“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı Direktoru Gürcüstan, Borçalı, Qarayazı, QHT 28 Mart Aygül Əvəzxan qızı İsayeva - 17 oktyabr 1985-ci ildə qədim Qarayazıda, indiki Gürcüstan Respublikasının Qardabani rayonundakı Kosalı kəndində müəllim ailəsində anadan olub. 2002-ci ildə Kosalı kənd orta məktəbini əla qiymətlərlə bitirərək, məktəbin ilk “Fəxri şagirdi” olmuşdur. 2002-2006-cı illərdə Bakıda - Xəzər Universitetində bakalavr təhsili alan A.İsayeva Beynəlxalq İqtisadi Əlaqələr üzrə 4 illik proqramı, vaxtından əvvəl, 3 il yarıma Fərqlənmə diplomu ilə bitirmişdir. Bir sıra nüfuzlu jurnallarda məqalələrlə çıxış edən A.İsayeva hələ bakalavr pilləsində təhsil aldığı müddətdə Xəzər Universitetində Peşə və İnkişaf Mərkəzində koordinator vəzifəsində çalışmışdır.Bakalavr dərəcəsinə yiyələndikdən sonra Norveçin Xarici İşlər Nazirliyi tərəfindən təqaüd proqramını qazanmışdır. Norveç hökümətinin xüsusi Qafqaz proqramı üzrə seçim turlarında qalib gələn 2 nəfər namizəddən biri olmuş və 2006-2008-ci illərdə Oslo şəhərində yerləşən Norveç Biznes İnstitutunda Biznes və İqtisadiyyat proqramı üzrə magistr təhsili almışdır. Norveçdən Azərbaycana qayıtdıqdan sonra Xəzər Universitetində rektorun Beynəlxalq Əlaqələr və Layihələr üzrə müavini işləmiş, eləcə də pedaqoji fəaliyyət göstərmiş, İqtisadiyyat və Menecment fakültəsində bir sıra fənləri tədris etmişdir. 2010-cu ildə Bakıda Azərbaycan Marketinq Cəmiyyətində İcraçı Direktor vəzifəsində, 2011-ci ildən bu günə kimi isə Tbilisidə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyində çalışır.2011-ci ildə Tbilisidə yerləşən Beynəlxalq Qara Dəniz Universitetində Biznes və Menecment fakültəsində bir sıra fənlərdən dərs demək üçün dəvət almışdır və həmçinin magistr tələbələrin elmi rəhbəri olmuşdur. 2011-2013-cü illərdə Beynəlxalq Qara Dəniz Universitetində Marketinq ixtisası üzrə doktoranturanı bitirən İLK tələbədir. 2013-cü ildə marketinq sahəsində elmi işini uğurla müdafiə edərək İqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) adına layiq görülmüşdür. 1995-ci ildən Gürcüstanda fəaliyyət göstərən Beynəlxalq Qara Dəniz Universitetinin tarixində marketinq üzrə dissertasiya işini ingilis dilində müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru adına layiq görülən ilk azərbaycanlıdır.Marketinq Peşəkarlarının Beynəlxalq İnstitutunun üzvüdür. ABŞ, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yunanıstan, Macarıstan, Polşa, Rusiya, Türkiyə və s. ölkələrdə bir sıra beynəlxalq konfrans, seminar, təlim və biznes forumların iştirakçısı olmuş, Kembric, Roma, Buxarest və s. kimi universitetlərdə elmi məqalələrlə çıxışlar etmiş, müvafiq sertifikatlarla təltif olunmuşdur. 2015-ci ildən bu günə kimi Beynəlxalq Qafqaz Universitetində iqtisadiyyat fakültəsində Beynəlxalq Biznes; Marketinqin əsasları; Xidmət Marketinqi; İnteqrasiya olunmuş marketinq kommunikasiyaları; Brend Menecment; Sosial Media Marketinqi; Beynəlxalq Marketinqin Menecmenti; İctimaiyyətlə Əlaqələr fənlərindən dərs deyir, Almaniya və Gürcüstanda kitabları çap edilmişdir, nüfuzlu nəşrlərdə çap edilmiş bir sıra elmi məqalələrin müəllifidir. Eyni zamanda, A.İsayeva Beynəlxalq Qafqaz Universitetində Assosativ Professor, Beynəlxalq Qara Dəniz Universitetində İdarə Heyətinin üzvü, doktorant (PhD) tələbələrin dissertasiya işləri ilə bağlı daxili ekspert qismində çalışır.Aygül İsayeva, həm də həvəskar idmanıçıdır. A.İsayevanın idman yarışlarına qatılmasında əsas məqsədi insanlara sağlam həyat tərzini aşılamaq, siqaret və içkidən uzaq durub idmanla məşğul olmağa həvəsləndirməkdir.Aygül İsayeva 2014-cü ildən etibarən hər il Gürcüstanda keçirilən “Həyat üçün Qanadlar - Dünya Qaçışı” adlı marafonda iştirak edir və iki il dalbadal bu yarışda birinci yeri qazanıb (SOCAR Gürcüstanın bütün işçiləri arasında). A. İsayeva peşəkar marafonçu olmasa da 2018-ci il iyunun 17-də Kvarelidə keçirilən və peşəkarların qatıldığı yarım marafonda 21,1 km məsafəni 1 saat 56 dəqiqəyə qət edərək xanımlar arasında 3-cü yerə çıxıb. Qarşısına böyük məqsədlər qoyan A.İsayeva Gürcüstanın Kazbeki dağlarında keçirilən tam marafonu (42 km) da uğurla sona çatdırıb. Onu da qeyd edək ki, Aygül İsayeva 2008-cı ildə Fransanın paytaxtı Parisdə Kung Fu üzrə beynəlxalq yarışda da 1-ci yeri qazanıb.Biz də dəyərli soydaşımız Aygül xanım İsayevanın uğurlarına sevinir, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı Direktoru təyin olunması münasibəti ilə onu ürəkdən təbrik edir və ona yeni-ieni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.