Gürcüstan XİN rəhbəri Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib Gürcüstan, Tiflis, Diaspora 17 Ocak Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Azərbaycanın yeni səfiri Dursun Həsənovu qəbul edib. Azərbaycanın Tiflisdəki səfirliyindən ZiM.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanın Gürcüstana təyin edilən yeni səfiri Dursun Həsənov etimadnaməsini Gürcüstanın Xarici İşlər naziri Mixeil Canelidzeyə təqdim edib. Gürcüstanın Xarici İşlər naziri M.Canelidze azərbaycanlı diplomat Dursun Həsənovu Gürcüstana səfir təyin olunması münasibəti ilə təbrik edib və ona yeni fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Nazir Azərbaycan-Gürcüstan əlaqələrin inkişafı istiqamətində D.Həsənovun simasında tezliklə yeni-yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.Dursun Həsənov səmimi qəbul və təbrik üçün nazirə öz minnətdarlığını bildirib, Azərbaycanın hər zaman Gürcüstana dəstək olduğunu vurğulayıb, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafı naminə əməkdaşlıq prosesində iştirak etməyə hazır olduğunu və iki ölkə arasındaki münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və strateji partnyorluq münasibətləri barədə danışılıb, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, enerji, nəqliyyat və turizm sahəsindəki layihələrin icrası və s. məsələlər müzakirə olunub. Tərəflər həmçinin regional layihələrin genişləndirilməsinin zəruriliyindən danışaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.