı keçirilib. “Yazıçı” nəşriyyatında dərc edilən kitab Azərbaycanın görkəmli ictimai-siyasi, hərbi xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun anadan olmasının 100 illik yubileyinə həsr edilib. Nəşrdə görkəmli hərbi xadimin həyatı, keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Tədbirdə "Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru, "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun icraçı direktoru Dr. Müşfiq Borçalı da iştirak edib, dəvət üçün "Dərbənd" Xeyriyyə İctimai Birliyin sədri, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru, ehtiyatda olan I dərəcəli kapitan Nurulla Əliyevə təşəkkür edib, onu yenidən 3 il müddətinə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri seçilməsi münasibətilə ürəkdən təbrik edib, ona və birliyin yeni idarə heyətinə şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.Sonda xatirə üçün foto-şəkillər çəkilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.